Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8680/2022 26.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzi bati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 62 yaş 6 ay yaşı tamam olan gündən - yəni 2021-ci ilin avqust ayından hesablanmaqla yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 62 yaş 6 ay tamam olan, yəni 12 avqust 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 62 yaş 6 ay tamam olan, yəni 12 mart 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi vəzifəsinin cavabdeh inzibati orqana həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. Artıq onun 63 yaşı tamam olmuş və yaşa görə əmək pensiyasına çıxmaq yaşı çatmışdır. Ona görə də yaşa görə əmək pensiyası təyin edilməsi üçün Filiala müraciət etmişdir. Filialdan ona verilmiş cavab məktubunda göstərilir ki, təqdim etdiyi xx.xx.1979-cu il tarixli İT-İ nömrə ******* saylı əmək kitabçasına əsasən sığorta stajı 20 il 11 ay təşkil edir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd edilənləri nəzərə alaraq ümumi sığorta stajının Qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyası təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildirilir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunvericiliklə tələb olunan 25 il tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq ona xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Cavabda göstərilənləri qanunsuz və əsassız hesab edir. Belə ki, ona verilmiş 26 yanvar 1976-cı il tarixli əmək kitabçasından görünür ki, o 18 avqust 1978-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan müddət ərzində Trikataj ATSC-də işləmişdir. Habelə, Azərbaycan Respublikası Dövlət Arxivindən verilmiş xx.xx.2019-cu il tarixli arxiv arayışından da görünür ki, o xx.xx.1978-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan müddət ərzində Trikotaj ATSC-də işləmişdir. Qeyd edilən sənədlərdən də görünür ki, onun 2006-cı ilin yanvar ayınadək olan müddət ərzində əmək stajı 26 ildir. 2006-cı ilin yanvar ayınadək olan müddət ərzində 25 il əmək stajı olan şəxslərə sosial müavinət deyil, yaşa görə əmək pensiyası verilməlidir. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Filiala ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Filialın xx.xx.2022-ci il tarixli, **********3 nömrəli imtina məktubuna əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmununa uyğun olaraq, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı yasa görə əmək pensiyası hüququnun yaranması üçün qanunla nəzərdə tutulan yaş həddinə 62 yaş 6 ayının tamam olduğu xx.xx.2022-ci il tarixdə çatmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq azı 25 il sığorta stajı olduqda. Lakin iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtlərdən heç birini ödəmir. Qeyd edilir ki, iddiaçının mübahisələndirilməyən sığorta stajı onun təqdim etdiyi ******* nömrəli əmək kitabçasının surətinə və Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2019-ci il tarixli C-454 nömrəli arxiv arayışına əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" ATSC-də işlədiyi müddətdir ki, ümumilikdə 20 il 11 ay təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2,1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Yuxarıda qeyd edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına müvafiq olaraq iddiaçı İddiaçı sözügedən müəssisədə işlədiyi dövrlər ərzində əmək haqqı aldığı aylar nəzərə alınmaqla onun ümumilikdə 20 il 11 ay sosial sığorta stajı vardır. İş materiallarına əlavə edilən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2019-cu il tarixli C-454 saylı arxiv arayışına əsasən Trikotaj ATSC-də xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.2000ci il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək, xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrlər üzrə ona əməkhaqqı hesablanmaması səbəbindən həmin dövrlərin sığorta stajına əlavə edilməsi mümkün olmamış və ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Əlavə olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Halbuki iddiaçının fərdi şəxsi hesabında xx.xx.2006-ci il tarixdən sonra pensiya kapitalı qeydə alınmamışdır. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə və qanunvericiliyin tələbləri baxımında İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* №-li, xx.xx.2011-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. - İddiaçıya məxsus xx.xx.1978-ci il tarixli, A №788039 diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildə C.Babayev adına 3 №-li orta texniki peşə məktəbinə daxil olmuş və xx.xx.1978-ci ildə bu məktəbin tam kursunu bitirmiş, əl ilə yığan mürəttib peşəsi və ümumi orta təhsil almışdır. İmtahan Komissiyasının qərarı ilə İddiaçı dördüncü dərəcəli əl ilə yığan mürəttib ixtisası verilmişdir (2 il 10 ay 20 gün). - İddiaçıya məxsus xx.xx.1979-cu il tarixli ИТ-İ seriyalı, ******* №-li əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildən xx.xx.2004-cü ilədək N.Nərmianov adıan Bakı Trikotaj İstehsalat Biriliyində və həmin birliyin bazasında yaradılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətində müxtəlif peşələrdə işləmişdir (26 il 19 gün). - Azərbaycan Respublikasını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci iltarixli, **********202200 №-li məktubdan görünür ki, dövlət reyestrində "xxxx" X5 Cəmiyyətinin dövlət qeydiyyatından keçməsi barədə məluat mövcud deyildir. - Azərbaycan Respublikasını İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********18 №-li məktubdan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 909 nömrəli sərəncamı ilə “Xalq üçün mallar” Dövlət Konserninin tabeliyində olmuş N.Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2003-cü il tarixində tam başa çatdırılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılan zaman müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən hazırlanmış sənədlərə əsasən bildirilir ki, İddiaçı adı əmək kollektivinin üzvü kimi səhmləri güzəştlə almaq hüququ olan şəxslərin siyahısına daxil edilmişdir. - Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 27 oktyabr 1997-ci il tarixli, 909 №-li sərəncamından görünür ki, ünvan 1 ünvanında yerləşən, N.Nərimanov adına Bakı Trikotaj Dövlət İstehsalat Birliyinin bazasında "xxxx" X5 cəmiyyəti yaradılmış, cəmiyyətin nizamnaməsi və özlləşdirmə planı (emissiya prospekti) təsdiq edilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, BA-03955-2022 №-li arxiv arayışından görünür ki, Trikotaj ATSC-nin natamam arxiv sənədlərinin şəxsi vərəqələrində vətəndaş İddiaçı xx.xx.1978-ci il tarixli, 128 saylı əmrlə xx.xx.1978-ci il tarixdən 2 saylı sexə sarıyıcı şagirdi vəzifəsinə işə qəbul olunması, xx.xx.2004-cü il tarixli, 38 saylı əmrlə xx.xx.2004-cü il tarixdən müəssisəsinin ləğvi ilə əlaqədar olaraq öz xahişi ilə işdən azad olunması, 1997, 1998-ci illər, 1999-cu ilin yanvar, may, dekabr ayları, 2000-ci ilin yanvar, may, iyul ayları və 2004-cü ilin may ayı üçün əmək haqqı cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. Dövlət Arxivinin Bakı filialında saxlanılan Trikotaj ATSC-nin natamam arxiv sənədlərinin 2001, 2002 və 2003-cü illərə dair əmək haqqı cədvəllərində İddiaçı əmək haqqı hesablanması barədə heç bir məlumat yoxdur. Trikotaj ATSC-nin əmr kitabları Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. - Filial tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********6 №-li məktuba əlavə edilmiş İddiaçı aid pensiya işinin təsdiq olunmuş surətindən görünür ki, Filialın xx.xx.2022-ci il tarixli, **********0 №-li qərarı ilə ona tələb edilən ümumi 25 il iş stajı (20 il, 11 ay, 13 gün stajı var) və pensiya kapitalı olmadığından yaşa görə pensiya təyin edilməsindən imtina edilmişdir. Müavinət alır. - Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********3 №-li məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 4 saylı Bakı “DOST” Mərkəzindən daxil olmuş ərizsinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda qadınların pensiya yaş həddi 62 yaş 6 ay müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyi xx.xx.1979-cu il tarixli MT-İ № ******* saylı əmək kitabçasına əsasən sığorta stajı 20 il 11 ay təşkil edir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildirilir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq ona xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Məhkəmə işdə iştirak edən şəxlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. “Andreyeva Latviyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. xx.xx.1956-cı ildə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “V” bəndinə əsasən ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyan dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 1044 saylı, 04 avqust 1956-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi” Qaydalarının 109-cu bəndinə təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. - 67-ci maddəsinin İİİ hissəsinin «Ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1975-ci ildən xx.xx.1978-cı ilədək C.Babayev adına 3 №-li orta texniki peşə məktəbində təhsil aldığı müddət, 2 il 10 ay 20 gün iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; - 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı – müvafiq olaraq fərdi hesabına sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; - 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir; - 6-1-ci maddəsinə əsasən Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır; Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. - 32.1.-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya 62 il 6 ay yaşa çatmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər. Cavabdehin inzibati orqan iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası iddiaçının əmək kitabçasına əsasən sığorta stajının 20 il 11 ay olmaqla tələb olunan müddətdən (25 ildən) az olması, həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması ilə əsaslandırmışdır. Göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının sığorta stajının əmək kitabçasına əsasən xx.xx.2004-cü il tarixinədək 20 il 11 ay təşkil etdiyini qəbul edir. Cavabdeh inzibati orqanın qəbul etmədiyi dövr iddiaçının Trikotaj ATSC-də xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.2000ci il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək, xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrlərdir ki, cavabdeh bunu həmin dövrlər üzrə iddiaçıya əməkhaqqı hesablanmaması səbəbi ilə əsaslandırır. Məhkəmə qeyd edir ki, "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə əsasən əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranır ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Göründüyü kimi qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edir. Əmək kitabçasındakı qeydlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən sosial sığorta stajı müəyyən edilə bilər. Hazırki işdə iddiaçının əmək kitabçasında əmək kitabçalarının doldurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Əmək kitabçasındakı qeydləri şübhə altına alan halların mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmiş, həmçinin cavabdeh tərəfindən bununla bağlı əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə icraatı zamanı eyni zamanda iddiaçının işlədiyi müəssisənin Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin xx.xx.1997-ci il tarixli, 909 №-li sərəncamı ilə yaradılması, yaradılan zaman orada işləyən şəxslərin siyahısında iddiaçının işləməsi barədə qeydin olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə cavabdeh inzibati orqanın iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək, xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan müddətin iddiaçının əmək haqqı ödənilməməsi səbəbindən iş stajına daxil edilməməsi barədə gətirdiyi dəlili əsaslı hesab etmir. Eləcə də oxşar tələblə bağlı işlər üzrə formalaşmış Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyindən görünür ki, iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.2004-cü il tarixinədək işləməsi onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, hazırda qüvvədə olan əmək qanunvericiliyində vətəndaşa pensiya təyin edilməsi üçün onun əmək haqqı cədvəllərinin əsas götürülməsi nəzərdə tutulmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı pensiya təyin edilməsi üçün sığorta stajını müəyyən edən diplomu, arxiv arayışı və əmək kitabçasındakı qeydlər qanunvericiliyin tələblərinə uyğun olduğundan İddiaçı xx.xx.2006-cı il tarixədək 25 ildən artıq, yəni 28 il 11 ay 9 gün ümumi iş stajı mövcuddur. Bundan başqa «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. - 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. - 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi hüquq normalarının tələblərinə müvafiq qiymət verərək hesab edir ki, İddiaçı 25 ildən artıq sığorta stajına malik olduğu halda ona 62 yaş 6 ayı tamam olduğu vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmamışdır. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı 62 yaş 6 ayı tamam olduğu vaxtdan, yəni 12 mart 2022-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı İddiaçı 62 yaş 6 ayı tamam olduğu dövrdən, yəni 12 mart 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-8680/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8680/2022
26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver