Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-869/2022 14.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Qusar Rayon Mərkəzi Xəstəxanası) “əlilliyin bərpa edilməsi və s.” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Qusar Rayon Mərkəzi Xəstəxanası) “əlilliyin bərpa edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Qusar Rayon Mərkəzi Xəstəxanası) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyimin səbəbinin dəyişdirilməsi haqqında xx.xx.2021-ci il tarixli müraciətinin cavablandırılmamasında ifadə olunan cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və əlilliyinin səbəbinin “hərbi xidmət dövrü ilə əlaqədar” ifadəsindən “hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar” ifadəsinə dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı AR Silahlı Qüvvələrində əsgər kimi müddətli həqiqi hərbi xidmət keçərkən 2001-ci ildə xidməti vəzifələrinin icrası zamanı travma almış, aldığı travma nəticəsində sağlamlığını itirmiş və ona 2002-ci ildə 22 saylı TSEK tərəfindən 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. Əlilliyinin səbəbi “Hərbi xidmət dövrü ilə əlaqədar” ifadəsi ilə göstərilmişdir. Belə ki, əlilliyinin səbəbi üçün əsas olan AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2002-ci il tarixli qərarında hərbi xidmətdə olarkən aldığı travmanın səbəb əlaqəsi "Travma hərbi xidmət dövründə alınmışdır” ifadəsi ilə göstərilmişdir. Lakin hesab edir ki, aldığı travmanın səbəb əlaqəsi “Travma hərbi xidmət dövründə alınmışdır" ifadəsi ilə yox, “Hərbi travmadır, hərbi xidmət vəzifələrinin icrası zamanı alınmışdır” ifadəsi ilə göstərilməlidir, çünki o, həmin travmanı xidməti vəzifələrini yerinə yetirərkən almışdır. O, hərbi xidmət vəzifələrinin icrası zamanı aldığı travmanın səbəb əlaqəsinin AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən müəyyən edilmiş ifadə forması ilə razı olmadığına görə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-2753/2019 saylı qərarı ilə 2001-ci ildə AR Silahlı Qüvvələrində hərbi xidmət dövrü aldığı travmanın səbəb əlaqəsini göstərən "Travma hərbi xidmət dövründə alınmışdır" ifadəsinin "Hərbi travmadır, hərbi xidmət vəzifələrinin icrası zamanı alınmışdır" ifadəsi ilə əvəz olunması vəzifəsi AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə olundu. AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası məhkəmənin qərarının icra edərək özünün 688 №-li, xx.xx.2019-cu il tarixli qərarı ilə AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalının Hərbi Həkim Komissiyası tərəfindən verilmiş travmanın səbəb əlaqəsi haqqında əvvəlki-xx.xx.2002-ci il tarixli qərarı ləğv etmiş, hərbi xidmət dövrü aldığı travmanın səbəb əlaqəsini "Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" ifadəsilə göstərmişdir. 2001-ci ildə aldığım travmanın səbəb əlaqəsinin dəyişdirilməsi mənə ömürlük təyin olunmuş 2-ci dərəcəli əlilliyimin səbəbinin “hərbi xidmət dövrü ilə əlaqədar” ifadəsindən “hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar” ifadəsinə dəyişdirilməsi üçün əsas verirdi. Məlumdur ki, hərbi qulluqçulara təyin olunmuş əlilliyin Komissiyasının verdiyi müvafiq qərar əsasında müəyyən olunur. İddiaçı, AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 688 №-li, xx.xx.2019-cu il tarixli qərarını 6 dəfə Qusar rayon Mərkəzi Xəstəxanasına təqdim edərək əlilliyinin səbəbinin dəyişdirilməsi üçün müvafiq Tibb Sosial Ekspert Komissiyasına müvafiq göndərişin göndərilməsini xahiş etmişdir. Lakin hər dəfə TSEK ona imtina cavabı vermişdir. (xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və 17.1 1.2020-ci il tarixlərdə) İmtina cavabları isə dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması, əlillik dərəcəsi və səbəbi təyin etmək üçün diaqnozun dəqiqləşdirilməməsi ilə əsaslandırılmışdır. İmtina cavabından belə görsənir ki, Qusar Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsləri rəsmi göndərişin necə tam doldurulması qaydasını bilmirlər. Əslində isə səbəb başqadır-TSEK əlilliyinin səbəbini dəyişmək istəmir. İddiaçı xx.xx.2021-ci il tarixdə əlilliyinin səbəbinin dəyişdirilməsində süründürməçiliyə yol verən TSEK-nın vəzifəli şəxslərinin məsuliyyətə cəlb olunması və əlilliyinin səbəbinin dəyişdirilməsi üçün göstəriş verilməsi xahişi ilə AR Əmək və ƏSMN- yə, Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyinə və Qusar rayon X4 Hüquqi Şəxsinə müraciət etmişdir. Lakin müraciəti bu günə qədər cavabsız və nəticəsiz qalmışdır. İddiaçının “İddiaçı təyin edilmiş əlilliyinin ləğv edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətləri qanunsuz sayılaraq, iddiaçıya verilmiş əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması, həmçinin əlilliyinin səbəbinin "hərbi xidmət dövrü ilə əlaqədar" əvəzinə “hərbi xidmət vəzifəsinin icrası ilə əlaqədar” kimi dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə olunması” barədə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyəti Qusar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli 0248003AAGA5 saylı göndərişi əsasında baxılmış, “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y85-Y89 - Xəstələnmənin və ölümün xarici səbəblərinin təsirinin nəticələri => Y89 - Digər xarici səbəblərin nəticələri => Y89.0 - Qanunda nəzər...; Diaqnozun mətni: Qanunda nəzərdə tutulmuş hərəkətlərin nəticələri, Hərbi xidməti yerinə yetirərkən aldığı travma: "Sağ bud sümüyünün orta 1/3 -nin qapalı, qəlpəli travmadan sonra İlizarov apparatı ilə osteosintezdən sonrakı vəziyyəti"; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Köməkçi diaqnostik müayinə ağırlaşmaları təsdiq etmir, osteomielitin mərhələsi dəqiqləşdirilməyib” səbəbi ilə imtina verilmişdir. Həmin xəstəxananın xx.xx.2019-cu il tarixli 0248003AAGGJ saylı göndərişi əsasında baxılmış, “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y85-Y89 - Xəstələnmənin və ölümün xarici səbəblərinin təsirinin nəticələri => Y89 - Digər xarici səbəblərin nəticələri => Y89.0 - Qanunda nəzər...; Diaqnozun mətni: Sağ bud sümüyünün orta 1/3 -nin qapalı, qəlpəli travmadan sonra İlizarov apparatı ilə osteosintezdən sonrakı vəziyyəti. Hərəki istinad funksiyasının mühüm dərəcədə pozulması. Sağ bud sümüyünün xroniki tez-tez residivləşən osteomieliti., Sağ bud çanaq və diz oynaqlarının artroz artritı. Sağ bud çanaq və diz oynaqlarının müştərək kontrakturaları; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi:Göndərişin natamam doldurulması-Səbəb: Travmanın ağırlaşmaları dəqiqləşdirilməyib” səbəbi ilə imtina verilmişdir. Sözügedən xəstəxananın xx.xx.2020-ci il tarixli 0248003AAGQN saylı göndərişi əsasında baxılmış, “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y85-Y89 - Xəstələnmənin və ölümün xarici səbəblərinin təsirinin nəticələri => Y89 - Digər xarici səbəblərin nəticələri => Y89.0 - Qanunda nəzər...; Diaqnozun mətni: Qanunda nəzərdə tutulmuş hərəkətlərin nəticələri, Hərbi xidməti yerinə yetirərkən aldığı travma : "Sağ bud sümüyünün orta 1/3 -nin qapalı, qəlpəli travmadan sonra İlizarov apparatı ilə osteosintezdən sonrakı xx.xx.2001 - xroniki, tez-tez kəskinləşən, sekvestrləşən osteomiyelit. Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, Hərəki istinad funksiyasının mühüm dərəcədə pozulması.Digər xroniki osteomielit, Sağ bud sümüyünün xroniki tez-tez residivləşən osteomieliti.Bud sümüyünün qısalması, Sağ aşağı ətrafın 55 mm nisbi qısalığı.Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Sağ aşağı ətrafın yumşaq toxumalarının hipotrofıyası. İkincili çox saylı artroz, Sağ bud çanaq və diz oynaqlarının artroz artritı. Oynaqların kontrakturası, Sağ bud çanaq və diz oynaqlarının müştərək kontrakturaları. Nevrasteniya, Asteno nevtrotik sindrom; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Əlillik dərəcəsi və səbəbi təyin etmək üçün diaqnoz dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir. xx.xx.2020-ci il tarixli 0248003AAGZ4 saylı göndərişi əsasında baxılmış, “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y85-Y89 - Xəstələnmənin və ölümün xarici səbəblərinin təsirinin nəticələri => Y89 - Digər xarici səbəblərin nəticələri => Y89.0 - Qanunda nəzər...; Diaqnozun mətni: Qanunda nəzərdə tutulmuş hərəkətlərin nəticələri, Hərbi xidməti yerinə yetirərkən aldığı travma : "Sağ bud sümüyünün orta 1/3 -nin qapalı, qəlpəli travmadan sonra İlizarov apparatı ilə osteosintezdən sonrakı deformasiya; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Rentgen müayinəsi dolğun yazılmayıb.Əlillik dərəcəsini təyin etməyə əsas verən xəstəliyin ağırlaşması müayinələrlə dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir. Xəstəxananın 27.11,2020-ci il tarixli 0248003AAG44 saylı göndərişi əsasında baxılmış, “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y85-Y89 - Xəstələnmənin və ölümün xarici səbəblərinin təsirinin nəticələri => Y89 - Digər xarici səbəblərin nəticələri => Y89.0 - Qanunda nəzər...; Diaqnozun mətni: Y89.0 Qanunda nəzərdə tutulmuş hərəkətlərin nəticələri, Hərbi xidməti yerinə yetirərkən aldığı travma : "Sağ bud sümüyünün orta 1/3 -nin qapalı, qəlpəli travmadan sonra İlizarov apparatı ilə osteosintezdən sonrakı deformasiya. Ağırlaşma R26.2 Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, Hərəki istinad funksiyasının pozulması ilə. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sağ bud çanaq və diz oynaqlarının müştərək kontrakturaları. Ağırlaşma M15.3 İkincili çox saylı artroz, Sağ bud çanaq və diz oynaqlarının artroz artriti. Ağırlaşma Q72.4 Bud sümüyünün qısalması, Sağ aşağı ətrafın 2 sm nisbi qısalığı. Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Sağ aşağı ətrafın yumşaq toxumalarının hipotrofiyası. Yanaşı xəstəliklər F48.0 Nevrasteniya, Asteno nevtrotik sindrom; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməmişdir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası’’nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlar;na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Yəni, iddiaçı sözügedən aidiyyəti sənədləri təqdim edərək xəstəliyi olarsa dövlət tibb müəssisəsi tərəfindən sənədləri düzgün doldurduğu təqdirdə və müvafiq qanunvericiliyin tələblərinə cavab verdiyi halda ona uyğun əlillik dərəcəsi verilə bilər. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə xx.xx.2022-ci il tarixli məktub ünvanlayaraq məhkəmə iclasını nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş ertmişdirlər. Üçüncü şəxs tərəfindən iddiaya dair yazılı münasibət təqdim edilmişdir. İddiaya dair yazılı münasibətdə bildirilmişdir ki, vətəndaş İddiaçı (AZE ********) əlillik dərəcəsini müəyyən etmək üçün göndəriş №0248003AAGA5 xx.xx.2019; göndəriş №0248003AAGGJ xx.xx.2019; göndəriş №0248003AAGQN xx.xx.2020; göndəriş №0248003AAGZ4 xx.xx.2020; göndəriş №0248003AAG14 xx.xx.2020 ci il tarixlərdə “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının qərarı ilə göndəriş rəsmiləşdirilmişdir. Lakin hər dəfə Tibbi Sosial Ekspert komissiyası tərəfindən vətəndaşa imtina cavabı verilmişdir. (İmtina cavabı: Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkim rəyi: Xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməmişdir), hər dəfə müxtəlif rəylər qeyd olunurdu. Vətəndaşa əlillik dərəcəsinin müəyyən edilməsi üçün xəstəxana tərəfindən yalnız elektron göndəriş (TQS088) rəsmiləşdirilə bilər, ona əlillik dərəcəsinin verilməsi, təsdiq etmək Tibbi Sosial Ekspert komissiyasının səlahiyətindədir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - iddiaçının cavabdeh inzibati orqana müraciət etməsini təsdiq edən poçt göndərişinin qəbzi. - 22 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının SER-TSE-01 350332 nömrəli Arayışının surəti. - Mərkəzi Hərbi Həkim Komissiyasının 688 nömrəli xx.xx.2019-cu il tarixli qərarın surəti. - Dövlət Sosial Müdafiə Fondunun Qusar rayon Xidmət Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli məktubu. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş əlillik altsistemindən çıxarış. - məhkəmənin sorğusuna cavab olaraq üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli məktublar və ona əlavə edilmiş sənədlər. - məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktub. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5”nin ekspert rəyi.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmişdir və iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 22 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının SER-TSE-01 350332 nömrəli Arayışının surətindən görünür ki, İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Qusar rayon Xidmət Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdən İİ qrup əlil olaraq ömürlük 254.85 manat pensiya ödənilir. İş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2753/2019 saylı xx.xx.2019-cu il tarixli qərarına əsasən İddiaçı iddiası təmin edilərək, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2002-ci il tarixli 197 saylı “Xəstəlik haqqındaa şəhadətnamə”də İddiaçı aldığı travmanın səbəb əlaqəsi dəyişdirilərək, “Hərbi travmadır, hərbi xidməti vəzifələrini yerinə yetirərkən almışdır kimi yazılması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 2417 nömrəli xx.xx.2019-cu il tarixli məktubuna əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2753/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı xx.xx.2019-cu il tarixdə icra edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 688 nömrəli xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir: “Qusar RHK tərəfindən 2000-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə hərbi xidmət vəzifələrini yerinə yetirərkən xx.xx.2001-ci ildə aldığı və xx.xx.2002ci ildə MN Mərkəzi Hərbi Klinik Hospitalın cərrahiyyə profilli hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətıəndirilmə zamanı təyin edilmiş travmanın nəticəsi-diaqnoz: “Sağ bud sümüyünün orta 1/3-nin qapalı, qəlpəli sınığına (xx.xx.2001) görə aparılmış Q.A.İlizarov üsulu ilə ocaqdankənar osteosintezi cərrahiyyə əməliyyatından (xx.xx.2001) sonrakı bərkimiş sümük döyənəyi, sağ diz oynağının açıq kontrakturası, sağ aşağı ətrafın funksiyasının mülayim dərəcədə pozulması" (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinin xx.xx.2019-cu il tarixli 818 nömrəli göndərişi, xx.xx.2019-cu il tarixli 135 nömrəli arayışı, MN Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş xx.xx.2002-ci il tarixli 197 nömrəli xəstəlik haqqında şənadətnamənin surəti, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)- 2753 nömrəli qərarı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” MN Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş travmanın hərbi xidmətlə səbəb əlaqəsi haqqında xx.xx.2002-ci il tarixli qərarı ləğv edilir. ƏSAS: -1. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-2753 nömrəli qərarı; - 2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin c) yarımbəndi.” İş materiallarından görünür ki, İddiaçı təyin edilmiş əlilliyin səbəbinin dəyişdirilməsi üçün göndəriş №0248003AAGA5 xx.xx.2019; göndəriş №0248003AAGGJ xx.xx.2019; göndəriş №0248003AAGQN xx.xx.2020; göndəriş №0248003AAGZ4 xx.xx.2020; göndəriş №0248003AAG14 xx.xx.2020-ci il tarixlərdə “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının qərarı ilə göndəriş rəsmiləşdirilsə də, Tibbi Sosial Ekspert komissiyası tərəfindən həmin Göndərişlər əsasında imtina cavabı verilmişdir. İş materiallarından görünür ki, İddiaçı qeyd edilən imtinaları nəzərə alaraq əlilliyinin səbəbinin “hərbi xidmət dövrü ilə əlaqədar” ifadəsindən “hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar” ifadəsinə dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin, iş materiallarından görünür ki, hazırkı iş məhkəmənin icraatında olduğu müddətdə cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik dərəcəsi ləğv edilmiş və Əlillik altsistemində ləğv edilmişdir. Belə ki, hazırkı iş xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olsa da, cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik 2021-ci ilin noyabr ayında ləğv edilmişdir. İddiaçı məhkəmə icraatının gedişində əlilliyin bərpa edilməsi ilə bağlı cavabdehə müraciət etsə də ona hər hansı cavab verilməmişdir. İş materiallarından görünür ki, iddiaçı ona təyin edilmiş əlilliyin ləğv edilməsini nəzərə alaraq iddia tələbini dəqiləşdirmiş və məhkəmədən “İddiaçı təyin edilmiş əlilliyinin ləğv edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətləri qanunsuz sayılaraq, iddiaçıya verilmiş əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması, həmçinin əlilliyinin səbəbinin "hərbi xidmət dövrü ilə əlaqədar" əvəzinə “hərbi xidmət vəzifəsinin icrası ilə əlaqədar” kimi dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə olunması”nı xahiş etmişdir. Məhkəmə “İddiaçı təyin edilmiş əlilliyinin ləğv edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətləri qanunsuz sayılaraq, iddiaçıya verilmiş əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçının İİ dərəcəli əlilliyinin əlillik altsistemində etibarsız hesab edilməsinə dair hər hansı bir rəsmi qərar iş materiallarında mövcud olmamış, məhkəmə araşdırmaları zamanı da həmin qərar məhkəməyə təqdim edilməmişdır. “İnzibati icraat haqqında” Qanunun 21, 24, 25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Cavabdeh orqan isə həmin normaların tələbinə əməl etməyərək inzibati icraatın başlanması barədə qərar qəbul etməmiş, inzibati icraat barədə tərəflərə məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmiş, yalnız Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin məlumatına istinad etməklə iddiaçının əlilliyini etibarsız hesab etmişdir. Beləliklə, formal (məcburi) tələblər təmin olunmamışdır. Həmçinin, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən əlil olmadığı müəyyən edildiyi halda, onun əlil olmaması ilə bağlı inzibati akt qəbul edə bilərdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2022-ci ildə Agentlikdə nəzarət qaydasında komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı “Sağ bud sümüyünün orta 1/3-nin İlizarov aparatı ilə osteosintezdən sonrakı deformasiyası, hərəki istinad funksiyasının pozulması ilə. Sağ bud-çanaq və diz oynaqlarının müştərək kontrakturaları, Bud-çanaq və diz oynaqlarının artroz artriti” diaqnozu – anamnestic məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Göründüyü kimi, iddiaçıya təyin edilmiş əlillik 2021-ci ilin noyabr ayında ləğv edilsə də, iddiaçı yalnız xx.xx.2022-ci ildə Agentlikdə nəzarət qaydasında komissiyada əyani müayinə olunmuşdur. Beləliklə, iddiaçı əyani müayinəyə cəlb edilmədən cavabdeh iddiaçının əlilliyini Əlilliyin Qiymətləndirilməsi altsistemində etibarsız hesab etmişdir (ləğv etmişdir). Bununla da, cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan Əlillik altsistemində iddiaçıya aid qiymətləndirməni etibarsız hesab etmişdir. İddiaçının hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlilliyinin müəyyən edilməsi barədə cavabdehin qəbul etdiyi inzibati akt əlilliyin altsistemdə etibarsız hesab edildiyi vaxt qüvvədə olmuşdur. Cavabdeh həmin inzibati aktın hüquqi qüvvəsinin olmaması və ya etibarsız sayılması ilə bağlı məhkəmələrə dəlil təqdim etməmişdir. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Cavabdeh 04 may 2017-ci il tarixli inzibati aktın qanunsuz sayılması barədə “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarına uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyindən həmin inzibati akt (04 may 2017-ci il tarixli) ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”:
1. Ümumi müddəalar 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bənd. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçının İİ dərəcəli əlilliyinin əlillik altsistemində etibarsız hesab edilməsinə dair hər hansı bir rəsmi qərar qərarın qəbul edildiyi iş materiallarına əsasən müəyyən edilməmiş və işin məhkəmə araşdırmaları zamanı da məhkəməyə təqdim edilməmişdır. Bundan başqa, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona əlilliyin təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) . Odur ki, iddia tələbi qeyd edilən hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin “əlilliyinin səbəbinin "hərbi xidmət dövrü ilə əlaqədar" əvəzinə “hərbi xidmət vəzifəsinin icrası ilə əlaqədar” kimi dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə olunması” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçının aldığı travmanın «HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR» kimi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 688 nömrəli xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq olunması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 1.1-ci bəndinə əsaəsn bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci yarımbəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Həmin Qaydanın 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Həmin Qaydanın 3.1.1-ci bəndinə əsasən əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda əlillik səbəbi Xidmət tərəfindən dəyişdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”nin 3.1.2-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən Nazirlər Kabinetinin müvafiq qərarında nəzərdə tutulmuş qaydada inzibati icaatın tam və hərtərəfli olaraq aparılmadığı müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı X3 aldığı travmanın «HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR» kimi Mərkəzi Hərbi Həkim Komissiyasının 826 nömrəli xx.xx.2008-ci il tarixli Qərarı ilə təsdiq olunması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmçinin əvvəllər təyin edilmiş əlilliyin səbəb-əlaqəsinin dəyişdirilməsinə heç bir əsas olmadığından iddia tələbi qeyd edilən hissədə də əsaslıdır və təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərardad məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (maddə 68.1). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır (maddə 68.2). Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı təyin edilmiş əlilliyinin ləğv edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətləri qanunsuz sayılaraq, iddiaçıya verilmiş əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması, həmçinin əlilliyinin səbəbinin "hərbi xidmət dövrü ilə əlaqədar" əvəzinə “hərbi xidmət vəzifəsinin icrası ilə əlaqədar” kimi dəyişdirilməsi vəzifəsi cavabdehə həvalə olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı təyin edilmiş əlilliyinin ləğv edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətləri qanunsuz sayılaraq, iddiaçıya verilmiş əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması, həmçinin əlilliyinin səbəbinin "hərbi xidmət dövrü ilə əlaqədar" əvəzinə “hərbi xidmət vəzifəsinin icrası ilə əlaqədar” kimi dəyişdirilməsi vəzifəsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə olunsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev