Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-868/2023 07.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş, xx.xx.2021-ci il tarixli, **********44 nömrəli məktubunda bildirmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxivinə təqdim edilmiş “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında həm İddiaçı, həm də təqdim etdiyi bağ sahəsinin ayrılmasına dair protokoldan çıxarışda adı qeyd olunan X2 adları aşkar olunmamışdır. Həmçinin bağların yerləşməsinə dair bölgü sxemində “143A” nömrəsi qeyd olunmamışdır. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının xx.xx.1995-ci il tarixli protokolu ilə ona ayrılmış 2/143a saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyesrində qeydə alınması və bu barədə çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, hal-hazırda yaşadığı ünvan, daha doğrusu torpaq sahəsi 16 aprel 1995-ci ildə H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının 10 nömrəli protokolu ilə X2 adından İddiaçı adına sənədləşdirilmişdir. Həmin torpaq sahəsini 21 iyul 2012-ci ildə İddiaçı etibarnamə ilə X3 verib. Hal-hazırda ailəvi olaraq həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evində yaşayırlar. Müvafiq olaraq həmin torpaq sahəsinə görə bələdiyyə vergisi ödənilir. Fərdi yaşayış evi müvafiq sənədləşmə aparılmaqla kommunal sistemə qoşulub və 2021-ci ilin iyun ayında adına olan fərdi torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq istəmişdir. Bununla bağlı cavabdehə yazılı olaraq müraciət etmiş, lakin müraciətindən imtina edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilən dəlillərə istinad etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - “H.Z.Tağıyev adına NQÇİ-nin Bahar bağçılıq yoldaşlıq təsərrüfatının idarə heyətinin xx.xx.1995-ci il tarixli 10 nömrəli protokolundan çıxarışdan görünür ki, 16.09.88-ci il tarixli 9 saylı protokolla M.Y.Məmiyevə verilmiş 2/143a saylı bağ sahələri ərizəsinə əsasən onun adından çıxarılmış, adına yazılmış üzvlük kitabçası hüquqi qüvvəsini itirmiş hesab edilmiş, 2/143a saylı bağ sahəsinin İddiaçı adına sənədləşdirilməsi və onun adına üzvlük kitabçası açılması qərara alınmışdır. - işdə olan İddiaçı adına verilmiş xx.xx.1999-cu il tarixli 674 nömrəli üzvlük kitabçasından görünür ki, 2/143a nömrəli bağ sahəsinin iddiaçıya verilməsi barədə üzvlük kitabçası verilmişdir. - Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçı və M.Y.Məmiyevlə bağlı, eləcə də göstərilən bağçılığa dair SOCAR-ın aidiyyəti strukturunda hər hansı bir sənəd aşkar edilməmişdir. - Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2021-ci il tarixli müayinə (baxış) aktında qeyd olunmuşdur ki, Buzovna qəsəbəsində yerləşən 2/143a nömrəli bağa baxış keçirilmişdir, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 600,0 kv.metr, faktiki sahəsi 614,0 kv.metrdir. Bağ sahəsinin sərhədləri hər tərəfdən mişar daşı ilə hasarlanmışdır. Bağ sahəsində 1 mərtəbəli yaşayış evi, sanitar qovşağı, anbar köməkçi tikilisi var. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxivinə təqdim edilmiş “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Həmçinin bağların yerləşməsinə dair bölgü sxemində “143A” nömrəsi qeyd olunmamışdır. İddiaçı hazırda “H.Z.Tağıyev adına NQÇİ-nin Bahar bağçılıq yoldaşlıq təsərrüfatının idarə heyətinin xx.xx.1995-ci il tarixli 10 nömrəli protokolu ilə ona ayrılmış 2/143a nömrəli bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Göründüyü kimi, qanunverici vətəndaşlara ayrılmış bağ sahələri üzərində hüquqların qeydə alınması əsası kimi aşağıdakı sənədlərdən birinin təqdim edilməsini müəyyən etmişdir:
1. bağ sahələrinə dair verilən icarə müqavilələri;
2. bağ sahələrinə dair verilən sərəncamlar;
3. bağ sahələrinə dair verilən orderlər;
4. kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası;
5. kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlərin iclasının protokolundan çıxarış; İddiaçı bu sənədlərdən bağ sahəsinin ona verilməsi ilə bağlı kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının protokolundan çıxarışı və üzvlü kitabçasını təqdim etsə də, bu sənəd Qanunun tələblərinə müvafiq olmamışdır. Belə ki, istinad olunan normadan da göründüyü kimi, qanunverici həmin sənədin kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olmasını tələb edir. Lakin işdən görünür ki, iddiaçının adı “Bahar” bağçılıq yoldaşlığın üzvlərinin siyahısında mövcud deyil. Məhkəmə qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 saylı Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmişdir. Həmin Sərəncamın 2.1-ci bəndinə əsasən ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsinin təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələlərin qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Məhkəmə icraatı zamanı baxış keçirilmiş və surəti çıxarılmaqla iş materiallarına əlavə edilmiş cavabdehə təhvil verilən “Bahar” bağçılıq yoldaşlığa dair arxiv sənədlərindən görünür ki, həmin sənədlərdə kollektiv bağçılıq təsərrüfatına üzv kimi qəbul edilmiş işçilərin siyahısı təsdiqlənmiş, nə iddiaçının, nə də ona keçən torpaq sahəsinin əvvəlki sahibi Mahmud Məmiyevin adı həmin siyahıda olmamışdır. Eyni zamanda iddiaçıya ayrılmış bağ sahəsinin nömrəsi də bağçılıq yoldaşlığa verilmiş torpaq sahəsinə dair bağların bölgü sxemində mövcud deyil. Bu hal iddiaçının təqdim etdiyi sənədin mötəbər olmasına əsaslı şübhə yaradır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. Bundan əlavə, Azərbaycan SSR Nazirlər Sovetinin 4 iyul 1980-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İşçi və qulluqçuların bağçılıq yoldaşlığının nümunəvi nizamnamə”sinin 1-ci bəndinə əsasən bağçılıq yoldaşlıq müəssisə, idarə, təşkilatın yanında yoldaşlığa üzv olmaq istəyən 30 nəfərdən az olmayan şəxsdən təşkil edilir. Nizamnamənin 11-ci bəndinə əsasən bağçılıq yoldaşlığın üzvü 18 yaşına çatmış işçi və qulluqçular, habelə daha əvvəl həmin müəssisə, idarə və ya təşkilatda işləmiş pensiyaçılar ola bilər. Lakin işdən iddiaçının ümumiyyətlə, H.Z.Tağıyev adına NQÇİ-də işləməsi müəyyən edilmir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının adı kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına daxil edilmədiyindən onun təqdim etdiyi protokol və üzvlük kitabçası qanunvericiliyin tələblərinə cavab verən sənəd kimi qəbul edilə və həmin sənədə əsasən onun iddiası təmin edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşdən görünür ki, iddiaçının hüquqların dövlət qeydiyyatı üçün təqdim etdiyi sənəd həmin qanunun 8-ci maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilmiş sənədlərə uyğun olmamışdır. Belə olan halda müəyyən olunur ki, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova