Məhkəmə qərarları › İş №2-1(112)-8665/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8665/2025

16.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8665/2025 16.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Pirşağa ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 438 «a» saylı bağ sahəsinə və orada yerləşən fərdi yaşayış evinə dair iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəf ərizə təqdim edərək iddia tələbinin həcmini azaltmış, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağa ərazisində yerləşən 438 «a» saylı, 0,12 ha torpaq sahəsinə dair iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağa ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 438 a saylı bağ sahəsinə dair X1 və İstimarı Birliyi ilə xx.xx.2005-ci il tarixli, 26554 saylı müqavilə bağlamışdır. 438 saylı bağ sahəsi əvvəllər 0,24 ha olmuş və həmin bağın 0,12 ha bağ sahəsini 1986-cı ildə 438 saylı bağın sahibindən almışdır, iddiaçı uzun illər bundan qabaq orada yaşayış sahəsi 98,7 kv.m-dən ibarət olan kürsülü ev tikmiş və hal-hazıradək orada yaşayır. İddiaçının tikdiyi evin sahəsi müqavilədə öz əksini tapmışdır. Bağ sahəsinə və evə çıxarış verilməsi ilə bağlı cavabdehə müraciəti olmuşdur. Lakin imtina edilərək bildirilir ki, bağ sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir, həmçinin qeyd edilir ki, 438 saylı bağın sahibi ilə keçid yolu nəzərə alınmaqla notariat qaydasında bölgü sxemi olmalıdır. Halbuki bu belə deyil, fotoşəkillərdən görünür ki, elektrik dirəyi iddiaçının evindən 42 metr aralıda, daş hasarından isə 2 metr aralıda və onun bağ sahəsindən aralıda qonşu 408 saylı bağ sahəsinin ərazisində yerləşir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. O, uzun illərdir tikdiyi evdə yaşayır, oradan uzun illərdir ki fasiləsiz və etirazsız istifadə edir. Bağ sahələrinə giriş-çıxışlar da ayrı-ayrıdır. Qonşu bağ sahəsi ilə keçid yolunun razılaşdırılmasına da ehtiyac yoxdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinin arxivdə mövcud olan cizgisinə əsasən, sahə daxilində 438 saylı bağ da yerləşməlidir. Bu səbəbdən, həmin torpaq sahəsinin qanuni istifadəçisi ilə keçid yolu nəzərə alınmaqla notariat qaydasında təsdiq edilmiş bölgü sxemi təqdim edilməsi ilə bağlı iddiaçıya məktub ünvanlanmışdır. Elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman müəyyən edilmişdir ki, torpaq sahəsinin faktiki ölçüsü 1535.0 kv.m təşkil edir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, subyektiv hüququnun olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtinə (ilkin müraciətin olması) də cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə-vəkili verdiyi izahatında iddia tələbini dəqiqləşdirilmiş formada müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2025-ci tarixli məktubdan görünür ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə müraciətinin təmin olunmasından imtina edilmişdir. -Keçmiş X1 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 26554 saylı müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində ümumi sahəsi 0,12 hektar torpaq sahəsindən ibarət 438a saylı bağ İddiaçı istifadəsinə ayrılmışdır. -"xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, göstərilən ünvanda yerləşən 438a saylı bağ sahəsinin həmin ərazidə olan 6 kV-luq elektrik xəttinin mühafizə zonasında yerləşdiyi, elektrik şəbəkəsinin istismarına maneçilik törətmədiyi və sözügedən bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına "xxxx" ASC tərəfindən etiraz edilmədiyi barədə xx.xx.2025-ci il tarixli 13-13/2- 2/15-H-4353-5/2025 nömrəli arayış verilmişdir. "xxxx" MMC tərəfindən Bakıətrafı kənd və qəsəbələrin abadlaşdırılması istiqamətində həmin ərazidə həyata keçirilən yenidənqurma işləri çərçivəsində həyətyanı sahələrdən, o cümlədən iddiaçının istifadəsində olan bağ ərazisindən hava elektrik xətləri çıxarılaraq yeraltı kabel elektrik verilişi xətləri ilə əvəz olunmuş və asfalt yolunun altında aparılmışdır. Hazırda sözügedən 438a saylı bağ sahəsi elektrik şəbəkəsinin mühafizə zonasında yerləşmir. -Cavabdeh tərəfindən təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının surətindən görünür ki, göstərilən torpaq sahəsinin faktiki olaraq 1535.0 kv.m təşkil etdiyi, sahədə 1 mərtəbəli, yarımzirzəmili ev, köməkçi və həyət tikililərinin olması bildirilmiş, həmçinin sahənin şərq hissəsi üzərindən yüksək gərginlikli elektrik xəttinin keçdiyi, yüksək gərginlikli elektrik xəttinin mühafizəsi çıxıldıqdan sonra qalan sahə 1015.0 kv.m təşkil etdiyi qeyd olunmuşdur. -Cavabdeh tərəfindən məhkəmənin müvafiq sorğusuna cavab olaraq verilmiş məktubda Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 438 saylı bağ sahəsinin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumatın aşkar edilmədiyi bildirilmiş və arxiv qovluğunda olan sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçının hüquqi marağı və məqsədi keçmiş X1 və İstismarı Birliyinin xx.xx.2005-ci il tarixli, 26554 saylı müqaviləsi əsasında Pirşağı ərazisində ayrılmış 0,12 hektar sahəsi olan 438a nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsindən ibarətdir. İddiaçı hazırkı tələbi ilə bağlı cavabdeh qeydiyyat orqanına müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə aşağıda göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra- hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.1.7-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Eyni Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Həmin Qanunun 25-ci maddəsinin 4-cü bəndində göstərilir ki, bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qəbul edilmiş “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Mövcud əmlak qanunvericiliyinin tələblərindən göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunması hüquqların dövlət qeydiyyatına alınması üçün kifayət edir. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri bu əsaslar sırasında nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının mübahisəli bağ sahəsinə dair hüquqmüəyyənedici sənədləri istinad olunan Qanunun 8.0.7-ci maddəsində göstərilən aktlara uyğun gəlir. Belə ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində yerləşən, sahəsi 0,12 hektar olan 438a saylı bağ sahəsinin onun adına ayrılmasına dair X2 və İstismarı Birliyi ilə bağlanmış xx.xx.2005ci il tarixli, 26554 nömrəli müqaviləni cavabdehə təqdim etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, qeyd olunan müqavilənin mövcudluğu cavabdeh tərəfindən təsdiq olunur və mübahisələndirilmir. Həmin müqavilənin ləğv edilməsi, etibarsız hesab edilməsi, yaxud qüvvəsini itirməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı dəlil təqdim edilməmişdir. Cavabdehin imtina məktubunda və yazılı etirazda göstərdiyi dəlillər aşağıdakılardır:

1. Sahə daxilində yerləşən 438 saylı bağ sahəsinin qanuni istifadəçisi ilə keçid yolu nəzərə alınmaqla, notariat qaydasında təsdiq edilmiş bölgü sxemi təqdim edilməlidir. 2. Torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizəsi zonasında yerləşir. 3. Torpaq sahəsinin faktiki ölçüsü 1535.0 kv.m təşkil edir. Məhkəmə cavabdehin imtina dəlillərinə münasibətdə aşağıdakıları bildirir. İlk növbədə qeyd edilir ki, iddiaçı tərəf torpaq sahəsinə giriş-çıxışın olmamasına dair cavabdehin gətirdiyi dəlili təkzib etmiş, cavabdeh tərəfindən də bu qənaətini əsaslandıran əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa göstərilən torpaq sahəsinin ayrıca giriş-çıxış sahəsinin olmaması belə iddiaçının hüquqlarının məhdudlaşdırılmasına yönələ bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsindən: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.3. servitutlar. 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. 255.2. Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. 255.4. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. 256.1. Servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir. 257.1. Servitut almış şəxs (ixtiyarlı şəxs) servitutun saxlanması və həyata keçirilməsi üçün tələb olunan hər şeyi edə bilər, lakin o öz hüququndan imkan daxilində elə istifadə etməlidir ki, bu, yüklü olan mülkiyyətçinin mənafelərinə zidd olmasın və ona lüzumsuz narahatlıq yaratmasın. 257.2. Servitutla yüklü olan mülkiyyətçi servitutun həyata keçirilməsinin qarşısını alan və ya onu çətinləşdirən heç bir hərəkət etməməlidir. Torpaq Məcəlləsindən (hazırda qüvvədə olan):

1. Servitut — bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır .

2. Servitut — torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər.

4. Torpaq sahəsinə aşağıdakı servitutlar müəyyən edilə bilər: torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək; torpaq sahəsindən fərdi, kommunal, mühəndis, elektrik və digər xətt və şəbəkələrin çəkilməsi və təmiri üçün istifadə etmək; torpaq sahəsində drenaj işləri aparmaq; torpaq sahəsində su toplamaq və içməli su götürmək (mal-qaranı suvarmaq); torpaq sahəsindən mal-qaranı keçirmək; yerli şəraitə və adətlərə uyğun olaraq, özgənin torpaq sahəsində ot biçmək və mal-qara otarmaq; torpaq sahəsindən axtarış, tədqiqat və digər işlərin aparılması üçün müvəqqəti istifadə etmək; qonşu sahədə dayağı olan və ya müəyyən hündürlükdə qonşu sahəsinə keçən tikililər və qurğular ucaltmaq; qonşu sahədə müəyyən hündürlükdən artıq olan tikililərin və qurğuların ucaldılmasını qadağan etmək; torpaq sahəsində qoruyucu meşə əkinləri və zolaqları salmaq və digər təbiətqoruyucu obyektlər yaratmaq; qanunvericiliyə zidd olmayan hallarda torpaq sahəsi üzərində digər servitutlar. Qanunvericiliyin tələbindən də göründüyü kimi, torpaq sahəsindən piyada və avtomobillə keçidin təmin edilməsi ilə əlaqədar mülkiyyətçi digər mülkiyyətçinin xeyrinə keçid üçün nəzərdə tutulmuş torpaq sahəsinə münasibətdə həmin torpaq sahəsinin sonuncunun qeyd olunan məqsədlərlə istifadəsi baxımından öhdəlik götürür. Başqa sözlə torpaq sahəsinin mülkiyyətçisi servitutla bağlı olaraq mülkiyyətində olan və keçid üçün nəzərdə tutulan sahədən maraqlı şəxsin yol kimi istifadə edilməsinə şərait yaratmalıdır. Başqa sözlə, göstərilən sahənin ayrıca giriş-çıxış sahəsinin olmaması, maraqlı şəxsin mülkiyyətçidən keçidin təmini üçün şərait yaradılması tələb edə bilmək hüququndan məhrum etmir. Hazırkı işin faktiki hallarından isə göründüyü kimi servitutun tətbiq edilməsi ehtimal olunan torpaq sahəsinə ayrıca giriş-çıxışın olmamasına istinad edilərək mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina edilmişdir ki, bu formada imtinanın mövcudluğu, ümumiyyətlə servitut institutunun tətbiqi imkanları ilə uzlaşmır. Servituta ehtiyac duyulan torpaq sahələrinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina ediləcəyi təqdirdə, ümumiyyətlə servitutun əşya hüququ kimi mövcudluğu öz əhəmiyyətini itirir. Bu səbəbdən də şəxsin yol kimi istifadəsi zəruri olsa belə, torpaq sahəsinə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmalı, əgər yol kimi istifadəsi zərurəti mövcuddursa məhz maraqlı şəxs yol kimi istifadə ilə bağlı müvafiq tələblə çıxış etmək imkanı var. Digər tərəfdən qeyd edilməlidir ki, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubla 438a saylı bağ sahəsinin elektrik şəbəkəsinin mühafizə zonasında yerləşmədiyi öz təsdiqini tapmışdır. Əksini iddia edən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə cavabdehin torpaq sahəsinin faktiki sahəsi ilə bağlı dəlilinə münasibətdə bildirir ki, iddia tələbindən göründüyü kimi, iddiaçı faktiki ölçü üzrə deyil, hüquqmüəyyəndici sənəd üzrə göstərilən 1200 kv.metr torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatına iddia edir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, qeyd olunan dəlillər qanunvericiliklə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. X1 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 26554 saylı icarə müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 0,12 hektar olan 438a saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar