Məhkəmə qərarları › İş №2-1(112)-865/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-865/2023

11.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-865/2023 11.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1, Zəruri cəlbetmə qaydasında üçüncü şəxs X2 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxslər X4 və X6) qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və üçüncü şəxsin adına çıxarışın ləğv edilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 387 A ünvanında yerləşən fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 0,382 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınaraq buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş alqı-satqı müqaviləsinin ləğv edilməsi vəzifəsinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısının “08” avqust 1994-cü il tarixli, 2647 saylı sərəncamına əsasən, X9- Qulu oğluna Badamdar qəsəbəsində 600 kvadrat metr fərdi yaşayış evi tikmək üçün (yəni mərhum ərinə) torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin ölçüsü notarial qaydada vermiş olduğu razılığa əsasən, 382.32 kvadrat metr müəyyən edilmişdir. Bu barədə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A№526481 saylı torpaq sahəsinin planı və ölçüsünə dair dövlət kadastr kitabında xx.xx.2014-cü il tarixdə, 40579 nömrəsi ilə qeydiyyat aparılmışdır. xx.xx.2021-ci il tarixdə həmin torpaq sahəsi ilə bağlı mənə mülkiyyət hüququmu təsdiq edən çıxarış verilməsi üçün İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX- nin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət etdim. Həmin orqan tərəfindən mənə göndərilən xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, ünvan 2 ünvanda yerləşən torpaq sahəsi 53 saylı DNK-nın 1785 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsinə əsasən X2 adına qeydiyyata alınmışdır. Bundan sonra təkrar olaraq həmin torpaq sahəsi ilə bağlı iddiaçının mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməsi üçün İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Həmin İdarədən verilmiş xx.xx.2022-ci il tarixli imtina məktubunda da həmin torpaq sahəsinin başqa bir şəxs tərəfindən özgəninkiləşdirilməsi və orada fərdi yaşayış evinin tikilməsi qeyd olunmuşdur. Bundan başqa qeyd olunmuşdur ki, vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubu sənədlər toplusuna əlavə edilməmişdir.

3. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri vəsatətlə məhkəməyə (dəftərxana vasitəsilə) məhkəməyə müraciət edərək X2 üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir.

4. Cavabdeh orqan tərəfindən məhkəməyə ünvanlanan (dəftərxana vasitəsilə) etirazda bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən u387a” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2021-ci il tarixli, ********** və xx.xx.2021-ci il tarixli, ********** nömrəli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubu sənədlər toplusuna əlavə olunmamışdır. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamışdır və iddiaçıya xx.xx.2021ci il tarixli, **********90 və xx.xx.2022-ci il tarixli, **********26 saylı imtina məktubu ünvanlanmışdır. İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 387 A ünvanında yerləşən fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 0,382 ha torpaq dair X3 verilmiş çıxarışın, həmin çıxarışın verilməsinə əsas olmuş xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair rəsmi müraciəti 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında”Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinin tələblərinə uyğun olaraq daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, № 5 qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci və 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən “387a” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı hissəsində rədd edilməsini, həmin torpaq sahəsinə dair X3 verilmiş çıxarışın, həmin çıxarışın verilməsinə əsas olmuş xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair hissədə mümkün sayılmamasını xahiş etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X6 və X4 zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb olunmuşdurlar.

6. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə (elektron məhkəmə sistemi vasitəsilə) müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

7. Şifahi məhkəmə dinləmələri zamanı cavabdeh orqanın və üçüncü şəxsin nümayəndəsi iştirak edir. Cavabdeh orqanın və üçüncü şəxsin nümayəndəsi işin baxılmadan geri götürülməsinə etiraz etmir.

II. İddianın geri götürülmüş sayılması

8. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.

9. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

10. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).

11. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

12. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.

13. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.

M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından

14. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X7 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

15. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

16. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

17. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...

18. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir... ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

19. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) və ya iddianın baxılmamış saxlanmasına dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.

20. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın əsaslılığını yoxlamaq zərurəti mövcud deyildir.

21. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.

22. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia geri götürülmüş sayılsın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar