Məhkəmə qərarları › İş №2-1(112)-8641/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8641/2024

26.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8641/2024 26.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər Alıeva Leila, X4, X6) qarşı “ayrıca çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz Kəngərli küçəsində yerləşən 34 nömrəli fərdi yaşayış evinin onun payına düşən - yaşayış sahəsi 23,2 kv.m olan 1 otaqdan ibarət hissəsinə dair ona daşınmaz əmlakın dövlət reyestrindən ayrıca çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* saylı Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz Kəngərli küçəsində istifadədə olan 0,01425 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı 132,6 kv.m yaşayış, 36,5 köməkçi sahədən ibarət 34 nömrəli fərdi yaşayış evi 1 otaq - yaşayış sahəsi 23,2 kv.m olan hissədə - İddiaçı, 1 otaq - yaşayış sahəsi 21,7 kv.metr olan hissədə Alıeva Leilanın və qalan hissədə X1 paylı mülkiyyətlərində olmaqla adlarına daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 1291 nömrəli vərəqində qeydiyyata alınmışdır. Sözügedən ev faktiki olaraq çıxarışda göstərilən paylara uyğun olaraq 3 hissəyə ayrılmış, hər bir hissə ayrıca bir mənzildir. Hər bir mənzilin ayrıca giriş- çıxışı, hamam otağı, mətbəxi və s. vardır. Hər birinin payı ayrıca bir mənzil kimi olduğundan biz payçıların birbirindən asılı cəhəti yoxdur. Bütün bunlara baxmayaraq onların yalnız bir (ümumi) çıxarışları var. Hamının adı və payları orada qeyd olunur. Belə olan halda bəzi sənədləşmə işləri zamanı (məsələn: kimisə qeydiyyata salmaq və yaxud qeydiyyatdan çıxarmaq istəyən zaman) digər payçıların razılığı tələb olunur. Bu da bir mülkiyyətçi kimi vətəndaşın hüquqlarının əsassız olaraq məhdudlaşdınlmasına səbəb olur. İddiaçıya məxsus evin ayrıca giriş-çıxışı, hamam otağı və s. olduğuna görə ona həmin evə dair ayrıca çıxarış verilməlidir. Ayrıca çıxarışın verilməsi barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də ayrıca çıxarışın verilməsindən imtina edilib. Məktubda imtinanın səbəbi kimi fərdi yaşayış evinin bir dam altında yerləşən vahid konstruktiv yük götürən divarlara malik tikili olması, konstruktiv cəhətdən vahid olan tikili bir neçə əsas tikiliyə bölünə bilinmədiyindən ərizəmin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqanın imtinası ilə razı deyildir. İddiaçının payına düşən əmlak faktiki olaraq ayrıca mənzildir. Ayrıca mənzil kimi qeydə alınması üçün lazım olan bütün tələblərə cavab verir. Bu səbəbdən də cavabdeh orqanın ona ayrıca çıxarışın verilməsindən imtinası əsassızdır. Qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz Kəngərli küçəsində yerləşən 34 nömrəli fərdi yaşayış evinin onun payına düşən hissəsinə dair ona daşınmaz əmlakın dövlət reyestrindən ayrıca çıxarışın verilməsi öhdəliyi məhkəmə qərarı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə üçüncü şəxslər Alıeva Leila, X4, X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz Kəngərli küçəsində yerləşən 34 nömrəli fərdi yaşayış evinin pnun payına düşən - yaşayış sahəsi 23,2 kv.m olan 1 otaqdan ibarət hissəsinə dair ona daşınmaz əmlakın dövlət reyestrindən ayrıca çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** daxilolma nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********15 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı məlum olmuşdur ki, fərdi yaşayış evi paylı mülkiyyətdədir və ayrılıqda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması nəzərdə tutulmuş tikili bir dam altında olmaqla vahid konstruktiv yükgötürən divarlara malikdir. Həmçinin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Balaxanı Ə.Ş) istifadəsinə verilmiş ərazilərin hüdudları daxilində yerləşir. İddia tələbində qeyd olunan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz Kəngərli küçəsində yerləşən 34 nömrəli fərdi yaşayış evi Alıeva Leilanın (1-ci mərtəbədə 1 otaq-yaşayış sahəsi 21 kv.m), İddiaçı (1-ci mərtəbədə 1 otaq-yaşayış sahəsi 23,2 kv.m), X2 (1-ci mərtəbədə 1 otaq-yaşayış sahəsi 12 kv.m, İİ mərtəbədə 2 otaq yaşayış sahəsi 30.4 kv.m., köməkçi sahə 6.9 kv.m.) və X5 (2-ci mərtəbədə 2 otaq yaşayış sahəsi 44.5 kv.m., köməkçi sahə 6.7 kv.m.) paylı mülkiyyətindədir. Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması və pul kompensasiyasının (dəyərinin) ödənilməsi qaydasında həyata keçirilə bilər. Əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Tikinti obyektinin layihələndirilməsi zamanı mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması və layihəçilərin təklifi nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında obyektlərin tikintisinin yanaşı sərhəddəki ortaq divar və ya iki paralel divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 71-ci maddəsinə əsasən ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. Tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər. 72.1. Qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 saylı qərarı ilə təsdiq edilmiş "Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar"nın 9-cu bəndinə əsasən ara məsafəsi olaraq divar hündürlüyünün 0,6 hissəsi, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə isə divar hündürlüyünün 0,3 hissəsi qəbul olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. İddiaçının hazırkı iddia vasitəsilə çatmaq istədiyi məqsədə nail olması mümkünsüzdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz Kəngərli küçəsində istifadədə olan 0.01425 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 132.6 kv.m yaşayış, - kv.m qeyri-yaşayış, 36.5 kv.m köməkçi sahədən ibarət 34 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Alıeva Leila-1 otaq - y/s23.2 kv.m., X1-qalan hissə, İddiaçı-1 otaq-y/s23.2 kv.m adlarına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə reyestr kitabının 1291 nömrəli vərəqində ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, Y/evi hüquqmüəyyənedici sənəd üzrə və faktiki olaraq 169.1 kv.m-dir, torpaq sahəsi üzrə hüquqmüəyyənedici sənəd üzrə - 142.5 kv.m-dir, faktiki olaraq 152.5 kv.m təşkil edir; torpaq sahəsinin sərhədləri: 3 tərəf qonşu, 1 tərəf yol; A yaş evi bir dam altında olub ortaq divarları mövcuddur, hər üç payçının küçəyə sənədə əsasən giriş çıxışı mövcuddur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz Kəngərli küçəsində istifadədə olan 0.01417 ha torpaq sahəsində yerləşən 169.1 kv. m sahəsi olan fərdi yaşayış evi X3 xüsusi mülkiyyəti kimi **********10-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Alıeva Leilanın adına 1 mərtəbədən 1 otaq (y/s 21.7 kv.m.) payı ********* qeydiyyat nömrəsi ilə xx.xx.2006-cı ildə qeydiyyata alınmışdır; İddiaçı adına 1 mərtəbədən 1 otaq (y/s 23.2 kv.m.) payı ********* qeydiyyat nömrəsi ilə xx.xx.2007-ci ildə qeydiyyata alınmışdır; X2 adına 1 mərtəbədən 1 otaq (y/s 12.8 kv.m, k/s 15.7 kv.m), 2 mərtəbədən 2 otaq (y/s 30.4 kv.m, k/s 6.9 kv.m) payı ********** qeydiyyat nömrəsi ilə xx.xx.2010-cı ildə qeydiyyata alınmışdır; X6 2 mərtəbədən 2 otaq (y/s 44.5 kv.m, k/s 6.7 kv.m) payı ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci ildə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, **********15 nömrəli məktubunda bildirilmişdir ki, fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas olmuş arxiv texniki pasportuna əsasən fərdi yaşayış evi bir dam altında yerləşən vahid konstruktiv yükgötürən divarlara malik tikilidir. Konstruktiv cəhətdən vahid olan tikili bir neçə əsas tikiliyə bölünə bilinmədiyindən müraciətinizdə qaldırılan məsələnin həlli mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq ‘Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Beləliklə, işin hallarından görünür ki, hazırkı halda Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz Kəngərli küçəsində istifadədə olan 0.01425 ha torpaq sahəsində yerləşən 34 nömrəli fərdi yaşayış evi paylı mülkiyyətdədir. İddiaçı paylı mülkiyyətində olan əmlaka dair (1 otaq –yaşayış sahəsi 23.2 kv.m) yeni ünvanla təmin edilməklə ayrıca çıxarış verilməsini, bununla da onun payının digər mülkiyyətçinin payından ayrılmasını hazırkı məhkəmə icraatında mübahisələndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Həmin Məcəllənin 221-ci maddəsinə görə ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Göründüyü kimi, qanunvericiliyə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya ümumi mülkiyyətdə olan əşya sayılır və ümumi mülkiyyətin bir növü olan ümumi paylı mülkiyyətə xitam verilməsi üçün əmlak fiziki olaraq bölünməlidir. İddiaçı hazırda mübahisəli əmlakın fiziki cəhətdən bölündüyünü bildirsə də, bununla bağlı nə digər mülkiyyətçi ilə arasında olan razılığı, nə də məhkəmə qərarını təqdim etmişdir. Belə ki, Mülki Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəlləsinin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi” nizamnaməsinin 2.0.2-ci bəndinə əsasən daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək DƏDKR-in fəaliyyət istiqamətlərinə aid edilmişdir. İstinad olunan normalardan görünür ki, paylı mülkiyyətdə olan əşyanın bölünməsi tərəflərin razılığı ilə həyata keçirilir. Əgər belə razılıq yoxdursa, paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Başqa sözlə, mülkiyyətçilər arasında paylı mülkiyyətdə olan əmlakın bölünməsi barədə razılıq mövcuddursa, ilk əvvəl həmin əmlaka bölgü sxemin tərtib edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət ediməli, cavabdeh imtina etdiyi halda bu imtinanın inzibati məhkəmə icraatı qaydasında mübahisələndirməlidir. Mülkiyyətçilər arasında əmlakın bölünməsi ilə bağlı razılıq mövcud deyilsə, mülkiyyətçilərdən biri payının naturada ayrılması ilə bağlı müvafiq ümumi məhkəməyə müraciət etməlidir. Hazırkı işin hallarına əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında paylı mülkiyyətdə olan daşınmaz əmlakın fiziki olaraq bölünməsi ilə bağlı razılıq, yaxud bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadığından iddiaçının hazırkı iddia vasitəsilə nail olmaq istədiyi məqsədə çatması, yəni Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz Kəngərli küçəsində yerləşən 34 nömrəli fərdi yaşayış evinə dair payının ayrılmaqla ayrı çıxarış verilməsi mümkünsüzdür. Yalnız yuxarıda qeyd olunan qaydada mübahisəli əmlak fiziki cəhətdən bölündükdən sonra iddiaçının hazırkı iddia vasitəsilə əldə etmək istədiyi nəticəyə, yəni ayrılmış payına uyğun ayrıca çıxarışın verilməsinə nail olması mümkündür. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ayrıca çıxarışın verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar