Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8660/2025 04.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “ömürlük təyin edilmiş əlilliyinin bərpa olunması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş iddiaçının tam reabilitasiya olunması barədə 30 iyul 2024-cü il tarixli, 3-17-4/3-3- 6349/2024 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya uşaqlıqdan əlil kimi müddətsiz 2-ci qrup pensiya təyin edilmişdir. Diaqnozu anadangəlmə iki tərəfli İİİ-İV əyripəncəlik. Sol pəncənin gipsli çox etaplı korreksiyası. Bir neçə ay əvvəl pensiyası köçmədiyindən DOST xidmətinə yaxınlaşmış və ona bildirmişlər ki, o, sağalıb və pensiyası ona görə kəsilib. xx.xx.2024-cü il tarixdən pensiyası dayandırılmışdır. Yenidən müraciət edərək cavabdeh qurumda yoxlanışdan keçmiş və nəticədə heç bir dəyişiklik olmamışdır. Qurumda yoxlamadan keçdiyi gün imtina verilmişdir. İddiaçıya sağaldığı bildirilmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixli rəsmi cavabla bildirilmişdir ki, o sağlamdır, heç bir ağırlaşma müşahidə olunmamışdır. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və pensiyası bərpa edilməlidir. Bu səbəbdən hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdehin yazılı etirazında göstərilmişdir ki, iddiaçının əlillik vəziyyəti Tibbi sosial ekspert komissiyası tərəfindən əyani müayinə əsasında xx.xx.2007-ci il tarixində qiymətləndirilmiş və ona “Anadangəlmə iki tərəfli İİİ-İV dərəcəli əyripəncəlik. Sol pəncənin Zasepin üsulu ilə əməliyyatından sonrakı vəziyyət. Sağ pəncənin gipsli çox etaplı korreksiyası.” diaqnozu ilə ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-K-9664/2024 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş, lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-4228/2024 nömrəli qərar əsasında mövcud olan əlillik təyinatı ləğv edilərək “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaşın müraciəti əsasında yenidən xx.xx.2024-cü il tarixində komissiyaya dəvət edilmiş və təqdim edilmiş sənədlər də nəzərə alınmaqla əyani müayinəsi həyata keçirilmişdir. Müayinə zamanı ümumi halsızlıqdan, zəiflikdən, yerişin çətinləşməsindən, ayağında ağrılardan şikayəti olduğunu bildirmiş, heç bir müayinə və müalicə sənədlərini təqdim etməmişdir. Vətəndaş müayinəyə gələrkən, xx.xx.2007-ci il tarixli müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə məlumatların yer aldığı 19 saylı Zona TSEK-in 475741 nömrəli Arayışını təqdim etmişdir ki, orada da diaqnoz “Anadangəlmə ikitərəfli İİİ-İV dərəcə əyripəncəli. Sol pəncənin Zasepin üsulu ilə əməliyyatdan sonrakı vəziyyəti. Sağ pəncənin gipsli çox etaplı korreksiyası” kimi qeyd edilmişdir. xx.xx.2024-cü il tarixində DTSERA-da həkim-ekspertlər tərəfindən əyani müayinə aparılmış, həkim-travmatoloqun müayinəsinin nəticəsinə əsasən, hər iki pəncədə əyripəncəlik, 1 sm. nisbi qısalıq izlənilmiş, atrofiya izlənilməmiş və sağ açıq baldır oynağında kontraktura müşahidə edilməmiş, sol ayaqda əməliyyat çapığı izlənilmiş (sağ tərəf əməliyyat olunmamış, konservativ müalicə qəbul edilmiş), kəskin kontraktura izlənilmiş, ankiloz qeyd edilməmiş, yerişinin ördəkvari olduğu müəyyən edilmişdir. Vətəndaşa daha ətraflı və dəqiq müayinə edilməsi səbəbi ilə rentgen görüntü və ixtisaslaşmış tibb müəssisəsi olan X2 və Ortopediya İnstitutundan tibbi rəy alması üçün göndəriş təqdim edilmişdir. xx.xx.2024-cü il tarixində komissiyaya X2 və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli, 20194349** AB ***2/2024 nömrəli diaqnoz “Bilateral ekvinovarus deformasiyalı pəncə. Sol pəncənin korreksiyaedici osteotomiya əməliyyatdan sonrakı vəziyyət. Sol topuq pəncə və baldır nahiyəsində ağrılı çapıq toxumaları. Hər iki topuq nahiyəsinin varus deformasiyası. Sol pəncənin 2 sm qısalığı. Daraq – arxası və daraq sümüklərinin anadangəlmə anomaliyası. Sol aşıq baldır oynağının kontrakturası (dorso fleksio 10 % (on faiz)). Daimi ağrı sindromu. Funksiyanın pozulması” şəklində qeyd edilmiş arayış və rentgen görüntü təqdim edilmişdir. Anamnestik məlumatlar, təqdim edilmiş sənədlər və əyani müayinə nəticələrinə əsasən hazırda xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşması aşkar edilmədiyindən xx.xx.2024- cü il tarixindən etibarən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, həmçnin bildirdi ki, onun keçmiş həyat yoldaşı ondan qisas almaq məqsədi ilə cavabdehə məktub yazaraq onun əlillliyinin saxta olduğunu bildirmişdir. Həmin məktub əsasında iddiaçı cavabdeh tərəfindən iddiaçının əlilliyi ləğv edilmişdir. O, bundan xəbərsiz olmuş və yalnız əlilliklə bağlı pensiyası dayandırıldıqda bu barədə məlumatlı olmuşdur. Cavabdehə müraciət edərkən onu əyani müayinəyə cəlb edərək əlilliyini ləğv etmişlər. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2007-ci il tarixli qərarı ilə iddiaçıya müddətsiz ikinici dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 03 may 2024-cü il tarixli, 3-17-4/3-3-4228/2024 nömrəli qərarı ilə iddiaçının əlillik vəziyyəti Tibbi sosial ekspert komissiyası tərəfindən əyani müayinə əsasında xx.xx.2007-ci il tarixində qiymətləndirilmiş və ona “Anadangəlmə İki tərəfli lll-İV dərəcəli əyripəncəlik. Sol pəncənin haseoik üsulu ilə əməliyyatından sonrakı vəziyyət, Sağ pəncənin gipsli çox etapiı korreksiyası.” diaqnozu ilə Ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-K-9664/2024 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati AKT qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş. Lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, əlillik təyinatı barədə qüvvədə olan qərar ləğv edilsin, xx.xx.2007-ci il tarixindən “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 30 iyul 2024-cü il tarixli, 3-17-4/3-3-6349/2024 nömrəli qərarında göstərilmişdir ki, ilə Bakı şəhər sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı əlillik vəziyyəti Tibbi sosial ekspert komissiyası tərəfindən əyani müayinə əsasında xx.xx.2007-ci il tarixində qiymətləndirilmiş və ona “Anadangəlmə İki tərəfli lll-İV dərəcəli əyripəncəlik. Sol pəncənin haseoik üsulu ilə əməliyyatından sonrakı vəziyyət, Sağ pəncənin gipsli çox etapiı korreksiyası.” diaqnozu ilə Ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-K-9664/2024 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati AKT qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş. Lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-4228/2024 nömrəli qərar əsasında mövcud olan əlillik təyinatı ləğv edilərək “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaşın müraciəti əsasında yenidən xx.xx.2024-cü iİ tarixində Komissiyaya dəvət edilmiş və təqdim edilmiş sənədlər də nəzərə alınmaqla əyani müayinəsi həyata keçirilmişdir. Müayinə zamanı ümumi halsızlıqdan, zəiflikdən, yerişin çətinləşməsindən, ayağında ağrılardan şikayəti olduğunu bildirmiş, heç bir müayinə və müalicə sənədlərini təqdim etməmişdir. Vətəndaş müayinəyə gələrkən, xx.xx.2007-ci il tarixli müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə məlumatların yer aldığı 19 saylı Zona TSEK-in 475741 nömrəli Arayışını təqdim etmişdir ki, orada da diaqnoz ’‘Anadangəlmə ikitərəfli İll-lV dərəcə əyripəncəli. Sol pəncənin Zasepin üsulu ilə əməliyyatdan sonrakı vəziyyəti. Sağ pəncənin gipsli çox etaplı korreksiyası” kimi qeyd edilmişdir. xx.xx.2024-cü il tarixində DTSERA-də həkim-ekspertlər tərəfindən əyani müayinə aparılmış, həkim-travmatoloqun müayinəsinin nəticəsinə əsasən, hər iki pəncədə əyripəncəlik, 1 (bir) sm nisbi qısalıq izlənilmiş, atrofiya izlənilməmiş və sağ açıq baldır oynağında kontraktura müşahidə edilməmiş, sol ayaqda əməliyyat çapığı izlənilmiş (sağ tərəf əməliyyat olunmamış, konservativ müalicə qəbul edilmiş), kəskin kontraktura izlənilmiş, ankiloz qeyd edilməmiş, yerişinin ördəkvari olduğu müəyyən edilmişdir. Vətəndaşa daha ətraflı və dəqiq müayinə edilməsi səbəbi ilə rentgen görüntü və ixtisaslaşmış tibb müəssisəsi olan X2 və Ortopediya İnstitutundan tibbi rəy alması üçün göndəriş təqdim edilmişdir. xx.xx.2024-cü il tarixində komissiyaya X2 və Ortopediya institutunun xx.xx.2024-cü il tarixli 20194349** AB ***2/2024 nömrəli diaqnoz “Bilateral ekvinovarus deformasiyalı pəncə. Sol pəncənin korreksiyaedici osteotomiya əməliyyatdan sonrakı vəziyyət. Sol topuq pəncə və baldır nahiyəsində ağrılı çapıq toxumaları. Hər iki topuq nahiyəsinin varus deformasiyası. Sol pəncənin -2 (iki) sm qısalığı. Daraq - arxası və daraq sümüklərinin anadangəlmə anomaliyası. Sol aşıq baldır oynağının kontrakturası (dorso fleksio 10 % (on faiz)). Daimi ağrı sindromu. Funksiyanın pozulması" şəklində qeyd edilmiş arayış və rentgen görüntü təqdim edilmişdir. Anamnestik məlumatlar, təqdim edilmiş sənədlər və əyani müayinə nəticələrinə əsasən hazırda xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşması aşkar edilmədiyindən Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3- 4228/2024 nömrəli qərara əsasən tayın edilmiş “Diaqnozun təsdiqini tapmaması" barədə qərar ləğv edilsin, xx.xx.2007-ci il tarixli ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik bərpa edilsin, xx.xx.2024-cü il tarixindən etibarən “Tam reabilitasiya olunması"na dair qərar qəbul ədilsin. Cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 19 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının TSEK-də müayinə aktından çıxarışın kötüyündən görünür ki, iddiaçı uşaqlıqdan əlildir. Cavabdeh tərəfindən təqdim edilmiş “Çağrı” mərkəzi”nə daxil olmuş şikayətdən görünür ki, X3 cavabehə müraciət edərək iddiaçının əlilliyinin qanunsuz olduğunu bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində qərarın ləğv edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə mübahisələndirmə haqqında iddiadır. Cavabdeh mübahisələndirilən qərarın iddiaçıya çatdırılmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nda göstərilmişdir ki, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir (1.1). Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir (1.2.). İşdən göründüyü kimi iddiaçıya xx.xx.2007-ci ildə müddətsiz ikinci dərəcəli əlillik dərəcəsi təyin edilmişdir. İddiaçı 2024-cü ildə yenidən əyani müayinəyə çağırılmış və əyani müyainədə iştirak etmədiyi üçün onun əlillik dərəcəsi xx.xx.2024-cü il tarixli qərarla ləğv edilmişdir. Bundan sonra iddiaçı cavabdehə müraciət etmiş və əyani müayinə olunaraq xx.xx.2024-cü il tarixli qərarla diaqnozun təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda göstərilmişdir ki, əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda (3.1.). Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur (bu Qaydanın 2.11-1-ci bəndinin tələbləri nəzərə alınmaqla). Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir (3.2. ). Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur (3.3.). Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir (3.4.). Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır (3.5. ). Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır (3.6. ). Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir (3.7.). Qeyd olunan hüquq normalarının məzmununa əsasən şəxsə əlillik təyini barədə qərar yalnız həmin qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olduğu halda şəxsin əyani müayinəyə cəlb edilməsi ilə ləğv edilə bilər. Hazırkı iş üzrə iddiaçının əyani müyainəyə cəlb edilməsi üçün yaranmış “əsaslı şübhələrin” mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh bunu “X3” adlı şəxs tərəfindən yazılmış şikayətlə əlaqələndirir. İddiaçı isə həmin şəxsin onun keçmiş həyat yoldaşı olduğunu və ondan qisas almaq üçün belə bir müraciət etdiyini bildirmişdir. Göründüyü kimi cavabdeh hər hanı bir şəxsin müraciəti əsasında, hər hansı əsaslandırıcı sübutlar təqdim edilmədən iddiaçıya təyin edilmiş əlillik dərəcəsini şübhə altına almışdır. Bu isə qanuni və əsaslı sayıla bilməz. Belə ki, istənilən şəxs hər hansı qərəzlilik ucbatından digər şəxsə təyin edilmiş əlilllik dərəcəsinin qanunsuzluğunu iddia edə bilər ki, bunun əsasında inzibati icraat başlanması və şəxsin əlillik dərəcəsinin ləğv edilməsi etimad prinsipinin məzmununa ziddir. “İnzibati icraat haqqında” Qanuna əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır (2.0.8.). İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.1.). İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (13.2.). Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.3.). İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur (13.4.). Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz (13.5.). Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (67.5.). Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda (67.6.). Məhkəmə qeyd edir ki, iddiaçıya 2007-ci ildə müddətsiz əlillik təyin edilmiş və bununla da iddiaçının cavabdeh inzibati orqanının etdiyi hərəkətə etimadı yaranmışdır. Lakin, sonradan cavabdeh iddiaçının əlillik dərəcəsini ləğv etmişdir. Bu isə qanuni hesab edilə bilməz. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən qəbul edilmiş İddiaçı tam reabilitasiya olunması barədə 30 iyul 2024-cü il tarixli, 3-17-4/3-3-6349/2024 saylı qərar ləğv edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-8660/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8660/2025
04.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver