Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8679/2021 14.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X10 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı1 və Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı “məcbur köçkün vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nəvəsi X4 (qızı X4) məcburi köçkün statusunun və məcburi köçkün statusuna dair vəsiqəsinin verilməsinə dair öhdəliyin Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə məhkəmə hazırlıq icraatının iclası 14 oktyabr 2021-ci il tarixə təyin edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1993-cü ilə qədər Ağdam rayonunda ailəsi ilə birlikdə yaşamışdır. 1993-cü ildə Ağdam rayonundan ailəsi ilə birlikdə məcburi köçkün düşmüşlər.Yuxarıda qeyd olunan ünvanda müvəqqəti məskunlaşmışlar. Oğlu İddiaçı2 Yasamal Rayon Məhkəməsinin 10 may 2016-cı il tarixli qətnaməsinə əsasən nikahı pozulmuşdur. Bu nikahdan iki qız övladı vardır, məhkəmənin qətnaməsinə əsasən uşaqlar oğlu İddiaçı2 himayəsinə verilmişdir. Hal-hazırda bir yerdə yaşayırlar. Uşaqlardan biri X9 20.06.2016-cı ildə məcburi köçkün vəsiqəsi alıb. İkinci uşaq X6 11-ci sinifdə oxuyur, bununla bağlı X3 məcburi köçkünlük vəsiqəsinin alınmasına dair lazımi sənədləri toplayaraq, Qaçqınların və Məcburi Köçkünlərin iş üzrə Dövlət Komitəsinin Bakı şəhəri Sabunçu rayon sektoruna müraciət etmişdir. Bu sektor sənədləri Komitəyə göndərdi. Komitənin Status şöbəsinin Taryel adlı əməkdaşı göndərilən ərizə və sənədlərin üzərinə uşağın anası işğal olunan rayonların birində qeydiyyata düşəndən sonra X4 məcburi köçkün vəsiqəsinin verilməsinin mümkün olmadığını qeyd edir. Buna baxmayaraq X6 məcburi köçkün kimi hazırda çörək pulu alır. Taryel müəllimin dedikləri isə mümkün deyil, ona görə ki, uşağın anası başqa şəxslə yenidən ailə həyatı qurub. Taryel adlı əməkdaşın qeyd etdiyi qeydlər əsassızdır, qanunvericiliyə zidd hesab edir. X6 əla qiymətlərlə 11-ci sinifdə oxuyur və Ali məktəbə hazırlaşır. Onun yeganə məqsədi nəvəsi X4 məcburi köçkün vəsiqəsi almağı uşaq Ali məktəbə qəbul olarsa, təhsil haqqı ödəməmək olmasıdır. Çünki buna imkanları çatmır. Onlar hal-hazırda birlikdə bir evdə yaşayırlar. Bundan başqa bu barədə Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə rəsmi ərizə əsasında müraciət etməsinə baxmayaraq Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Status şöbəsi ona məktub göndərərək, nəvəsi X4 məcburi köçkün statusunun verilməsinin nəzərdə tutulmamasını qeyd edir. Onlar bu məktubu əsassız hesab edirlər ki, Azərbaycan Respublikasının qanunlarına ziddir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. İddiaçı2 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə İddiaçı2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı1 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, əlavə izahatında inzibati orqana şəxsən özünü müraciət etdiyini bildirərək, iddianın mümkün sayılaraq, təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə qarşı verilmiş etiraz ərizəsinə uyğun izahat verərək, bildirdi ki, hazırkı inzibati iş üzrə iddia ərizəsi qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçılar İddiaçı1 İddiaçı2 X3 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəməyə məhz öz adlarından müraciət etmişdirlər. 15.06.2004-cü il təvəllüldü X6 isə məhdud fəaliyyətli şəxsdir. X7 məhdud fəaliyyətli şəxs olduğundan, hazırkı iddia tələbi üzrə iddiaçı qismində özü çıxış etməli, lakin məhkəmə icraatı zamanı o, qanuni nümayəndəsi tərəfindən təmsil olunmalı idi.Yuxarıda göstərilənlərə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün vəsiqəsinin verilməsi”nə iddia tələbini əsassız hesab edərək rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb aşağdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi 4 apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir.Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür.Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir.Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır.Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, işin faktiki hallarından görünür ki, iş üzrə iddiaçı qismində çıxış edən İddiaçı1 və İddiaçı2 X4 məcburi köçkün statusun verilməsi və məcburi köçkün statusuna dair vəsiqəsinin verilməsinin Azərbaycan Respublikası Qaçqın və X5 üzrə Dövlət Komitəsinə həvalə edilməsini tələb edir. Məhkəmə iddia ərizəsi ilə bağlı həm İnzibati Prosessual Məcəllənin, həm də Mülki Prosessual Məcəllənin normalarına istinad etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, İnzibati Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququna aşağıdakılar malikdirlər: 26.1.1. mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətli sayılan şəxslər; 26.1.2. mülki hüquq normalarına əsasən məhdud fəaliyyət qabiliyyətli hesab edilən, lakin inzibati məhkəmə icraatının predmetinə münasibətdə ümumi hüquq normalarına uyğun olaraq inzibati fəaliyyət qabiliyyətli sayılan şəxslər. İnzibati Prosessual Məcəlləsinin 31.1-ci və 31.2-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Mülki Prosessual Məcəllənin 69-1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 72.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 74.1-ci və 74.2-ci maddələrinə görə, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Şərh olunan maddələrin normalarına görə, məhkəmədə nümayəndəlik vətəndaşların məhkəmə müdafiə hüququnun həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Fiziki şəxslərin hüquqları məhkəmədə, vəkil və ya etibarnamə üzrə səlahiyyətli nümayəndə tərəfindən qorunur. Nümayəndə iddiaçının hüquqlarını təmsil etmək üçün etibarnamədən əlavə, onun iddiaçının yaxın qohum olması halı mövcüd olmalıdır. Həmçinin, iddia qaldırmaq hüququ iddiaçının özünü məxsus olmalı, məhkəmə iclaslarında təmsil etmək hüququ isə etibarnamə üzrə səlahiyyətli nümayəndəyə aid olmalıdır. X6 məhdud fəaliyyət qabiliyyətli fiziki şəxs olaraq inzibati məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququna malik olduğundan, məhkəmə prosesində iddiaçı qismində özü çıxış etməli və onun adından hazırkı iddia tələbinin irəli sürülməsi üçün iddiaçılara etibarnamə təqdim olunmalı idi. Lakin iddia tələbi X3 adından deyil, iddiaçılar İddiaçı1 və İddiaçı2 adından qaldırılmışdır. Həmçinin iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət edən İddiaçı1 X1 nümayəndəsi olmasını təsdiq edən sənədləri (etibarnaməni və sair) məhkəməyə təqdim etməmişdir. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi arasında publik hüquq münasibətindən irəli gələn inzibati mübahisə yaranmamış, iddiaçıların hüquqlarının cavabdeh tərəfindən pozulması halı aşkar olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmə izah edir ki, hazırki iddia tələbi ilə X6 və ya onun səlahiyyətli nümayəndəsi (səlahiyyətlərini təsdiq edən etibarnamə əlavə etməklə) cavabdeh inzibati orqana müraciət etməli, müraciətinə imtina edildiyi halda məhkəməyə yenidən müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı “məcbur köçkün vəsiqəsinin verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim : Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-8679/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8679/2021
14.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver