Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8685/2023 25.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “mənzil növbəsinin bərpa edilməsi, iddiaçının mənzillə təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək mərhum atası X3 adına olan mənzil növbəsinin bərpa edilməsi və iddiaçının mənzillə təmin edilməsi vəzifəsinin (öhdəliyi) cavabdeh "xxxx" QSC-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X5 uzun müddət "xxxx" QSC Keşlə stansiyasında manevr dispetçeri vəzifəsində işləmiş və 23 fevral 1991ci il tarixdə yaşayış sahəsi almaq üçün uçota dayanmışdır. İddiaçı 23 fevral 2011-ci il tarixdə “Azərbaycan Dəmiryolları QSC” Keşlə stansiyasında təcrübəçi-vaqonlara nömrə yazılması üzrə operator vəzifəsinə qəbul olunmuş və həmin vaxtdan indiyə kimi həmin müəssisədə çalışır. 06 dekabr 2011-ci il tarixdə iddiaçının atası vəfat etmişdir. Mərhumun vəfatından sonra onun adı mənzil növbəsi siyahısından çıxarılmışdır. Halbuki, həmin vaxt qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin 34-cü maddəsinin tələbinə əsasən vəfat etmiş vətəndaşın həmin müəssisədə çalışan ailə üzvü kimi mərhumun əvəzinə iddiaçı mənzil növbəsinə daxil edilməli idi. İddiaçı növbənin bərpa edilməsi və yeni yaşayış sahəsi ilə təmin olunması üçün cavabdehə müraciət etməsinə baxmayaraq, ərizəsinə cavab verilməmişdir. İddiaçı atasının mənzil növbəsinə götürüldüyü vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin 34-cü maddəsinə istinad edərək mülkiyyətə olan “qanuni gözlənti” hüququnun pozulduğunu hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra işin mümkünlük məsələsinin müzakirə edilməsi üçün hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Cavabdeh "xxxx" QSC iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, hal-hazırda da qüvvədə olan Azərbaycan SSR Nazirlər Sovetinin 418 nömrəli, 14 oktyabr 1983-cü il tarixli Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi qaydalarının təsdiq edilməsi haqqında qərarına əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bir qayda olaraq, yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsində uçota götürülürlər. Yəni, vətəndaş yalnız yaşayış yerində uçota götürülür. İddiaçının atası X5 Bakı şəhərində mənzil uçotuna götürülmüşdür. İddiaçının atası vəfat etdikdən sonra atasının yerinə mənzil uçotuna götürülməsi üçün İddiaçı də Bakı şəhərində yaşamalı və Bakıda pasport qeydiyyatında olmalı idi. Lakin, iş materiallarında olan AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən məlum olur ki, İddiaçı yaşayış yeri Tovuz rayonu, Hacallı kəndidir, yəni həmin ünvanda pasport qeydiyyatındadır. Həmçinin Azərbaycan SSR Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetlərinin icraiyyə komitələrinə icazə verilir ki, əgər mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həmin yaşayış məntəqəsinin müəssisələrində, idarələrində, təşkilatlarında azı üç il, Bakı şəhərində isə azı beş il işləyir, lakin başqa yaşayış məntəqələrində yaşayır və pasport qeydiyyatındadırlarsa, onları istisna qaydasında, müəssisə, idarə, təşkilat müdiriyyətinin və müvafiq həmkarlar ittifaqı respublika komitəsinin birgə xahişi ilə yaşayış yerindən kənarda uçota götürsünlər. Yəni, istisna halda yaşayış yerindən kənarda uçota götürülmək üçün iki tələb vardır: vətəndaş həmin yaşayış məntəqəsinin müəssisələrində, idarələrində, təşkilatlarında azı üç il, Bakı şəhərində isə azı beş il işləməlidir. Lakin iş materiallarında olan ******* saylı əmək kitabçasının surətinə əsasən məlum olur ki, İddiaçı xx.xx.2011-ci ildə "xxxx" QSC Keşlə stansiyasında işə qəbul olunmuşdur, yəni atası vəfat edərkən (xx.xx.2011-ci il) işlədiyi müddət 10 ay təşkil etmişdir. Yuxarıda göstərilən iki tələbin heç birinə uyğun olmamışdır. Bundan əlavə, vətəndaşlar iş yerində müəssisə, idarə, təşkilat müdiriyyətinə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülmək haqqında ərizə verirlər. İş yerində uçota götürülmək haqqında vətəndaşların ərizələrinə və mənzil-məişət komissiyasının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi ərizənin daxil olduğu gündən bir ay müddətində baxır və birgə qərar çıxarırlar. Lakin atası vəfat etdikdən və mənzil uçotundan çıxarıldıqdan sonra (yəni, xx.xx.2012-ci il tarixdə) İddiaçı uçota götürülmə ilə bağlı ərizə ilə iş yerinə müraciət etməmişdir. Bu müraciət özünün iddia ərizəsində qeyd etdiyi kimi həmin tarixdən 11 il sonra, yəni xx.xx.2023-cü il tarixdə olmuşdur. Həmçinin, bunu da nəzərə almaq lazımdır ki, İddiaçı yuxarıdakı tələblərə cavab verərək mənzil uçotuna götürülsə belə xx.xx.2013-xx.xx.2016-cı il tarixlərdə "xxxx" QSC-nin Keşlə stansiyasında əmək müqaviləsinə xitam verildiyi üçün qanunvericiliyin tələbinə əsasən uçotdan çıxarılmalı idi. Belə ki, yuxarıda qeyd edilən qərarın 19-cu maddəsinin “v” bəndinə əsasən iş yerində uçotda olan vətəndaş, seçkili vəzifəyə keçmək və ya qocalığa, əlilliyə görə pensiyaya çıxmaq hallarından başqa, müəssisə, idarə, təşkilat ilə əmək müqaviləsini pozduqda uçotdan çıxarılırlar. Yuxarıda da qeyd edildiyi kimi X3 vəfatından sonra mənzil uçotundan çıxarılması, həmçinin, İddiaçı atasının əvəzinə mənzil uçotuna götürülməməsi tam qanuni və əsaslı olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili verdiyi izahatında iddianı müdafiə edərək bildirdi ki, analoji mübahisə ilə bağlı məhkəmə qərarı vardır, ona görə hesab edirlər ki, işə inzibati məhkəmə icraatı qaydasında baxılmalı və mahiyyəti üzrə qərar qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi verdiyi izahatında iddianın mümkünlük məsələsinə qiymət verilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin nümayəndələrini dinləyib, iş materiallarını araşdırararq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt– inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. İstinad olunan Qərarda qeyd edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. X2 11-ci bəndində göstərilmişdir ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12.). Məhkəmə yuxarıda göstərilən normalara istinadən qeyd edir ki, inzibati hüquq mübahisələrinin əsas subyekti qismində inzibati (publik funksiyaları həyata keçirən) orqan çıxış edir. İnzibati prosessual qaydada baxılan mübahisənin tərəflərindən biri mütləq qaydada inzibati orqandır. İddia ərizəsindən və iddiaçı tərəfin məhkəmə iclasındakı izahatından məlum olur ki, tələb "xxxx" QSC Keşlə stansiyasında manevr dispetçeri vəzifəsində işləmiş və xx.xx.1991-ci il tarixdə yaşayış sahəsi almaq üçün mənzil uçotuna dayanmış atasının vəfatından sonra onun adına qeydə alınmış mənzil növbəsinin bərpa edilməsi və iddiaçının mənzillə təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını öhdəliyi ilə bağlıdır. İnzibati orqanların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda konkret olaraq göstərilmişdir. Hazırkı iddia ərizəsindən görünür ki, iş üzrə cavabdeh "xxxx" QSC həmin təsnifatda inzibati orqan kimi nəzərdə tutulmamışdır. Eyni zamanda vurğulanmalıdır ki, iddianın predmeti mənzil növbəsinin iddiaçının adına keçirilməsi ilə əlaqədardır və bu tələb cavabdeh qurumun publik fəaliyyətindən irəli gələn mübahisə ilə bağlı olmadığından inzibati mübahisə deyildir. Belə ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir (“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarının 5.1-ci bəndi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsindən görünür ki, Cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikası iqtisadiyyatının, fiziki və hüquqi şəxslərin dəmir yolu ilə daşımalara və dəmir yolu sahəsində digər xidmətlərə olan tələbatının təmin edilməsindən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsindən və təkmilləşdirilməsindən, dəmir yollarında hərəkətin idarə edilməsinin təmin olunmasından, dəmir yolu nəqliyyat vasitələri parkının, maddi-texniki bazasının müasirləşdirilməsindən və səmərəli istifadə olunmasından və bu sahədə kadr hazırlığının aparılmasından ibarətdir. Hazırkı tələb üzrə iddiaçının məqsədi iş yeri üzrə mənzil uçotuna götürülmüş və 2011-ci il tarixdə vəfat etmiş mərhum atasının mənzil növbəsinin bərpa edilməsi, həmin müəssisədə çalışan ailə üzvü kimi mərhumun əvəzinə özünün mənzil növbəsinə daxil edilməsi və yeni yaşayış sahəsi ilə təmin olunmasından ibarətdir. Məhkəmə bununla bağlı qeyd edir ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş əvvəlki Mənzil Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Həmin Məcəllənin vətəndaşların mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda qalmaq hüququnun saxlanması adlanan 34-cü maddəsinin 2-ci abzasında göstərilirdi ki, uçotda olan vətəndaş öldükdə və ya başqa daimi yaşayış yerinə getdikdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilməsi üçün əsaslar aradan qalxmamışsa, ailə üzvlərindən biri onun yerinə uçota götürülür; həm də iş yerində ehtiyacı olanların uçotuna ailə üzvü yalnız o halda götürülür ki, o həmin müəssisədə, idarədə, təşkilatda işləsin, uçotda olan vətəndaş istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində öldükdə isə ailə üzvü həmin müəssisədə, idarədə, təşkilatda işləməsindən asılı olmayaraq uçota götürülür. Uçotda olan ailə dolandıranını itirmiş, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan ailələr onları mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab etmək üçün əsaslar aradan qalxmamışsa, uçotdan çıxarıla bilməzlər. xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir (48.1). Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir (48.2.). Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü bəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur Həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydası “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Bildirilməlidir ki, əvvəlki mənzil qanunverciliyi iş yerində mənzil uçotuna alınmış şəxs öldükdə müəyyən şərtlər daxilində ailə üzvlərindən birinin onun yerinə uçota götürülməsi imkanı nəzərdə tutsa da, mərhum Elman Rzayevin vəfat etdiyi 2011-ci il tarixdə qüvvədə olan Mənzil Məcəlləsi yalnız yaşayış sahəsinə uçota alınmış əlilliyi olan şəxs öldüyü halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması imkanını müəyyənləşdirmişdir. Həmçinin vurğulanmalıdır ki, hazırkı mənzil qanunvericiliyində yaşayış sahəsinə ehtiyacı olan şəxslərin iş yerlərində mənzil uçotuna götürülməsi nəzərdə tutulmamışdır. Göründüyü kimi, hazırkı qanunvericilik yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmanı həyata keçirən orqanları, habelə yaşayış sahəsi uçotunun saxlanılması halını dəqiq təsbit etmişdir. Bu baxımdan, göstərilənləri indiki iddiaya tətbiq edərək məhkəmə belə hesab edir ki, mübahisəyə mahiyyəti üzrə baxılası olsaydı belə, hazırkı tələbin cavabdeh tərəfindən icra edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmayacaqdı. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7.) Məhkəmə iddiaçının hüquqi marağını nəzərdə saxlayaraq qeyd edir ki, iddiaçı qüvvədə olan mənzil qanunvericiliyinin tələblərinə müvafiq olaraq yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota götürülməsi üçün aidiyyəti qaydada müraciət etmək hüququndan istifadə edə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmənin bu qənaətə gəlir ki, cavabdeh inzibati orqan olmadığından, tərəflər arasındakı mübahisə publik hüquq münasibətlərindən irəli gəlmədiyindən və qüvvədə olan mənzil qanunvericiliyində cavabdehin mənzil uçotuna almaq, dəyişmək və yaşayış sahəsi ilə təmin etmək səlahiyyəti nəzərdə tutulmadığından iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-8685/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8685/2023
25.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver