Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8680/2021 12.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı kredit borcunun restruktruzasiya edilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla “Dəmir Bank" ASC arasında 12 iyun 2014-cü il tarixli, 6704 saylı kredit müqaviləsi üzrə kredit borcunun qalıq hissəsinin Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli, 551 saylı “Azərbaycan Respublikasında fıziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun restrukturizasiya olumuş hissəsinin qəbul edilməsi və borcunun məbləğinin 4701 (dörd min yeddi yüz bir ) manat 61 (altımış bir) qəpik olmaqla (əmək haqqından tutulan məbləğlər nəzərə alınmaqla) onunla kredit müqaviləsi bağlanmasının Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək ondan və X1 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 12 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 6368 ABŞ dolları 08 sent əsas borc, 2166 ABŞ dolları 34 sent faiz borcu və 326 ABŞ dolları 57 sent cərimə borcu olmaqla ümumilikdə cəmi 8860 ABŞ dolları 99 sent məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 12 iyun 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3158/2017 saylı, 17 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilib, ondan və X1 ümumilikdə 8544 (səkkiz min beş yüz qırx dörd) ABŞ dolları 26 sent pulun tutularaq iddiaçı “Dəmir Bank" ASC-yə ödənilməsi qət edilmişdir. “Dəmir Bank" ASC-nin “Nizami” fılialı ilə İddiaçı arasında 12 iyun 2014-cü il tarixli, 6704 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfındən İddiaçı illik 26 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 8900 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi "xxxx" ASC-nin “Nizami” fılialı ilə X2 arasında bağlanmış 12 iyun 2014-cü il tarixli, ZM-6704 saylı zaminlik müqaviləsi bağlanmışdır. O zaman cavabdeh kimi ona təqdim edilmiş ödəniş cədvəlinə əsasən krediti vaxtı-vaxtında ödəmişdir. Lakin 2015-ci ilin fevral ayında “Devolvasiya” baş verməsinə baxmayaraq o, götürdüyü kreditin ödənişini davam etdirdi (yəni 1 dolları 1 manat 05 qəpiklə qaytarmışdır) və ödəniş vaxtını uzatmaq üçün 23.04.2015-ci il tarixində “Dəmir Bank’’ ASC ilə əlavə saziş (01/05 saylı) imzaladı. Bir neçə aydan sonra Respublikada təkrar ”Devolavasiya” nəticəsində bir dollar ilkin 1 (bir) manat 90 (doxsan) qəpik, daha sonra isə 1 (bir) manat 70 (yetmiş) qəpik olmaqla kurs müəyyən edilmişdir. Ona görə kredit ödənişini dayandırmışdır. Belə olan halda iddiaçı “Dəmir Bank" ASC ərizə ilə məhkəməyə müraciət edərək 12 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 6368 ABŞ dolları 08 sent əsas borc, 2166 ABŞ dolları 34 sent faiz borcu və 326 ABŞ dolları 57 sent cərimə borcu olmaqla, ümumilikdə cəmi 8860 ABŞ dolları 99 sent məbləğində pul tələb etmiş və məhkəmə yuxarıda göstərilən qətnaməni qəbul etmişdir. 03.10.2017-ci il tarixində qətnamənin icra edilməsi üçün icra vərəqəsi verilmişdir. Lakin qətnamə icraya yönəldilməmişdir. 28.02.2019-cu il tarixli, 551 saylı “Azərbaycan Respublikasında fıziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında“ Azərbaycan Respublikası Prezidentinin Fərmanı qəbul edilmişdir. O zaman Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) öz təşəbbüsü ilə problemli kreditlərin kompensasiyasını müəyyən etmiş və 2015-ci ilin sonuna kimi “Devolavasiya" zamanma qədər ödədiyi kredit ödənişləri nəzərə alınmışdır. Eyni zamanda onun "xxxx" ASC üzrə ödədiyi kreditləri nəzərə alınmaqla (772.55 manat) ona qaytarılmalı kompensasiya əvəzləşdirilmişdir. Belə ki, 12.06.2014-cu il tarixində "xxxx"dan götürdüyü kreditlərin əvəzinə silinmişdir. O zaman restrukturizasiya olunduqdan sonra MBNP tərəfındən elektron qaydada məlumat onun imel ünvanına 18.07.2019-cu il tarixində daxil olmuşdur. Həmin vaxtı ona elektron qaydada verilmiş sənəddə onun "xxxx" ASC-yə borcunun məbləği 4701.61 manat (dörd min yeddi yüz bir manat 61 qəpik) təşkil etmişdir. Onda o 2019-cu ilin sentyabrın sonunda Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edərək, banka olan borcunu hansı qaydada ödəyəcəyini soruşmuş və ona bildirilmişdir ki, onun imel ünvanına, ya da telefonuna rəsmi məlumat gələcəkdir. Ona görə o bir neçə ay gözləməli olmuş, 2020-ci ilin birinci rübündə COVİD-19 pandemiyası ilə əlaqədar bütün təşkilatlarda (orqanlarda) iş rejimi dəyişdirilmiş və insanların sərbəst hərəkətinə qadağalar qoyulduğundan uzun müddət evdə qalmışdır. Sonradan Pandemiyanın nisbətən yumşaldığı zaman o, 21.09.2020 tarixində ləğv prosesində olan "xxxx" ASC-nin Problemli kreditlər şöbəsinə müraciət edərək, Əmanətlərin Sığortalanması Fondunun İcraçı Direktoru Tural Piriyevə ərizə ilə müraciət edərək Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 4701.61 manat (dord min yeddi yüz bir manat 61 qəpik) məbləğində borcunun 60 ay müddətində restrukturizasiya olunmasına göstəriş verilməsini xahiş etmişdir. Onun ərizəsi 22.09.2020-ci il tarixində qəbul edilməsinə baxmayaraq bu vaxta kimi cavablandırılmamışdır. Buna baxmayaraq o, öz təşəbbüsü ilə Əmanətlərin Sığortalanması Fonduna müraciət etmişdir və "xxxx" ASC üzrə kurator Mirhüseyn (tel: 077.318.72.54.vatcap ) adlı şəxs onun ərizəsi qəbul etməyəcəklərini, 8544 ABŞ dolları 26 sent və 30 manat pul kredit borcu olduğunu ona bildirmişdir. Eyni zamanda Mirhüseyn 3849 ABŞ dolları birdəfəlik ödədiyi təqdirdə kredit borcunu bağlayacağını ona bildirmişdir. Lakin onun həmin vəsaiti ödəmək imkanı olmamışdır. Həmçinin ərizəsi ilə əlaqədar o, 2021-ci ilin aprel, may, iyun aylarında "xxxx"ın problemli kreditlər şöbəsində olmuş və onun ərizəsi üzrə yeni ödəniş cədvəli və müqavilənin bağlanmasını soruşmuşdur. O zaman ona bildirilmişdir ki, onun ərizəsi hələ də cavablandırılmamışdır və bununla əlaqədar Əmanətlərin Sığortalanması Fonduna müraciət etməyini məsləhət görmüşlər. Ona görə o bir neçə dəfə həmin Fondda olmuş və onun ərizəsi daxil olma nömrəsini (2022 1408 07304) verərək X4 Kreditlər Şöbəsinə yaxınlaşmağı məsləhət görmüşlər. O, təkrar “Dəmir Bankın” Problemli Kreditlər Şöbəsinə gəldikdə ona bildirmişlər ki, ərizəsi yenə də cavablandırmayıblar və ərizəsi qeydiyyata götürülmüş sürətini ona təqdim etmişlər. Lakin sonradan o, bir neçə dəfə cəhd edərək onunla kredit müqaviləsinin bağlanması ilə əlaqədar Əmanətlərin Sığortalanması Fonduna müraciət etsə də heç bir müsbət nəticəsi olmamışdır. 28.02.2019-cu il tarixli, 551 saylı “Azərbaycan Respublikasında fıziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını o zaman Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirirdi. Lakin hazırda göstərilən fərmanın icrası bilavasitə Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilmişdir. Ona görə hesab etmişdir ki, onun götürdüyü kreditə restruktruzasiya tətbiq edilməli və borc yükü yüngülləşdirilməlidir. Onun banka qalan kredit borcu üzrə Yasamal rayon icra qurumu tərəfindən göndərilən 26.04.2021-ci il tarixli, 17/72- 283145/12 saylı məktuba əsasən ondan hər ay əmək haqqının 50 faizi qədər pulun (manatla) tutularaq Mərkəzi Banka ödənilmələrin tutulmasını xahiş etmiş və onun iş yeri üzrə hər ay (may-358 manat, iyun-358 manat, iyul- 426 manat) tutmalar tutulması həyata keçirilir. Bu onun maddi imkanını daha da ağırlaşdırdı. Bir daha qeyd etmişdir ki, bank kreditinin qaytarılması barədə məhkəmə qətnaməsi 17.08.2017-ci il tarixində qəbul edilmiş və işin icrası üzrə icra vərəqi 03.10.2017-ci il tarixində verilmiş və işin icrası Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Anar Əyyubova həvalə edilməsinə baxmayaraq, icra şöbəsi onun götürdüyü kreditə restrukturizasiya tətbiq edilməsi üçün uzun müddət (09.10.2017-25.02.2019) icra işini hərəkətsiz saxlamışdır. Azərbaycan Respublikası Prezidentinin Fərmanın 28.02.2019-cu il tarixli, 551 saylı “Azərbaycan Respublikasında fıziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən onun ‘‘Dəmir Bank” ASC-nin ‘'Nizami” fılialı ilə arasında olan 12 iyun 2014-cü il tarixli, 6704 saylı kredit müqaviləsi üzrə kredit borcunun restrukturizasiyası həyata keçirilməlidir. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı (FİN: xxxxxxx) ilə ləğv prosesində olan "xxxx" ASC arasında bağlanmış 12.06.2014-cü il tarixli kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli, 551 nömrəli Fərmanının (Fərman) təsiri çərçivəsinə düşmüşdür. Belə ki, sözügedən müqavilənin statusu Fərmanla müəyyən edilmiş müvafiq şərtlərə cavab verdiyindən bu müqavilə üzrə 01.03.2019-cu il tarixinə mövcud olan vaxtı keçmiş əsas kredit borcunun Fərman çərçivəsində restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan tarixə 12.06.2014-cü il tarixli kredit müqaviləsi üzrə 6.368,08 ABŞ dolları (10.825,74 manat) məbləğində vaxtı keçmiş əsas kredit borcu mövcud olduğundan və hesablanmış 6.124,12 manat kompensasiyanın Fərmanın 2-ci hissəsinin tələblərinə əsasən bu borca proporsional qaydada yönəldilməsi nəzərə alınaraq müvafiq qaydada restrukturizasiya ediləcək məbləğ 4.701,61 manat müəyyən olunaraq müvafiq siyahıya daxil edilmişdir. Eyni zamanda göstərilən məlumatlar ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən kompensasiya ödənişləri və restrukturizasiya ilə bağlı məlumatların fiziki şəxslər və kredit təşkilatları üçün əlçatalığının təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə yaradılmış elektron portala da yerləşdirilmişdir (portaldan çıxarış məktuba əlavə edilir). iddiaçıya münasibətdə Palata Fərmanla onun üzərinə qoyulmuş vəzifəfəri tam şəkildə icra etmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, sonrakı mərhələdə, yəni kredit müqaviləsi restrukturizasiya ediləcək şəxslərin siyahısına daxil edildikdən sonra borclularla güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması (kredit üzrə hesablanmış faiz və cərimə məbləğləri yalnız kredit borcu restrukturizasiya edildikdə silinir) Fərmanın 6-cı hissəsinə görə bankların hüquqları kimi müəyyən edilmişdir. Başqa sözlə, bu hissədə yaranacaq mübahisələr artıq vətəndaşla bank arasında mövcud olan xüsusi hüquq münasibətlərindən irəli gəlir. Qeyd olunanlara əsasən hazırki iş üzrə İddiaçı cavabdeh qismində Mərkəzi Banka qarşı “kredit borcunun restrukturizasiya edilməsi”nə dair iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilmiş, lakin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Vətəndaşının seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü ildə Şamaxı rayonu, Dağ Kolani kəndində doğulmuşdur. - Kreditor "xxxx" ASC-nin Nizami Filialı ilə borcalan İddiaçı arasında bağlanmış 69843892 saylı, 12 iyun 2014-cü il tarixli kredit müqaviləsinə 01/15-ƏS №-li, 23.04.2015-ci il tarixli Əlavə Sazişin surətindən görünür ki, müqaviləyə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 7322,19 ABŞ dolları 19 sent təşkil edir və kreditin müddəti 23.07.2018-ci il tarixədək təyin olunur. - Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 17 avqust 2017-ci il tarixli, 2(004)- 3158/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən iddiaçı "xxxx" ASC-nin iddiası təmin edilmiş, cavabdehlər İddiaçı və X1 müştərək qaydada 6368,06 ABŞ dolları əsas, 2166,20 ABŞ dolları faiz borcu və 10 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 8544,26 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan manatla miqdarının tutularaq "xxxx" ASC-yə ödənilməsi, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 12 iyun 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi qət edilmişdir. - Problemli kreditlərin kompensasiyası barədə məlumatdan görünür ki, İddiaçı kredit öhdəlikləri üzrə cəmi hesablanmış kompensasiya məbləği 6124,12 manat, güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsi 772,55 manat, borcların ödənilməsinə yönəldilən hissə 6124,12 manat, vətəndaşa çatan hissə 0,00 manat, restrukturizasiya məbləği 4701,61 manat təşkil etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidenti tərəfindən 551 nömrəli, 28.02.2019-cu il tarixli Fərman qəbul edilmişdir. Həmin Fərmanın: - 1.2-ci hissəsinə əsasən 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi qiymətləndirilməklə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir. - 2-ci hissəsinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. - 3.1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməlidir. -3.2-ci hissəsinə əsasən isə bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahsını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edilməli və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. - 7.1-ci hissəsinə əsasən banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarınadək, milli valyutada isə 17 000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi Palataya tapşırılmışdır. - 6-cı hissəsinə əsasən Banklara tövsiyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. - 10-cu hissəsinə əsasən Əmanətlərin Sığortalanması Fonduna və ləğvedici funksiyalarının həvalə olunduğu digər şəxslərə ləğvetmə prosesində olan banklarda fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyasını təmin edən tədbirlər görmələri tövsiyə edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə hazırda ləğvetmə prosesində olan "xxxx" ASC-nin Nizami Filialı arasında 69843892 saylı, 12 iyun 2014-cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən illik 26 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 8900 ABŞ dolları məbləğində kredit verilmişdir. 23.04.2015-ci il tarixdə tərəflər arasında həmin müqaviləyə dəyişiklik edilməsi ilə bağlı əlavə Saziş bağlanmış və müqaviləyə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 7322,19 ABŞ dolları və kreditin qaytarılma müddəti 23.07.2018-ci il tarixədək müəyyən olunmuşdur. Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 17 avqust 2017-ci il tarixli, 2(004)-3158/2017 nömrəli qətnaməsi ilə İddiaçı və X1 müştərək qaydada cəmi 8544,26 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan manatla miqdarının tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. 12 iyun 2014-cü il tarixli kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli, 551 nömrəli Fərmanı ilə müəyyən edilmiş müvafiq şərtlərə cavab verdiyindən bu müqavilə üzrə 01.03.2019-cu il tarixinə mövcud olan 6.368,08 ABŞ dolları (10.825,74 manat) məbləğində vaxtı keçmiş əsas kredit borcu mövcud olduğundan və hesablanmış 6.124,12 manat kompensasiyanın Fərmanın 2-ci hissəsinin tələblərinə əsasən bu borca proporsional qaydada yönəldilməsi nəzərə alınaraq müvafiq qaydada restrukturizasiya ediləcək məbləğ 4.701,61 manat müəyyən olunaraq cavabdeh tərəfindən müvafiq siyahıya daxil edilmişdir. Hazırda iddiaçı 4.701,61 manat məbləği olmaqla onunla yeni kredit müqaviləsi bağlanmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçının kredit müqaviləsi üzrə öhdəlikləri qeyd olunan Fərmanın təsiri altına düşdüyündən cavabdeh Mərkəzi Bank tərəfindən müvafiq qaydada restrukturizasiya ediləcək məbləğ 4.701,61 manat müəyyən olunaraq müvafiq siyahıya daxil edilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının kredit müqaviləsi üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli, 551 nömrəli Fərmanından irəli gələn öhdəliklərini yerinə yetirmişdir. Yeni kredit müqaviləsinin bağlanılması isə Fərmanın 6-cı hissəsinə görə bankların hüquqları kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qonunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi əsl olmayan, yəni iddiaya cavab verməli olmayan cavabdehə qarşı yönəldiyindən, iş üzrə cavabdeh qismində göstərilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına toxunan hər hansı hallara yol verilmədiyindən bununla da iddianın mümkünlük şərtləri yerinə yetririlmədiyindən iddia mümkün sayılmamalıdır. Məhkəmə həmçinin iddiaçıya inzibati orqan olmayan bankın ləğvedicisinə qarşı mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququna malik olmasını izah edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-8680/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8680/2021
12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver