Məhkəmə qərarları › İş №2-1(112)-8666/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8666/2021

25.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8666/2021 25.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “təyin edilmiş pensiyanın verilməsinə qoyulmuş məhdudiyyətin ləğv edilməsi və 2021-ci ilin yanvar ayından hesablanmaqla pensiyanın verilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin imtina məktubunun qanunsuz hesab edilməsi, ona təyin edilmiş pensiyanın verilməsinə qoyulmuş məhdudiyyətin ləğv edilməsi və 2021-ci ilin yanvar ayından hesablanmaqla pensiyanın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2009-cu ildən iddiaçıya əsas diaqnoz tibbi prosedurlardan sonra əmələ gələn Hipotiroidizm, Ağırlaşma-Hipotireozun digər formaları, Yanaşı xəstəliklər - Essensial (birincili) Hipertenziya olmaqla - “E89.0 Tibbi prosedurlardan sonra əmələ gələn hipotiroidizm, əməliyyat sonrakı vəziyyət Ağırlaşma E11.9 İnsuldan asılı olmayan şəkərli diabet, Ağırlaşmalarsız, şəkərli diabet, tip 2, Ağırlaşma E03 hipotirouzun digər formaları, Hipotireoz, Yanaşı xəstəliklər F48.0 Nevrasteniya, asteno nevrotik vəziyyət, Yanaşı xəstəliklər F45.3 Vegetativ sinir sisteminin somatoform disfunksiyası, kardieonevroz, Yanaşı xəstəliklər H52.4 Presbiopiya, Presbiopiyllik dərəcəsi təyin edilməklə pensiya, Yanaşı xəstəliklər 110 Essensial (birincili) hipertenziya, aterial hipertenziya İİ Dərəcə, Yanaşı xəstəliklər D50 Dəmir defisitli anemiya, anemiya" diaqnozu ilə İİ qrup əlillik təyin edilməklə pensiya təyin edilmişdir. 2020-ci ilin son aylarında prosedura uyğun olaraq sənədləri yenidən komissiyaya təqdim olundu. 2021-ci ilin yanvar ayından pensiyanın verilməsi dayandırıldı. Səbəb isə yenidən əlilliyin qiymətləndirilməsini göstərirdilər. Bu səbəbdən əlilliyin qiymətləndirilməsi üçün cavabdeh inzibati orqana yenidən müraciət etməyə məcbur qalmışdır. Müraciətinə ********** nömrəli məktubla imtina verilmişdir. İmtinaya səbəb yenidən müalicəyə ehtiyacının olduğu qeyd edilir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə sadalanan normaların tələblərindən çıxış edərək hazırkı iddianın subyekt və predmet baxımından mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçıya İİ qrup əlillik dərəcəsinə görə pensiya təyin edilmiş, 2021-ci ilin yanvar ayından əlilliyinin yenidən qiymətləndirilməsi əsası ilə pensiyası dayandırılmışdır. İddia ərizəsinə əlavə edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 03.05.2021-ci il tarixli, ********** nömrəli iddiaçıya ünvanlanmış məktubda bildirilmişdir ki, əlillik vəziyyətinizin qiymətləndirilməsinə köməklik göstərilməsi barədə müraciətinizə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq sizin əlillik vəziyyətiniz dövlət səhiyyə müəssisəsinin 0215003AAB72 nömrəli göndərişi əsasında 08.03.2021-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Belə ki, Abşeron rayon Mərkəzi Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş 0215003AAB72 nömrəli göndərişdə (Forma-88) qeyd edilmiş diaqnoz və ağırlaşmaları təsdiq edən ixtisaslaşmış stasionar müalicə müddəti yetərli olmadığından əlillik təyinatının aparılması mümkün olmamışdır. Bununla əlaqədar səhiyyə müəssisəsi tərəfindən müayinə olunacağınız və sizə göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyətiniz mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçıya təyin edilmiş əlilliyə görə pensiyanın dayandırılması səbəbi bilavasitə onun əlillik təyinatı müddətinin bitməsi və növbəti müayinə zamanı əlillik dərəcəsinin təyin edilməməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə işin hallarını və Plenum Qərarındakı mövqeyi nəzərə alaraq hesab edir ki, iddiaçının hüquqi marağı ilk növbədə əlillik dərəcəsinin təyin edilməsi ilə bağlıdır. Belə ki, işin yuxarıda sadalanan hallarından da müəyyən olunur ki, iddiaçı ona əlilliyə görə təyin edilmiş pensiyanın verilməsini tələb edir. Sonuncu dəfə iddiaçının əlillik vəziyyəti 08.03.2021-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması əsası ilə əlillik təyinatından imtina edilmişdir. Nəzərə almaq lazımdır ki, əlillik dərəcəsi təyin edilmədən əliliyə görə pensiyanın verilməsi məsələsinə baxıla bilməz. Bu mənada, iddiaçının hazırkı iddiaya hüquqi marağı da müəyyən edilmir. Hazırkı iddia həm də subyekt baxımdan mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında” Əsasnamənin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbisosial ekspertiza, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”nin 1.1-ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”nin 1.1-ci bəndinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra - Agentlik) əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. 1.7-ci bəndinə görə Agentlik məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər. 3.1.3-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək Agentliyin vəzifəsidir. Beləliklə, iddiaçının cavabdeh qismində qoyduğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mərkəzi icra hakimiyyəti orqanı, Dövlət Sosial Müdafiə Fondu, eləcə də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi isə Nazirliyin tabeliyində fəaliyyət göstərməklə eyni zamanda ayrıca inzibati orqan statusundadırlar, hər biri müvafiq sahədə dövlət tənzimləməsini həyata keçirir - DSMF müstəqil inzibati icraat çərçivəsində öz qurumları vasitəsilə pensiya, sosial müavinət və s. təminatını həyata keçirməyə məsul, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi isə əlillik təyinatı ilə bağlı səlahiyyətli inzibati orqandır. Başqa sözlə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddiaçının istər hazırkı iddia üzrə tələb etdiyi təyin edilmiş pensiyanın verilməsi, istərsə də iddiaçının hüquqi marağına uyğun olan əlillik dərəcəsinin verilməsinə dair tələblə bağlı cavabdeh səlahiyyətli orqan qismində çıxış edə bilməz. Dolayısı ilə Nazirliyin ona qarşı yönəlmiş hazırkı tələb üzrə qanunla cavabdehliyi müəyyən olunmamışdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). Qeyd olunan normanın tələbinə əsasən iddia o zaman mümkün sayılır ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqanın qərarı, hərəkəti və ya hərəkətsizliyi nəticəsində pozulsun və iddiaçı cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən həmin hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutları iddia verilərkən təqdim etsin. Hazırkı iş üzrə isə cavabdeh qismində qoyulmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddiaçının hüquq və qanunla qorunan maraqlarını pozan hər hansı inzibati akt qəbul etdiyi və ya hərəkət, hərəkətsizliyə yol verdiyi müəyyən olunmamışdır. Belə olan halda iddia cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə münasibətdə mümkün sayıla bilməz. Beləliklə, hazırkı iddia üzrə tələbin iddiaçının hüquqi marağına uyğun olaraq əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı olduğunu, cavabdeh qismində qoyulmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin isə tələb üzrə cavabdehlik daşımadığını, bu əsasdan həm iddia tələbinin, həm də cavabdehin düzgün qoyulmasının zəruri olmasını nəzərə alaraq və iddia ərizəsi ilə bağlı qeyd edilən bu nöqsanların aradan qaldırılmasının hazırkı inzibati məhkəmə icraatında mümkün olmamasını rəhbər tutaraq, məhkəmə iddia ərizəsinin qeyd edilən tələblərə uyğunlaşdırması ilə bağlı iddiaçıya hüquqi yardım göstərilməsinə, bunun üçün ağlabatan müddətin təyin edilməsinə zərurət görməmişdir. Məhkəmə qeyd edir ki, nöqsanların aradan qaldırılması ilə bağlı hüquqi yardım yalnız iddia ərizəsi ilə bağlı müvafiq çatışmazlıqlar aradan qaldırıldıqda inzibati məhkəmə icraatında davam edə bilən, baxılması yolverilən iddialara münasibətdə keçərlidir. Lakin hazırkı iddia ərizəsi üzrə iddia predmetinin, tələbin və həmin tələbə uyğun cavabdehin dəyişdirilməsi tələb olunur ki, bu cür nöqsanların aradan qaldırılması iddia tələbinin dəqiqləşdirilməsinə deyil, artıq yeni inzibati iddia tələbinə gətirib çıxarır ki, bu da inzibati məhkəmə icraatında yolverilməzdir. Beləliklə, hazırkı iddia inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan mümkünlük şərtinə cavab vermir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “təyin edilmiş pensiyanın verilməsinə qoyulmuş məhdudiyyətin ləğv edilməsi və 2021-ci ilin yanvar ayından hesablanmaqla pensiyanın verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar