Məhkəmə qərarları › İş №2-1(112)-864/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-864/2022

29.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-864/2022 29.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı 3-cü şəxslər X9, X10, X13 və X3 cəlb edilməklə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı iddia ərizəsilə müraciət edərək, X9, X10, X13 və X1 ona məxsus Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, ev 147, mənzil 82 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18.04.2012-ci il tarixdə, AN-İ seriyalı, ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən X4 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini satın almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 26.07.2019-cu il tarixli, RX seriyalı, ********** saylı dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, ev 147, 82 saylı mənzil onun tam mülkiyyətindədir. Mülkiyyətində olan mənzildə qeydiyyatda olan digər şəxslər qeydiyyatdan çıxdıqları halda, 3-cü şəxslər bu günə qədər qeydiyyatdan çıxmamışlar. 3-cü şəxslər ona məxsus evdə yaşamırlar, başqa ünvanda yaşayırlar, lakin formal olaraq onun evində qeydiyyatda qalmaqdadırlar. Bu da, onun mülkiyətçi kimi hüquqlarını məhdudlaşdırır. Həmin şəxslərin qeydiyyatdan çıxarılması barədə cavabdehə müraciət etmiş, lakin ona 25.02.2020-ci il tarixli, 065-4236B-3220 nömrəli imtina məktubu verilərək, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5772/2021 saylı, 03 iyun 2021-ci il tarixli qərardadı ilə X9, X10, X13 və X3 iş üzrə 3-cü şəxs qismində cəlb edilmişlər. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaya qarşı hər-hansı bir münasibət təqdim edilməmişdir. İşdə iştirak edən şəxslərə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi və 3-cü şəxslər isə gəlməmişlər. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və 3-cü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş, 25.02.2020-ci il tarixli, 065-4236B-3220 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunur. İşdə olan məhkəmənin sorğusuna cavab olaraq Ədliyyə Nazirliyi Bakı şəhəri 28 saylı Notariat Ofisi tərəfindən təqdim edilmiş 18.04.2012-ci il tarixli, 4Ə-67 reyestr nömrəli alğı-satqı müqaviləsinə dair notariat işinin surətindən görünür ki, satıcı X7 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 13.04.2012-ci il tarixdə verilmiş 11/9713 nömrəli arayışa əsasən ünvan 2 ünvanında yerləşən iki otaqlı ona məxsus yaşayış sahəsi 18,7 kv.m olan bir otağını alıcı xaxşəliyeva Rahilə Şəmil qızının mülkiyyətinə vermişdir. Alğı-satqı müqaviləsi bağlanılarkən, notariat işində 149 saylı MKİS-nin 03.04.2012-ci il tarixli Forma 2 arayışına əsasən müəyyən edilmişdir ki, həmin ünvanda 3-cü şəxslər qeydiyyatda olmamışlar. İşdə olan məhkəmənin sorğusuna əsasən 149 saylı MKİS tərəfindən verilmiş 204 nömrəli, 05 noyabr 2021-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi ev 147, mənzil 82 ünvanı 2 otaqlı mənzil olub, onun bir otağı 18,7 kv.m İddiaçı məxsusdur. Digər 1 otaq isə 18,3 kv.metr X5 adınadır. Sorğuda göstərilən X9, X10, X13 və X3 qeydiyyatda olsalar da, hal-hazırda həmin mənzildə yaşamırlar. İşdə olan məkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 29.11.2021-ci il tarixli, **********06 saylı cavab məktubuna əsasən təqdim edilən ünvan 1 ünvanına dair sənədlərdən görünür ki, həmin ünvan üzrə 19.05.2012-ci il tarixli **********28-05101-093022 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən X6 adına yaşayış sahəsi 19.3 kv.metr olan 1 otaq xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. Həmin mənzilin digər otağı (1 otaq, yaşayış sahəsi 19.3 kv.m) isə X8 adına 30.11.2011-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir. Eləcə də, həmin səndlərdən müəyyən olunur ki, İddiaçı ********** qeydiyyat nömrəli çıxarışın ayrılaraq onun adına fərdi çıxarış verilməsinə dair müraciəti əsasında 26.07.2019-cu il tarixli **********28-05101-093022 reyetr nömrəli, **********5 qeydiyyat nömərəli dövlət reyestrindən çıxarışa əsasən X6 adına yaşayış sahəsi 19.4 kv.metr olan Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi ev 147, mənzil 82 tam payda xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən təqdim edilmiş 04.02.2022-ci il tarixli 018-2214-1222 saylı cavab məktubundan görünür ki, 15.02.1987-ci il təvəllüdlü Əmiraslanova (Mehdiyeva) Ellada Mürvət qızı, 1955-ci il təvəllüdlü X13, 13.08.1957-ci il təvəllüdlü X14 və 23.01.1982-ci il təvəllüdlü X10 18.01.2011-ci il tariixdən ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınaraq şəxsiyyət vəsiqələri ilə təmin edilmişlər. Həmin şəxslərə məxsus şəxsiyyət vəsiqələrinin verilməsi üçün əsas olmuş sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edildiyindən ona təqdim edilməsi mümkün olmamışdır. İşdə olan məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş **********55 nömrəli, 01.03.2022-ci il tarixli cavab məktubu və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, ev 147, mənzil 82 bölünüb və 28 saylı DNK-da təsdiqlənmiş 8İ-3587 reyest nömrəli 06.07.2019-cu il tarixli bölgü sxem tərtib olunmuşdur. Mənzil bölündükdən sonra İddiaçı adına Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, ev 147, mənzil 82 ünvanı ilə (1 otaq 19.4 kv.m) 26.07.2019-cu il tarixdə çıxarış verilmişdir. X8 hissəsinə ( 1otaq – 19.3 kv.m) dair yeni ünvan verilmişdir (Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, ev 147, mənzil 82 B) və M.X.Hüseynovun adına həmin ünvana dair 25.07.2019-cu il tarixdə çıxarış verilmişdir. İşdə olan 5 saylı və 2 saylı Bakı “Asan xidmət” Mərkəzləri tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, 07.07.2019-cu il tarixli və ******* nömrəli, 10.03.2022-ci il tarixli arayışlardan və digər sənədlərdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi ev 147, mənzil 82 ünvanında 23.01.1982-ci il təvəllüdlü X10, 13.08.1957-ci il təvəllüdlü X9, XX.XX.1955-ci il təvəllüdlü X13, 15.02.1987-ci il təvəllüdlü X3 və 31.10.1983-cü il təvəllüdlü X15 qeydiyyatdadırlar. Yuxarıda sadalananlara əsasən məhkəmə tərəfindən müəyyən olunur ki, iş üzrə mənzilin əvvəlki mülkiyyətçisi X7 ilə hazırki mülkiyyətçisi İddiaçı arasında bağlanmış 18.04.2012-ci il tarixli, 4-Ə-67 reyestrli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X7 Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi 147 saylı evin, 82 saylı mənzilinin ona məxsus 1 otağını İddiaçı satmışdır. Alğı-satqı müqaviləsi bağlanan zaman mənzildə 3-cü şəxslər qeydiyyatda olmamışlar. 3-cü şəxslər həmin mənzildə alğı-satqıdan əvvəl, yəni 18.01.2011-ci il tarixdən yaşayış yeri üzrə qeydiyyatda olsalar da, onlar iddiaçıya məxsus mənzildə yaşamamışlar. Məhkəmə ilk öncə hazırki iddainını mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddainın mümükünlüyünə daiR» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümükünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də iddianının mümükünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümükün iddiadır. Baxılan işdə söhbət İnzibat Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-nin 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə biər. «İnzibati məhkəmə icraatında iddainın mümükünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümükünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasmyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s,) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 25.02.2020-ci il tarixli, 065-4236B-3220 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianının mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də əsaslıdır. Belə ki, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı 18.04.2012-ci il tarixli alğı-satqı müqaviləsi əsasında əldə etdiyi mübahisəli mənzil 26.07.2019-cu il tarixdən tam payda mülkiyyət hüququ üzrə onun xüsusi mülkiyyətindədir. Həmin ünvanda qeydiyyatda olan, mənzildə yaşamayan, yaşayış sahəsinə istifadə və əmlak hüquqları olmayan 3-cü şəxslərin qeydiyyatına mülkiyyətçi İddiaçı inzibati orqana müraciəti əsasında xitam verilməli idi. Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə ümumiyətlə qeydiyyatsız qalmalarına də səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası DİN-nin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Penumu qeyd etmişdir ki, bu halda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati oran tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericiliklə birmənalı qaydada tənzimlənməsə də «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümükün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hikimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərədə tutulmuş «şəxsin yaşayış yerini dəyişməsi» ifadəsi «şəxsin həmin yaşayış sahəsində yaşamaması» mənasını da ehtiva edir. Cavabdeh inzibati orqan isə iddiaçının müraciəti əsasında apardığı icraat zamanı işin yuxarıda qeyd edilən hallarını nəzərə almamış, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə cavab verən qaydada, lazımi şəkildə araşdırma aparmamış, işin faktiki və hüquqi hallarına düzgün qiymət verməmiş, nəticədə iddiaçının müraciətinə əsassız olaraq imtina cavabı verməklə, mülkiyyətçi kimi iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Bu səbəbdən də, məhkəmə işin yuxarıda qeyd edilən hallarını, aşağıda sadalanan qanunvericiliyin normalarına tətbiq edərək hesab edir ki, iddiaçı 3-cü şəxslərin mübahisəli mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin müddəalarına əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən,müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.09.2020-ci il tarixli Qərarına əsasən- 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” X2 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X12 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. 13.08.1957-ci il təvəllüdlü X9, 23.01.1982-ci il təvəllüdlü X10, 1955-ci il təvəllüdlü X13 və 15.02.1987-ci il təvəllüdlü X1 Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi ev 147, mənzil 82 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Səbail rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar