Məhkəmə qərarları › İş №2-1(112)-8664/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8664/2021

29.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8664/2021 29.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsindəki 134 saylı evin sahəsi 16.22 kv.m olan bir otaqlı 35 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı 1991-ci il tarixdən mübahisə predmetini təşkil edən mənzildə ailəsi ilə birgə yaşamışdır. İddiaçı Nəsimi rayonu XDS İKnin qərarına və həmin qərar əsasında verilmiş orderə əsaslanaraq mənzil üzərində mülkiyyət hüququnun olduğunu bəyan edir. Müvafiq olaraq qeyd edilən yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət olunmuş, lakin cavabdeh iddiaçının hüquqlarının qeydiyyatından imtina edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin təqdim etdiyi etirazdan görünür ki, cavabdeh iddianı etiraz ilə qarşılayır və bu halı onunla əsaslandırır ki, təqdim olunan orderdə qeyd olunan mənzilin xidməti olduğu göstərilmişdir. Həmçinin, qeyd olunan mənzilə dair Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 13 saylı sərəncamı 30.03.2021-ci il tarixdə verilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, imtina məktubunun və yazılı etirazın surətindən görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin olunmaması üçün 2 əsas gətirir:

1. Mübahisə predmetini təşkil edən mənzilin xidməti olması;

2. Mənzil ilə bağlı Sərəncamın 30.03.2021-ci il tarixdə bağlanılmasıdır. İddiaçının müraciətinin təmin olunmamasının əsası kimi yuxarıda göstərilmiş halların əmlakın özəlləşdirilməsinə dair maneənin yaradıb-yaratmamasına qiymət verilməsi üçün əmlaka dair hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməlidir.Bunun tənzimlənməsi isə «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanunun, Mənzil Məcəlləsinin, ən əsası isə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun müddəaları ilə həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Normaların məzmunundan da göründüyü kimi qanunverici mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını dəqiq müəyyən edib. Həm də qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın – hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu mənzilə dair hüququn qeyd alınması üçün əsasdır. Lakin nəzərə alınmalıdır ki, həmin maddənin tələbindən də aydın olduğu kimi, qanunvericilikdə həmin sənədlərin 2009-cu il oktyabrın 1-dək, yəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək verilməsi şərti də müəyyən edilmişdir. Məhkəmə tərəfindən bu istiqamətdə aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 30.03.2021ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsində yerləşən 34 saylı evin 35 saylı mənzil xidməti mənzillərin siyahısından çıxarılmış, həmin mənzilin daimi kirayə müqaviləsi 8 nəfər ailə üzvü ilə (özü, arvadı, 2 oğlu, qızı, gəlini və 2 nəvəsi) İddiaçı adına bağlanmış və o, mənzilin kirayəçisi hesab olunmuşdur. Təkzib olunmaz haldır ki, yuxarıda göstərilən tərəflər arasında müqavilə münasibətləri (kirayə müqaviləsinin bağlanıldığı an) 2009-cü il oktyabrın 1-dən sonra yaranmışdır. Lakin, nəzərə alınmalıdır ki, bura da iddiaçının hüquq və mənafelərinə toxunan incə bir məqam mövcuddur ki, bu da mənzilin xidməti mənzillər siyahısından çıxarılması və sonuncu ilə kirayə müqaviləsinin bağlanmasına səbəb olan Sərəncamın məhz hansı əsasa görə qəbul olunmasıdır. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 30.03.2021-ci il tarixli Sərəncamına diqqətlə nəzər yetirsək məlum olur ki, həmin Sərəncamda xüsusi ilə qeyd olunmuşdur ki, Nəsimi rayon XDS İcraiyyə Komitəsi tərəfindən verilmiş 30.10.1991-ci il tarixli, 001093 saylı xidməti order əsasında iddiaçı 8 nəfər ailə üzvü ilə həmin ildən mübahisə predmetini təşkil edə mənzildə yaşayır. Məhkəmə bildirir ki, iddiaçı mənzil üzərində mülkiyyət hüquqlarının olmasını təkcə kirayə müqaviləsinin mövcudluğu ilə deyil, həmçinin mənzil ilə bağlı Nəsimi rayon XDS İcraiyyə Komitəsi tərəfindən verilmiş xidməti orderin olması ilə əsaslandırmışdır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, sözügedən order nə Bakı şəhər İcra Hakimiyyətinin, nə də ki Dövlət Arxivinin Bakı filialında saxlanılmasa da, orderin verilməsinə əsas olmuş Sərəncamın mövcudluğu öz əksini tapmışdır. Belə ki, Dövlət Arxivinin Bakı filialından əldə olunmuş Nəsimi rayon XDS İcraiyyə Komitəsinin 25.10.1991-ci il tarixli, 18/1 saylı Qərarından görünür ki, həmin qərara əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsində yerləşən 34 saylı evin 35 saylı mənzilə dair İddiaçı xidməti order verilmişdir. Göründüyü kimi, iddiaçının mənzilə dair bağlanmış kirayə müqaviləsi 01 oktyabr 2009-cu il tarixdən sonraki dövrü əhatə etsə də, Nəsimi rayon XDS İcraiyyə Komitəsinin 25.10.1991-ci il tarixli, 18/1 saylı Qərarı və onun əsasında verilən xidməti order iddiaçının mübahisəli mənzil üzrə hüquqlarının 2009-cu il oktyabrın 1-dək yarandığına dəlalət edir. Məhkəmə bildirir ki, hazırki iddia üzrə mübahisənin həllində hüquq münasibətlərinin yarandığı anın müəyyən olunması mühim rol oynamışdır.(Bu mövqeyi bir çox oxşar mübahisələrdə əks olunmuşdur: Ali məhkəmənin 2-1(102)-722/2021 saylı qərarı) İddiaçının mənzil üzrə hüquqlarının 2009-cu il oktyabrın 1-dək yaranması müvafiq sənədlər əsasında öz əksini tapdığından, məhkəmə hesab edir ki, hazırki iddia tələbi həmin dövrə aid olan maddi hüquq normaları, yəni 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin normaları ilə tənzimlənməlidir. 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına nəzər yetirdikdə məlum olur, Məcəllənin: -48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. -103-cü maddəsinə əsasən xidməti yaşayış sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. Xidməti yaşayış sahəsini tutmaq üçün orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir.Xidməti yaşayış sahəsindən istifadə üçün yaşayış sahəsini icarə müqaviləsi haqqında bu Məcəllənin 51-62, 82, 83-cü maddələri ilə müəyyən olunmuş qaydalar tətbiq edilir. -104-cü maddəsinə əsasən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. -6-cı maddəsinin 1-ci abzasına əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. -8-ci maddəsinin 2-ci abzasına əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: 1) mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; 2)mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); 3) mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Qanunvericiliyin səciyyələnmiş hər bir müddəasını təhlil etdikdə müəyyən olunur ki, şəxsin xidməti yaşayış sahəsindən istifadə etməsi üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsi tərəfindən Azərbaycan SSR Nazirlər Sovetinin müəyyən etdiyi formada xidməti orderlər verilirdi. Qanunvericiliyin müddəalarına görə xidməti yaşayış mənzillərin özəlləşdirilməsinə yol verilmir. Əgər mənzil xidmət mənzil hesab edilmirsə və həmin mənzilə dair Azərbaycan Respubikasının vətəndaşının 01.10.2009-cu il tarixədək verilən sənədlərdən biri mövcuddursa (kirayə müqaviləsi, order, sərəncam), vətəndaşın həmin yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etmək hüququ yaranır. Bu mövqeyin əsaslı olub-olmamasını yoxlamaq üçün, məhkəmə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.11-ci maddəsinin təhlilini zəruri hesab edir . Maddənin məzmunundan göründüyü kimi Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində mülkiyyət huququnun qeydə alınma əsaslarından biri qismində çıxış edir. Beləliklə məhkənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının sözügedən mənzil üzrə hüquqları 2009-cu il oktyabrın 1-dək yarandığından, həmçinin hüquqlarının yaranmasında əsas olan order olmasa da, həmin orderin verilməsinə əsas olan Qərar mövcud olduğundan, o cümlədən də, mübahisə predmetini təşkil edən mənzil hazırda xidməti mənzil siyahısından çıxarıldığından və mənzilin digər fiziki şəxsin adına qeydiyyatdan keçməsi aşkar edilmədiyindən (məhkəmə sorğusu əsasında), “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən iddiaçının əmlak üzərində mülkiyyət hüquqları qeydiyyata alınması üçün əsas yaranır. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, cavabdeh imtinada göstərilən 2-ci hal əsasında iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasından yalnız o halda imtina etməkdə haqlı olardı ki, əgər iddiaçının sözügedən mənzil ilə bağlı orderi və ya orderin verilməsinə əsas olmuş Qərar aşkar olunmasın. Hazırki iddia üzrə nəzərə alınmalıdır ki, xidməti order verildiyi vaxtdan hazırki günədək iddiaçı Mənzil Məcəlləsinin 104-cü maddəsinə əsasən xidməti yaşayış sahəsindən çıxarılmadığından, bunun əksinə, mübahisə predmetini təşkil edən mənzilin xidməti mənzillər siyahısından çıxarıldığından və sonuncu ilə kirayə müqaviləsi bağlanıldığından, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi sonuncunun qanunla qorunan hüquqlarını pozmuş, ona görə də əsassız və qanunsuzdur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçının iddiası təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsindəki 134 saylı evin sahəsi 16.22 kv.m olan bir otaqlı 35 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə

qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsindəki 134 saylı evin sahəsi 16.22 kv.m olan bir otaqlı 35 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar