Məhkəmə qərarları › İş №2-1(112)-8664/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8664/2023

01.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8664/2023 01.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 5100.00 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış 5100 manat dəyərində əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vastəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi üçün cavabdehə bildiriş verilmiş, lakin borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsinin təmin edilməsi üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli Qərar qəbul edilmişdir. Qərar əsasında cavabdehin xx.xx.2022-ci il tarixə yaranan 6943,71 manat məbləğində borcuna görə 5100 manat dəyərində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli **********6 saylı Protokol tərtib edilmiş, siyahıya alınmış əmlakın siyahısı Protokola əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğlərindən Dövlət Sosial Müdafiə Fonduna 5100,00 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyə görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliklərindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdehin iddiaya yazılı münasibəti (etirazı) daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən təqdiq edilmiş: - AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin rəsmi internet saytından əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh MMC (VÖEN **********) xx.xx.2008-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Qanuni təmsilçisi X6r. - Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sığorta haqqı üzrə borcun ödənilməsinə dair xx.xx.2021-ci il tarixli, **********2 saylı bildirişdən görünür ki, Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixə dövlət büdcəsinə olan ümumilikdə 6,943.71 manat məbləğində borcunun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. - Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdeh MMC-nin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli, **********6 saylı qərar qəbul edilmişdir. - “Avtonəqliyyat vasitəsinin siyahıya almaya təqdim edilməsi barədə” xəbərdarlıqdan görünür ki, Cavabdeh MMC-nin dövlət büdcəsinə yaranmış borcunun ödənilməsini təmin etmək məqsədilə Dövlət yol polisi orqanlarının qeydiyyat məlumatlarına əsasən Cəmiyyətin mülkiyyətində olduğu müəyyən edilmiş “DAEWOO” markalı, **-TG-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin siyahıya alınması məqsədilə Cəmiyyətin nümayəndəsi nəqliyyat vasitəsinin texniki sənədləri ilə birlikdə xx.xx.2022-ci il tarixdə saat 10:00-da Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə dəvət olunmuşdur. - “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2022-ci il tarixli, **********6 saylı protokoldan görünür ki, Cavabdeh MMC-nin əmlakının siyahıya alınmasına dair xx.xx.2022-ci il tarixli Qərara əsasən X3 və X1 ibarət mütəxəssislərin iştirakı ilə (hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan) Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən əmlakların siyahıya alınması həyata keçirilmişdir. Vergi ödəyicisinin nümayəndəsi əmlakın siyahıya alınmasında iştirak etməmişdir. Protokolda siyahıya alınmış əmlakın məsul saxlamaya verilməsi barədə qeyd aparılmamışdır. -Vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında xx.xx.2022-ci il tarixli Protokola 14 saylı əlavədən görünür ki, Cavabdeh MMC-yə məxsus dəyəri 5100 manat olan, 1 ədəd “DAEWOO LACETTİ CDX” minik markalı avtonəqliyyat vasitəsi siyahıya alınmışdır. -Siyahıya alınmış “DAEWOO LACETTİ CDX” markalı **-TG-*** nömrə nişanlı avtonəqliyyat vasitəsinin hazırda hansı şəxsin mülkiyyətində və istifadəsində olmasının müəyyən edilməsi məqsədi ilə məhkəmə tərəfindən Baş Dövlət Yol Polisi İdarəsinə sorğu verilmişdir. BDYPİ-nin xx.xx.2023-cü il tarixli cavab məktubu ilə sözügedən nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri və etibarnamə verilmiş barədə DİN BDYPİ-nin Qeydiyyatimtahan İdarəsinin kompüter uçot bazasında mövcud olan məlumatların kompüter çıxarışı məhkəməyə təqdim edilmişdir. Həmin çıxarışdan görünür ki, 2010-cu il buraxılışlı, ağ rəngli, ban nömrəsi XWB5M31BVAA037407 olan, “DAEWOO LACETTİ CDX minik” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi əvvəlcə Cavabdeh MMCnin mülkiyyətində olmuş, xx.xx.2015-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında mülkiyyətindən çıxaraq müxtəlif tarixli alqı-satqı müqavilələri ilə başqa şəxslərinxx.xx.2015-ci il tarixdə X7, xx.xx.2018-ci il tarixdə X4, xx.xx.2022-ci il tarixdə isə X2 adına qeydiyyatdan keçmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı vergi orqanı tərəfindən cavabdehin xx.xx.2022-ci il tarixə yaranan Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 5100.00 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdehin mülkiyyətində olduğunu hesab etdiyi “DAEWOO LACETTİ CDX” markalı, **-TG-*** nömrə nişanlı 5100 manat dəyərində avtonəqliyyat vasitəsi siyahıya alınmış və cavabdeh tərəfindən borc ödənilmədiyindən vergi orqanı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin iş materiallarından göründüyü kimi, səlahiyyətli qurumdan alınmış məlumata əsasən sözügedən avtonəqliyyat vasitəsinin hazırda Cavabdeh MMC-nin mülkiyyətində olmadığı məlum olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, siyahıya alınmış əmlak cavabdehin mülkiyyətində olmadığına və iddiaçı tərəfindən də bu halın əksini sübut edən hər hansı dəlil təqdim edilmədiyinə görə iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakı qanunvericilik normalarına istinad edir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən, Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. 23.1-ci və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir. 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Qanunvericiyin əlaqədar normalarının tələblərindən göründüyü kimi, əmlakın siyahıya alınması, vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının ödənilməsini təmin etmək üsuludur, yəni vergi ödəyicisinin vergi borcları yarandığı və Vergi Məcəlləsində müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi halda, vergi orqanı vergi ödəyicisinə məxsus əmlakın siyahıya alınmasını həyata keçirməyə haqlıdır. Hazırkı halda isə iddiaçı vergi orqanı tərəfindən siyahıya alınmış əmlak cavabdehin mülkiyyətində olmadığına görə iddia tələbinin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar