Məhkəmə qərarları › İş №2-1(112)-8688/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8688/2021

01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8688/2021 01.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək haqqına uyğun olaraq əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, xx.xx.1961-ci il təvəllüdlüdür. Əmək fəaliyyətinə doğma kəndində başlayıb və sonradan Ukrayna Respublikasının Nikoleyev şəhərində zavodda işləmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun nəzdində olan H.Zərdabi adına X6ndə 01 noyabr 2000-ci il tarixdən 03 aprel 2017-ci il tarixədək mühəndis vəzifəsində işləmişdir. 01 yanvar 2002-ci il tarixdən 03 aprel 2017-ci il tarixədək xüsusilə kimyəvi zərərli preparatlardan (mərgümüş, dixloretan, xloroform, üzvü turşu, dioksan, fenol, ammonium xlorit və s.) istifadə edərək işləmişdir. Zərərli işlərdə işlədiyinə görə iş yerindən qanunvericiliyə müvafiq olaraq 16 % əməkhaqqına artım, əlavə məzuniyyət və qısaldılmış iş günü kimi güzəştlər almışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh tərəfindən ona ünvanlanmış 16 iyun 2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən aslı olamayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfındəntəsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Mərhəzi Filiala təqdim etdiyi sənədlərdə ona dair qeyd olunan 01.11.2000-03.04.2017-ci il tarixləri arasındakı dövr ərzində olan “H.Zərdabi adına X6” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa grə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vzifələrin və göstəricilərin siyahısı”nın kimya istehsalatı bölməsinə (8) aid deyil. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdeh onun güzəştli iş stajının olmadığını qeyd etsə də, Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu tərəfindən verilmiş 101 nömrəli, 05 aprel 2021-ci il tarixli elmi-texniki arayışda göstərilən iş stajlarını düzgün hesablamamışdır. 14 il 4 ay 3 gün əmək şəraiti zərərli olan işlərdə işləmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 10.08.2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş etirazda göstərilmişdir ki, iddia tam əsassızdır və qanunazidd olduğu üçün rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericilikdə güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün üç şərt müəyyənləşmişdir: yaş, staj və pensiya kapitalı. İddiaçı isə güzəştli iş stajı ilə əlaqədar müəyyən olunmuş tələbə cavab vermir. Belə ki, iddiaçının 01.11.2000- 03.04.2017-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi Azərbaycan Milli Elmlər Akademiyası “Geologiya və Gezofızika İnstitutu”nun nəzdində olan “H.Zərdabi adına X6” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtləri hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın kimya istehsalatı bölməsinə aid deyil. Bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur. Cavabdeh inzibati orqan qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 məhkəmə iclasında verdyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq və iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; - iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1961-ci ildə Ermənistan Ararat rayonunda doğulmuş İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. - 12 noyabr 1979-cu il tarixdə verilmiş NZ seriyalı ******* saylı hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı 12.11.1979-02.11.1981-cı illərdə hərbi xidmətdə olmuşdur. - MT seriyalı 575549 №-li 24.06.1988-ci il tarixli diplomun notarial qaydada təsdiq və tərcümə edilmiş diplomun surətindən müəyyən olunur ki, o 1985-ci ildə Nikolayev inşaat texnikumuna daxil olmuşdur və 1988-ci ildə qeyd edilən texnikumun inşaat maşın və avadanlıqları ixtisası üzrə tam kursu bitirmişdir. - notarial qaydada təsdiq və tərcümə edilmiş ПT-İ seriyalı ******* nömrəli 15.05.1984-cü il tarixli Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı 01.09.1982-ci ildə Xəlisə kəndi satış xidmətinə dərzi vəzifəsinə qəbul edilmiş, 01.06.1984cü ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. 02.07.1984-cü ildə X4 50 illiyi adına “Dormaşına” Nikolayev zavodunun təmir sexinə qazan təmiri üzrə 4-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmişdir. 28.11.1985-ci ildə əsaslı təmir şöbəsinə 3-cü dərəcəli bənna keçirilmişdir. 01.09.1988-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. 03.10.1988-ci ildə X4 50 illiyi adına “Dormaşına” Nikolayev zavodunun əsaslı təmir şöbəsinə 3-cü dərəcəli bənna vəzifəsinə qəbul edilmişdir. 22.05.1989-cu ildə nəqliyyat hissəsinə 5-ci dərəcəli mexanizator vəzifəsinə qəbul edilmişdir. 02.01.1990-cı ildə öz xahişi ilə işdən azad edilmişdir. 08.01.1990-cı ildə Azərbaycan Sənaye-Ticarət Evi istehsal sexinə 4-cü dərəcəli təmirçi-çilingər vəzifəsinə işə qəbul edilmişdir. 25.11.1991-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. 11.12.1991-ci ildə İstehsal sexinə 4-cü dərəcəli təmirçi-çilingər vəzifəsinə işə qəbul edilmişdir. 25.10.1993-cü ildə öz xahişi ilə işdən azad edilmişdir. 02.11.1993-cü ildə Azərbaycan Respublikası “Borçalı” k/m tikinti sexinə 5-ci dərəcəli usta qəbul edilmişdir. 05.07.1999-cu ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. 16.07.1999-cu ildə Elmlər Akademiyasının mənzil-tikinti kooperativinə komendant vəzifəsinə işə qəbul edilmişdir. 01.11.2000-ci ildə əmək müqaviləsi ləğv edilmişdir. 01.11.2000-ci ildə AMEA X2 Tarixi muzeyinə mühəndis vəzifəsinə işə qəbul edilmişdir. 03.04.2017-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. 07.04.2017-ci il tarixdə AMEA Təbiət tarixi müzeyində X6nə “Bərpa” şöbəsinin müdiri vəzifəsinə qəbul edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika institutu tərəfindən verilmiş 101 №li və 150 №-li elmi-texniki arayışında göstərilmişdir ki, İddiaçı 01.11.2000-ci il tarixdən 03.04.2017-ci il tarixədək AMEA Geologiya və Geofizika institutunun nəzdində olan H.Zərdabi adına X6ndə mühəndis vəzifəsində işləyib. İddiaçı mütəmadi olaraq muzey eksponatlarına qulluq edib. Bu zaman o, kimyəvi zərərli preparatlardan (mərgümüş, dixloretan, xloroform, üzvü turşu, dioksan, fenol, ammonium xlorit və s.) geniş istifadə edib. İddiaçı 01.01.2002-ci il tarixdən 03.04.2017-ci il tərixədək xüsusi zərərli şəraitdə işlədiyinə görə aylıq əmək haqqına 16% artım, əlavə məzuniyyət və qısaldılmış iş günü kimi imtiyazlar verilmişdir. Odur ki, İddiaçı mütəmadi olaraq xüsusi zərərli şəraitdə işləməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarının 8.1 bəndinə uyğun olaraq güzəştli təqaüd almaq hüququna malikdir (tam iş günü sadalanan istehsalatlarda və işlərdə olan kimya müəssisələrinin və neft-kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləei). İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 16 iyun 2021-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Müraciətçi tərəfindən filiala təqdim edilən sənədlərdə ona dair qeyd olunan 01.11.2000-03.04.2017-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi Azərbaycan Milli Elmlər Akademiyası “Geologiya və Geofizika İnstitutu”nun nəzdində olan “H.Zərdabi adına X6” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın kimya istehsalatı bölməsinə (8) aid deyil. Bu səbəbdən onun güzəştli iş stajı yoxdur. Qeyd olunanlar nəzərə alınmaqla müraciətçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı 60 yaşınadək mövcud olmalıdır. İddiaçının mübahisəli əmək fəaliyyəti illəri nəzərə alınmaqla, bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş: - Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır. - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “Ümumi iş stajı” anlayışı ilə bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2.3-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddət sığortaolunanın sığorta stajına daxil edilir. İddiaçının 60 yaşına çatması və 25 il ümumi iş stajının olması işin mübahisəsiz hallarına aiddir. Belə ki, onun 60 yaşı tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının olması onun əmək kitabçası ilə təsdiq olunur və iddiaçının qanunla tələb olunan ümumi iş stajını tam olaraq toplaması cavabdeh tərəfindən mübahisələndirilmir. İddiaçının fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olması işin mübahisə doğurmayan hallarıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuş və buna əsas kimi sonuncunun işlədiyi peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısına aid olmadığı qeyd edilmişdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün müvafiq güzəştli iş stajı ilə bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışlar (“Güzəştli arayış”)da qeyd olunmuş məlumatlar əsas götürülməlidir. Məhkəmə araşdırması zamanı iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasında qeyd olunan peşələr əmək şəraiti zərərli olan işlərə aid edilməmişdir. Belə ki, iddiaçının 01.11.2000-03.04.2017-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi Azərbaycan Milli Elmlər Akademiyası “Geologiya və Geofizika İnstitutu”nun nəzdində olan “H.Zərdabi adına X6” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın kimya istehsalatı bölməsinə (8) aid deyil. Bu isə o, deməkdir ki, iddiaçıya əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmir. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar