Məhkəmə qərarları › İş №2-1(112)-8639/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8639/2021

17.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8639/2021 17.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 43.492,51 manat əsas, 15.874,85 manat faiz, 300,00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 59.667,36 manat vergi, faiz və maliyyə sanksiyasına dair “tələbin icraya yönəldilməsi haqqında” 01.06.2021-ci il tarixli, **********511600 №-li qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı fiziki şəxs kimi qanunla müəyyən edilmiş qaydada Vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyatdan keçməklə (VÖEN **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada və müddətdə vergi orqanlarına müvafiq hesabatlarını vermişdir. İddiaçı 05 iyul 2021-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə dəvət edilərkən ona məlum olmuşdur ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Samir Seyidəhmədlinin “tələbin icraya yönəldilməsi haqqında’' 01.06.2021-ci il tarixli, **********11600 №-li qərarına əsasən ona 43.492,51 manat əsas, 15.874,85 manat faiz, 300,00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 59.667,36 manat vergi, faiz və maliyyə sanksiyası tətbiq edilmiş, həmin sanksiyanın qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyi əsas kimi göstərilərək cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 01.06.2021-ci il tarixli, **********511600 №-li tarixdən icraya yönəldilmiş və həmin tarixdən qüvvəyə minmişdir. Vergi orqanlarının əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq iddiaçının vergi hesabatları qəbul edilməmiş, bunun da nəticəsində faktiki olaraq ölkəyə idxal etdiyi malın dəyəri süni surətdə şişirdilərək vergi borcu kimi göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi 01.06.2021-ci il tarixli **********511600 nömrəli “Tələbin icraya yönəldilməsi haqqında” qərar “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsinə əsasən cavabdeh tərəfindən qəbul edilmiş 02.07.2018-ci il tarixli, **********220800 saylı, 25.05.2018-ci il tarixli, **********386900 saylı, 16.10.2017-ci il tarixli, **********250800 saylı, 16.10.2017-ci il tarixli, **********252200 saylı, 05.06.2018-ci il tarixli **********199500 saylı, 05.06.2018-ci il tarixli, **********137900 saylı, 16.10.2017-ci il tarixli, **********251500 saylı və 12.02.2020-ci il tarixli, **********714600 qərarların icra edilməsi üçün qəbul edilmiş və iddiaçının mübahisələndirdiyi vergi borcu qeyd edilən qərarlar əsasında yaranmışdır. Bildiririk ki, iddiaçı tərəfindən silinməsi tələb edilən vergi borcunun yaranmasının əsası məhz yuxarıda qeyd edilən qərarlar olmuşdur. İddiaçı tərəfindən iddia ərizəsində mübahisələndirilən “Tələbin icraya yönəldilməsi” haqqında qərarın ləğv edilməsi vergi borcunun silinməsinə əsas ola bilməz. Odur ki, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilən maddənin tələbinə uyğun olaraq, 17 sentyabr 2021-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkilinə hüquqi yardım göstərilərək qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəfin fikirləri dinlənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs iddia ərizəsinin olduğu kimi baxılmasını istəyir. Məhkəmə tərəfin izahatlarını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarında həmçinin qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. (6 və 7-ci bəndlər) İş materiallarından göründüyü kimi, iddiaçının tələbi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “tələbin icraya yönəldilməsi haqqında” 01.06.2021-ci il tarixli, **********511600 nömrəli qərarının ləğv edilməsindən ibarətdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “tələbin icraya yönəldilməsi haqqında” 01.06.2021-ci il tarixli, **********511600 nömrəli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 02.07.2018-ci il tarixli, **********220800 saylı, 25.05.2018-ci il tarixli, **********386900 saylı, 16.10.2017-ci il tarixli, **********250800 saylı, 16.10.2017-ci il tarixli, **********252200 saylı, 05.06.2018-ci il tarixli **********199500 saylı, 05.06.2018-ci il tarixli, **********137900 saylı, 16.10.2017-ci il tarixli, **********251500 saylı və 12.02.2020-ci il tarixli, **********714600 qərarları 01.06.2021-ci il tarixdən icraya yönəldilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi “tələbin icraya yönəldilməsi haqqında” 01.06.2021-ci il tarixli, **********511600 nömrəli qərar müstəqil olaraq hüquqi nəticə yaratmadığından, yəni iddiaçı tərəfindən mübahisələndirilən vergi borcunun yaranmasının əsası kimi çıxış etmədiyindən onun inzibati akt kimi inzibati məhkəmə icraatında mübahisələndirilməsi yolverilməzdir. Nəzərə alınmalıdır ki, “tələbin icraya yönəldilməsi haqqında” 01.06.2021-ci il tarixli, **********511600 nömrəli qərar yuxarıda sadalanan, iddiaçı tərəfindən mübahisələndirilən vergi borcunun yaranmasının əsası olan qərarların icraya yönəlilməsi barədə olduğundan, nəticə etibarilə “tələbin icraya yönəldilməsi haqqında” akt ləğv edilsə belə iddiaçının vergi borcu onun yaranmasına əsas olan qərarlar mübahisələndirilmədiyindən mövcud olmaqda davam edəcəkdir. Məhkəmənin iddiaçının arzuladığı məqsədə çatması üçün düzgün hüquqi müdafiə vasitələrindən istifadə etməsi barədə (vergi borcunun yaranmasına əsas olan qərarların mübahisələndirilməsi) təklifi iddiaçı tərəfindən qəbul edilməmiş və iddia ərizəsinə olduğu kimi baxılması xahiş edilmişdir. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar