Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8684/2025 08.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, onun işlədiyi illər nəzərə alındıqda onun iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. İddiaçının fəaliyyət göstərdiyi vəzifələr isə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim edilmiş və bildirilmişdir ki Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” ümumi peşələr bölməsində 23200000—1753b kod üzrə məhz azbest-sement və azbestselitdən olan məmulatların mexaniki emalı ilə daim məşğul olan fəhlələr peşəsi nəzərdə tutulmuşdur. ASC-nin arayışında köməkçi fəhlə, aqreqatın maşinisti, çilingər sazlayıcı peşələri göstərilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, iş stajına dair məlumatlar əmək kitabçası əsasında yazılmış, işlədiyi peşələrin güzəştli iş stajına dair peşələrə aid olması barədə müəssisədə hər hansı sənəd mövcud olmamışdır. Buna dair birgə akt tərtib edilmişdir. Göstərilən səbəbdən güzəştli iş stajı iddiaçıda mövcud deyildir. Cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx xxxxxx 1964-cü il tarixdə anadan olmuşdur. Hərbi biletindən görünür ki, xx.xx.1983-xx.xx.1985-ci il tarixlərdə hərbi xidmətdə olmuşdur. Arxiv arayışı və diplomdan görünür ki, 1982-ci il tarixdə yerli sənaye texnoloji texnikumuna daxil olmuş, hərbi xidmətə yollanmış, təhsilini xidmətdən sonra davam etdirmiş və 1987-ci il tarixdə texnik-texnoloq ixtisası üzrə diplom almışdır. Əmək kitabçasından görünür ki, iddiaçı 26 aprel 1988-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. Bakı Şifer və Keramika” ASC-nin 05 aprel 2025-ci il tarixli arayışında qeyd edilir ki, iddiaçı 13 iyul 1989-cu il tarixdən köməkçi fəhlə, köməkçi maşinist, çilingər sazlayıcı peşələri üzrə əmək fəaliyyətini həyata keçirmişdir. İddiaçı işlədiyi müddət ərzində asbest sement və asbest selitdən olan məlumatların exaniki emalı ilə daim məşğul olmuşdur. Ümumi iş stajı 18 il 3 ay, güzəştli iş stajı 17 il 2 ay 21 gün təşkil edir. İmtina məktubu onunla əsaslandırılır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” ümumi peşələr bölməsində 23200000—1753b kod üzrə məhz azbest-sement və azbestselitdən olan məmulatların mexaniki emalı ilə daim məşğul olan fəhlələr peşəsi nəzərdə tutulmuşdur. ASC-nin arayışında köməkçi fəhlə, aqreqatın maşinisti, çilingər sazlayıcı peşələri göstərilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, iş stajına dair məlumatlar əmək kitabçası əsasında yazılmış, işlədiyi peşələrin güzəştli iş stajına dair peşələrə aid olması barədə müəssisədə hər hansı sənəd mövcud olmamışdır. Buna dair birgə akt tərtib edilmişdir. Göstərilən səbəbdən güzəştli iş stajı iddiaçıda mövcud deyildir. 02 aprel 2025-ci il tarixli sorğudan görünür ki, İddiaçı (Sədail) Mirzağa oğlunun əmək fəaliyyətini həyata keçirdiyi arayışda adıçəkilən bütün peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda və ya “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş peşələr ilə eyniyyət təşkil edib-etməməsi, ümumiyyətlə həmin vəzifələr fərqlidirsə həmin vəzifələr arasında fərqli və oxşar cəhətlər ilə bağlı, eləcə də ümumilikdə iddiaçının faktiki işlədiyi əmək funksiyalarının nədən ibarət olması barədə məlumatın, eləcə iddiaçının əmək fəaliyyətinə dair əmr və digər aidiyyəti sənədlərin surətinin, ümumiyətlə iddiaçının işlədiyi peşələr köməkçi fəhlə, örtük təbəqə formalaşdıran aqreqatın maşinisti, çilingər sazlayıcı, dalğalandırıcı və yığıcı aqreqatın bərkimə konveyerinin təmiri üzrə çilingər-sazlayıcı olduğu təqdirdə Güzəştli iş stajına dair siyahıda göstərilən kodlarda əksini tapmış azbest-sement və azbestselitdən olan məmulatların mexaniki emalı ilə daim məşğul olan fəhlələr peşəsi ilə hansı əlaqəsinin olması, ümumiyyətlə iddiaçının işlədiyi və azbest-sement və azbestselitdən olan məmulatların mexaniki emalı ilə daim məşğul olan fəhlə peşəsinin əmək funksiyalarının oxşar və fərqli cəhətləri, eynidirsə fərqli adlarda ifadə edilməsinin səbəbləri, eyni deyildirsə göstərilən peşə və vəzilər üzrə əmək funksiyaları barədə məlumat və sənədlərin təqdim edilməsi tələb edilmişdir. Həmin sorğuya cavab xarakterli 29 may 2025-ci il tarixli məktubda qeyd edilir ki, arayışda göstərilmiş fəhlə peşəsi ayrıca fəhlə peşəsi yox, xüsusi zərərlə və xüsusi ağır olan işlərə aiddir. İddiaçı həqiqətən də işlədiyi dövrdə asbest-sement məmulatlarının mexaniki emailı daim məşğul olmuşdur. İddiaçının ümumi iş stajı 18 il 3 ay, güzəştli iş stajı 17 il 2 ay 21 gündür Aktda qeyd edilir ki, ASC tərəfindən verilmiş arayışda olan məlumatlar şəxsin əmək kitabçası əsasında tərtib edilmişdir. Hüquqi ünvan dəyişdiyi üçün vaxti ilə həmin müəssisə çalışmış işçilərə dair sənədlər digər müəssisənin inzbiati binasında saxlanıldığından İddiaçı aid sənədləri tapmaq mümkün olmadı. 17 mart 2025-ci il tarixli ASC-nin arayışından görünür ki, iddiaçının işlədiyi illər üzrə əmək haqqı məbləğləri göstərilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi. İddia tələbinin mahiyyəti ilə bağlı məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün bir əsas gətirmişdir:
1. Güzəştli iş stajının az olması.
Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin güzəştli iş stajının az olması səbəbindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməlidir. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılmasını aşağıda göstərilən normalar əsasında həyata keçirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçının 60 yaşını tamamladığı vaxt nəzərə alınmaqla yuxarıda adıçəkilən Qanunun 9.1-ci maddəsinin məhz hazırki redaksiyası iddiaçıya münasibətdə tətbiq olunur. Məhkəmə diqqətə çatdırır ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır: a)İddiaçının 60 yaşına çatması; b)İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; c)İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması Hazırki işin faktiki hallarından görünür ki, iddiaçının yaş və ümumi staj ilə bağlı şərtlərin ödənilməsi işin mübahisələndirilməyən hallarına aiddir. İş materiallarından da görünür ki, iddiaçı 60 yaşına çatmışdır və 1982-ci il tarixdən hərbi xidmət və oxuduğu illər və 26 aprel 1988-ci il tarixdən 60 yaşına çatdığı dövrə qədər əmək fəaliyyəti nəzərə alınmaqla 25 il ümumi stajı mövcuddur ki, həmin hallar cavabdeh tərəfindən mübahisələndirilmir. Tərəflər arasında mübahisə açan məsələ, iddiaçının güzəştli iş stajının az olması ilə bağlıdır. Məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsinə münasibət bildirir. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər Beləliklə, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə pensiya təyinindən imtinanın əsasında duran güzəştli iş stajının mövcudluğu ilə əlaqədar mübahisənin həlli baxımından güzəştli iş stajına dair arayışın mövcudluğu zəruridir ki, iş materiallarından da göründüyü kimi məhkəməyə və inzibati orqana həmin arayış təqdim edilmişdir. Lakin, cavabdeh tərəf həmin arayışda qeyd edilən məlumatların mötəbərliyini qəbul etməmiş, iddiaçının güzəştli iş stajının mövcud olmaması barədə mövqe nümayiş etdirmişdir. Məhkəmə araşdırması zamanı isə güzəştli iş stajına dair arayışda qeyd edilənlərə münasibətdə əlavə araşdırmanın aparılması zəruri hesab edilmiş, müvafiq sorğu ilə müraciət edilərək İddiaçı (Sədail) Mirzağa oğlunun əmək fəaliyyətini həyata keçirdiyi arayışda adıçəkilən bütün peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda və ya “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş peşələr ilə eyniyyət təşkil edib-etməməsi, ümumiyyətlə həmin vəzifələr fərqlidirsə həmin vəzifələr arasında fərqli və oxşar cəhətlər ilə bağlı, eləcə də ümumilikdə iddiaçının faktiki işlədiyi əmək funksiyalarının nədən ibarət olması barədə məlumatın, eləcə iddiaçının əmək fəaliyyətinə dair əmr və digər aidiyyəti sənədlərin surətinin, ümumiyətlə iddiaçının işlədiyi peşələr köməkçi fəhlə, örtük təbəqə formalaşdıran aqreqatın maşinisti, çilingər sazlayıcı, dalğalandırıcı və yığıcı aqreqatın bərkimə konveyerinin təmiri üzrə çilingər-sazlayıcı olduğu təqdirdə Güzəştli iş stajına dair siyahıda göstərilən kodlarda əksini tapmış azbestsement və azbestselitdən olan məmulatların mexaniki emalı ilə daim məşğul olan fəhlələr peşəsi ilə hansı əlaqəsinin olması, ümumiyyətlə iddiaçının işlədiyi və azbest-sement və azbestselitdən olan məmulatların mexaniki emalı ilə daim məşğul olan fəhlə peşəsinin əmək funksiyalarının oxşar və fərqli cəhətləri, eynidirsə fərqli adlarda ifadə edilməsinin səbəbləri, eyni deyildirsə göstərilən peşə və vəzilər üzrə əmək funksiyaları barədə məlumat və sənədlərin təqdim edilməsi tələb edilmişdir. Sorğuya cavab məktubu ilə iddiaçının zərərli peşədə üzrə fəaliyyətini həyata keçirdiyi müəssisə 29 may 2025-ci il tarixli məktubda qeyd etmişdir ki, arayışda göstərilmiş fəhlə peşəsi ayrıca fəhlə peşəsi yox, xüsusi zərərlə və xüsusi ağır olan işlərə aiddir. İddiaçı həqiqətən də işlədiyi dövrdə asbest-sement məmulatlarının mexaniki emailı daim məşğul olmuşdur. İddiaçının hüzəştli iş stajı 17 il 2 ay 21 gündür. Belə olduğu halda məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, iddiaçının güzəşli iş stajı 12 il 06 aydan çox təşkil etdiyi müəyyən edir. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, cavabdehin istinad etdiyi 27 fevral 2025ci il tarixli aktda iddianın təminini istisna edə bilməz. Belə ki, aktda işlədiyi dövrə aid məlumatlarla bağlı əmək kitabçasına istinad edilmişdir ki, əmək kitabçasına istinad edilməsi nə qədərki, əmək kitabçasının mötəbərliyi istisna edilmir, həmin istinadı qanunsuz etmir. Digər tərəfdən həmin aktın özündə də qeyd edilir ki, işçilərə dair məlumatlar digər müəssisənin inzibati binasında saxlanıldığından ona dair sənədlər təqdim edilə bilməmişdir. Göründüyü kimi ASC iddiaçının həmin müəssisədə işləmədiyini qeyd etmir, ona aid sənədlərin tapılmaması onun məsuliyyət sferasına aid edilə bilməz. İddiaçının əmək fəaliyyətinin zərərli olub-olmamasının müəyyən edilməsi üçün ASCyə iddiaçıya aid bütün arxiv sənədlərinin tapılması zərurəti də müəyyən edilməməkdədir. Belə ki, həm məhkəməyə, həm də cavabdehə ünvanlanmış arayışda konkret olaraq iddiaçının əmək fəaliyyətinin xüsusiyyətləri, Siyahıda olduğu kimi asbest-sement məmulatlarının mexaniki emailı daim məşğul olması konkret olaraq qeyd edilmişdir ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Qaydalarda məhz şəxsin işlədiyi müəssisənin həmin arayışı verməli olması göstərilmişdir. Bu o deməkdir ki, şəxsin müəssisədə hansı işlə məşğul olmasını zərərli işin həyata keçirmiş olduğu müəssisə verə bilər ki, adıçəkilən müəssisə də göstərilən növ arayışı vermişdir ki, arayışın mötəbərliyi barədə hər hansı əsas hal-hazırda müəyyən edilmədiyindən, güzətşli şərtlərlə iddiaçıya pensiya təyinatından imtina qanuni və əsaslı hesab edilə bilməz. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşdan, yəni 13 noyabr 2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov