Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8678/2021 25.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı ““söküntün dayandırılması”” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilin söküntüsünün və hər hansı qanunsuz hərəkətlərin aparılmasının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Nəsimi Rayon İcra Hakimiyyətinə və AR Şəhərsalma və Arxitektura Komitəsinə qadağan edilməsi barədə qərar çıxarılması xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzil 04.02.2021-ci il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. 15.07.2021-ci il tarixdə heç bir məhkəmə qərarı olmadan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən qanunsuz olaraq iddiaçıya məxsus mənzil sökülməyə başlanılmışdır.
3. Cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz edərək bildirdi ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən dövlət əmlakının qorunub saxlanması və ondan səmərəli istifadənin təmin edilməsi, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə aparılmış monitorinq zamanı, ünvan 1 ünvanında yerləşən, hündürmərtəbəli yaşayış binasının qarşısındakı torpaq sahəsində, binaya bitişik şəkildə qeyri-yaşayış obyektinin inşa edildiyi müəyyən edilmişdir. Qeyd edilən qeyri-yaşayış obyektinin inşası üçün səlahiyyətli dövlət orqanlarından müvafiq icazələrin alınması, həmçinin həmin obyektin yerləşdiyi torpaq sahəsi üzərində müvafiq hüququ (mülkiyyət, istifadə və ya icarə) təsdiq edən hər hansı sənəd Xidmətin əməkdaşlarına təqdim edilməmişdir. Bunu nəzərə alaraq, Xidmətin əməkdaşları tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Bakı Şəhər İcra Hakimiyyətinə məlumat verilmiş və qeyd olunan qurumların əməkdaşlarının iştiakı ilə, 15.07.2021-ci il tarixində inşa edilmiş qeyri-yaşayış obyektinin sökülməsi həyata keçirilmişdir. İddiaçı ərizəsində yanlış olaraq ona məxsus mənzilin söküldüyünü qeyd edir, sökülmüş daşınmaz əmlak iddiaçının mülkiyyətində olan və binada yerləşən mənzil deyil, hündürmərtəbəli binanın qarşısında, ona bitişik şəkildə qanunvericiliyin tələbləri pozulmaqla inşa edilmiş qeyri-yaşayış obyekti olmuşdur.
II. İddianın geri götürülmüş sayılması
4. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
5. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri götürülməsinə etiraz etmədiyini bildirdi.
6. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.
7. İddiaçıya məhkəmənin 02.08.2021-ci il tarixdə hazırlıq icraatı üzrə iclasının keçirilməsi vaxtı barədə 23.07.2021-ci il tarixdə xəbərdar edilmişdir. Qeyd edilən tarixdə iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. 04.08.2021-ci il tarixdə hazırlıq icraatı üzrə məhkəmə iclası 06.09.2021-ci il tarixə təyin edilmiş, iddiaçıya göndərilən bildirişdə İPMin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçının 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddianın geri götürülmüş sayılması barədə xəbərdarlıq edilmiş, lakin qeyd edilən tarixdə (06.09.2021-ci il tarixdə) iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclası yenidən eyni qaydada təxirə salınmış, hazırlıq icraatı üzrə iclas 14.09.2021-ci il tarixə təyin edilmişdir. Qeyd edilən tarixdə iddiaçı məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak etməmişdir. Beləliklə, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmış, məhkəmə icraatından yayınmanın hüquqi nəticələri ona göndərilən bildirişdə aydın ifadə edilmiş, qeyd edilən bildiriş iddiaçıya lazımi qaydada çatdırılmışdır. Daha sonra hazırlıq icraatı üzrə məhkəmə iclası 25.10.2021-ci il tarixə təyin edilmiş, qeyd edilən tarixdə iddiaçı məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak etməmişdir. Beləliklə, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmış, məhkəmə icraatından yayınmanın hüquqi nəticələri ona göndərilən bildirişdə aydın ifadə edilmiş, qeyd edilən bildiriş iddiaçıya lazımi qaydada çatdırılmışdır.
8. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir və iddiaçının iddiaya prosessual marağının olmamasını ifadə edir.
M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından
9. İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
10. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
11. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
12. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...
13. İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyrimümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...
14. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
15. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
16. Q Ə R A R A A L D İ :
İddia geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva