Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8677/2022 22.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı “X10” Şirkətinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla sərəncamın etibarsızlığının tanınması tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı “X10” Şirkəti cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 724 saylı, 06 iyun 2000-ci il tarixli sərəncamının Sazişin qüvvəyə mindiyi 15 may 2005-ci il tarixdən hüquqi qüvvəsini itirdiyi üçün etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8677/2022 №-li qərardadı ilə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinin 724 saylı, 06 iyun 2000-ci il tarixli sərəncamı ilə X5 Dövlətin müsətsna səlahiyyətində saxlanan, sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olan və Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İİQD saylı, 29 aprel 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilərək, Qanun statusu almış “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişlə neft-qaz əməliyyatlarının aparılması üçün İddiaçı Şirkətinin (“Şirkət”) istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində və 3 saylı mədənin 6-cı sahəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kvm. ölçüdə torpaq sahəsi ayrılmışdır. Məlum olduğu kimi 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X14 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Saziş”) imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Qeyd olunan Qanunun 4-cü bəndinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökümət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uvğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökümət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Eyni zamanda yuxarıda qeyd olunan Qanunda “Qanun”un Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunun nəzərə alınması xüsusi vurğulanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 150 nömrəli, 14 oktyabr 2004-cü il tarixli qərarı ilə “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişin 5-ci əlavəsində qeyd olunmuş Azərbaycan Respublikası Hökümətinin təminatı və öhdəlikləri təsdiq edilmişdir. Sazişin 2 və 8-ci maddələrinin və X14 Bi.Vi., ARDNŞ-in Ortaq Neft Şirkəti (“Podratçı Tərəflər”) və X11 şirkətləri arasında imzalanmış X6 5-ci maddəsinin müddəalarına əsasən Sazişin 2-ci Əlavəsində göstərilən koordinat perimetrləri daxilində ayrılmış Kontrakt sahəsində, Əməliyyat şirkəti qismində fəaliyyət göstərən İddiaçı şirkətinə (“Şirkət”) neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Azərbaycan Respublikası Hökuməti tərəfindən (“Hökumət”) Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (a) bəndində Hökumət Saziş üzrə ARDNŞ-in verdiyi hüquqlara, o cümlədən, Neft-qaz əməliyyatları üçün Podratçiya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir; 1 (e) bəndində isə Hökumətin aşağıda sadalanan təminatı öz əksini tapmışdır: “Podratçı Tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsb edilə bilməz, milliləşdirilə bilməz yə ya başqa səkildə özgə tərəfindən mənimsəmilə bilməz. Məhkəmənin nəzərinə çatdırılır ki, analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvyəsini almış Qərarı mövcuddur. X13 Məhkəmə nəticəyə gəlmişdir ki, Saziş qüvvəyə mindiyi tarixdən etibarən Saziş ərazisi ilə bağlı Qanunun qüvvəyə minməsindən əvvəl və sonra verilmiş bütün inzibati sərəncamlar qüvvədən düşmüşdür. Qanunun yuxarıda sadalanan müddəalarına əsasən müəyyən olunur ki, Binəqədi rayon İcra Hakimiyyətinin 06 iyun 2000-ci il tarixli sərəncamı Sazişin qüvvəyə mindiyi 15 may 2005-ci il tarixdən öz hüquqi qüvvəsini itirmişdir və bu səbəbdən də etibarsızdır. Lakin vətəndaş həmin bu hüquqi qüvvəsini itirmiş sərəncama əsaslanaraq Saziş ərazisinin hüdudları daxilində yerləşən torpaq sahəsindən istifadə etməklə Şirkətin neft-qaz əməliyyatları aparmasına ciddi maneçilik törətdiklərindən və Şirkətin hüquqlarını kobud şəkildə pozduqlarından, hesab edilir ki, hüquqi qüvvəsini itirdiyi üçün sərəncamın etibarsızlığı məhkəmə qaydasında tanınmalıdır. Binəqədi rayon İcra Hakimiyyəti özünün səlahiyyətində olmayan, ona ayrılmış torpaq sahələrinin hüdudlarından kənarda yerləşən və sənaye təyinatlı torpaq sahələri kateqoriyasına aid olmaqla Qanunla Saziş ərazisinin hüdudlarına daxil edilərək Şirkətin müstəsna istifadəsinə verilmiş torpaq sahəsini fərdi yaşayış evinin tiktintisi üçün vətəndaşa ayırmaqla həmçinin Torpaq Məcəlləsinin müddəalarını pozmuşdur. Bundan başqa “Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu” və Nazirlər Kabinetinin 94 saylı, 10 may 2001-ci il tarixli qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2 maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zon alan yaradılır. Həmin hüquqi rejimlər müvafiq normativ - hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 fevral 2017-ci il tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın 3.3-cü bəndinə əsasən, şəxsi tikililərlə quyular, separatorlar, qızdırıcı avadanlıq, neft rezervuarları və nasos avadanlığı arasında minimum məsafə 300 metr olmalıdır və şəxsi tikililərin sözügedən obyektlərin mühafizə zonaları daxilində inşa edilməsi qadağan edilir. Həmçinin həmin qərara əsasən, şəxsi tikililərlə elektrikötürücü xətləri arasında minimum məsafə 12-19 metr, mühafizə zonaları daxilində isə 10-15 metr olmalıdır. Üçüncü şəxs X8 iddiaya dair etiraz ərizəsi təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, ona Binəqədi rayon İcra Hakimiyyətinin başçısının 724 saylı, xx.xx.2000-ci il tarixli sərəncamına əsasən fərdi yaşayış evi tikmək üçün Sulutəpə qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır və torpaq sahəsinin yerini göstərən cizgi-sxemi təsdiq edilmişdir. Mövcud sərəncam və cizgi-sxemi əsasında o Sulutəpə qəsəbəsində tam qanuna uyğun 1 mərtəbəli fərdi yaşayış evi tikmişdir. Yaşadığı evin layihə smeta sənədləri "xxxx" MMC tərəfindən işlənmiş və təsdiq edilmişdir. Onun evinə aid olan sənədlərin baş arxiv idarəsi tərəfindən təsdiq edilmiş surətləri də mövcuddur. Bu sənədlərin dövlət idarələri tərəfindən verilməsinə baxmayaraq “X11 şirkəti qanuna görə onun evini qanunsuz tikiniti siyahısına salmışdır. Şirkət bu sənədləri qanunsuz hesab edirsə ilkin olaraq Binəqədi rayon İcra Hakimiyyəti, sonra da Bakı şəhər İcra Hakimiyyəti məhkəməyə verməli idi. Çünki ona bu sənədləri həmin idarələr veribdir. Şirkətin bu münasibəti insanlarda ikrah hissi ilə gülüş yaradır. Və laqeyidsizlikdən başqa bir şey deyildir. Şirkətin imicinə hörmətsizlik gətirir. Eyni zamanda bildirmək istəyir ki, Bakı şəhəri X4 Komitəsinin 27 yanvar 1989-cu il tarixli 13,713 saylı qərarına əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 693 saylı, xx.xx.1999-cu il tarixli sərəncamlarına əsasən vətəndaşların mənzil yaxşılaşdırılması, fərdi yaşayış evlərinin tikilməsi haqqında Bakı şəhərinin 6 rayon üzrə Binəqədi rayonu (keçmiş Kirov rayonu) üzrə torpaq sahəsini ayrılması və fərdi yaşayı tikintisinə icazə verilmişdir. 29 sentyabr 2004-cu il tarixində İddiaçı yaradılmışdır. Məlumat üçün bildirir ki, ona ev tikmək üçün torpaq sahəsi xx.xx.2000-ci il tarixdə verilmişdir. Şirkətin yaradılmasından 4 il əvvəl onun bir vətəndaş kimi günahı nə olmuşdur? Eyni zamanda bildirmək istəyir ki, mərhum X7 Sərəncamı ilə yerli İcra Hakimiyyətlərinin 31 dekabr 2000-ci il tarixinədək fərdi yaşayış evləri ayrılmış bütün torpaq sahələri tam hüquqidir. İddiaçı şirkəti sərəncamdan ya xəbərsizdir, ya da ki, bilərəkdən məsuliyyətsizlik edir və vətəndaşlarla məşğuldurlar. Onu da bildirmək istəyir ki, onun evinin ilkin hüquqi sənədləri arxiv idarəsində qanuniliyi təsdiq edilmişdir. O ailəsilə 22 ildir ki, bu evdə yaşayı. İllərdir pensiya pulu ilə bu evi tikmişdir. Onun evi qəsəbənin tam mərkəzində yerləşir. Onun evinə qədər hər tərəfdən 100-lərlə yaşayış evləri var. Onun evinin ətrafında heç bir neft buruğu və komunikassiya xətləri yoxdur. Texniki normalara görə evlər neft buruğundan 70-100 m aralı olmalıdır. Onun evi neft buruğundan ən azı 300 m məsafədə yerləşir. Ümumiyyətlə bildirmək istəyir ki, onun evinin yaxınlığından heç bir kommunikasiya xətləri keçmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilmiş, lakin cavabdehin səlahiyyətli nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlmələrinin üzrülü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 724 №-li, xx.xx.2000-ci il tarixli “Vət. R.Ə.Əliyevaya Xocasən qəsəbəsi ərazisindən torpaq sahəsinin ayrılması barədə” sərəncamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Binəqədi rayon İcra Hakimiyyətinin Xocasən qəsəbəsi üzrə nümayəndəliyi xx.xx.2000-ci il tarixli, 145 saylı məktubla müraciət edərək İnqilab küçəsi, bina 51, mənzil 67-də yaşayan X3 mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olduğunu nəzərə alaraq Xocasən qəsəbəsi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmasına etiraz etmədiyini bildirmişdir. Göstərilən məsələ ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti Başçısının 693 saylı, 29.07.99-cu il tarixli sərəncamı ilə Sulu-təpə yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün 600,0 kvm. torpaq sahəsinin ayrılması və inşaat işlərinin aparılmasına icazə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Azərbaycan Respublikasının 901-İİQD saylı, 29 aprel 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X14 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə» Saziş 15 may 2005-ci il tarixində qanuni qüvvəyə minmişdir. Həmin Qanunun: - 4-cü bəndində göstərilir ki, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində Sazişə, Hökumət təminatı və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. - 5-ci bəndinə əsasən bu qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Beləliklə, sözügedən Sazişin qanuni qüvvəsini aldığı 15 may 2005-ci il tarixdən Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən digər hüquq və vəzifələr ləğv edilmişdir. Bununla da müəyyən olunur ki, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 724 saylı, 06 iyun 2000-ci il tarixli sərəncamı artıq öz qüvvəsini xx.xx.2005-ci il tarixdən itirmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Normativ hüquqi aktlar haqqında” 16 fevral 2011-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Qanununun 89.0.2.-ci maddəsinə əsasən normativ hüquqi akt (onun struktur elementi) Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları ilə nəzərdə tutulan hallarda ləğv edildikdə normativ hüquqi akt (onun struktur elementi) öz qüvvəsini itirir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən aktların “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları müəyyən edildiyindən (yuxarıda qeyd olunan 901-İİQD saylı, 29 aprel 2005-ci il tarixli Qanunla) onların qanunsuzlugunun məhkəmə qaydasında tanınması barədə iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “X10” Şirkətinin iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-8677/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8677/2022
22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver