Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8667/2022 19.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi İddiaçı2, üçüncü şəxs X3 iştirakı ilə İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X7 cəlb olunmaqla) «iddiaçının hüquqi şəxsin təmsilçisi kimi qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə (hazırkı Ədliyyə sahəsində xidmətlər baş idarəsinə) qarşı «iddiaçının hüquqi şəxsin təmsilçisi kimi qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsində bildirir ki, “İnsan Hüquqlarının Müdafiəsi və X2” adlı təşkilat 30 noyabr 2001-ci il tarixdə 1362 saylı şəhadətnamə ilə dövlət qeydiyyatından keçmişdir. İddiaçı1 həmin təşkilatın qanuni təsisçisidir. Təşkilatın nizamnaməsinə uyğun olaraq 2 ildə bir dəfə seçki yolu ilə protokol və qərar əsasında təmsilçi, yəni sədr seçilir. Həmin seçilmiş sədr tərəfindən təşkilat nizamnaməyə və ölkənin qanunlarına uyğun olaraq idarə olunur. Axırıncı dəfə seçilmiş sədr, yəni təmsilçi X6 2017-ci ildə vəfat etmişdir. Ondan sonra dəfələrlə müraciət edilsə də, cavabdeh orqan tərəfindən imtina verilmişdir. Hal-hazırda sədr əvəzi işləyən İddiaçı2 2011-ci ildən təşkilatda işləyir və kifayət qədər işin öhdəsindən gəlməyi bacarır. Təşkilat həm də YAP-nın Yasamal Rayon Təşkilatının ilk ərazi təşkilatı kimi qeydiyyata alınmışdır, ilk ərazi təşkilatın sədri də İddiaçı2 seçilmişdir. Təşkilat tam iqtidaryönümlüdür və işşilər YAP-nın üzvüdürlər. X11 təsisçi kimi 16 oktyabr 2020-ci il tarixdə iclas keçirərək qərar və protokol əsasında müraciət etmiş olsa da, cavabdeh tərəfindən qeydiyyata alınmamışdır. Bu da t\şkilatın işi ilə bağlı müəyyən problemlər yaradır. Təkrar olaraq 21 aprel 2022-ci il tarixdə iclas keçirərək protokol, qərar və səs çoxluğu ilə İddiaçı2 sədr seçilmişdir. Həmin toplanmış sənədləri qeydiyyata almaq üçün cavabdeh orqana müraciət olunmuşdur. Cavabdeh orqan 29 aprel 2022-ci il tarixli 05/1003/4-14 saylı məktubu ilə imtina vermişdir. Cavabdeh orqan tərəfindən iddiaçıların hüquqları pozulmuşdur. Çünki məktubda göstərmişdir ki, guya X8 da müraciət etmişdir. Babakişiyev Gəray oğlunun etdiyi müraciət tam əsassızdır, çünki, artıq 2019-cu ildən təşkilatda işləmir, işin öhdəsindən layiqincə gələ bilmir, işçilər onu tanımır, X3 etdiyi müraciətdən bir təsisçi kimi onun xəbəri yoxdur, imza da atmamışdır, onun işləməyinə razı deyil. İş materiallarına əlavə edilmiş 5 mart 2019-cu il tarixli sərəncamdan görünür ki, təşkilatın idarə edilməsi İddiaçı2 həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş X3 ərizəsindən görünür ki, işin öhdəsindən gələ bilmir. İş materiallarına əlavə edilmiş 5 mart 2019-cu il tarixli aktdan görünür ki, təşkilatın bütün sənədləri və möhürü İddiaçı2 təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş birliyin nizamnaməsinin İV fəslinin 4.13-cü bəndində göstərilir ki, mütəvadi olaraq birliyin işində iştirak etməkdən boyun qaçırdıqda – birliyin üzvlüyündən xaric edilir. Həmin fəslin 4.10-cu bəndində bir daha göstərilir ki, birliyin üzvü birliyin tədbirində iştirak etməlidir. Göstərilənlərə əsaslanaraq və «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikası Qanununun 10.5, 15, 17, 25-ci maddələrini rəhbər tutaraq, məhkəmədən “İnsan Hüquqlarının Müdafiəsi və X2”nin 21 aprel 2022-ci il tarixli 1/22 protokolu və idarə heyətinin qərarını nəzərə almaqla İddiaçı2 adına dövlət reyestrindən çıxarışın verilməsi və onu birliyin qanunu təmsilçi kimi qeydiyyata alınmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin iddia ilə məhkəməyə ünvanlanmış 7 sentyabr 2022-ci il tarixli məktubunda bildirilir ki, Ədliyyə Nazirliyinə 22 oktyabr 2021-ci il tarixdə X4 adıçəkilən qurumun qanuni təmsilçisi seçilməsi, 25 oktyabr 2021-ci il tarixdə isə, İddiaçı2 təşkilatın qanuni təmsilçisi seçilməsi faktının dövlət qeydiyyatına alınması barədə müraciətləri daxil olmuşdur. «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri, habelə eyni hüquqi şəxsin rəhbər orqanlarının formalaşdırılması barədə biri-birinə zidd olan müraciətlərin daxil olduğunu nəzərə alaraq sənədlər geri qaytarılmışdır. Həmçinin «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar haqqında» Qanunun 10.5-ci maddəsinin əsasən qeyri-hökumət təşkilatlarının üzvləri və təşkilat arasında yaranan mübahisələrin məhkəmə qaydasında həll olunduğu tərəflərə bildirilmişdir. İPM-in 28.1-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə X7 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. X7 iddia ilə bağlı məhkəməyə ərizə təqdim edərək bildirir ki, o (G.Balakişiyev), “İnsan Hüquqlarının Müdafiəsi və X2”nə 2014-cü ildə adi üzv kimi, daha sonra sədr kimi qəbul edilmişdir. Sonradan İddiaçı1 notarial qaydada Birliyin təsisçi səlahiyyətlərini icra etmək üçün ona rəsmi etibarnamə vermiş və etibarnamənin 20 il müddətinə tərəflər arasında məlumatı və razılığı olmadan ləğv olunmasının mümkünsüzlüyü barədə şahidlərin iştirakı ilə müqavilə imzalamışdır. Lakin İddiaçı1 etibarnaməni ləğv etmişdir. O (G.Balakişiyev), 26 may 2018-ci il tarixdə keçirilmiş ümumi yığıncaqda səs çoxluğu ilə Birliyə sədr təyin olunmuşdur. Lakin həmin ərəfədə də qanuni təmsilçi mərhum Əlibaba Tağıyev və təsisçinin verdiyi etibarnamə əsasında hərəkət edən mərhum Quliyev Fikrət arasında mübahisə olduğundan, Qeydiyyat və notariat baş idarəsi sənədləri qəbul etmədən qaytarılmışdır. O, protokol və qərarla Birliyə sədr seçilsə də, qeydiyyata alınmamış fəaliyyət göstərmək istəməmişdir. Səbəbi qanunsuz hərəkətlərin yolverilməz olmasını istəməməsidir və bir müddət fəaliyyətini dayandırmışdır. Ailə qayğıları ilə məşğul olduğundan, mərhum Fikrət Quliyev və İddiaçı2 əlbir olaraq ondan xəbərsiz onu sədr müavini, Fikrət Quliyevi isə sədr seçmişlər. Həmin vaxt pandemiya ilə əlaqədar yığıncaqlar keçirilməsi qadağan olunmuşdur. İddiaçı1 və İddiaçı2 birlikdə saxta sənədləşdirmələri təsdiqləmişlər, sonradan bu qanunsuz hərkətlərindən şikayət ediləcəyi bildirilsə də, əhəmiyyət verməmişlər. Daha sonra məlum olmuşdur ki, qanuni təmsilçi Əlibala Tağıyev 26 sentyabr 2021-ci il tarixdə vəfat etmişdir. Ailəsi Birliyə aid olan möhür və ştampları, o cümlədən sənədləri ona vermişdir. Qanuni təmsilçinin vəfatından sonra adları reyestrdən çıxarışda olan İdarə Heyyəti tam şəkildə təsisçi ilə qərarlaşaraq növbədənkənar iclas keçirilməsini qərara aldılar və ümumi yığncaqda İctimai Birliyə yeni sədr seçilməsi səsə qoyuldu və səs çoxluğu ilə o (G.Balakişiyev) sədr seçilmiş, protokol və qərarda təsdiqlənərək əlavə sənədlərlə çıxarış alınması üçün Qeydiyyat və notariat baş idarəsinə müraciət olunmuşdur. Cavabında isə İddiaçı2 də müraciətinin olması əsas tutularaq məhkəməyə müraciət edilməsi bildirilmişdir. Lakin Birliyin adının məhkəmə mübahisələrində çəkilməsini və əlaqəli işləyəcəyi qurumun cavabdeh kimi cəlbini istəmir və bu məsələnin aralarında həll ediləcəyini düşünərək şikayət verməmişdir. İddiaçı1 ərizəsində, protokolda və digər sənədlərdə təqdim etdiyi məlumatların düzgün olmasına və məsuliyyət daşımasına imza atmışdır. Hətta İddiaçı2 qanunsuz hərəkətlərə yol verilməsi ilə bağlı rəsmi xəbərdarlıq olunsa da, mötəbər orqanlara, cavabdehə və məhkəməyə yanlış və qanunsuz sənədlər təqdim etmişdir. İddiaçı1 və İddiaçı2 bilərəkdən və rəsmi xəbərdarlıqlar olmasına baxmayaraq təsisçi tərəfindən polisə müraciəti əsasında, qəzetə elan verilərək Birliyə aid olan möhürlər itirilmiş və yeni möhürlər sifariş verilərək, hətta möhürlərdə, loqoda dəyişiklik edilərək yeniləri alınmış və bu barədə aidiyyəti orqanlara rəsmi məlumat verilsə də, İddiaçı1 və İddiaçı2 ləğv olunmuş möhürlərdən istifadə edərək qanunlara qarşı saymazlıq edirlər, əslində isə onlar barədə ciddi araşdırma aparılması və cəzalanmaları barədə qərardad çıxarılmalıdır. Onun işinin öhdəsindən gələ bilməməsi barədə ərizənin olması əsas gətirilir və guya özü Birlikdən çıxmışdır. Tam yalandır və yanlışdır. Orada açıq-aşkar səbəb göstərilib və çıxmaq yox 1 ay müddətinə müvəqqəti fəaliyyətin dayandırılmasından söhbət gedir. Birliyin nizamnaməsində Baş Ofisin rəhbəri vəzifəsi yoxdur və həmin şəxsin də adı rəsmiyyətdə yoxdur. Təsisçi özü şəxsən yenilənmiş, loqo dəyişikliyi edilmiş möhürləri ona vermişdir. İddiaçı1 və İddiaçı2 bilərəkdən ləğv olunmuş möhürlərdən istifadə ediblər və onların qanunsuz olması barədə kifayət qədər sübutlar var. İddiaçı1 ona birliyin sədri olması barədə vəsiqə vermişdir. Qeydiyyat və notariat baş idarədən alınmış rəsmi sənədlərdən məlum olur ki, İddiaçı2 Birlikdə heç bir vəzifədə qeydə alınmayıb və adı sıravi üzvlər sırasında yoxdur. X9 üzvlüyə qəbul etməmiş, heç bir iclasda İddiaçı2 adlı şəxs seçilməyib, onu seçən şəxslərin də 98%-i Birliyin üzvləri olmamışdır. Ümumi yığıncağın 8 oktyabr 2021-ci il tarixdə protokol və qərarına əsasən İdarə Heyyəti tam şəkildə, kollektiv üzvlərinin 90%-i onu (G.Balakişiyevi) dəstəkləyirlər və imzaları ilə təsdiqləyiblər. Ədalətli yanaşaraq hüquqi qiymət verərək İctimai Birliyin pozulmuş hüquqlarının bərpa olunması barədə qərar qəbul ediləcəyi nəzərə alınaraq məhkəməyə əvvəlcədən təşəkkür edilir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı tərəf və üçüncü şəxs gəlmişlər, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmənin qərardadı ilə iddia İddiaçı1 münasibətdə mümkün sayılmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X7 iddianın əsassız olduğunu bildirdi və rədd olunmasını xahiş etdi. O, qeyd etdi ki, iddiaçının təşkilatın qanuni təmsilçisi təyin edilməsi ilə bağlı təqdim edilmiş sənədlər qanunsuzdur, səlahiyyətsiz şəxslər tərəfindən tərtib edilmişdir. Təşkilatın təmsilçisi kimi özü (G.Balakişiyev) seçilmişdir və bu barədə müvafiq sənədlər də mövcuddur. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı2 iddiası təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.2-ci maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43-cü maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır (maddə 43.1). Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər (maddə 43.2). Qeyrikommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər (maddə 43.6). «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-3-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən dəyişikliklərin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin dövlət qeydiyyatı bu Qanunun tələbləri nəzərə alınmaqla və gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə də həyata keçirilir. Həmin Qanunun 12-ci maddəsinə görə hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikasının informasiya ehtiyatıdır və onun mühafizəsi və istifadəsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və təmin olunur. Həmin Qanunun 14.1.7-ci maddəsinə görə dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumların hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri barədə məlumatlar əks etdirilməlidir. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən dövlət qeydiyyatına və (və ya) dövlət reyestrinə daxil edilmiş hər bir quruma Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun dövlət qeydiyyatına alındığı və ya dövlət reyestrinə daxil edildiyi vaxt dövlət reyestrindən çıxarış verilməlidir. Həmin Qanunun 15.3-cü maddəsinə görə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alındığı vaxtdan ən geci 3 gün keçənədək müraciət etmiş şəxsə dövlət reyestrindən çıxarış verilməlidir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, “İnsan Hüquqlarının Müdafiəsi və X2” İctimai Birliyi 30 noyabr 2001-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır. X1 Birliyin ümumi yığıncağının 1 sentyabr 2016-cı il tarixli qərarı ilə onun qanuni təmsilçisi seçilmiş və bu fakt hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmışdır. X6 2021-ci il tarixdə vəfat etmişdir. Bundan sonra hazırkı cavabdehə İctimai Birliyin qanuni təmsilçisi kimi X3 və İddiaçı2 qeydə alınması barədə ayrı-ayrı müraciətlər daxil olmuşdur. Cavabdeh təmsilçinin qeydə alınmasından məsələnin mübahisəli olması səbəbindən imtina etmişdir. İddiaçı tərəf cavabdehin imtinasını mübahisələndirir. «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən ictimai birlik – təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatdır. Həmin Qanunun 10.5-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatlarının icra orqanları tərəfindən təşkilatın üzvlərinin hüquqlarının pozulmasına yol verilməməlidir. Qeyri-hökumət təşkilatlarının üzvləri ilə təşkilat arasında yaranan mübahisələr məhkəmə qaydasında həll olunur. Məhkəmə tərəfindən işə baxılarkən təşkilatın üzvlərinin hüquqlarının pozulduğu müəyyən edildikdə qeyri-hökumət təşkilatının fəaliyyəti məhkəmə qərarı ilə bu Qanunun 31.3-cü maddəsində nəzərdə tutulmuş müddətə dayandırıla bilər. Məhkəmənin qənaəti belədir ki, cavabdeh inzibati orqan hüquqi şəxslərin dövlət reyestrində iddiaçının qanuni təmsilçi kimi qeydə alınmasından imtina etməkdə haqlı olmuşdur. Bu qənaət ondan irəli gəlir ki, qurumun qanuni təmsilçisinin seçilməsi (təyin edilməsi) ilə bağlı mübahisə mövcuddur və bu mübahisə publik xarakteli olmadığından, ona hazırkı icraatda deyil, ayrıca məhkəmə icraatında qiymət verilə bilər. Belə olan halda, məhkəmə cavabdeh inzibati orqanın imtinasını qanuna zidd qiymətləndirmir və hesab edir ki, bu imtina hazırkı İddiaçı2 hüquqlarının pozulmasına səbəb olan hal sayılmır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X7 cəlb olunmaqla) «iddiaçının hüquqi şəxsin təmsilçisi kimi qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X7 cəlb olunmaqla) «iddiaçının hüquqi şəxsin təmsilçisi kimi qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-8667/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8667/2022
19.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver