Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-866/2021 27.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı cavabdeh Təhsildə X1rşı «diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı «diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı 2006 – 2009-cu illərdə Bakı Biznes Kooperasiya Kollecinin “mühasibat uçotu və audit” fakültəsində oxumuşdur. Ona bu barədə 30 dekabr 2009-cu il tarixdə BB-İİ seriyalı 097295 saylı diplom verilmişdir. 2015-ci ci ilin avqust tarixində Ukrayna Respublikasının Xarkov şəhərinə getmiş və Xarkov Milli İqtisadiyyat Unveristetinə müsahibə yolu ilə kollec diplomu əsasında və kolleclə Unveristetin keçirilmiş fənlərdə yaranan (kollecə göndərilmiş rəsmi sorğuya əsasən) imtahan fərqlərini verərək 2ci kursa, qiyabi olaraq uçot və audit fakültəsinə daxil olmuşdur. İddiaçı 2016-cı ilin 10 – 31 may tarixlərində Unveristetə sessiyaya çağırılmış və 14 – 25 may 2016 tarixlərində sessiyada iştirak etmişdir. Universitetdə həmin vaxt ailəli və ciddi iş rejimində işləyən tələbələrə güzəşt olunurdu. Sessiyanı bitirdikdən sonra təhsil haqqı cox olduğundan Unveristetdən akademik arayış əsasında çıxaraq, 2016 cı il oktyabr ayında Kiyev Milli Ticarət-X2 X3 və Audit fakültəsinə fərq imtahanlarını verərək 3-cü kursa qiyabi qəbul olmuşdur. 17 – 28 aprel 2017-ci il tarixlərdə növbəti sessiyaya çağrılmış, 16 – 27 aprel 2017-ci il tarixlərdə sessiyada iştirak etmişdir. 2017-ci ilin 27 noyabr – 24 dekabr taixlərində qış sessiyasına çağırılmış, lakin həmin vaxt xəstə olduğundan (həkimdən arayış var), sessiyaya gedə bilməmişdir. 2017-ci ilin mart ayının 12-dən 27-dək yaz sessiyasına çağrılmışdır. Qış sessiyasında iştirak etmədiyinə görə, kəsiri olduğu üçün dekanatlıq ondan vaxtından tez gəlməyini tələb etmiş və sessiya müddətindən əvvəl 5 mart 2018-ci il tarixdən 6 aprel 2018 ci il tarixədək Xarkova gedərək qalan imtahanları vermiş, həm də sessiyada iştirak etmişdir. Orada olduğu müddətdə 28 mart 2018-ci il tarixdən 6 aprel 2018-ci il tarixədək olan, birinci dövlət imtahanındada (imtahan 4 aprel 2018-ci il tarixə çəkilmişdir) iştirak etmişdir. 30 aprel 2018-ci il tarixdən 7 may 2018-ci il tarixədək Yardımlı rayon "xxxx" MMC-də ixtisası üzrə (tələb belə olduğu üçün) təcrübə keçmişdir. Praktikanın sənədlərini 8 may 2018-ci il tarixdə İnsitituta təqdim etmişdir. 8 may 2018-ci il tarixdən 15 may 2018-ci il tarixədək axırıncı Dövlət imtahanına çağırılmış və 12 may 2018-ci il tarixdən 16 may 2018-ci il tarixədək axırıncı Dövlət imtahanında (imtahan 14 may 2018-ci il taixdə olmuşdur) iştirak etmişdir. 2018-ci ilin oktyabr ayında diplomu almışdır. 20 may 2019-cu il tarixdə tələb olunan qaydada Təhsil Nazirliyi Akreditasiya və Nostrifikasiya İdarəsinə müraciət etmiş və A78C219F3501261 nömrəsi ilə qeyiyyata alınaraq “Şəxsi kabinet” açmışdır. 11 iyun 2019 cu il tarixdə şəxsi kabinetə gələn bildirişlə “müsahibə”yə dəvət olunmuşdur. Müsahibədə 15 dəqiqə ərzində tədris dilindən sual-cavab olunmuş və müsahibədən keçdiyi bildirilmişdir (Müsahibə kamera vasitəsilə lentə alınırdı). Sonradan isə ona bildirilmişdir ki, onun sənədlərini araşdıraraq təhsil aldığı müəssisəyə təhsil normativini bilmək üçün sorğu göndərilmişdir. Bundan sonra o, institutla əlaqə saxlamış və İnstitutdan belə bir sorğunun gəlmədiyini bildirmişlər. Hər dəfə o (iddiaçı), Akkreditasiya və Nostrifikasiya İdarəsi ilə əlaqə saxlalarkən ona “sorğu göndərilib, cavab yoxdur” deyirdilər. 2020-ci ilin yanvar ayının 24-də özü ilə ona təhsil müəssisəsi tərəfindən göndərilən sessiyaya çağırış vərəqlərinin götürərək Akreditasiya və Nostrifikasiya İdarəsinə, şöbə rəisinin qəbuluna getmişdir. Qəbulda şöbə rəisinə çağırış vərəqlərini təqdim etmiş və ona yaxın vaxtlarda əlaqə saxlayacaqlarını bildirmişlər. 27 yanvar 2020-ci il tarixdə mobil telfonuna İdarənin əməkdaşı zəng edərək demişdir ki, verilən çağırış vərəqələri onları qane edir, ona görə də sorğu göndərməyə ehtiyac yoxdur və yaxın vaxtlarda işiə müsbət rəy veriləcək. Struktur dəyişiklik olduğuna görə şəhadətnamə verilməsinin keçikməsinin mümkünlüyü də bildirilmişdir. Onun şəxsi kabinetinə Akkreditasiya və Nostrifikasiya İdarəsindən 12 mart 2020-ci taixdə mənfi rəy göndərilmişdir. Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli 919-İQ cfqks Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentfiyi haqqında» Sazişin 5-ci maddəsinə əsasən Tərəflər razılığa gəlmişlər ki, Azərbaycan Tərəfi Ukraynada verilmiş diplomları Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “kiçik mütəxəssis”, “bakalavr”, “mütəxəssis” və təhsilin məzmununa görə uyğun gəldiyi halda, təhsilin davam etdirilməsinə və ixtisas dərəcəsinə uyğun olaraq işə girmək üçün hüquq verir. Göründüyü kimi, ikitərəfli Sazişin şərtlərinə görə, Ukraynanın ali təhsil müəssisəsi Tərəfindən verilmiş “bakalavr” dərəcəsi üzrə diplomunun tanınması üçün iddiaçının aldğı təhsil Azərbacan Respublikasının təhsil standartlarına uyğun gəlməlidir. Azərbaycan Respubliasında isə təhsilin qanunvericiliklə müəyyən edilən dövlət standartları isə aşağıdakı kimidir: «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.43-cü maddəsinə əsasən təhsil – sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. AR Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərar ilə təsdiq edilmiş «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın 2.3-cü bəndinə əsasən bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. Eyn zamanda Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367İQ nömrəli Qanunu ilə «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiya təsdiq edilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 26, 42, 60cı maddələrinə, «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın 6-cı maddəsinə, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə, İPM-in 2.2.2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları» 1, 3.6, 3.7-ci bəndlərinə əsaslanaraq, iddiaçıya Kiyev Milli Ticarət-İqtisadiyyat Universiteti Xarkov Maliyyə İnstitutu tərəfindən verilmiş B18 seriyalı 075220 nömrəli diplomun tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavandehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 13-cü maddəsunə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz olunmuşdur. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndəsi İPM-in 47-ci maddəsinə müvafiq olaraq məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazda aşağıdakıları bildirir: - Hesab olunur ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, İddiaçı sənədləri Agentlikdə araşdırılarkən onun təqdim etdiyi diplomun AR Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq olunmuş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçının diplomuna əlavədən də göründüyü kimi, təhsil proqramı (qiyabi) 4 il nəzərdə tutulmuşdur. Sənədlər araşdırılarkən məlum olmuşdur ki, iddiaçı kollec diplomuna əsasən S.Kuznets adına Xarkov Milli İqtisadiyyat Universitetinə qəbul olaraq 2015 – 2016-cı illərdə həmin təhsil müəssisəsində təhsil almışdır. Daha sonra 2016-cı il həmin ali təhsil müəssisəsindən Kiyev Milli Ticarət- İqtisadiyyat Universitetinin Xarkov Maliyyə İnstitutuna köçürülərək bakalavr təhsilini 3 ilə (2015 – 2018-ci illər) başa vuraraq 2018-ci ildə bitirmişdir. Bununla əlaqədar ekspert rəyində qeyd edilir ki, təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur: 1-ci il 2015 – 2016-cı illərdə S.Kuznets adına Xarkov Milli İqtisadiyyat Universiteti – 12 gün, 2-ci il 12 gün, 3-cü il 1 ay 3 gün. Göründüyü kimi, qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinı faktiki riayət edilməmişdir və qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükü yerinə yetirmək qeyrimümkündür. Göstərilənlərə və Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın müddəalarına, AR Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»nın 3.6, 3.7-ci bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyul 2018-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi»nin 2.1, 6-cı bəndərinə, 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarı ilə təsdiq olunmuş «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları»nın və 24 iyun 2020-cu il tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş «Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları»nın müddəalarına əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi (vəkili) gəlmiş, cavabdeh tərəf isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərii rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi, cavabdehin etirazı ilə razılaşmadığını bildirdi, həmin etirazla bağlı yazılı ərizə təqdim etdi və iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə isə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. «Təhsil haqqında» AR Qanununun 1.0.7-ci maddəsinə görə bakalavr – bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsidir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə bakalavriat – müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsidir. Həmin Qanunun 13.1-ci maddəsinə görə Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: (maddə 13.1.1) əyani, (maddə 13.1.2) qiyabi, (maddə 13.1.3) distant (məsafədən), (maddə 13.1.4) sərbəst (eksternat). Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 6 noyabr 2020-ci il tarixli 192-VİQD nömrəli Qanunu ilə «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.36 və 27.4-cü maddələrinə dəyişiklik edilmişdir. Həmin maddə dəyişiklikdən əvvəl və dəıyişiklik edildikdən sonra aşağıdakı məzmunda olmuşdur: - (1.0.36-cı maddə əvvəlki redaksiyada) nostrifikasiya – təhsil haqqında sənədin ekvivalentliyinin müəyyən edilməsi prosedurudur; - (1.0.36-cı maddə hazırda qüvvədə olan redaksiyada) xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd; - (27.4-cü maddə əvvəlki redaksiyada) Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. - (27.4-cü maddə hazırda qüvvədə olan redaksiyada) Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. AR Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. AR Nazirlər Kabinetinin 117 nömrəli 24 iyun 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın 1.5-ci bəndinə görə bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta-ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Həmin Qaydaların 2.7-ci bəndinə əsasən tədris ili, bir qayda olaraq, iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər. Həmin Qaydaların 2.8-ci bəndinə görə əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Həmin Qaydaların 2.9-cu bəndinə görə tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180 – 240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. Məhkəmənin mövqeyinə görə İddiaçı Ukraynanın təhsil müəssisəsi olan Kiyev Milli Ticarət-İqtisadiyyat Universiteti Xarkov Maliyyə İnstitutunun normativi qarşılığında həmin ölkədə (ölkə hüdudlarından kənarda) qısa müddət olduğundan, cavabdeh AR Təhsil Nazirliyi (və ya onun tabeliyindəki Təhsildə Keyfiyyat Təminatı Agentliyi) təhsilin müddətinin yetərli olmaması qənaəti ilə iddiaçının adıçəkilən təhsil müəssisəsinin ona verdiyi B18 seriyalı 075220 nömrəli bakalavr diplomu üzrə ixtisasının tanınmasından imtina etməkdə haqlı olmuşdur və həmin imtina qanuna zidd sayıla bilməz. Nəzərə alınmalıdır ki, iddiaçının təhsil aldığı dövrdə Azərbaycan Respublikasının hüdudlarındən kənarda olma vaxtları barədə aidiyyəti orqandan məhkəmə icraatında alınmış yazılı məlumat da onun diplomu verən təhsil müəssisəsinin olduğu Ukraynada təhsil proqramına münasibətdə qısa müddət qalmasını təsdiqləyir. Bundan başqa, iddiaçının birinci təhsili tam ali təhsil sayıla bilməz, sonrakı təhsili isə, qiyabi formada olduğundan, 3 illik təhsil müddəti Azərbaycan Respublikasının təhsil standartı ilə ziddiyyət təşkil edir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Təhsildə X1rşı «diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 14.3, 23.1, 58.7, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı «diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-866/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-866/2021
27.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver