Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8648/2022 29.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “müraciətə cavab verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Xəlilova (Sadıqova) Mövlanə Şahlar qızı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müraciətə cavab verməməsi əsası ilə hərəkətsizliyinin qanunsuz hesab edilməsi, cavabdehin üzərinə müraciətə cavab verməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Xətai Rayon Məhkəməsinin 2(011)- 3949/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh və borclu X2 hər ay 320 manat sabit pul məbləğində aliment ödəməlidir. Mübahisə ilə bağlı ərizə Tovuz Rayonu İcra və Probasiya şöbəsinə göndərilmişdir. Eyni zamanda Ədliyyə Nazirliyinə də ərizə ilə müraciət edilərək icra işinin Tovuz Rayon İcra və Probasiya Şöbəsindən alınaraq Xətai Rayon İcra və Probasiya şöbəsinə göndərilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab verilməsi təmin edilməmiş, nəticədə məhkəmə qərarının icra edilməsi ilə bağlı yox, müraciətlə bağlı olaraq inzibati icraat haqqında və vətəndaşların müraciətlərinə baxılması haqqında qanunun tələbinə uyğun mübahisə yaranmışdır. Müraciətlə bağlı 2 aydan artıq müddət keçməsinə baxmayaraq müraciəti hələ də cavabdeh tərəfindən cavablandırılmamışdır. Cavabdeh iddiaya yazılı etirazı məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş ərizədən görünür ki, iddiaçı ərizə ilə Tovuz Rayon İcra və Probasiya Bölməsinə müraciət edərək bildirmişdir ki, Xətai Rayon Məhkəməsinin 2(011)-3949/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh və borclu X2 hər ay 320 manat sabit pul məbləğində aliment ödəməlidir. Tovuz Rayon İcra şöbəsinə xx.xx.2021-ci il tarixdə SS768430358AZE ştrix kodlu məktubla iddiaçı ərizə göndərmişdir. Və həmin məktubda işin Xətai Rayon İcra Probasiya şöbəsinə göndərilməsini xahiş etmişdir. Şifahi telefon danışığı zamanı xx.xx.2021-ci il tarixində iddiaçıya məlum olmuşdur ki, icra və probasiya şöbəsi borclu ilə bağlı axtarış elan etmişdir. Lakin borclu Xətai rayon ərazisində 37-ci polis bölməsinin inzibati sahəsində atası və digər ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında faktiki olaraq yaşayır. Həmin şəxs çoxsaylı məhkəmə iddiaları qaldıraraq iddiaçı ilə məhkəmə mübahisələri aparır. Lakin 01 mart 2020-ci il tarixdən bu günə kimi daha doğrusu xx.xx.2021-ci il tarixə kimi ödəniş etməmişdir. Həmin tarixdə 400 manat ödəməklə hesab etmişdir ki, bununla da qərəzlilik prinsipini aradan qaldırmış olur. Lakin borclu axtarış nəticəsindən yayınmaq üçün külli miqdarda borc məbləğindən yalnız bir ayın pulunu ödəməklə məsuliyyətdən yayınmaq istəyir. Göstərilənləri nəzərə alaraq, iddiaçı borclu X1 barəsində axtarış elan olunubolunmaması barədə məlumat verməklə, belə bir axtarış olduğu halda tutulub icra və probasiya şöbəsinə təhvil verilməsini, icra işinin Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçı hazırda cavabdeh qismində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyini göstərməklə onun müraciətinə cavab verilməməsi əsası ilə cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və üzərinə müraciətə cavab verməsi öhdəliyinin qoyulmasını xahiş etsə də, Ədliyyə Nazirliyinə müraciətini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, işə əlavə etdiyi müraciət tarixi göstərilməyən ərizə isə cavabdehin tabeliyində müstəqil inzibati orqan olan və məhkəmədə iddiaçı və cavabdeh qismində çıxış edə bilən Tovuz Rayon İcra və Probasiya Bölməsinə ünvanlanmışdır. Məsələ ilə bağlı iddiaçıya hüquqi yardım göstərilərək cavabdehə göndərilən müraciəti təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi təklif edilmiş, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim edilən ərizədə onun müraciətinə cavab verildiyi göstərilmiş, ərizəyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəmkir Regional Ədliyyə İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli 08/S-374 saylı məktubu əlavə edilmişdir. Həmin məktubda göstərilmişdir ki, iddiaçının Ədliyyə Nazirliyinin İcra Baş İdarəsindən daxil olmuş məhkəmə qərarının icrası ilə bağlı müraciətinə baxılmış və müəyyən edilmişdir ki, icra sənədi xx.xx.2018-ci il tarixdə Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə müvafiq qaydada icraata başlanılmışdır. İcra sənədi üzrə borc könüllü icra müddətində ödənilmədiyindən, borclu Rəfail Sadıqovun əmlak və gəlir vəziyyəti yoxlanılmışdır. Yoxlama zamanı borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlir aşkar olunmamışdır. Bundan sonra borclu icra məmurunun çağırışlarına gəlmədiyinə görə onun məcburi gətirilməsi üçün təqdimat tərtib edilərək məhkəməyə təqdim edilmiş və Tovuz Rayon Məhkəməsinin 8(62)-667/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Həmçinin xx.xx.2021-ci il tarixdə borclunun ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması üçün məhkəməyə təqdimatla müraciət edilmiş və Tovuz Rayon Məhkəməsinin 8(62)-589/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Bundan sonra borclunun yerini müəyyən etmək mümkün olmadığına görə barəsində axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Tovuz RPŞ-yə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə borclu Rəfail Sadıqov polis əməkdaşları tərəfindən saxlanılaraq Tovuz Rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. Həmin vaxt borclu barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmiş və borclu aliment üzrə 500 manat ödəniş etdiyi üçün Tovuz Rayon Məhkəməsinin 3(062)- 141/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə inzibati işin icraatına xitam verilmişdir. Borclu sonradan aliment ödənişləri həyata keçirmiş və hazırda 4560 manat borc mövcuddur. İcra tədbirləri davam etdirilir. Göründüyü kimi, artıq iddiaçının müraciətinə baxılaraq mahiyyəti üzrə cavab verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia iddianın mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-8648/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8648/2022
29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver