Məhkəmə qərarları › İş №2-1(112)-8646/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8646/2023

04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8646/2023 04.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «əlilliyin bərpa edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «əlilliyin bərpa edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı 8 fevral 1968-ci il tarixdə doğulmuşdur. Sovet ordusunda xidmət keçmiş, sonradan 1992 – 1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı 12 may 2017-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş və həmin qurum tərəfindən şəhadətləndirilərək ona “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı verilmişdir. 2 avqust 2017-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitasiya Agentliyi tərəfindən ona tibb müəssisəsinin 4384003AAB14 nömrəli göndərişi (88 nömrəli forma) əsasında 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup əlillik təyin edilmişdir. İddiaçı lazımi sənədlərlə təmin edilmişdir. Ona verilən pensiya və təqaüd 2020-ci ilin iyul ayında dayandırılmışdır. Elektron sistemə əlillik vəziyyətinin yoxlanılması məqsədi ilə baxış keçirən zaman ona məlum olmuşdur ki, bu dayandırmaya səbəb Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitasiya Agentliyi tərəfindən əlillik vəziyyəti əsassız olaraq, ona heç bir məlumat verilmədən etibarsız hesab edilməsi olmuşdur. Bu hərəkət əsassız və qanunsuzdur, onun yenidən qiymətləndirilməsinə zərurət yoxdur, çünki, o, 2 avqust 2017ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup əlillik verilmişdir. İddiaçı hesab edir ki, onun əlilliyi etibarlı hesab edilməli və onun Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitasiya Agentliyinin 2 avqust 2017-ci il tarixli sonuncu müayinə üzrə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup əlilliyi bərpa edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 16, 38, 57, 60, 149-cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin müddəalarına, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64, 65-ci maddələrinə, İPM-in 33-cü maddəsinə əsaslanaraq, iddiaçının 2 avqust 2017-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş ikinci dərəcəli əlilliyin əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Sonradan iddiaçı məhkəməyə əlavə ərizə təqdim edərək, «iddiaçının 2 avqust 2017-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş ikinci dərəcəli əlilliyinin – əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində etibarsız hesab edildiyi 1 iyul 2020-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (nümayəndəsinin) iddia ilə bağlı məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı etirazında bildirilir ki, İddiaçı əlillik vəziyyətinə Bakı 2 saylı Dəmiryol Poliklinikasının 18 iyul 2017-ci il tarixli 4384003AAB14 nömrəli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.8 - Epilepsiyanın digər dəqiqləşdirilmiş formaları; Diaqnozun mətni: Qəlpə yaralanmasından (1993-cü il) sonrakı vəziyyət. Vestibulyar çatmamazlıq. Keçirilmiş QKBTnın davamlı qalıq əlamətləri, posttravmatik ensefalopatiya. Generalize olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez (ayda 6 – 7 dəfə) təkrarlanan epileptik qıcolma tutmaları. Qabarıq ifadə olunmuş asteno-nevrotik sindrom. Arterial hipertenziya İİ dərəcə, yüksək əlavə risk. Aşağı ətraf arteriyalarının iki tərəfli diffuz aterosklerozu, xroniki endarterit, xroniki işemiya ll-lll dərəcə. Ekstrasistolik aritmiya. Başın sol təpə nahiyyəsində 1 ədəd, sol-mil bilək oynağının ön səthində 1 ədəd, sağ baldırın aşağı 1/3-nin ön səthində 1 ədəd qəlpə yaralanmasından sonrakı köhnə çapıq toxumalar.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9)” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017 – 2020-ci il illər ərzində rəsmiləşdirilmiş göndərişlər əsasında aktiv əmək müqaviləsi olub əlillik təyinatı aparılmış 8711 nəfərə dair məlumatlara iki mərhələdə araşdırılma aparılmış və 776 nəfərə aparılmış əlillik təyinatları etibarsız hesab edilmişdir. İddiaçı etibarsız hesab edilənlərin siyahısında adı qeyd edilmişdir. Bundan irəli gələrək 4384003AAB14 nömrəli göndəriş əsasında aparılmış əlillik təyinatı MEİS-in “Əlillik” altsistemində etibarsız edilmişdir. Bundan əlavə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 65.1.2-ci maddəsinə görə müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Qeyd olunanlar əsas götürülməklə 4384003AAB14 nömrəli göndəriş əsasında aparılmış əlillik təyinatı 3 iyun 2020-ci il tarixdə əsaslı olaraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində etibarsız edilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 və 12 nömrəli qərarlarına əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərardadı ilə iddia mümklün sayılmamışdır. Qarardadda İPM-in 24, 38.1-ci maddələrinə istinad olunmuş, iddia mübahisələndirmə haqqında iddia qismində qiymətləndirilmiş və iddia müddətinin buraxılması əsası ilə iddia mümkünsüz sayılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 16 mart 2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli “iddianın mümkün sayılmaması barədə” qərardadı ləğv edilmiş və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası vurğulamışdır ki, iddia öhdəliyin icrası haqqında iddiaya aiddir. İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İş materialları Bakı İnzibati Məhkəməsinə qaytarıldıqdan sonra işin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2022-ci il tarixədək qüvvədə olmuş 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarının 1-ci hissəsi ilə «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» təsdiq edilmişdir. Həmin Əsasnamənin 1-ci bəndinə görə: - (1.1) Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir; - (1.2) Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; - (1.5) Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının 1-ci hissəsi ləğv edilmişdir. Qərarla təsdiq edilmiş həmin Meyarların 1.2-ci bəndinə görə bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı barəsində Bakı 2 saylı Dəmiryol Poliklinikasının tərtib etdiyi 18 iyul 2017-ci il tarixli 4384003AAB14 nömrəli göndəriş əsasında əlillik vəziyyəti Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən qiymətləndirilmiş və ona 2 avqust 2017-ci il tarixdən 5 il müddətinə ikinci dərəcəli əlillik dərəcəsi verilməsi barədə qərar qəbul olunmuşdur. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017 – 2020-ci il illər ərzində rəsmiləşdirilmiş göndərişlər əsasında aktiv əmək müqaviləsi olub əlillik təyinatı aparılmış şəxslərlə bağlı araşdırmasının nəticəsi olaraq əlillik təyinatını etibarsız saydığı şəxslərin siyahısına hazırkı iddiaçı da daxil olduğundan, onun əlilliyi 3 iyun 2020-ci il tarixdə Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində etibarsız edilmişdir. Hazırda iddiaçı cavabdehin hərəkətlərini mübahisələndirir və əlilliyinin bərpasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əssən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.4-cü maddəsinə görə qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə görə maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə görə maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Məhkəmə iddiaçının əlilliyinin etibarsız sayılması üzrə inzibati icraatla bağlı aşağıdakıları diqqətə çəkir: - İkinci qrup əlillik dərəcəsinin təyini barədə qərar ünvanlandığı şəxs kimi iddiaçıya münasibətdə hüquqi nəticə yaratdığından, habelə inzibati aktın digər xassələrini özündə əks etdirdiyindən “əlverişli inzibati akt”dır. Qanunun mənasına və mövcud inzibati praktikaya görə əlverişli inzibati aktın ləğvi və etibarsızlığı bununla bağlı müvafiq əsaslar olduqda bu barədə qərarla rəsmiləşdirilir. Belə hal, həm də inzibati orqanın əlverişsiz hərəkətlərindən müdafiə vasitələrindən (qərardan şikayət verilməsi barədə müddəa əks olunmaqla) istifadənin səmərəliyinə yönəlmiş olur. Lakin cavabdeh tərəf iddiaçıya münasibətdə əlverişli inzibati aktı (əlilliyi barədə) etibarsız saysa da, bu barədə ayrıca inzibati icraat aparmamış və müvafiq inzibati akt qəbul etməmişdir. Yəni, inzibati orqan inzibati aktın etibarsız sayılmasını, buna əsaslar olub-olmamasından asılı olmayaraq tələb olunan qaydada icraat aparmaqla rəsmiləşdirməmişdir; - Hazırki işdə əlillik dərəcəsinin etibarsız hesab edilməsindən öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş əlilliyin qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın «İnzibati icraat haqqında» Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur; - İddiaçıya əlillik dərəcəsinin verilməsi barədə əlverişli inzibati aktın etibarsız sayılması üzrə qanunvericiliklə («İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsi) nəzərdə tutulan əsasların mövcudluğu hazırkı işdə müəyyən edilmir. Həmin inzibati aktın ləğvinə gəldikdə isə, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə görə maraqlı şəxs kimi iddiaçının məzmununa etimad göstərdiyi və bu etimadın qanunla qorunduğu akt kimi ləğv oluna bilməz. Nəzərə alınmalıdır ki, həmin Qanunun 67.6-cı maddəsinə göstərilən hallar da hazırkı iş üzrə müəyyən edilmir. Məhkəmə yuxarıda qeyd olunanların məcmusunda belə nəticəyə gəlir ki, iddiaçının əlilliyinin etibarsız sayılması ilə bağlı inzibati orqan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətləri qanunvericiliyin (o cümlədən inzibati icraatın prosedurl qaydaları müəyyən edən normaların) tələblərinə zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı 2 avqust 2017-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş ikinci dərəcəli əlilliyinin əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində etibarsız hesab edildiyi 1 iyul 2020-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 2 avqust 2017-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş ikinci dərəcəli əlilliyinin əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində etibarsız hesab edildiyi 1 iyul 2020-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar