Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8681/2025 05.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MMMC) “qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqların tanınması və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən sənəd üzrə 62, faktiki 17 saylı qarajın üzərində mülkiyyət hüquqlarının qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə iş üzrə "xxxx" MMMC inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" MTK-nin payçılarının 27 dekabr 2006-cı il tarixdə keçirilmiş ümumi yığıncağının 53 saylı protokolundan çıxarışına əsasən "xxxx" MTK üzvlərinin 27 dekabr 2006-cı il tarixli ümumi yığıncağının qərarı ilə həmin MTK da qeyri-yaşayış sahəsi alanların siyahısına daxil edilmiş və pay haqqını tam ödəməklə Bakı şəhəri, Nərimanov rayonu İ.Dadaşov 48A ünvanında ümumi sahəsi 23 m2 olan 62 saylı yeraltı qarajın payçısı kimi tanınmışdır. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınması tələb etmək ixtiyarı Azərbaycan Respublikası Mülki Məcəllənin 157.1-ci maddəsində öz əksini tapmışdır. Buna görə də, aldığı yeraltı qaraja dair mülkiyyət hüquqlarının qeydə alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/H-0148- 8/2025, **********40 nömrəli cavab məktubu ilə daha əvvəl verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-24426/2024 nömrəli cavab məktubuna istinad edərək qeyri-yaşayış sahəsinə - qaraja mülkiyyət hüquqlarının qeydə alınmasından imtina edilmişdir. xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-24426/2024 nömrəli cavab məktubunda isə bildirilmişdir ki, təqdim edilmiş mərtəbəlilik planı MTK-nin möhürü ilə təsdiq edilməmişdir, bundan əlavə təqdim edilmiş sənədlərdə ona 62 saylı qaraj sahəsinin ayrılması qeyd edilsə də faktiki olaraq tərəfindən 17 saylı qaraj göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il Mənzil Məcəlləsində 109.5-ci maddəyə edilmiş dəyişiklərə əsasən çox mənzilli binaların idarə edilməsi MMMC-a havalə olunmuşdur. Bu dəyişikliklərə əsasən Nərimanov 13 MMMC-1 xx.xx.2019-cu ildə yaradılmış, bütün sənədlər Kənan MTK tərəfindən qaydaya salınaraq xx.xx.2020-ci il tarixində MMMC-yə təhvil verilmiş və ləğv edilmişdir. Sədr eyni sakin qalmışdır. Həmçinin müəyyən dəyişikliklər zamanı qeyri-yaşayış sahələrinin - qarajların sıralanmasında fərqlər yaranmışdır ki, bu fərqlərdən biri də mərtəbəlilik planında ona məxsus 62 saylı qarajın 17 saylı qaraj kimi qeyd edilməsidir. Bu ünvanda aldığı qarajın dəyərini tam şəkildə ödəmişdir. Həmin halı iş materiallarına əlavə edilmiş maliyyə arayışları da təsdiq edir.
4. Cavabdehin imtina məktubunda bildirilmişdir ki, təqdim edilmiş mərtəbəlilik planı Mənzil Tikinti Kooperativinin möhürü ilə təsdiq edilməmişdir. Bundan əlavə, təqdim edilmiş sənədlərdə sizə “62” saylı sahənin ayrılması qeyd edilsə də, faktiki olaraq tərəfinizdən “17” saylı qeyri-yaşayış sahəsi göstərilmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
5. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, təqdim edilmiş mərtəbəlilik planı Mənzil Tikinti Kooperativinin möhürü ilə təsdiq edilməmişdir. Bundan əlavə, təqdim edilmiş sənədlərdə iddiaçıya “62” saylı sahənin ayrılması qeyd edilsə də, faktiki olaraq “17” saylı qeyri-yaşayış sahəsi göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edilir.
6. Bakı şəhər İcra Hakimiyyəti Aparatının 14 may 2024-cü il tarixli arxiv arayışında əks olunan “Mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının protokolunun təsdiq edilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 532 nömrəli sərəncamdan çıxarışa əsasən: Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatı yanında Mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının xx.xx.2007-ci il tarixli, 10B №-li protokolu təsdiq edilsin. Protokol əlavə olunur. H.Abutalıbov PROTOKOL № 10B, xx.xx.2007-ci il 5.Protokolda düzəliş edilməsi barədə. "xxxx" MTK üzvü İddiaçı adına verilmiş 3”B” saylı xx.xx.2007-ci il tarixli protikolda düzəliş edilməsi barədə. Komissiya qərara aldı: Razılıq verilsin.
7. "xxxx" Mənzil Kooperativi payçılarının xx.xx.2006-cı il tarixdə keçirilmiş ümumi yığıncağının 53 saylı protokolundan çıxarışa əsasən vətəndaş İddiaçı İ.Dadaşov küçəsi, 48a №-li evin avtomobil dayanacağında zirzəmi hissədə 62 №-li, sahəsi 23 kv.m olan qeyri-yaşayış sahəsi verilmişdir. "xxxx" MTK üzvlərinin xx.xx.2006-cı il tarixli (protokol № 53) ümumi yığıncağının qərarı ilə həmin MTK-da qeyri-yaşayış sahəsi alanların siyahısına daxil edilmişdir. Pay haqqını tam ödəmişdir.
8. "xxxx" MTK-nın xx.xx.2007-ci il tarixli maliyyə arayışına əsasən ünvan 3 ünvanda yerləşən yaşayış binası "xxxx" MTK - sına məxsusdur. Bu binanın avtomobil dayanacağında sahəsi 23 kv.m olan 62 №-li qeyri - yaşayış sahəsinin dəyəri payçı tərəfindən tam ödənilmişdir, MTK -ya borcu yoxdur.
9. "xxxx" MMMC-nin 06 nömrəli xx.xx.2025-ci il tarixli arayışına əsasən ünvan 4 ünvanda yerləşən 62 saylı qaraj İddiaçı məxsusdur və hazırda onun istifadəsindədir.
10. "xxxx" MMMC-nin 19 nömrəli xx.xx.2025-ci il tarixli arayışına əsasən "xxxx" MTK tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə order almaq üçün təqdim edilmiş sənədlərdə ona məxsus ünvan 5 ünvandakı qaraj 62 saylı kimi göstərilmişdir. Lakin, sonradan ləğv olunmuş "xxxx" MTK-nın bazasında yaradılmış "xxxx" MMMC tərəfindən yenidən aparılmış nömrələmə zamanı həmin qaraj 17 saylı kimi göstərilmişdir və hazırda da, İddiaçı istifadəsindədir. Arayış Bakı İnzibati Məhkəməsinə təqdim edilmək üçün verilmişdir.
11. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə baxış aktında qeyd edilmişdir ki, sənəd üzrə ümumi sahəsi 23 kv.m, faktiki 23.6 kv.m olan qaraj yerləşmə mövqeyi təqdim edilmiş sənədlərə və razılaşdırılmış layihəyə uyğundur, qaraj kimi istifadə olunur. Təqdim edilmiş sənədlərə və layihəyə uyğun icra olundu. Layihədə qaraj nömrələnmə zamanı 17-ci qaraj kimi göstərilib.
12. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 11 aprel 2025-ci il tarixli 3-35/2-2110/2025 saylı məktubu ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli 350 saylı sərəncamı ilə tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktının təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir.
13. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünküyü
15. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
16. İddia tələbi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.
17. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
18. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
19. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
20. İşin hallarına əsasən, "xxxx" Mənzil Kooperativi payçılarının xx.xx.2006-cı il tarixdə keçirilmiş ümumi yığıncağının 53 saylı protokolundan çıxarışa əsasən vətəndaş İddiaçı İ.Dadaşov küçəsi, 48a №-li evin avtomobil dayanacağında zirzəmi hissədə 62 №-li, sahəsi 23 kv.m olan qeyri-yaşayış sahəsi verilmişdir. Qaraj sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir və qalıq borcu yoxdur. Sonradan "xxxx" MTK-nın bazasında yaradılmış "xxxx" MMMC tərəfindən qaraj sahələrinin nömrələrində düzəlişlər edilərək 17 qeyd olunmuşdur. İddiaçı həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir.
21. Cavabdehin əsas dəlilləri ondan ibarətdir ki, təqdim edilmiş mərtəbəlilik planı Mənzil Tikinti Kooperativinin möhürü ilə təsdiq edilməmişdir. Bundan əlavə, təqdim edilmiş sənədlərdə “62” saylı sahənin ayrılması qeyd edilsə də, “17” saylı qeyri-yaşayış sahəsi göstərilmişdir.
22. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, ünvan 4 ünvanın avtomobil dayanacağında yerləşən 1 ədəd maşın üçün dayanacaq yeri (qarajı) iddiaçının istifadəsində və sahibliyindədir. Belə ki, sözügedən qaraj iddiaçıya qanuni əsaslarla verilmiş, dəyəri tərəfinən tam şəkildə ödənilərək borcu qalmamışdır. Həmçinin mənziltikinti kooperativinin üzvlərinin ümumi iclasının protokolundan çıxarışına əsasən iddiaçı MTK-nın ünvan 4 ünvanda yerləşən 62 saylı maşın üçün dayanacaq yerinin - qarajların payçısı olmuşdur.
23. Cavabdehin imtina məktubunda və iddiaya dair etirazında göstərilən – imtina üçün əsas olmuş dəlilləri məhkəmə əsassız hesab edir. Belə ki, "xxxx" MMMC-nin 19 nömrəli xx.xx.2025-ci il tarixli arayışına əsasən müəyyən olunur ki, "xxxx" MTK sonradan ləğv olunmuş və onun bazasında "xxxx" MMMC yaradılmışdır. Odur ki, mərtəbəlilik planının MTK yerinə yaradılan "xxxx" MMMC-nin möhürü ilə təsdiq edilməsi imtina üçün əsas ola bilməz. Eyni zamanda, sonuncu tərəfindən yenidən aparılmış nömrələmə zamanı iddiaçıya ayrılan qaraj 17 saylı kimi göstərilmişdir və tərtib edilən mərtəbələlik planında 17 nömrəli qarajın faktiki sahəsi ilə sənəd üzrə verilən sahə (23 kv.m) uyğunluq təşkil edir.
24. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh orqan təqdim etdiyi müayinə aktında iddia edilən qarajın layihəyə uyğun olduğu, qaraj kimi istifədə olunduğunu və layihədə qaraj nömrələnmə zamanı 17-ci qaraj kimi göstərildiyini bir daha təsdiq edir.
25. Göründüyü kimi, ləğv edilmiş "xxxx" Mənzil Kooperativi tərəfindən qeyri-yaşayış sahəsi iddiaçıya dərəri tam şəkildə ödənilməklə satılmış, iddiaçı qeyd edilən qarajların payçısı hesab olunmuşdur. MTK-nın bazasında yaradılmış "xxxx" MMMC tərəfindən iddiaçıya verilən qarajın nömrəsi yenidən aparılmış nömrələmə zamanı 17 saylı kimi göstərilmişdir.
26. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.
28. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.
29. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli 350 saylı sərəncamı ilə tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktının surətindən görünür ki, ünvan 4 ünvanda yeraltı qaraj və sağlamlıq mərkəzinin istismarına icazə verilmişdir. Obyektin tikintisi 1999-cu ildə bağlanılmış, 2002-ci ildə başa çatdırılmışdır.
30. Məhkəmə göstərilənlərə məcmu şəkildə qiymət verərək qeyd edir ki, iddiaçı qeyri-yaşayış sahəsini "xxxx" MTK-dan əvəzini ödəməklə almış, onun həmin qeyri-yaşayış sahəsinə görə borcu yoxdur, qeyri-yaşayış sahəsinin yerləşdiyi bina istismara qəbul edilmiş və müvafiq dövlət orqanları tərəfindən yeraltı qarajın və sağlamlıq mərkəzinin istismarına razılıq verilmişdir.
31. Məhkəmə, cavabdeh inzibati orqanın imtina üçün istinad etdiyi halları əsassız hesab edərək həmin halları hüquqların dövlət qeydiyyatından imtina üçün əsas hesab etmir. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilərək göstərilmişdir. Həmin maddəyə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
32. Sadalanan əsaslardan hər hansı birinin olması barədə cavabdeh tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir. İş materialları ilə də hər hansı halın mövcud olduğu müəyyən edilməmişdir. Cavabdeh inzibati orqan iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin və dəlillərin hüquqların dövlət qeydiyyatı üçün əsas olmadığını sübut edə bilməmişdir. Qanunvericiliyin tələbi baxımından həmin sənədlər hüquqların qeydiyyatı üçün əsasdır.
33. Göründüyü kimi, cavabdeh inzibati orqan hüquqların dövlət qeydiyyatından imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.
34. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
35. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
37. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
38. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
39. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən sənəd üzrə 62, faktiki 17 saylı qarajın üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva