Məhkəmə qərarları › İş №2-1(112)-864/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-864/2020

16.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-864/2020 16.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (sonradan - İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 28.05.2018-ci il tarixdən etibarən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1966-cı ildə Kürdəmir rayonunda doğulmuşdur. 1984-1986-cı illərdə hərbi xidmətdə olmuş, 09.09.1986-cı ildən 23.12.2005-ci ilə qədər fasiləsiz olaraq müxtəlif yerlərdə işləmişdir. 09.09.1986-cı ildən 30.11.1987-ci ilə qədər "Azərkimya" İB-nin keçmiş "X4" zavodunun mexaniki təmir sexində sulfanol istehsalatı üzrə təmirçi çilingər, 01.12.1987-ci ildən 31.01.1996-cı ilə qədər həmin zavodda bitkilərin kimyəvi mühafizə vasitələri istehsalatını alimünium-xlorid, herbisid və depressatorlar sexində təmirçi çilingər, 01.02.1996-cı ildən 03.09.1997-ci ilə qədər alüminium xlorid, herbisid və depressatorlar sexində karbohidrogen və karbohidrogen birləşməsi sexinin avadanlıqlarını təmir edən təmirçi çilingər işləmişdir. 52 yaşı tamam olan tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi imtina məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, iddiaçının müraciətinə İdarə tərəfindən baxılmış və onun tərəfindən təqdim olunmuş sənədlərdən göründüyü kimi iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Odur ki, iddia rədd olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı ildə Kürdəmir rayonunda doğulmuşdur. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinin 26.07.2019-cu il tarixli, 311 №-li Arayışından görünür ki, İddiaçı 31.05.1984-cü il tarixdən 09.06.1986-cı il tarixə kimi Sovet Ordusu sıralarında xidmət keçmişdir. - İddiaçı məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 01.09.1983-cü ildən 25.05.1984-cü ilə qədər təhsil almış, 31.05.1984-cü ildən 27.06.1986-cı ilə qədər hərbi xidmətdə olmuş, 09.09.1986-cı ildən 01.12.1987-ci ilə qədər "Azərkimya" İB-nin keçmiş "X4" zavodunun mexaniki təmir sexində sulfanol istehsalatı üzrə təmirçi çilingər, 01.12.1987-ci ildən 31.01.1996-cı ilə qədər həmin zavodda bitkilərin kimyəvi mühafizə vasitələri istehsalatını alimünium-xlorid, herbisid və depressatorlar sexində təmirçi çilingər, 01.02.1996-cı ildən 03.09.1997-ci ilə qədər alüminium xlorid, herbisid və depressatorlar sexində karbohidrogen və karbohidrogen birləşməsi sexinin avadanlıqlarını təmir edən təmirçi çilingər, 11.09.1997-ci ildən 25.08.1999-cu ilə qədər Kürdəmir rayonu Şüşün kəndi "8 Mart" kooperativində qaynaqçı, 24.01.2000-ci ildən 23.12.2005-ci ilə qədər Kürdəmir rayonu Şüşün kənd Bələdiyyəsində vergi müfəttişi işləmişdir. - "Azərkimya" İB "Etilen-Polietilen" Zavodunun 192, 193 və 194 №-li 06.08.2019-cu il tarixli arayışlarıdan görünür ki, iddiaçının 09.09.1986-cı ildən 01.12.1987-ci ilə qədər, 01.12.1987-ci ildən 31.01.1996-cı ilə qədər və 01.02.1996-cı ildən 03.09.1997-ci ilə qədər işlədiyi vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahının Vİİİ Bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə uyğundur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçının 19.09.2019-cu il tarixli ərizəsinə cavab olaraq verdiyi 24.09.2019-cu il tarixli, **********5 №li məktubdan görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi əsas gətirilməklə mümkün hesab edilməmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşa çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «Ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, hazırki qanunvericiliklə təhsil müddəti iş stajı hesab olunmasa da, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun təhsil aldığı müddət iş stajına daxil edilməlidir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:

1. İddiaçının 01.01.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması;

2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. İddiaçının işlədiyi “təmirçi çilingər” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 1 №-li Siyahının Vİİİ Bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə uyğundur. Tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının 01.01.2006-cı ilə qədər təhsil və hərbi xidmət dövrü də daxil olmaqla 21 il 7 ay 9 gün ümumi və 10 il 11 ay 23 gün güzəştli iş stajı mövcuddur. Göründüyü kimi, hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni 28.05.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı 28.05.2018-ci il tarixdən etibarən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı 28.05.2018-ci il tarixdən etibarən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.

Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar