Məhkəmə qərarları › İş №2-1(112)-8677/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8677/2024

18.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8677/2024 18.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı, cavadehin nümayəndəsi X1, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə 18 sentyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixindən hesablanmaqla dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, Azərbaycan Respublikasının Prezidentinin 04 aprel 1993-cü il tarixli 505 saylı Fərmanı əsasında onun Kəlbəcər rayonunu müvəqqəti tərk etmiş şəxslərlə iş üzrə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsində çalışdığı 8 aylıq stajı nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin vəzifə maaşının analogiya üzrə hazırda Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsinin aylıq vəzifə maaşına uyğun çevirmə və dövlət qulluqçusu təsnifatı üzrə hesablanmaqla əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, lakin ərizəsinə cavab verilməmişdir. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazı və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Prezidentinin 04 aprel 1993-cü il tarixli 505 saylı Fərmanı əsasında onun Kəlbəcər rayonunu müvəqqəti tərk etmiş şəxslərlə iş üzrə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsində çalışdığı 8 aylıq stajı nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin vəzifə maaşının analogiya üzrə hazırda Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsinin aylıq vəzifə maaşına uyğun çevirmə və dövlət qulluqçusu təsnifatı üzrə hesablanmaqla əmək pensiyasının yenidən düzgün hesablanaraq təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edərək iddia tələbi onunla əsaslandırılmışdır ki, əmək pensiyası təyin edilərkən Kəlbəcər rayonunu müvəqqəti tərk etmiş şəxslərlə iş üzrə Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli nümayəndəsi vəzifəsində çalışdığı 8 aylıq stajı nəzərə alınmamışdır və pensiya təyin edilərkən yalnız vəzifə maaşı əsas götürülmüşdür. Həmin vəzifə Azərbaycan Respublikası Prezidentinin 08 noyabr 1993-cü il tarixli 10 saylı Fərmanı ilə ləğv edilmişdir. Nəticədə hər ay təxminən xeyli məbləğində pul itirir. Cavabdehin etirazları: Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2008-ci il tarixidən dövlət qulluqçusu kimi pensiya (dövlət qulluğu stajı-07 il 07 ay 06 gün) təyin edilmişdir. İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Kəlbəcər rayonunun müvəqqəti tərk etmiş şəxslərlə iş üzrə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsində işlədiyini və həmin dövrlərin dövlət qulluğu stajına daxil edilməsini xahiş etmiş, eyni zamanda iddiaçı həmin dövrlərdə əmək haqqı almadığını bildirmişdir. Beləliklə, iddiaçıya xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək əmək haqqı ödənilmədiyindən, həmin dövrlərin nəinki dövlət qulluğu stajına, ümumiyyətlə sosial sığorta stajına aid edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq hesab edilir ki, iddiaçının dövlət qulluqçusu kimi əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələblərinə uyğun hesab edilmir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciətinə cavab vermədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixindən hesablanmaqla dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı əmək pensiyasının düzgün hesab edilmədiyini qeyd edərək, Azərbaycan Respublikasının Prezidentinin 04 aprel 1993-cü il tarixli 505 saylı Fərmanı əsasında onun Kəlbəcər rayonunu müvəqqəti tərk etmiş şəxslərlə iş üzrə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsində çalışdığı 8 aylıq stajı nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin vəzifə maaşının analogiya üzrə hazırda Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsinin aylıq vəzifə maaşına uyğun çevirmə və dövlət qulluqçusu təsnifatı üzrə hesablanmaqla əmək pensiyasının yenidən hesablanmasını xahiş edir. Cavabdeh iddiaçıya xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək əmək haqqı ödənilmədiyindən, həmin dövrlərin nəinki dövlət qulluğu stajına, ümumiyyətlə sosial sığorta stajına aid edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmadığını bildirərək, iddiaçının müraciətinin təmin edilməsindən imtina edir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İlk öncə məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyini dövrdə əmək haqqı almaması işin mübahisələndirilməyən halıdır. İddiaçı özü də bu halı inkar etmir. Lakin həmin vəzifənin hazırda mövcud olan Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsinin aylıq vəzifə maaşına uyğun çevirmə və dövlət qulluqçusu təsnifatı üzrə hesablanmaqla əmək pensiyasının yenidən hesablanmasını xahiş edir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun: 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun: 20.1.7 Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər. Məhkəmə qeyd edir ki,“Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsində dövlət qulluğunda iş stajının hansı meyarlar əsasında qiymətləndirildiyi göstərilmişdir. Həmin maddənin müddəalarına görə əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin və 1991-ci il oktyabrın18-dən İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixinədək) Azərbaycan Respublikası dövlət orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdı rılması Siyahısı”na əsasən həyata keçirilir. Məhkəmə araşdırılması zamanı X3 ünvanlanmış sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 2-ci bəndlərinə əsasən aparılmışdır. 1993-cü ildə Kəlbəcər rayonunu müvəqqəti tərk etmiş şəxslərlə iş üzrə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsində iş müddətilə bağlı bildirilmişdir ki, yuxarıda qeyd edilən Siyahıda Prezidentin səlahiyyətli nümayəndəsi vəzifəsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən 1993-cü ildə Kəlbəcər rayonunu müvəqqəti tərk etmiş şəxslərlə iş üzrə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. İddiaçının işəldiyi xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Kəlbəcər rayonunu müvəqqəti tərk etmiş şəxslərlə iş üzrə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinin dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması bağlı Siyahıda nəzərdə tutulmadığı həm həmin siyahıdan həmçinin DİM-in məktubundan müəyyən edilir. Nəzərə alınmalıdır ki, X4 tərəfindən məhkəmə icraatı zamanı təqdim olunmuş sorğuya cavab məktubu hər hansı şübhə doğurmur. Belə ki, məlum olduğu kimi X4 dövlət qulluğu sahəsində fəaliyyət göstərən, dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edən və bu siyasətin həyata keçirilməsini təmin edən, həmçinin dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanlarını keçirən və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin edən publik hüquqi şəxsdir. (Azərbaycan Respublikasının X4 publik hüquqi şəxsin Nizamnaməsi) Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyta keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmn etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1999/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında analoji iş üzrə də vətəndaşın dövlət qulluğuna aid olan iş stajının müəyyən edilməsi X2 məktubu əsasında mümkündür. Qeyd edilənlərdən göründüyü kimi, iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Kəlbəcər rayonunu müvəqqəti tərk etmiş şəxslərlə iş üzrə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsində çalışarkən əmək haqqı almamaqla bərabər, həmin dövr ümumiyyətlə dövlət qulluğu stajına aid olan vəzifə de sayılmır. Həmçinin iddiaçının həmin vəzifəsinin hazırda mövcud olan Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsi vəzifəsinə uyğunlaşdırılması ilə bağlı hər hansı qanunvericilik norması mövcud deyildir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia rədd olunmalıdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar