Məhkəmə qərarları › İş №2-1(112)-8667/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8667/2025

30.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8667/2025 30.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) 27.1.2024-cü il tarixdə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və ona ünvanladığı xx.xx.2025-ci il tarixli, **********87 nömrəli məktubda göstərmişdir ki, təqdim edilən sənədlər surətdir. Bundan başqa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına dəyişiklik edilməsi haqqında xx.xx.2022-ci il tarixli, 1655 nömrəli Fərmanının 3.1-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlarla bağlı məlumatların (yerli icra hakimiyyəti başçısının və inzibati ərazi dairəsi üzrə nümayəndənin müvafiq qərarlarının surətləri, torpaq sahəsinin ayrıldığı şəxsin adı, soyadı, atasının adı, torpaq sahəsinin ölçüsü və ünvanı göstərilməklə) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim olunmasını təmin edilməlidir. Lakin qeyd olunan məlumatlar təqdim edilməmişdir. Cavabdehin bu imtinasını qanunsuz hesab edən iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, "xxxx" Y/M, İİ kvartal, sahə 384 ünvanında yerləşən 1200 m2 torpaq sahəsinə mülkiyyət hüququ ilə çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında" 07 may 1991-ci il tarixli, 123 saylı qərarı ilə Bakı şəhəri Sabunçu RİH Maştağa qəsəbəsi üzrə X1 15 mart 1999-cu il tarixli, 03 saylı Çıxarışına əsasən İddiaçı adına fərdi yaşayış evinin tikintisi üçün Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, İİ kvartal, 384 № li sahədə 1200 m2 ərazisi olan torpaq sahəsi ayrılmışdır. Həmin inzibati akt hal-hazırda qüvvədədir və həmin ərazidə fərdi yaşayış evi inşa edilmişdir. Sabunçu RİH-nin xx.xx.2024-cü il tarixli, 5-18/2-P-1/5-091/3-İH/2024 saylı məktubu ilə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan Y/M, İİ kvartal, 384 ünvanında fərdi yaşayış evinin tikintisi üçün İddiaçı adına ayrılmış 1200 m2 ərazisi olan torpaq sahəsinin yerləşmə sxemi təsdiq olunmuşdur. İddiaçı "Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında" qanunun 8-ci maddəsinin tələbinə uyğun olaraq adma ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, "xxxx" Y/M, İİ kvartal, sahə 384 ünvanında yerləşən 1200 m2 torpaq sahəsini Dövlət Reyestrində qeydiyyata almaqla İddiaçı adına çıxarışın verilməsi barədə cavabdehə xx.xx.2024-cü ildə, ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Cavabdeh inzibati orqan ərizəni qəbul etməmiş və iddiaçı bütün hüquqmüəyyənedici sənədləri və sübutları poçt vasitəsilə göndərmişdir. Cavabdeh inzibati orqan xx.xx.2025-ci ildə **********87 qeydiyyat nömrəli məktubu ilə mahiyyəti üzrə cavab verməmiş və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, "xxxx" Y/M, İİ kvartal, sahə 384 ünvanında yerləşən 1200 m2 torpaq sahəsini Dövlət Reyestrində qeydiyyata almamaqla İddiaçı adına mülkiyyət hüququ ilə çıxarışın verilməsindən imtina etmişdir. Cavabdeh imtina haqqında məktubunda "Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında" Qanunun 15-ci maddəsinin hansı bəndini rəhbər tutduğunu qeyd etməmişdir. Halbuki, həmin maddədə hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas ola bilən 6 fərqli hal nəzərdə tutulmuşdur ki, onlardan heç biri cavabdehin istinad etdiyi imtina səbəbini özündə ehtiva etmir. Cavabdeh inzibati orqanın imtina haqqında məktubunun məzmunundan görünür ki, o, istinad etdiyi bu halı ümumiyyətlə əsaslandırmamış və hər hansı müşaiyətedici sübut təqdim etmədən mülahizələrlə bildirmişdir. Şəxsin faktiki istifadəsində olan torpaq sahəsi ilə xüsusi mülkiyyətdə olan torpaq sahəsinə görə gələcəkdə kompensasiyanın verilməsində fərq olacağından fiziki şəxs mülkiyyət hüququ üzrə qanuni gözləntisindən məhrum edilə bilməz. Qeyd olunan ünvanda yerləşən torpaq sahəsi magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi ücüıı təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmir və mühafizə zolağına düşmür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli, 123 saylı qərarının 6-cı bəndində Bakı Şəhər XDS-nin İcrakomu Maştağa tərəvəzçilik-südçülük sovxozu torpaqlarının bir hissəsini fərdi yaşayış evləri, sosial və mədəni-məişət təyinatlı obyektlərin tikintisindən ötrü X4 vermək məsələsini qoyulmuş rəylərə əsasən Abşeron Rayon XDS-nin İcrakomu ilə birlikdə nəzərdən keçirməklə həll etməsi qeyd olunmuşdur. Maştağa qəsəbəsinin sosial və mədəni-məişətinin inkişaf etdirilməsi üçün Bakı Şəhər XDS- nin İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 8/446 nömrəli Qərarı ilə həmin torpaq sahələri X4 verilmişdir. Qeyd olunan Qərarın icrası ilə əlaqədar Abşeron Rayon XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 166 nömrəli Sərəncamı ilə komissiya yaradılmışdır. xx.xx.1991-ci il tarixdə Maştağa tərəvəzçiliksüdçülük sovxozunun torpaqlarının bir hissəsinin kəsilib fərdi yaşayış evləri, sosial və mədəni-məişət təyinatlı obyektlərin tikintisi üçün Maştağa qəsəbə XDS İcraiyyə Komitəsinə verilməsinə dair komissiya akt tərtib etmiş və komissiyanın sədri, Abşeron rayon aqrarsənaye kombinatının direktoru tərəfindən rəy verilmişdir. Azərbaycan Respublikası Abşeron Rayon XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 144 nömrəli Qərarı ilə fərdi yaşayış evləri, sosial və mədəni-məişət təyinatlı obyektlərin tikintisi üçün Maştağa qəsəbə XDS İcraiyyə Komitəsinə torpaq sahəsi ayrılmışdır. Bakı şəhər Təbiəti Mühafizə Komitəsi xx.xx.1991-ci il tarixli, 493 nömrəli müsbət rəy vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 1991-ci il tarixli, 293 saylı qərarı isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin təqdimatı əsasında qəbul edilmişdir. Həmin qərara əsasən Abşeron Rayon XDS-nin balansında və Maştağa tərəvəzçilik- südçülük sovxozunun istifadəsində olan 381,0 hektar torpaq sahəsi vətəndaşlara fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələridir. Həmin dövrdə Sabunçu (keçmiş Lenin) rayon XDS-nin İcraiyyə Komitəsi inzibati ərazisinə daxil olmayan torpaqların paylanması üçün Sərəncam verə bilməzdi. 2005-2008-ci illərdə "Bakı şəhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliyinin artırılması tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli Sərəncamı ilə Bakı Şəhəri İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış torpaq sahələri Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati ərazisinə əlavə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli, 123 saylı və 02 sentyabr 1991ci il tarixli, 293 saylı qərarı ilə ilə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə X1 Çıxarışlarının Arxiv sənədlərinin olmamasına Azərbaycan Respublikası Ali Məhkəməsi münasibət bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-2043/2022 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyul 2022-ci il tarixli, 2-1(103)-2206/2022 saylı Qərardadı ləğv edilmiş və eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-6166/2022 saylı Qərardadını ləğv edərək yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-196/2024 saylı Qərarı ilə iddiaçının iddia tələbi təmin edilmişdir. Maştağa qəsəbəsi, "xxxx" Y/M, İİ kvartal, sahə 384 ünvanda yerləşən 1200 m2 torpaq sahəsini Dövlət Reyestrində Qeydiyyata alınmaması etimad hüququnun qorunması və bərabərlik prinsipinin tələblərinin pozulması kimi qiymətləndirilir. İnzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsasla qanuni gözləntilərinə və həmin praktikaya bağlıdır. Şəxsin etimad hüquqi yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Maştağa qəsəbəsi, "xxxx" Y/M-də yerləşən torpaq sahələrinin Arxiv sənədlərinin olmamasına baxmayaraq bir çoxu Dövlət Reyestrində Qeydiyyatdan keçmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına dəyişiklik edilməsi haqqında xx.xx.2022-ci il tarixli, 1655 nömrəli Fərmanının 3.1-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlarla bağlı məlumatların (yerli icra hakimiyyəti başçısının və inzibati ərazi dairəsi üzrə nümayəndənin müvafiq qərarlarının surətləri, torpaq sahəsinin ayrıldığı şəxsin adı, soyadı, atasının adı, torpaq sahəsinin ölçüsü və ünvanı göstərilməklə) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim olunmasını təmin edilməlidir. Lakin qeyd olunan məlumatlar təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa Qəsəbəsi üzrə nümayəndəliyi aparatının 03 nömrəli, xx.xx.1999-cu il tarixli qərarından çıxarışdan görünür ki, Azərbaycan Respblikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli 13 saylı və 02 sentyabr 1991-ci il tarixli 293 saylı qərarları ilə Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün həyatyanı torpaq fondu ayrılması nəzərə alınaraq, ümumi sahəsi 1200 kv.metr olan üçüncü kvartal 384 nömrəli həyətyanı torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün ünvan 3 ünvanında yaşayan İddiaçı ayrılmışdır. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 03 №-li 15 mart 1999-cu il tarixli qərarından çıxarışa əsasən fərdi yaşayış evinin tikintisi üçün Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, ikinci kvartalda ayrılmış 384 saylı 1200,0 kv.m. torpaq sahəsinin yerləşmə sxemi təsdiq olunaraq idiaçıya təqdim edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktından görünür ki, torpaq sahəsi hasar daxilindədir və daş hasarla üç hissəyə ayrılmışdır. Yaşayış evi mövcuddur. Hüquqmüəyyənedici sənəd üzrə və faktiki sahəsi 0,12 ha-dır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 29 may 2025-ci il tarixli, 3-21-3-30/2-21965/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, İdarənin mütəxəssisi tərəfindən sözügedən ünvana yerli baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, faktiki torpaq sahəsi 1200.0 kv.m təşkil edir. Sahə üzərində yaşayış evi mövcuddur. Vahid elektron kadastr baza məlumatına əsasən sahə Savalan yaşayış massivinin hüdudları daxilində və X3 Sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinə qaytarılmış hissəsində yerləşir. İddiaçı hazırda bu sənədlərə istinad edərək istifadəsində olan torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin maddəyə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. İddiaçının cavabdehə müraciət etdiyi düvrdə qüvvədə olan Siyahının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1dək verilmiş qərar. İstinad olunan normadan görünür ki, inzibati ərazi dairəsi üzrə nümayəndənin qərarı o halda daşınmaz əmlak obyektləri üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsas təşkil edir ki, bu qərar:

1. müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi ilə bağlı qəbul edilmiş olsun;

2. 2001-ci il yanvarın 1-dək qəbul edilmiş olsun. İşdən görünür ki, iddiaçının hüquqmüəyyənedici sənəd qismində təqdim etdiyi xx.xx.1997-ci il tarixli qərardan çıxarış xx.xx.2001-ci il tarixədək qəbul edilsə də, müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi ilə bağlı qəbul edilməmişdir. Belə ki, işdə olan Sabunçu Rayon İcra Hakimiyyətinin 30 aprel 2025-ci il tarixli, 5- 18/2-1423/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbə nümayəndəliyinin 03 nömrəli, xx.xx.1999-cu il tarixli qərar barədə Sabunçu Rayon İcra Hakimiyyətində məlumat yoxdur. Buna görə də məhkəmə hesab edir ki, həmin qərar xx.xx.2025-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci bəndində nəzərdə tutulan hüquqmüəyyənedici sənədə aid edilə bilməz. O da qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2025-ci il tarixli 444 saylı Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na dəyişiklik edilərək, Siyahının 2.7-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: “2.7. yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il yanvarın 1-dək qəbul edilmiş qərarlar.” Göründüyü kimi, xx.xx.2025-ci ildən etibarən yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il yanvarın 1-dək qəbul edilmiş qərarla həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Lakin Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2025-ci il tarixli 444 saylı Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına aşağıdakı məzmunda 7-ci hissə əlavə edilmişdir: “7. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər üzrə hüquqların dövlət qeydiyyatına alınması həmin sənədlərin milli arxiv fondunda əsası olduğu halda həyata keçirilir.” Göründüyü kimi, yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il yanvarın 1-dək qəbul edilmiş qərarlar o halda torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün hüquqmüəyyənedici əsas kimi çıxış edir ki, həmin sənədin milli arxiv fondunda əsası olsun. İşdə olan Dövlət Arxivinin Bakı Filialının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa Qəsəbə üzrə Nümayəndəliyinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Göründüyü kimi, nə əvvəlki qanunvericilik, nə də hazırda qüvvədə olan qanunvericilik iddiaçının tələbinin təmin edilməsini mümkün etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşdən görünür ki, iddiaçı həmin qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birini təqdim etməmişdir. Belə olan halda müəyyən olunur ki, cavabdehin imtinası əsaslı olmuşdur. İddia ərizəsindən görünür ki, iddiaçı ərizəsində Azərbaycan Respublikası NK-nın 07 may 1991-ci il tarixli, 123 saylı qərarının 6-cı bəndinə əsasən Bakı Şəhər XDS-nin İcrakomu Maştağa tərəvəzçilik-südçülük sovxozu torpaqlarının bir hissəsinin fərdi yaşayış evləri, sosial və mədəni-məişət təyinatlı obyektlərin tikintisindən ötrü X4 verilməsi məsələsinə istinad etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, yuxarıda adıçəkilən Fərmanın 2.2-ci bəndinə əsasən rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar hüququn qeydə alınması üçün əsasdır. Göründüyü kimi, mübahisəli torpaq sahəsinin Azərbaycan Respublikası NK-nın 07 may 1991-ci il tarixli, 123 saylı qərarına əsasən X4 ayrılması güman olunsa belə, həmin XDS torpaq sahəsini xx.xx.1995-ci il tarixədək ayıra bilərdi. Hazırkı işdən isə görünür ki, mübahisəli torpaq sahəsi həmin tarixdən sonra, xx.xx.1999-cu ildə Maştağa qəsəbə XDS tərəfindən deyil, Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən qəbul edilmişdir, hansı ki, həmin tarixdə artıq nümayəndəliyin deyil, yerli icra hakimiyyətinin torpaqayırma səlahiyyəti olmuş, icra hakimiyyəti bu səlahiyyətini nümayəndəliyə ötürməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar