Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8653/2022 04.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (qızı) X2, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “məhkəmə qərarlarına uyğun olaraq təyin edilmiş pensiyanın düzgün hesablanması və pensiya fərqinin birdəfəlik ödənməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək pensiyasının məhkəmə qərarlarına uyğun olaraq düzgün hesablanılaraq, keçmiş dövr üzrə hesablanmış pensiya məbləğinin tam olaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının özərinə qoyulması tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, o,dövlət qulluqçusunun dul arvadı kimi ailə başçısını itirməyə görə əmək pensiyası alır. Pensiyasının düzgün qaydada yenidən hesablanması üçün 2017-ci ildə Fondun Yasamal rayon şöbəsinə müraciət etsə də, müraciəti təmin edilmədi. Bundan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etdi. Uzun sürən məhkəmə proseslərindən və 4 məhkəmə qərarından sonra hüququ yarandığı xx.xx.2006-cı ildən pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ona ödənilməsi öhdəliyi Fondun Yasamal rayon şöbəsinin üzərinə qoyulmuşdur. Lakin bildirir ki, Fondun Yasamal rayon şöbəsi məhkəmə qərarlarını qətiyyən düzgün icra etməmişdir. Belə ki, pensiyasının yenidən hesablanmasını qüvvəyə minmiş məhkəmə qərarında qeyd olunan kimi xx.xx.2006-cı ildən deyil, son üç ildən hesabanıb, həmin üç illik fərq də (təqribən 9 min manat) birdəfəlik deyil, hissə-hissə ona ödənilmişdir. Artıq dövlət qulluğu pensiyaları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına köçürüldüyü üçün 2020-ci ilin oktyabr ayında həmin filiala müraciət edərək pensiyamın məhkəmə qərarlarında qeyd olunan qaydada hesablanmasını xahiş etdi. Bundan sonra pensiyası yenidən hesablanaraq 19 manat artırıldı. Təqribən 3000 manat keçmiş dövr üzrə qalıq mənə ödənildi. Lakin, bildirir ki, məhkəmə qərarlarına uyğun pensiyasının hesablanması zamanı keçmiş dövr üzrə ona təqribən 35000 manata qədər fərq ödənilməli idi. Amma Yasamal şöbəsinin ona ödədiyi 9000 və son aldığı 3000 manat birlikdə cəmi 12000 manata yaxın pul alıb. Fondun Yasamal rayon şöbəsi onun pensiyasını hesablayarkən yalnız son 3 ili ödəyə biləcəklərini və bunun da 9000 manat olduğunu bildirmişdir. Lakin pensiya sənədində isə guya pensiyasının 2008-ci ildən hesabladıqlarını qeyd etmişlər ki, halhazırda da Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən pensiyasının yenidən hesablanması zamanı həmin sənədə əsaslandıqlarından nəticədə səhv olaraq ona keçmiş dövr üzrə yenə az məbləğ ödənilmişdir. O, Fondun Yasamal rayon şöbəsinin ona ödədiyi keçmiş dövr üzrə məbləğin çıxarışını bankdan alıb və həmin sənəddən də görünür ki Yasamal şöbəsi ona yalnız son 3 ilin qalığını ödəmişdir. Bildirir ki, Fondun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına dəfələrlə müraciət etsə də, ona konkret cavab verilmir.
3. İddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 19 yanvar 2021-ci il tarixli **********6 nömrəli məktubla cavablandırılmış eyni məzmunlu 16 fevral 2022-ci il tarixində daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bir daha bildirilmişdir ki, ona Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi tərəfindən 1 may 2015-ci il tarixindən sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 sentyabr 2018-ci il tarixli 8-1(103)- 14/2018 nömrəli məhkəmə qərarına əsasən əmək pensiyası xx.xx.2006-cı il tarixindən yenidən hesablanaraq ona xx.xx.2006-xx.xx.2020-ci il tarixləri arasındakı dövr üzrə ümumilikdə 3048,37 manat fərq məbləği müəyyən edilib. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 3048,37 manat fərq məbləğinin 17,03 manat hissəsi 2020-ci ilin dekabr ayında, qalan 3031,34 manat hissəsi isə Mərkəzi Filiala müraciətinizi nəzərə alaraq 2021-ci ilin yanvar ayında əmək pensiyasının (410,94 manat) üzərinə əlavə edilməklə (3031,34+410,94=3442,28 manat) müvafiq kart hesabına köçürülüb.
4. 1 saylı Bakı İnzibati Məhkəməsinin 2-1(81)-6315/2017 saylı iş üzrə 11 dekabr 2017-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə qarşı ölmüş əri X1 yanvar 1935-ci ildən noyabr 1935-ci ilə qədər Quba rayon Partiya Komitəsinin təlimatçısı, aprel 1936-cı ildən noyabr 1936-cı ilə qədər Naxçıvan SSR Noraşen (indiki Şərur) rayon Partiya Kimitəsinin katib müavini, dekabr 1936-cı ildən iyun 1937-ci ilə qədər Noraşen rayon Partiya Komitəsinin katibi, avqust 1941-ci ildən fevral 1942-ci ilə qədər Azərbaycan KP MK-da təlimatçı, sektor müdiri, mart 1942-ci ildən dekabr 1943-cü ilə qədər Sabirabad rayon Partiya Komitəsinin Birinci Katibi, aprel 1944-cü ildən mart 1945-ci ilə qədər Azərbaycan SSR Xalq Komitəsi Sovetində şöbə müdiri vəzifələrində işlədiyi dövrü dövlət dövlət qulluğu stajına daxil etməklə pensiyanın hesablanması zamanı ilə üş vəzifə maaşı mislində mükafat və bir vəzifə maaşı həcmində müavinətin, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşına verilən 15%-lik əlavənin, ixtisas dərəcəsinə görə əlavələrin nəzərə alınmaqla dövlət qulluqçusunun dul arvadı kimi ailə başçısını itirməyə görə pensiya hüququnun yarandığı tarixdən pensiyanın təyin olunması və yaranmış fərqin birdəfəlik ödənilməsi tələbi təmin edilmişdir. Həmin məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə həmin qərara aşağıdakı izah verilmişdir: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarında pensiya hüququnun yarandığı tarix dedikdə, xx.xx.2006-cı ili nəzərdə tutulur.
5. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-766/2018 saylı xx.xx.2018-ci il tarixli qərarına əsasən 1 saylı Bakı İnzibati Məhkəməsinin 2-1(81)-6315/2017 saylı iş üzrə 11 dekabr 2017-ci il tarixli qərarı qismən – iddiaçının 3 vəzifə maaşı mislində mükafatın nəzərə alınmaqla dövlət qulluqçusunun dul arvadı kimi ailə başçısını itirməyə görə pensiyanın təyin olunması hissəsində ləğv edilmiş; həmin hissədə iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin edilməmiş; qalan hissədə qərar dəyişdirilmədən qüvvədə saxlanmışdır.
6. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünkük iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək qüvvədə olan məhkəmə aktının icra olunmalı olduğunu bildirdi.
7. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünkük iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, hazırki tələb məhkəmə qərarının icrası ilə bağlıdır, ona görə iddia mümkün sayılmamalıdır.
II. İddianın mümkünlüyü
8. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
9. X8 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X8 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40).
10. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).
11. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).
12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
13. Beləliklə, məhkəmə qeyd edir ki, qüvvədə olan məhkəmə qərarı icrasının təmin edilməsi iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında həyata keçirilməlidir.
14. Məhkəməyə müraciət Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və X8 Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) məqsədlərinə əsasən hüquqların nəzəri və xəyali deyil, praktik və səmərəli müdafiəsini təmin edir. Odur ki, məhkəmə qərarının tam icra edilməməsi məhkəməyə çatım hüququnun pozulması ilə nəticələ bilər.
15. İPM-in müvafiq maddələrinə əsasə: 117.1.1. qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında icra həyata keçirilir. 119.1. Dövlətə, bələdiyyələrə və ya ümumi hüququn başqa subyektlərinə qarşı pul tələbinin icra edilməli olduğu hallarda, tələbkarın ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə birinci instansiya məhkəməsi icra haqqında qərardad qəbul edir. Məhkəmə qərardadda icra tədbirlərini müəyyən edir və həmin tədbirlərin həyata keçirilməsini səlahiyyətli orqana tapşırır. Səlahiyyətli orqan həmin tapşırığı (icra tədbirlərini) məhkəmə qərarlarının icrası ilə bağlı qüvvədə olan qanunvericiliyə uyğun olaraq yerinə yetirməyə borcludur. 119.2. İcra haqqında qərardad (sərəncam) qəbul etməzdən əvvəl, məhkəmə müvafiq dövlət orqanına, bələdiyyə orqanına və ya ümumi hüququn başqa subyektinə məcburi icra haqqında yazılı şəkildə xəbərdarlıq edir və icranın həyata keçirilməsi üçün müddət müəyyən edir. Bu müddət 15 gündən çox ola bilməz. 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər.
16. Odur ki, məhkəmə hesab edir ki, tələbkar (iddiaçı) qüvvədə olan yekun məhkəmə aktının lazımi qaydada icra olunmamasına dair ərizə ilə (həmin işlə bağlı) Bakı İnzibati məhkəməsinə müraciət edə bilər.
17. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
18. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva