Məhkəmə qərarları › İş №2-1(112)-868/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-868/2020

01.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-868/2020 01.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, RX seriyalı,0942303 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən onun mülkiyyətində olan 1200 kv.m torpaq sahəsinin yol tikintisi altına düşmüş 307,24 kv.m hissəsinə hesablanmış 13825 manat kompensasiya məbləğinin dərhal ona ödənilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulmasıbarədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,12 ha-dan ibarət 1105x saylı bağ sahəsi RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsinin icrası ilə əlaqədar olaraq iddiaçının mülkiyyətində olan 1200 kv.m torpaq sahəsinin 307,24 kv.m hissəsi yol tikintisi sahəsinə düşmüşdür.İddiaçının mülkiyyətində olan topaq sahəsinin sözügedən tikinti altına düşməsi barədə cavabdeh tərəfindən nə rəsmi elan, nə də bildiriş qaydasında bu günədək məlumatlandırılmamışdır. Qeyd olunan tikinti layihəsinin icrasına başlanmasından ötən müddət ərzində iddiaçı mülkiyyətində olan torpaq sahəsinin tikinti altına düşmüş hissəsinə qanunda nəzərdə tutulmuş qaydada kompensasiya ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə şifahi qaydada müraciət etməsinə baxmayaraq, bu günədək həmin kompensasiya ona ödənilməmişdir. Lakin şifahi formada bildirilmişdir ki, iddiaçıya məxsus tikinti altına düşən 307,24 kv.m hissəsi cavabdehin yaratdığı komisiya tərəfindən hər kv.mnə 45 manat olmaqla (307,24 kv.m x 45=13825) 13825 manat məbləğində qiymətləndirilmiş və həmin məbləğ kompensasiya şəklində iddiaçıya ödəniləcəkdir. Sözügedən layihənin icrasına başlanılmasından üç il müddət keçməsinə və tikintinin başa çatmasına baxmayaraq, cavabdeh özü tərəfindən hesabladığı mübahisəsiz kompensasiya məbləğinin iddiaçıya ödənilməsindən əsassız olaraq yayınır. Cavabdeh iddiaçıya kompensasiya ödənilməsinə dair rəsmi qaydada ona ünvanladığı şikayət ərizəsinə özünün xx.xx.2019-cu il tarixli N-3/16-8008 saylı məktubu ilə “Sizə həmin layihə çərçivəsində dəymiş ziyana görə kompensasiya ödənilməsi məsələsinin həlli ilə bağlı Agentlik tərəfindən müvafiq icra hakimiyyəti orqanına müraciət olunmuşdur” məzmunlu qeyri-müəyyən bir cavab vermişdir ki, bu da cavabdeh orqanın öz vəzifəsinin icrasından yayınması və cavabdehin üzərinə düşən öhdəliyi pozması kimi dəyələndirilməlidir. Beləliklə, iddiaçıya hesablanmış kompensasiya məbləği sözügedən layihə hesabına ödənilməli olduğu halda cavabdeh üzərinə düşən bu öhdəliyi uzun müddət icra etməmiş və kompensasiyanın ödənilməsinin yubadılması ilə iddiaçıya əlavə ziyan vurmuşdur. Gəstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 oğlu iddianı qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1105x saylı bağ sahəsi (torpaq sahəsi 0.12 ha) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə 674 nömrəli reyestr kitabının 63811 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli 3/16-8008 saylı məktubda qeyd edilir: Sizin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə əmlakınıza dəymiş ziyanla əlaqədar kompensasiya ödənilməsilə bağlı ünvanladığınız müraciətinizə aidiyyəti üzrə baxılmışdır.Nəzərinizə çatdırırıq ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində Sizə məxsus **********31 nömrəli reyestrdə olan 0.12 ha torpaq sahəsindən yalnız 307.24 m2 hissəsi yolun tikintisi altına düşmüşdür. Bununla əlaqədar Sizə həmin layihə çərçivəsində dəymiş ziyana görə kompensasiya ödənilməsi məsələsinin həlli ilə bağlı Agentlik tərəfindən müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd edilir: İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı “kompensasiyanın ödənilməsi tələbi”nə dair iş üzrə yaranmış zərurətlə əlaqədar Agentlik tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində tikinti sahəsinə düşən maneələrə görə kompensasiyanın ayrılıb-ayrılmaması, ayrıldığı təqdirdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin hesabına ödənilib-ödənilməməsi barədə məlumatın təqdim edilməsi barədə 2020-ci il 18 iyun tarixli 2-1(112)-868/2020 nömrəli məktubunuza Maliyyə Nazirliyində aidiyyəti üzrə baxılmışdır.Məktubunuzda qaldırılan məsələ ilə bağlı Maliyyə Nazirliyində hər hansı sənəd və rəsmi məlumatın olmadığını bildirir və İddiaçı kompensasiya ödənilməsi ilə bağlı sorğu edilən məlumatların əldə olunması üçün müvafiq ərazidə daşınmaz əmlakları dövlət ehtiyacları üçün alan quruma - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət olunmasını məqsədəuyğun hesab edirik. İş materiallarında olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-cu il tarixli 3/16-2504 saylı məktubda qeyd edilir: Azərbaycan Respublikası Prezidentinin 2014-cü il tarixli 232 nömrəli Sərəncamına əsasən “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramına əsasən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilmişdir. Qeyd etdiyiniz məsələ ilə bağlı bildiririk ki, sözügedən layihə çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsinin aidiyyəti təşkilatı tərəfindən hazırlanmış kadastr planına əsasən vətəndaş İddiaçı 1200,0 m2 torpaq sahəsindən (çıxarış **********31) 307,24 m2 hissəsi yolun tikintisi altına düşmüş və dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən 13825,80 (on üç min səkkiz yüz iyirmi beş manat 80 qəpik) manat kompensasiya hesablanmışdır. Eyni zamanda bildiririk ki, “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində tikinti sahəsinə düşən maneələrə kompensasiya ayrılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Nazirlər Kabinetinə müraciət olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan dedikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunun 1.1.1-ci maddəsinə əsasənalınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4. dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi. 3.2. Torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Nizamnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (bundan sonra - Agentlik) Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının (bundan sonra – avtomobil yolları), habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi sahəsində (bundan sonra - müvafiq sahədə) fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.1-ci bəndinə əsasən Agentliyin fəaliyyətinin məqsədi Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsindən, avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının (keçidlər, qurğular, tikililər və avadanlıqlar) layihələndirilməsindən, tikilməsindən, istismarından, bərpasından, təmirindən, yenidən qurulmasından, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasından və onların vəziyyətinə nəzarət edilməsindən, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə yerinə yetirilməsindən ibarətdir. Göründüyü kimi iş üzrə cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na bilavasitə daxil edilməsə də, fəaliyyəti ilə əlaqədar mövcud normativ hüquq aktlarına əsasən inzibati akt qəbul etmək səlahiyyəti verildiyindən, habelə balansında olan yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması ilə əlaqədar mühafizə zonasına düşən mövcud tikililərin sökülməsi zamanı əmlakın qiymətləndirilmə-sin-də sifarişçi qismində iştirak etməklə hesablan-mış kompensasiyanın öz adından mülkiyyətçilərin hesabına köçürməsi ilə bağlı qəbul etdiyi qərarlar hüquqi nəticələr yaratdığından, hazırki iş üzrə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin cavabdeh qismində göstərilməsi həmin Qərarın “Qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər” adlanan V fəslinə tam uyğun hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin 1-4-cü hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır; 169.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər; 169.2-ci maddəsinə əsasən hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir; 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir; 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun: 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər; 4.2-ci maddəsinə əsasən dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz; 6.1-ci maddəsinə əsasən torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra - alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir; 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir; 54.2-ci maddəsinə əsasən kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir; 74-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq kompensasiyanın ödənişində hər hansı yubadılma ilə hüquqları pozulan şəxs belə kompensasiyanın dərhal ödənilməsinə nail olmaq məqsədi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1105x saylı bağ sahəsi (torpaq sahəsi 0.12 ha) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, onun mülkiyyətindədir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il tarixli 232 nömrəli Sərəncamına əsasən “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramına əsasən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilmişdir. Həmin layihə çərçivəsində iddiaçının 1200,0 m2 torpaq sahəsindən 307,24 m2 hissəsi yolun tikintisi altına düşmüş və iddiaçıya bununla əlaqədar olaraq 13825,80 (on üç min səkkiz yüz iyirmi beş manat 80 qəpik) manat kompensasiya hesablanmışdır. İddiaçı tərəfindən cavabdehə müraciətin edilməsinə baxmayaraq, həmin kompensasiya məbləği bu günədək iddiaçıya ödənilməmişdir. Qeyd olunan torpaq sahəsinin iddiaçıya məxsus olması, iddiaçıya məxsus həmin 1200,0 m2 torpaq sahəsindən 307,24 m2 hissəsinin yolun tikintisi altına düşməsi və iddiaçıya bununla əlaqədar olaraq 13825,80 manat kompensasiya məbləğinin hesablanması işin mübahisələndirilməyən hallarıdır və hazırda iddiaçı həmin kompensasiya məbləğinin cavabdeh tərəfindən ona dərhal ödənilməsini tələb edir. Cavabdeh qeyd olunan layihəsi çərçivəsində tikinti sahəsinə düşən maneələrə kompensasiya ayrılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Nazirlər Kabinetinə müraciət olunduğunu bildirir. Lakin qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, dövlət ehtiyacları üçün torpaqların alınmasına yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Eyni zamanda“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 54.2-ci maddəsinə əsasən kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Lakin həmin layihə çərçivəsində iddiaçının yolun tikintisi altına düşmüş torpaq sahəsinin müəyyən edilməsinə və iddiaçıya bununla əlaqədar olaraq kompensasiya məbləğinin hesablanmasına baxmayaraq, həmin kompensasiya məbləği bu günədək iddiaçıya ödənilməmişdir. Kompensasiyanın ödənişində yubadılma olduğuna və bununla əlaqədar hüquqları pozulduğuna görə iddiaçının həmin kompensasiyanın dərhal ödənilməsini tələb etmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüquqiu pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmalakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin yol tikintisi altına düşmüş 307,24 kv.m hissəsinə görə hesablanmış 13825 (on üç min səkkiz yüz iyirmi beş) manat kompensasiya məbləğinin İddiaçı dərhal ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər.. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərrviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar