Məhkəmə qərarları › İş №2-1(112)-8657/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8657/2025

02.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8657/2025 02.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh 6 saylı Bakı “Asan Ximdət” Mərkəzinə qarşı “Ermənistan Respublikası (Qərbi Azəraycan), Basar Keçər rayonu, Babacan kəndində iddiaçının adına verilmiş doğum haqqında şəhadətnamənin bərpa edilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 6 saylı Bakı “Asan Ximdət” Mərkəzinə (qeydiyyat şöbəsi) qarşı “Ermənistan Respublikası (Qərbi Azəraycan), Basar Keçər rayonu, Babacan kəndində iddiaçının adına verilmiş doğum haqqında şəhadətnamənin bərpa edilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o Ermənistan Respublikası (Qərbi Azərbaycan) Basar Keçər rayonu, Babacan kəndində doğulmuşdur. Atası -X1 rayonu, Babacan kəndində doğulmuş və xx.xx.2009-cu il tarixdə Bakı şəhərində ölmüşdür, anası - X7 xx.xx.1937-ci il təvəllüdlü Basar keçər rayonu, Babacan kəndində doğulmuş və xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölmüşdür. O, Ermənistan Respublikasında orta məktəbi bitirdikdən sonra orada qalıb işləmiş, 1988-ci ildə onlar məcburən çıxardıqda doğum haqqında şəhadətnaməsi orada qalmış və itmişdir. Hazırda ona məxsus doğum haqqında şəhadətnamə iş yerindən tələb edilir, həmin şəhadətnamə Ermənistan Respublikaslı Basar Keçər rayonu, Babacan kəndində qalaraq itmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıya məxsus AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası vətəndaşıdır. 6 saylı Bakı Cavabdehndə qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-16-5/7-M-289/2025 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş ’’Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”-ın 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin Müddəaların 14-cü bəndinə, əsasən, itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Hazırkı halda doğum haqqında akt qeydinin həqiqətən olduğunu təsdiq edən müvafiq sənədlər təqdim olunmadığı üçün müraciətinin icrası imkanlar xaricindədir. Bununla əlaqədar məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, İddiaçı cavabdeh 6 saylı Bakı “Asan Ximdət” Mərkəzinə qarşı “Ermənistan Respublikası (Qərbi Azəraycan), Basar Keçər rayonu, Babacan kəndində iddiaçının adına verilmiş doğum haqqında şəhadətnamənin bərpa edilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi” barədə iddiası mümkünlük şərtlərinə cavab vermir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir. 2.1. mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarına əsasən: “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 28 mart 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, “Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. (...) hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. (...) Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir”. 15.1. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 15.2. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ına əsasən:

13. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

14. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.

16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən: 25.2. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının. Məhkəmə tərəfindən iddiaçıya 14 aprel 2025-ci il tarixlərdə hüquqi yardım barədə məktub göndərilmişdir. Məktubda iddiaçıya aşagıdakılar bildirilmişdir: “...Göründüyü kimi, sizin doğum faktı doğulan zaman Ermənistan SSR-də qeydə alınmışdır, bu faktı təsdiq edən şəhadətnamə itmişdir. Sizin doğum faktınız Azərbaycan Respublikasında qeydə alınmadığı üçün qanunvericiliyinin tələblərinə görə doğum faktınız məhkəmə qaydasında müəyyən edilməlidir. Hazırda iddianın predmetini təşkil edən “Ermənistan Respublikası (Qərbi Azəraycan), Basar Keçər rayonu, Babacan kəndində iddiaçının adına verilmiş doğum haqqında şəhadətnamənin bərpa edilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi” ilə bağlı məsələyə inzibati məhkəmə icraatında baxılması qeyri-mümkündür. Belə ki, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında mülki məhkəmə icraatında baxılır. Belə olan halda “faktın tanınması” tələbinə dair ərizə ilə ümumi məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. Əks təqdirdə, təyin ediləcək məhkəmə iclasında iddianın mümkünlüyü məsələsinə baxılacaqdır.” Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən;

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 13-cü, 48-ci, 49-cu maddələrinə əsasən iddiaçıya yardım göstərmək, həmçinin işin hallarını və mübahisənin vəziyyətini tərəflərin iştirakı ilə müzakirə etmək məqsədi ilə xx.xx.2025-ci il tarixdə məhkəmə iclası keçirmişdir. İşin faktiki və hüquqi hallarından göründüyü kimi, iddia tələbi “itmiş doğum haqqında şəhadətnamənin bərpa edilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi”ndən ibarətdir. İddiaçının doğum faktı Azərbaycan Respublikasında qeydə alınmadığından və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ına əsasən, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Belə olan halda iddianın predmetini təşkil edən “Ermənistan Respublikası (Qərbi Azəraycan), Basar Keçər rayonu, Babacan kəndində iddiaçının adına verilmiş doğum haqqında şəhadətnamənin bərpa edilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi” ilə bağlı məsələyə inzibati məhkəmə icraatında baxılması qeyri-mümkündür. Buna görə də, iddiaçı hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi üçün xüsusi icraat qaydasında ümumi məhkəməyə müraciət etməlidir. Göstərilənlərə əsasən məhkəmənin gəldiyi nəticəyə görə İddiaçı cavabdeh 6 saylı Bakı “Asan Ximdət” Mərkəzinə qarşı “Ermənistan Respublikası (Qərbi Azəraycan), Basar Keçər rayonu, Babacan kəndində iddiaçının adına verilmiş doğum haqqında şəhadətnamənin bərpa edilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi” barədə iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3.-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar