Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8681/2024 09.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçı SOCAR İddiaçı nümayəndəsi X4 iştirakı ilə, iddiaçı SOCAR İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı (bundan sonra mətndə “Azneft” İB) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra mətndə Qaradağ RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azneft” İB-nin neft və qaz əməliyyatlarının aparılması məqsədilə daimi istifadəsinə ayrılmış ünvan 1 ünvanında 39T 393794; ******* coğrafi koordinatlarda yerləşən sənaye təyinatlı torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi məqsədilə X6 ayrılması barədə Qaradağ RİH-nin xx.xx.2000-ci il tarixli, 100 saylı sərəncamın etibarsızlığının tanınması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Azneft” İB-nin neft və qaz əməliyyatlarının aparılması məqsədilə istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsinin, ünvan 1 ünvanında, 39T 393794; ******* coğrafi koordinatlarda yerləşən 0,06 ha-dan ibarət bir hissəsi Qaradağ RİH xx.xx.2000-ci il tarixli, 100 nömrəli sərəncamı ilə Məqsədli təyinatı nəzərə alınmadan fərdi yaşayış evinin tikilməsi məqsədilə vətəndaş X6 ayrılmışdır. Sözügedən torpaq sahəsində 3-cü şəxs tərəfindən tikinti işləri aparılır. Cavabdehin hüquqazidd hərəkətləri nəticəsində göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuş və SOCAR-ın “Azneft” İB-nin fəaliyyətinə ciddi maneələr yaranmışdır. Aşağıdakı hüquqi əsaslara görə Qaradağ RİH-nin xx.xx.2000-ci il tarixli, 100 nömrəli sərəncamı etibarsız sayılmalı və qanunsuz ayrılmış torpaq sahəsi geri qaytarılmalıdır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir ki, həmin ərazilərdə tikinti işlərinin aparılması qanunla qadağandır. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının 02.11,1999-cu il tarixli Qanuna və Nazirlər Kabinetinin 10 may 2001 -ci il tarixli 94 nömrəli qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Bu halda 3-cü şəxsə ayrılmış torpaq sahəsi sənaye təyinatlı torpaq sahələrinə aiddir və həmin torpaq sahələrinin təyinatı heç bir zaman dəyişdirilməmişdir. Bu ərazidə yaşamaq və ya hər hansı fəaliyyət növü ilə məşğul olmaq ilk növbədə həmin vətəndaşın özü üçün həyatı təhlükədir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun: 58.1 .-ci maddəsinə əsasən İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 65.1.2,-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsızdır; 65.2,-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3-cü maddəsinin tələbinə görə inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Göründüyü kimi, Qaradağ RİH-nin xx.xx.2000-ci il tarixli, 100 nömrəli “fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması barədə” qərarı üzərindən nə qədər müddət keçməsinə baxmayaraq qəbul edildiyi andan etibarsız hesab edilir. Qaldırılmış iddianın subsidarlığına gəlincə qeyd etməliyik ki, etibarsızlığın tanınması barədə iddia məcburetmə barədə iddialardan daha geniş mahiyyət kəsb edir. Burada subsidarlıq yalnız qəbul edildiyi andan etibarsız olan inzibati aktın nəticələrinin aradan qaldırılmasına aid ola bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə fayda, gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-cı maddəsinə əsasən “Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və daşınmaz əmlak özbaşına tikili sayılır.” 180.2-ci maddəsinə əsasən “özbaşına tikinti aparmış şəxs ona mülkiyyə hüququ əldə etmir”. Mübahisə predmeti olan Cavabdeh xx.xx.2000-ci il tarixli, 100 nömrəli sərəncamı hal-hazıra qədər “Azneft” İB-yə verilməmişdir və yalnız belə qərarın mövcudluğu “Azneft” İB tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 Saylı Bakı Ərazi İdarəsinə “Məlumatların təqdim edilməsi barədə” müraciətindən sonra məlum olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin xx.xx.2024-cü il tarixli Qərardadı ilə X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş cavabdeh Qaradağ RİH-nin xx.xx.2024-cü il tarixli, 5-13/2-665/2024 №-li iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Dövlət Neft Şirkətinin SOCAR İddiaçı cavabdeh Qaradağ RİH və 3-cü şəxs X5ma qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Qaradağ Rayon İcra Hakimiyətinin 09 fevral 2000-ci il tarixli 100 saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 600 kv. m. ərazisində fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X2 torpaq sahəsinin ayrılması barədə “sərəncamın etibarsız hesab edilməsi”ni xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanuna və Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 saylı qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Bu halda 3-cü şəxsə ayrılmış torpaq sahəsi sənaye təyinatlı torpaq sahələrinə aiddir və həmin torpaq sahələrinin təyinatı heç bir zaman dəyişdirilməmişdir. İddiaçı həmin mübahisəli torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşməklə bu torpaqların dövlətin müstəsna mülkiyətində olduğundan və birbaşa sənaye təyinatlı torpaqlar kateqoriyasına aid edildiyindən, eləcə də, Qaradağ RİH bu ərazi barədə hər hansı sərəncam vermək səlahiyyəti olmadığından, məhkəmədən həmin torpağın vətəndaş X5ma ayrılması barədə cavabdeh Qaradağ RİH sözügedən sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Qaradağ RİH iddiaçının iddia ərizəsində irəli sürülən iddia tələblərinə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir. Belə ki, Qaradağ RİH başçısının sözügedən Sərəncamı Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (xx.xx.1991-xx.xx.2001 müddətdə qüvvədə olmuş) 22-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə daxil edilmişdir. Göründüyü kimi, Qaradağ RİH başçısının xx.xx.2000-ci il tarixli 914 saylı sərəncamı ilə qanuna uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün iş üzrə üçüncü şəxs X5ma Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 600 kv.m fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respubliası Mülki Prosessual Məcəlləsinin 217.2 maddəsinin tələblərinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 yanvar 2012-ci il tarixli 9s saylı sərəncamı ilə ARDNŞ-nin İddiaçı Ə.Əmirov adma NQÇİ-nin istifadəsində olan torpaq sahəsinin 30,1 ha torpaq sahəsi sənaye təyinatlı torpaq sahəsinin kateqoriyasından yaşayış məntəqələri kateqoriyasına keçirilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 06 may 2013-cü il tarixində 213 saylı sərəncamı ilə həmin torpaq sahəsini ARDNŞ-nin təsisçiliyi ilə yaradılmış "xxxx" MTK-nın daimi istifadəsinə ayrılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların güvvəsi geriyə şamil edilmir. Həmçinin iddiaçı İlkin iddianı qaldırarkən inzibati orqana qarşı pretenziya qaydasında müraciət etməmişdir. Bu da İPM-nin müddəalarına ziddir. Belə ki, İPM-nin 1.1 maddəsinə əsasən İnzibati Prosessual Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasını və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Qeyd olunan qanunvericiliyin tələblərinə görə iddiaçı inzibati orqana rəsmi müraciət etməli və həmin orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina olunması yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu müəyyən edildiyi hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır və bu zaman məhkəmə sözügedən iddialarla bağlı inzibati mübahisəyə baxa bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan hər bir iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Bu baxımdan inzibati mühakimə icraatı qaydasında baxılan mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1) mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2) əlverişsiz inzibati akt olmalı; 3) iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4) iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5) qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. İşə birinci instansiya qaydasında baxan məhkəmə tərəfindən bu hala qiymət verilməlidir. Beləliklə də, iddiaçının Qaradağ RİH qarşı sərəncamın etibarsız hesab edilməsi barədə iddia irəli sürməsi əsassızdır, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və o, həmin halın mövcudluğunu əsaslandıra bilməmişdir. MPM-nin 77.1 maddəsinə əsasənhər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmçinin İPM-nin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunan iddia ərizəsinə münasibət bildirilməklə, iddia ərizəsinin əsassız olunmasını və Qaradağ RİH hüquq və vəzifələrini icra edərək qeyd edilən faktlara və hüquq normalarına əsaslanaraq iddiaçı “Azneft” İB-nin irəli sürdüyü iddia tələbləri əsassız olduğu üçün iddia tələbinin qeyri mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Üçüncü şəxs X1 iddia tələbinə dair yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, üçüncü şəxs isə məhkəmə iclasına gəlmədiyindən və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın mümkün sayılması və təmin olunmasını xahiş etdi. İşin halları: Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 31 may 2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Qaradağ RİH Başçısının “Cavabdeh sərəncamında dəyişiklik edilməsi haqqında” 100 №-li, xx.xx.2000-ci il tarixli sərəncamının surətindən müəyyən olunur ki, Qaradağ RİH Başçısının xx.xx.1998-ci il tarixli 492 saylı sərəncamına əsasən Lökbatan qəsəbə sakini İ.X.Məmmədovaya fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsindən ayrılmış 600 kv. metr torpaq sahəsinin etibarsız hesab edilməsi (Əsəs: vətəndaşın şəxsi ərizəsi), bu torpaq sahəsinin vətəndaş X6 ayrılması qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Azneft” İB-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, № **********36 saylı məktubda göstərilmişdir ki, ünvan 1 ünvanına dair arxiv əsaslarında həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ilkin qeydiyyatıa alınmasına əsas olmuş Qaradağ RİH-nin xx.xx.2000-ci il tarixli, 100 saylı sərəncamı əsasında ləğv edilmiş DTXK tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair X9 və onun ailə üzvlərinin adlarına hazırlanmış JN-28424H nömrəli, xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə” mövcuddur. Tətbiq edilən hüquq. Mübahisələndirilən sərəncamın qəbul edildiyi zaman qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (27 fevral 2001-ci il tarixli 96-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 03, maddə 149) ilə qüvvədən düşmüş hesab edilmişdir) 22-ci maddəsinin tələblərinə görə torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək daxildir (1-ci hissə). Həmin Məcəllənin 23-cü maddəsinə görə vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən; - yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılır (1.1) - Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin İ hissəsinə uyğun olaraq yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər (1.2). - Yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını və qanunlarını, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərman və sərəncamlarını, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tuturlar (1.3). - Yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qururlar (1.4). - Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin V hissəsinə uyğun olaraq yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd olmayan normativ xarakterli aktlar qəbul edə bilərlər (6.1). - Yerli icra hakimiyyəti orqanlarının normativ xarakterli aktları onlar tərəfindən qəbul edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Yerli icra hakimiyyəti orqanlarının normativ xarakterli aktları qərar formasında qəbul edilir (6.2). - Yerli icra hakimiyyəti orqanlarının normativ xarakterli aktları, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir (6.3). - Yerli icra hakimiyyəti orqanlarının qəbul etdikləri normativ xarakterli aktların icrası onun ərazisində yaşayan fiziki şəxslər və onun ərazisində yerləşən hüquqi şəxslər üçün məcburidir ( 6.4). - Yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir (6.8). İddianın növü, mümkünlüyü və buna dair məhkəmənin mövqeyi: “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanları inzibati orqanlar kimi müəyyən olunmuşlar. Həmin Qanunun 59.1-ci maddəsinə müvafiq olaraq yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. İPM-nin 2.2.5-ci maddəsinə əsasən, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Hazırki iddia ərizəsindən də göründüyü kimi, iddiaçı cavabdeh inzibati orqan Qaradağ RİH-yə qarşı sonuncu tərəfindən qəbul olunmuş inzibati aktın, yəni ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq (və ya həll etmək) məqsədilə qəbul edilmiş və ünvanlandığı fiziki şəxs (iş üzrə üçüncü şəxs) üçün müəyyən hüquqi nəticələr yaradan sərəncamın etibarsız hesab olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində müəyyən edilmişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır”. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən mümkünlük şərtlərinin yoxlanılması baxımından, ilk növbədə, iddianın növü ilə bağlı məsələyə aydınlıq gətirilməlidir. Hazırkı mübahisə üzrə iddia tələbi cavabdehin xx.xx.2000-cı il tarixli, 100 saylı sərəncamının (mübahisə predmeti olan əmlaka münasibətdə) etibarsız sayılmasına yönəlmişdir. Başqa sözlə, iddia inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi təqdim olunmuşdur. Bununla bağlı məhkəmə xüsusi olaraq qeyd edir ki, iddianın mübahisə edilən sərəncamın etibarsızlığının tanınması haqqında iddia kimi təqdim olunmasına baxmayaraq, əslində qaldırılan iddia iddiaçının hüquqi marağı, iddia tələbinin məzmunu və xarakteri baxımından mübahisələndirmə haqqında iddia növünə aiddir. Nəzərə alınmalıdır ki, etibarsız inzibati aktlar qəbul edildiyi andan yararsız, əhəmiyyətsiz olduğuna və bu baxımdan heç bir hüquqi nəticə yaratmadığına, yəni iddia predmeti mövcud olmadığına görə, inzibati aktların etibarsızlığının tanınması haqqında iddialar xüsusi rejimə və xüsusi mümkünlük şərtlərinə tabedir. Bununla belə, həmin inzibati aktın etibarsızlığının tanınmasında xüsusi hüquqi müdafiə marağının mövcud olduğu hallarda, şəxs tanınma haqqında iddia vasitəsi ilə məhkəmədən həmin inzibati aktın etibarsızlığının tanınmasını tələb edə bilər. Bu növ iddialara münasibətdə qanunverici tərəfindən konkret müddət məhdudiyyəti nəzərdə tutulmasa da, xüsusi mümkünlük şərtləri nəzərdə tutulur. Belə ki, İnzibati Prosessual Məcəllənin 36.3-cü maddəsinə görə, müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Həmin normanın təfsiri baxımından iddiaçı ən azından qısa müddət ərzində inzibati aktın etibarsızlığının tanınmasında maraqlı olmalı və müəyyən məqsəd güdməlidir (məsələn, inzibati aktın mövcudluğu görüntüsünün aradan qaldırılması, həmin aktın onun şəxsi və işgüzar nüfuzuna neqativ təsirinin istisna edilməsi və sairə). Başqa sözlə, iddiaçı etibarsızlığın tanınmasında xüsusi müəyyən etmə marağına malik olmalı və bunu qısa müddət ərzində reallaşdırmalıdır. Hazırkı mübahisəyə münasibətdə etibarsızlığın tanınması ilə bağlı yuxarıda qeyd edilən mümkünlük şərtləri (ən azından qısa müddət ərzində tanınma marağı) mövcud deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı iddianın inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi təqdim olunması, əslində müddətlə bağlı mümkünlük şərtindən və müddət məhdudiyyətindən yan qaçmaq cəhdi kimi qiymətləndirilməlidir. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə növündə iddiaların qaldırılması da iddia müddətinə bağlıdır və iddia müddətinin axımı inzibati aktın təqdim (elan) olunduğu vaxtdan başlayır. Həmin normaya görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırkı mübahisə üzrə mübahisələndirilən qərara münasibətdə nəzərə almaq lazımdır ki, maraqlı şəxs nəinki həmin dövrdə qüvvədə olan qanunvericiliyə, hətta yeni inzibati prosessual qanunvericiliyin qəbulundan sonra da, uzun müddət keçməsinə baxmayaraq, həmin qərarı mübahisələndirməmişdir. Belə ki, mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mübahisələndirdiyi Qaradağ RİH-nin 100saylı sərəncamı xx.xx.2000-ci il tarixdə qəbul edilmişdir. Mübahisələndirilən həmin inzibati aktdan iddiaçının əvvəldən məlumatlı olduğu iş üzrə materiallarla tam təsdiq olunur. Həmçinin iş materiallarında həmin akta qarşı iddiaçı tərəfindən hüquqi müdafiə vasitələrindən istifadə edildiyinə dair məlumat aşkar edilməmişdir. Bu baxımdan məlumatlı olduğu halda iddiaçı tərəfindən cavabdehin sərəncamının qəbul edildiyi tarixdən iyirmi üç il ərzində mübahisələndirilməməsi və iddianın mümkünlük şərti olan iddia müddətinin buraxılması onun məsuliyyət sferasına aid edilməlidir. “Qüvvədə olan inzibati prosessual qanunvericilikdə hazırkı iddianın, yəni inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın qaldırılması üçün hər hansı prosessual müddət müəyyən edilməsə də, qərar qəbul edilən zaman qüvvədə olmuş mülki prosessual qanunvericilikdə belə müddət nəzərdə tutulmuşdu. Bu zaman həm də nəzərə alınmalıdır ki, mübahisə olunan qərar İnzibati Prosessual Məcəllə və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməmişdən əvvəl, yəni 09 mart 1995-ci ildə qəbul edilmişdir. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı neqativ nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı SOCAR İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-8681/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8681/2024
09.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver