Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8643/2022 05.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (zəruri cəlbetmə qaydasında üçüncü şəxs X7) ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək X4 ona məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulması tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bünyadzadə küçəsi, 7 saylı evin 12-ci mənzili Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin MH seriyalı, 115762 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən iddiaçının mülkiyyətindədir. Bu barədə 35 saylı reyestr kitabında 6261-ci səhifə qeydəalma 30 №29375, xx.xx.1997-ci il tarixli qeydiyyat aparılmışdır. Həmin ünvanda iddiaçı ailəsi ilə birlikə yaşayır. Yaxın qohumu olan X6 xahişi ilə onun oğlu Əliyev Məhəmmədin arvadı, xx.xx.1999-cu ildə doğulmuş X4 qeydiyyatda olduğu ünvanın sahibi Mehman adlı şəxsin mülkiyyətində olduğu mənzili satması ilə bağlı qeydiyyatdan çıxarıldığı üçün onun formal olaraq müvəqqəti bir neçə aylığına qeydiyyata düşməsinə razılıq verməsini xahiş etmişdir. İddiaçı da qohum olduğu üçün onun xahişi ilə 2021-ci ilin təxminən fevral ayında “ASAN” Xidmətə yazılı ərizə verməklə X4 mülkiyyətində olan həmin mənzilə formal olaraq qeydiyyata alınmasına razılıq verib və o iddiaçının mənzilinə qeydiyyata alınıb. Sonradan məlum olub ki, Eldarın oğlu Məhəmmədlə Gülsarənin nikahı 2021-ci ildə rəsmi olaraq məhkəmə qaydasında pozulmuş və Gülsarə artıq Eldargilin evindən köçərək öz atasının evində yaşasa da, özq könüllü ərizə verərək qeydiyyatını ləğv etdirərək atası evinə qeydiyyata düşmür. Bu isə mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur. Buna görə də 31 mart 2022-ci il tarixdə müvafiq sənədləri əlavə etməklə iddiaçı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə ərizə verərək X4 onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bünyadzadə küçəsi, 7 saylı evin 12-ci mənzilindən qeydiyyatdan çıxarılması barədə göstəriş verilməsini xahiş etsəm də, bugünə kimi ərizənin təmin olunub-olunmaması barədə ona heç bir məlumat verilməmişdir.
3. Məhkəmənin şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək bildirdi ki, üçüncü şəxsi tanımır, onunla hər hansı qohumluq əlaqələri yoxdur, həmin evdə yaşamır, hazırda evdəki qeydiyyatı formal xarakter daşıyır.
4. Cavabdeh Sabunçu Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilməsi xahiş edilmişdir.
II. İddianın növü və mümkünlüyü
5. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
6. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
7. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə X7 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdur.
8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən X5, X1 və X7 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.
9. İddiaçı Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək X4 ona məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.
10. CMS-AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən X7 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.
11. Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin MH seriyalı, 115762 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bünyadzadə küçəsi, ev 7, 12 nömrəli mənzilin qeydiyyat tarixi xx.xx.1997-ci il olmaqla İddiaçı xüsusi mülkiyyətindədir.
12. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bünyadzadə küçəsi, ev 7, 12 nömrəli mənzilin üzərində X4 məhdud əşya hüquqlarının (istifadə hüquqlarının) qeydiyyata alınması haqqında məlumat aşkar edilməmişdir.
13. Üçüncü şəxs X7 məhkəmə iclasında iştirak etmir.
14. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi 86 saylı Mənzil-Kommunal İstismarı Sahəsindən tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 173 nöməli arayışa əsasən X7 ünvan 1 ünvanında qeydiyyatdadır, bu mənzildə yaşamır.
IV. Məhkəmənin mövqeyi
15. Üçüncü şəxs həmin ünvanda faktiki olaraq yaşamır, iddiaçı ilə hər hansı qohumluq əlaqələri yoxdur, istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
16. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
19. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən: ... mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... ...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. ...Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər....
20. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
21. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
22. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin hərəkətləri qanunsuz hesab edilməli və X4 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır.
23. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. X4 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva