Məhkəmə qərarları › İş №2-1(112)-8654/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8654/2022

13.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8654/2022 13.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi üçüncü şəxs qismində qeyd olunmaqla sığorta ödənişinin ödənilməsi tələbinə dair inzibati işin materiallarına məhkəmə binasında (Bakı şəh. N.Vəzirov küç. 56) açıq, məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2-ci qrup əlillər üçün nəzərdə tutulmuş 6.600 manat məbləğində sığorta ödənişinin ödənilməsi vəzifəsinin cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək AR DİN Ağdam rayon Polis İdarəsinin Post Patrul Xidməti alayında polis nəfəri kimi xidmət etmiş, xidmət dövründə 1993-cü ilin, dekabr ayında Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə yaralanmışdır. AR DİN Hərbi Həkim Komissiyasının xx.xx.1999-cu il tarixli, 14 №-lı qərarı ilə aldığı yaralanma (travma) səbəb əlaqəsi “hərbi travmadır, Azərbaycan Respublikasının suverenliyinin müdafiəsi zamanı” ifadəsi ilə göstərilmişdir. Döyüş vaxtı aldığı xəsarətlər nəticəsində o sağlamlığını və əmək qabiliyyətini itirmiş və buna görə də xx.xx.1999-cu il tarixdə AR Əmək və ƏSMN-nin Tibb Sosial Ekspert Komissiyasının 18 №-li Zona TSEK-i tərəfindən ona 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. Onun əlilliyi xx.xx.2016-cı il tarixdək hər il 1 illik müddətə uzadılaraq təsdiqlənmiş, sonra isə onun əlillik müddəti bir daha uzadılmamış xx.xx.2016-cı il tarixdə isə 5 illik müddətə xx.xx.2021-cı il tarixdək təsdiqlənərək uzadılmışdır. xx.xx.2021-cı il tarixdən sonra isə onun əlillik müddəti bir daha uzadılmamış və dayandırılmışdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” AR Qanununda İİ qrup əlillər üçün 6.600 manat məbləğində sığorta ödənişi nəzərdə tutulmuşdur. Lakin 2-ci dərəcəli əlillik qrupuna görə ona heç bir sığorta ödənişi verilməmişdir. 2-ci qrup əlilliyə görə 6.600 manat məbləğində sığorta ödənişinin alınması üçün o xx.xx.2022-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət etmişdir. Lakin müraciəti cavabsız və nəticəsiz qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Ərizə məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin iddia tələbinə dair yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən xx.xx.2022-ci il tarixli, № **********2 saylı ərizə ilə məhkəməyə müraciət edilərək, məhkəmədən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən hazırki iddia tələbi üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılması xahiş olunmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, www.sosial.qov.az saytından, eyni zamanda Sosial Ödənişlər Altsistemindən əldə edilən məlumata əsasən, İddiaçı 2-ci dərəcə əlilliyə görə müavinət təyin edilmişdir. Təyinat aparılmış və Azərbaycan Beynəlxalq Bankından sosial müavinət və ya pensiya alan şəxslər ödənişi mövcud plastik kartlar vasitəsilə ala bilərlər. Azərbaycan Beynəlxalq Bankından sosial ödəniş almayan şəxslər isə plastik kartı əldə etmək üçün bankın istənilən filialına yaxınlaşa bilərlər. Nəticə etibarilə, işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmişdir. Məhkəmə İPM-nin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin nümayəndəsi X3 izahatında, ərizənin təmin edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş altsistemdən çıxarışdan görünür ki, İddiaçı 2-ci dərəcəli əlilliyə görə (1997-ci il avqustun 2-dək olan xidmət dövründə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular, daxili işlər orqanlarının əməkdaşlarına) birdəfəlik ödəmə təyin olunmuşdur. İPM-nin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80-ci və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar