Məhkəmə qərarları › İş №2-1(112)-8635/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8635/2024

07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8635/2024 07.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) X1, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçı barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, yaşa görə sosial müavinətin dayandırıldığı gündən bərpa edilməsi, keçmiş aylar daxil olmaqla ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya 2018-ci ilin oktyabrından Dövlət Sosial Müdafiə Fondu tərəfindən yaşa görə müavinət təyin edilmişdir. Həmin müavinətin təyin olunmasının hüquqi əsası o vaxt qüvvədə olan Sosial müavinətlər haqqında Qanunun 1.0.2, 4.0.1.2, 7.0.2 və 9.1.1-ci maddələrindən qaynaqlanırdı. Qanunun bu maddələrinin mənasına görə 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadının əmək pensiyası hüququ olmadıqda və o, işləmədikdə, ona ömürlük yaşa görə aylıq müavinət təyin edilir. Poçt vasitəsilə xx.xx.2024-cü il tarixdə aldığı Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan iddiaçıya məlum olub ki, xx.xx.2024-cü il tarixdən müavinətin ödənişi dayandırılıb və indiyədək ödənilmiş müavinət əsassız imiş. Buna səbəb kimi xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək vergi uçotunda olmağını, yəni VÖEN- nin olması və xx.xx.2020-ci il tarixdən yaş meyarının dəyişməsini göstəriblər (Sosial müavinətlər haqqmda Qanuna dəyişiklik edilməsi haqqmda xx.xx.2019-cu il tarixli 1703-VQD No-li Qanunla). Poçt vasitəsilə xx.xx.2024-cü il tarixdə aldığı Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubundan iddiaçıya məlum olub ki, Cavabdeh iddiaçıya xəbər vermədən, çağırmadan, dinləmədən inzibati icraat üzrə işə baxmış, xx.xx.2024-cü il tarixdə qərar qəbul edərək, yuxarıda qeyd edildiyi kimi yaşa görə müavinətin ödənişini dayandırmış və xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilmiş müavinəti əsassız ödənilmiş hesab etmişdir. Buna görə də DSMF-nin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı ödənilmiş məbləğin qaytarılmasını tələb edir. Aşağıda göstərilənlərə əsasən iddiaçı hesab edir ki, Cavabdehin iddiaçının barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli inzibati aktı qanunsuz və əsassızdır, buna görə də məhkəmə tərəfindən ləğv edilməlidir. Hüquqi əsaslandırma Birincisi, 2018-ci ilin oktyabrında iddiaçıya müavinət təyin edilərkən də iddiaçının VÖEN-i olub və bunu bilə-bilə DSMF tərəfindən iddaçıya yaşa görə müavinət təyin edilib. Müavinətin təyin olunması şərtlərini müəyyən edən Sosial müavinətlər haqqında qanun bunu qadağan etmir və vergi uçotunda olan şəxslərə müavinətin təyin olunmasını istisna etmir. Həmin qanunun 1.0.2 (xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada), 4.0.1.2, 7.0.2, 9.1.1 və 11.1.2-ci maddələrinin mənasına görə 3 və daha çox uşaq doğub 8 yaşmadək tərbiyə etmiş 57 yaşına çatmış qadının əmək pensiyası hüququ olmadıqda və o, işləmədikdə, ona ömürlük yaşa görə aylıq müavinət təyin edilir. Müavinətin ödənişi yalnız həmin şəxs əmək fəaliyyətinə başladıqda dayandırıla bilər. Göründüyü kimi, qanunda "işləmək" və "əmək fəaliyyətinə başlamaq" ifadələrindən istifadə olunur. Lakin vergi uçotunda olmaq - sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq demədir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq - əmək fəaliyyəti ilə məşğul olmaq və ya işləmək demək deyil. Bu barədə heç bir normativ aktda eyniləşdirmə yoxdur. Əksinə, Mülki Məcəllənin 13-cü mddaəsinə və Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə görə sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Əmək fəaliyyəti ilə məşğul olmaq isə Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi bağlayıb işləmək deməkdir. Əmək fəaliyyəti ifadəsinə yalnız Əmək Məcəlləsində rast gəlinir: Maddə 9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır:a) sərbəst surətdə ixtisasma, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq. Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq- hesab sənədləri İşçinin əmək fəaliyyəti haqqmda sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İddiaçı hesab edir ki, Cavabdeh sahibkarlıq fəaliyyəti ilə əmək fəaliyyətini eyniləşdirməklə, qanunu səhv təfsir etmiş və nəticədə məsələni səhv dəyərləndirmişdir. Buna görə həmin hissədə Cavabdehin mübahisələndirilən qərarı əsassızdır. İkincisi, Cavabdeh məktubunda digər səbəb kimi xx.xx.2020-ci tarixdən Sosial müavinətlər haqqında Qanunun 1.0.2-ci maddəsinə xx.xx.2019-cu il tarixli 1703-VQD No-li Qanunla dəyişiklik edilərək yaş meyarının dəyişdiyini (5+ uşağı olan qadınların pensiya yaşından 5 il çıxılır meyan qoyulub) əsas gətirir və iddiaçının həmin yaş həddinə çatmadığıma görə müavinət almaq hüququnu itirdiyini qeyd edir. Lakin bu yanaşma Konstitusion normaya ziddir və tətbiq oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktlarm qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktlann qüvvəsi geriyə şamil edilmir. İddiaçıya müavinət təyin edilərkən qüvvədə olan norma sonradan dəyişdirilib, hüquqi vəziyyətini pisləşdirən və ya ağırlaşdıran norma ilə əvəz olunubsa, həmin norma iddiaçıya tətbiq oluna bilməz, çünki onun geriyə qüvvəsi şamil edilmir. Göründüyü kimi, bu hissədə də Cavabdehin məsələni dəyərləndirməsi yalnış olduğundan, həmin hissədə qərarı əsassız olmuşdur. Üçüncüsü, iddiaçı barəsində inzibati icraat üzrə işə iştirakı təmin olunmadan, dinlənilmədən baxılması ciddi prosessual pozuntudur və inzibati icraat haqqında qanunun aşağıdakı normalara ziddir: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqmda maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.

3. Azərbaycan Respublikası Müavinət təyinatı üzrə Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2018-ci il tarixli 34390 Nömrəli Qərarına əsasən vətəndaş İddiaçı yaşa görə xx.xx.2018-ci il tarixdən ömürlük sosial müavinət təyin edilmişdir.

4. Azərbaycan Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın Sosial müavinət, təqaüd və kompensasiya işlərinin inventarlaşdırılması üzrə xx.xx.2024-cü il tarixli 1-İMTK-2023/004276 nömrəli qərarına əsasən “Sosial müavinətlər haqqında” Azərbaycan respublikası Qanunun 7.0.2 maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Vətəndaş xx.xx.2018-xx.xx.2020-ci il dövründə məcburi dövlət sosial sığorta ödəyicisi (aktiv VÖEN üzrə) olduğu üçün , həmçinin xx.xx.2020-ci il tarixdən 3 uşaq doğub 8 yaşa qədər tərbiyyə etmiş 57 yaşına çatmış qadınlara verilən yaşa görə müavinətin təyinatı ləğv olunduğu üçün həmin növ müavinət almaq hüququnu itirir. Bu səbəbdən 456180 nömrəli ərizədə xx.xx.2018xx.xx.2024-cü il dövr üçün artıq ödəmə müəyyən edilmişdir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra - “Fond”) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli qərarına əsasən xx.xx.2018-ci il tarixindən 31.01,2024-cü il tarixədək olan dövr yaşa görə müavinət üzrə 9748,00 manat məbləğində vəsaitin ona artıq ödənildiyi aşkar edilmiş və həmin vəsaitin geri qaytarılması zərurəti yaranmışdır. Bu baxımdan yuxarıda qeyd edilənləri nəzərə alaraq, həmin vəsaitin aşağıdakı rekvizitlər üzrə Fondun hesabına geri qaytarmağ və bu barədə Fondun müvafiq regional filiallarına və ya “DOST” Mərkəzlərinə məlumat verməyiniz xahiş olunur. Diqqətə çatdırılmışdır ki, artıq ödənilmiş vəsaitin geri qaytarılması təmin edilmədiyi təqdirdə tərəfindən qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir.

6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır 01.07 2023-cü ıl tarixindən 01,07.2024-cü il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş 6 ay müəyyən edilib. Sözügedən Qanunun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Xidməti yoxlama zamanı müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixindən (uçot tarixi) xx.xx.2020-ci il tarixinədək aktiv vergi ödəyicisi (VÖEN: **********) kimi fəaliyyətdə olduğu halda, Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq ona xx.xx.2018-ci il tarixindən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara verilən yaşa görə sosial müavinət təyin edilib. Bu səbəbdən ona təyin edilən yaşa görə sosial müavinətin ödənişi 31.01,2024-cü il tarixindən dayandırılmışdır. Nəticədə sosial müavinət üzrə xx.xx.2018-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək ödənilmiş məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar' sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixindən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. Bildirilmişdir ki, qadınların yaşa görə müavinət hüququ 01,07.2023-cü il tarixindən 63 yaş 6 ay müəyyən edildiyindən, eyni zamanda, beş və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etmədiyindən ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunveriliciyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.

7. Azərbaycan Respublikasının yanında İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli Məlumatın təqdim edilməsi barədə məktubunda qeyd edilmişdir ki, uçot-baza məlumatlarına əsasən xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixədək olan hesabat dövrləri üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələri üzrə dövriyyə məbləği 3831.24 manat və xx.xx.2019cu il tarixindən xx.xx.2020-ci il tarixədək olan hesabat dövrü üçün təqdim edilmiş gəlir vergi bəyannaməsi üzrə ümumi gəlirləri 19168.58 manat müəyyən edilmişdir. Eyni zamanda bildirilmişdir ki, vergi orqanında olan uçot-baza məlumatlarına əsasən xx.xx.2018-ci il tarixdən 31 01.2024-cü il tarixədək olan fəaliyyət dövrü ərzində ödəyici tərəfindən dövlət büdcəsinə 1324.19 manat vergi məbləği ödənilmişdir.

8. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutmaqla hazırki işə dair münasibət bildirərək hesab edilmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Mərkəzi Filialın xx.xx.2024cü il tarixli 3-17-1/2-0-56120/2024 nömrəli məktubu ilə bildirilmişdir ki, qadınların yaşa görə müavinət hüququ xx.xx.2023-cü il tarixdən 63 yaş 6 ay müəyyən edildiyindən, eyni zamanda, beş və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etmədiyindən İddiaçı yaşa görə müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial müavinətlər - qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin qanununun 1.0.2-ci maddəsinə görə əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları hesab olunur. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2024-cü il tarixədək qadınların pensiya yaşı 63 yaş 6 ay müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi beş il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət təyin edilir. Xidməti yoxlama zamanı müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixdən (uçot tarixi) xx.xx.2020- ci il tarixədək aktiv vergi ödəyicisi (VÖEN: **********) kimi fəaliyyətdə olduğu halda, Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq İddiaçı xx.xx.2018-ci il tarixdən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara verilən yaşa görə sosial müavinət təyin edilmişdir. Bu səbəbdən ona yaşa görə sosial müavinətin ödənişi xx.xx.2024-cü il tarixdən dayandırılmışdır. Nəticədə sosial müavinət üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilmiş məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar" sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixdən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. Bildirilmişdir ki, qadınların yaşa görə müavinət hüququ xx.xx.2023-cü il tarixdən 63 yaş 6 ay müəyyən edildiyindən, eyni zamanda, beş və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etmədiyindən İddiaçı yaşa görə müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2024-cü il tarixli müraciətə baxılması barədə məktubundan görünür ki, İddiaçı (VÖEN: **********) xx.xx.2018-ci il tarixdən vergi uçotuna alınması barədə məlumat müəyyən edilmişdir. Yəni iddiaçı yaşa görə müavinət aldığı zaman, eyni zamanda aktiv VÖEN-i də olmuşdur. Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydalarına əsasən VÖEN - Azərbaycan Respublikasında vergi ödəyicisinin eyniləşdirmə nömrəsidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir. Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. Deməli, İddiaçı yaşa görə müavinət aldığı dövrdə (xx.xx.2018-ci il tarixdən xx.xx.2020- ci il dövründə) aktiv VÖEN-i olan şəxs, yəni vergitutma obyektinə malik olmaqla, həmin obyektdən vergi ödəməli olan şəxs olmuşdur. Məhz, bu əsasla da ona təyin edilmiş yaşa görə müavinət dayandırılmış, xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə 9748,00 manat artıq ödəmə yaranmışdır. Həmçinin xx.xx.2020-ci il tarixdən 3 uşaq doğub 8 yaşa qədər tərbiyə etmiş 57 yaşına çatmış qadınlara verilən yaşa görə müavinətin təyinatı ləğv olunduğu üçün həmin növ müavinəti almaq hüququnu itirmişdir. Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.18-ci maddəsindən görünür ki, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifəsidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Sosial ödənişlər Altsistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə 150 manat məbləğində proaktiv qaydada əlilliyə görə müavinət təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Sosial ödənişlər Altsistemindən çıxarışdan görünür ki, xx.xx.2024-xx.xx.2024-cü il tarixləri ərzində İddiaçı ödənilmiş müavinətdən hər hansı tutulma məbləği mövcud olmamışdır. İstinad olunan qanunvericilik aktlarının qarşılıqlı təhlili, isin faktiki hallan və İddiaçı iddia ərizəsindən də göründüyü kimi iddiaçının yaşa görə müavinət aldıdı dövrdə aktiv VOEN-i olmuşdur. Qeyd olunanlardan bir daha aydın oldudu kimi iddia tələbi əsassızdır. Cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur.

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

11. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

12. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

14. İddia tələbi Azərbaycan Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın Sosial müavinət, təqaüd və kompensasiya işlərinin inventarlaşdırılması üzrə xx.xx.2024-cü il tarixli 1-İMTK-2023/004276 nömrəli qərarının ləğv edilməsi ilə bağlıdır.

15. Mübahisələndirilən qərarın iddiaçıya xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə təqdim edilməsi müəyyən edilmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixində təqdim edilmişdir.

16. Hazırki iddia mübahisələndirmə növündə iddiadır. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

17. Azərbaycan Respublikası Müavinət təyinatı üzrə Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2018-ci il tarixli 34390 Nömrəli Qərarına əsasən vətəndaş İddiaçı yaşa görə xx.xx.2018-ci il tarixdən ömürlük sosial müavinət təyin edilmişdir.

18. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Azərbaycan Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın Sosial müavinət, təqaüd və kompensasiya işlərinin inventarlaşdırılması üzrə xx.xx.2024-cü il tarixli 1-İMTK-2023/004276 nömrəli qərarına əsasən “Sosial müavinətlər haqqında” Azərbaycan respublikası Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Vətəndaş xx.xx.2018-xx.xx.2020-ci il dövründə məcburi dövlət sosial sığorta ödəyicisi (aktiv VÖEN üzrə) olduğu üçün, həmçinin xx.xx.2020-ci il tarixdən 3 uşaq doğub 8 yaşa qədər tərbiyyə etmiş 57 yaşına çatmış qadınlara verilən yaşa görə müavinətin təyinatı ləğv olunduğu üçün həmin növ müavinət almaq hüququnu itirir. Bu səbəbdən 456180 nömrəli ərizədə xx.xx.2018-xx.xx.2024-cü il dövr üçün artıq ödəmə müəyyən edilmişdir.

19. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər: ...4.0.1.2. yaşa görə müavinət; 7.0. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: ...7.0.2. yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə; 11.1. Müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır: ...11.1.2. yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda;

20. Məhkəmə ilk növbədə nəzərə alır ki, Azərbaycan Respublikasının yanında İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024cü il tarixli Məlumatın təqdim edilməsi barədə məktubunda qeyd edilmişdir ki, uçot-baza məlumatlarına əsasən xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixədək olan hesabat dövrləri üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələri üzrə dövriyyə məbləği 3831.24 manat və xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixədək olan hesabat dövrü üçün təqdim edilmiş gəlir vergi bəyannaməsi üzrə ümumi gəlirləri 19168.58 manat müəyyən edilmişdir. Eyni zamanda bildirilmişdir ki, vergi orqanında olan uçot-baza məlumatlarına əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan fəaliyyət dövrü ərzində ödəyici tərəfindən dövlət büdcəsinə 1324.19 manat vergi məbləği ödənilmişdir.

21. Məhkəmə hesab edir ki, aktiv VÖEN-in aşkar edilməsi özlüyündə şəxsə təyin edilmiş yaşa görə sosial müavinətin dayandırılması üçün yetərli əsas deyil. Belə ki, hazırki iş üzrə “Sığortaolunanın hesabı” dan görünür ki, İddiaçı 2018-ci ilin yanvar ayından 2020-ci ilin mart ayında qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixədək olan hesabat dövrləri üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələri üzrə dövriyyə məbləği 3831.24 manat və xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixədək olan hesabat dövrü üçün təqdim edilmiş gəlir vergi bəyannaməsi üzrə ümumi gəlirləri 19168.58 manat məbləğ sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövr ərzində əldə edilmişdir.

22. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın Sosial müavinət, təqaüd və kompensasiya işlərinin inventarlaşdırılması üzrə xx.xx.2024-cü il tarixli 1-İMTK-2023/004276 nömrəli qərarın qəbul olunduğu vaxtda iddiaçının vergi ödəyicisi kimi aktiv VÖEN olsa da, faktiki olaraq fərdi sahibkarlıq fəaliyyəti məşğul olduğu və ya sahibkarlıq (əmək) fəaliyyəti ilə əlaqədar hər hansı gəlir əldə etdiyi müəyyən edilmir. Bu hal mübahisələndilən qərarın ləğvi üçün kifayətdir.

23. Belə ki, vergi orqanı tərəfindən verilən cavabda iddiaçının xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü ilə qədər olan dövrü əhatə edən fəaliyyətinə münasibət bildirilsə də (sorğulama müvafiq dövrü əhatə etdiyindən), iddiaçının 2020-ci ilin mart ayından bəri dövriyyəsi, fəaliyyəti, eləcə də məcburi dövlət sosial sığorta haqları üzrə ödəmələri olmamışdır. Belə ki, sığortaolunanın hesabından göründüyü kimi məcburi dövlət sosial sığorta ödəmələri iyul 2018-fevral 2020-ci illəri əhatə etmiş, həmin dövrdən sonra iddiaçının fəaliyyəti olduğu müəyyən edilmir.

24. Məhkəmə qeyd edir ki, qərarın 9-cu bəndində müavinətin xx.xx.2024-cü il tarixdən dayandırıldığı müəyyən edilir (MDSS ödəyicisi olduğundan).

25. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın Sosial müavinət, təqaüd və kompensasiya işlərinin inventarlaşdırılması üzrə xx.xx.2024-cü il tarixli 1-İMTK-2023/004276 nömrəli qərar iddiaçının faktiki olaraq, 4 ildir ki, sahibkarlıq fəaliyyəti aparmadığı dövrdə qəbul edilməsi iddiaçının hüquqlarının pozulması hesab edilməlidir.

26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

27. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qeyd olunan hallar (aktiv VÖEN olması, əldə edilmiş gəlirlər) inzibati akt qəbul edilmədən əvvəl inzibati icraat çərçivəsində araşdırılmalı idi. Lakin cavabdeh orqan fiziki şəxsə (iddiaçıya) münasibətdə inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları tam, hərtərəfli araşdırmadan mübahisələndirilən inzibati aktı qəbul etmişdir.

28. Məhkəmə hesab edir ki, yaşa görə sosial müavinətin dayandırıldığı gündən bərpa edilməsi, keçmiş aylar daxil olmaqla ödənilməsinin cavabdehə həvalə edilməsi hissəsində iddia tələbi faktiki olaraq iddiaçının marağını təmin edən inzibati aktın ləğv edilməsinin nəticələrinin aradan qaldırılmasıdır. Odur ki, məhkəmə hesab edir ki, mübahisələndirilən qərarın ləğvi iddiaçının marağını təmin edir və arzuladığı məqsədə çatmış olur. Odur ki, həmin hissədə tələblər qərarın ləğv edilməsi ilə əhatə olunur və hüquqi maraq təmin edilir.

29. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin hazırki iş üzrə cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.

30. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

31. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın Sosial müavinət, təqaüd və kompensasiya işlərinin inventarlaşdırılması üzrə xx.xx.2024-cü il tarixli 1-İMTK-2023/004276 nömrəli qərar ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar