Məhkəmə qərarları › İş №2-1(112)-8664/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8664/2024

24.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8664/2024 24.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs “Azəriqaz” İstehsalat Birliyi “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs “Azəriqaz” İstehsalat Birliyi) “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 24 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə X3 arasında bağlanmış 22 fevral 1999-cu il tarixli, 22243 №-li “Bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2-1(003)-1035/2023 №-li, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Bakı şəhəri X2 və İstismarı Birliyi tərəfindən verilmiş 22243 saylı müqavilənin İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. İddiaçı həmin bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, torpaq sahəsinin plan ölçüsünün tərtib edilməsi və daşınmaz əmlakının dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “...elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi qaz xəttinin mühafizə zonasında yerləşir. Həmçinin torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməlidiyindən sənəd üzrə torpaq sahəsinin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilədə hüquq sahibinin adı Şahətdin qeyd edilsə də, etibarnamədə Şaitdin qeyd olunmuşdur...” İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Bakı şəhəri X2 və İstismarı Birliyi tərəfindən verilmiş 22243 saylı müqavilə üzrə 780 V saylı bağ sahəsinə (torpaq sahəsinə) mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh orqanın imtinasının əsaslarından biri kimi elektron kadastr məlumatına əsasən torpaq sahəsi qaz xəttinin mühafizə zonasında yerləşdiyini göstərsə də, mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Belə ki, mübahisəli daşınmaz əmlakın elektrik verilişi və ya qaz xəttinin mühafizə zonasında yerləşməsi ona məxsus hüququn qeydə alınmasını tələb etmək imkanına təsir etmir. Eyni ilə, torpaq sahəsinə hüququn qeydə alınması - bunun üçün əsaslar yarandığı halda, istinad edilən normanın tətbiqi imkanını aradan qaldırmır. Göründüyü kimi cavabdeh orqanın imtinasının əsasları yoxdur. Bundan başqa ona ayrılmış torpaq sahəsi düzgündür və naturada yerinin müəyyən edilməsi cavabdehin səlahiyyətidir və müxtəlif bəhanələrlə torpaq sahəsinin dövlət qeydiyyatına alınmasından imtina edir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz məktubunda bildirilmişdir ki, qeyd olunan ərazidə sxematik xəritədə bağ nömrələri əks olunmayıb. Əlavə olaraq, torpaq sahəsinin bir hissəsi 400 mm diametrli qaz xəttinin mühafizə zonasında yerləşir. xx.xx.2022-ci il tarixində İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, sənəd üzrə torpaq sahəsinin ölçüsü 1200 kv.m qeyd olunsa da, faktiki hasarın daxilindəki sahə 1120 kv.m təşkil edir. İddiaçının şifahi məlumatına əsasən 80 kv.m sahə isə bağın qərb tərəfində yerləşir və avtodayanacaq kimi istifadə edilir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə iddiaçının arasında bağlanmış 22 fevral 1999-cu il tarixli, 22243 №-li “Bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. İddiaçı həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsini xahiş edir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı həmin normada göstərilən hüquqmüəyyənedici sənəd kimi Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə aralarında bağlanmış 22 fevral 1999cu il tarixli, 22243 №-li “bağın icarəyə verilməsi haqqında” müqaviləni təqdim edir. Cavabdeh iddiaçının hüquqmüəyyənedici sənədini mübahisələndirmir. Hazırda işin mübahisəli halı torpağın naturada yerləşməsi ilə bağlıdır. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir: 1) Vahid elektron kadastr baza məlumatına əsasən torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilmədiyindən sənəd üzrə torpaq sahəsinin yerləşməsini təyin etmək mümkün olmamışdır; 2) Qeyd olunan ərazidə sxematik xəritədə bağ nömrələri əks olunmayıb; 3) Torpaq sahəsinin bir hissəsi 400 mm diametrli qaz xəttinin mühafizə zonasında yerləşir. 4) Sənəd üzrə torpaq sahəsinin ölçüsü 1200 kv.m qeyd olunsa da, faktiki hasarın daxilindəki sahə 1120 kv.m təşkil edir. 5) Torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilədə hüquq sahibinin adı Şahətdin qeyd edilsə də, etibarnamədə Şaitdin qeyd olunmuşdur. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi halları əsassız hesab edir. Cavabdehin ilk iki dəlili ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş inzibati icraat materiallarından görünür ki, torpaq sahəsinin müayinə aktından və ortofoto görüntüsündən torpağın yerləşdiyi yer və koordinatlar müəyyən edilmişdir. Qeyd edilməlidir ki, vaxtı ilə bağların bölgü sxeminin dəqiq tərtib edilməməsi, eyni zamanda sonradan bəzi bağ nömrələrinin dəyişməsi, əlavə edilməsi bağların bölünməsi nəticəsində yeni bağların qeydə alınması və bu bağ nömrələrinin bölgü sxemdə əks olunmaması kimi dövlət qurumlarının vaxtında etməli olduğu hərəkətlərə görə yaranan qeyri-müəyyənəliklər iddiaçının ziyanına şərh oluna bilməz və mülkiyyət hüququnun qeydə alınmasına mane olmamamlıdır. Digər tərəfdən iddiaçı torpaq sahəsinin yerini bilməklə, torpaq sahəsinin koordinatları əlavə olunmuş müayinə aktı cavadeh tərəfindən təqdim edilmişdir. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: Maddə 65. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Beləliklə, torpaq sahəsinin yerləşməsində hər hansı uyğunsuzluq varsa, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Cavabdehin üçüncü dəlili ilə bağlı məhkəmə qeyd edir ki, “Azəriqaz” İB-nin 25 iyul 2024-cü il tarixli məktubuna əsasən torpaq sahəsinin və fərdi yaşayış evinin (koordinatlar: X40 40.504466: Y50.191913) hüdudları daxilində “Azəriqaz” İB-yə məxsus qaz xətləri keçmir. Torpaq sahəsinin yanında L=1,2 p/m məsafədən “Azəriqaz” İstehsalat Birliyinə məxsus D-426 mm-lik orta təzyiqli qaz xətti 1986-cı ildə istismara verilmişdir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (“Socar”) 22 avqust 2024-cü il tarixli məktubuna əsasən qeyd olunan koordinatlarda yerləşən torpaq sahəsinin 1,20 metr məsafəsindən “Azəriqaz” İstehsalat Birliyinin istismarında olan yanmayan materialdan olan beton yastıqlar üzərində çəkilmiş (Şüvəlan-Sahil xətti) d-426 mm-lik orta təzyiqli (istismara verildiyi tarix 1986-cı il) yerüstü qaz xətti keçir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. “Qaydalar”ın 5 nömrəli əlavəsinə əsasən təhlükəsizlik tədbirləri ilə əlaqədar orta təzyiqli yerüstü qaz kəmərlərindən binaların və tikililərin özülünə qədər olan məsafə 5 metr, aşağı təzyiqli yerüstü qaz kəmərlərindən binaların və tikililərin özülünə qədər olan məsafə isə 2 metr müəyyən olunmuşdur. Göründüyü kimi, orta təzyiqli yerüstü qaz kəmərlərindən binaların və tikililərin özülünə qədər təhlükəsizlik tədbirləri ilə bağlı 5 metr məsafə müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı fərdi yaşayış evinə deyil, torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını tələb edir ki, Qaydaların tələbinə əsasən orta təyziqli qaz xətti ilə torpaq sahəsinə hər hansı məsafə müəyyən edilməmişdir. Bundan başqa, Qaydların tələbindən göründüyü kimi, həmin məsafələr təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq müəyyən edilmişdir. Bu tədbirlərin müəyyən edilməsi isə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir. Məhkəmə cavabdenin imtinasının 4-cü dəlili ilə bağlı qeyd edir ki, cavabdehin etirazında qeyd etdiyi torpaq sahəsinin faktiki hasarın daxilindəki sahəsinin 1120 kv.m təşkil etməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbində torpağın sahəsi ilə bağlı hər hansı tələb irəli sürməmişdir. Məhkəmə cavabdehin beşinci dəlili ilə bağlı qeyd edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2-1(003)-1035/2023 №-li, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Bakı şəhəri X2 və İstismarı Birliyi tərəfindən verilmiş 22243 saylı müqavilənin İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. Göründüyü kimi, qeyd edilən adla bağlı imtina əsası aradan qalxmışdır. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin imtinasını və etirazının dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq hüququna malik olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri X2 və İstismarı Birliyi tərəfindən verilmiş 22243 saylı müqavilə üzrə 780 V saylı bağ sahəsinə (torpaq sahəsinə) İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar