Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8693/2022 01.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “informasiya sorğusuna cavab verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin 20 aprel 2022-ci il tarixli informasiya sorğusuna cavab verməkdən imtina etməsinin qanunsuz hesab edilməsi və onun üzərinə informasiya sorğusuna cavab verilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının 20 aprel 2022-ci ildə göndərdiyi sorğu iki hissədən ibarətdir: Dövlət Təhlükəsizlik Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının hüquqi statusu hansı sənədlə tənzimlənir? Təsdiq halında həmin sənədin surəti cavaba əlavə edilməklə ətraflı məlumat verilməsi. Cavabdeh qurum sorğunun 1-ci hissəsinə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsi, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu və “Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin qərarına istinad edərək cavablamışdır. Lakin qeyd olunan bu sənədlər DTX-nın Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının hüquqi statusu ilə bağlı konkret məlumat vermir. Sorğunun ikinci hissəsinə isə cavabdeh qurum tərəfindən cavab verilməyib. Sorğuya hər hansı bir sənəd əlavə edilməyib və ətraflı məlumat verilməyib. Yalnız Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi aktların vahid elektron bazasına (e-qanun.az) göndərmə verilib. Uzun illərdir ki, DTX-nın (daha əvvəl isə sabiq Milli Təhlükəsizlik Nazirliyinin) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının mövcudluğunun qanunauyğunluğu haqda Azərbaycan cəmiyyətində və beynəlxalq insan haqları təşkilatlarında müzakirələr gedir. Bu müzakirələrdə əsas arqumentlər aşağıdakılardır: Əvvəla, yerli qanunvericilikdə - “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun 4-cü maddəsində həbs yerlərinin təsnifatı dəqiq müəyyən edilib. Həmin təsnifatda cavabdeh qurumun nəzdində olan həbs yeri kimi qarışıq həbs yeri forması müvəqqəti saxlama yeri və istintaq təcridxanası nəzərdə tutulmayıb. Başqa sözlə, cavabdeh qurumun nəzdindəki həbs yeri özünün formasına görə qanunda nəzərdə tutulmuş təsnifata uyğun gəlmir. İkincisi, ölkədə həbs yerlərinin əhəmiyyətli hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə tabe olduğu halda, DTX-nın Müvəqqəti saxlama yeri və istintaq təcridxanası sözgedən Komitəyə tabedir. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında” Əsasnamənin 8.11-ci bəndinə əsasən penitensiar müəssisələrin fəaliyyətini təşkil etmək və nəzarəti həyata keçirmək nazirliyin fəaliyyət istiqamətlərindən biridir. Əsasnamənin 9.24-cü bəndinə əsasən penitensiar xidmətin fəaliyyətini təşkil etmək və penitensiar müəssisələrin idarə olunmasını, o cümlədən rejim qaydalarının, təhlükəsizlik tədbirlərinin, əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsini təmin etmək Ədliyyə Nazirliyinin vəziflərindəndir. Üçüncüsü məlumdur ki, Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər, terrorçuluq, kibercinayətlər, habelə dövlətin ictimai və iqtisadi sahədə milli təhlükəsizlik maraqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vuran cinayətlərə dair işlər üzrə ibtidai istintaq DTX tərəfindən aparılır. Bu işlər üzrə təqsirləndirlən şəxslərin DTX-nın nəzdində olan Müvəqqəti saxlama yeri və istintaq təcridxanasında saxlanması cinayət mühakimə icraatının vəzifələri ilə uzlaşmır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsinə əsasən həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq və (8.0.2) və ...cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq (8.0.3) cinayət mühakimə icraatının əsas vəzifələrindəndir. Bu halda isə istintaqı aparan qurumla təqsirləndirilən şəxsin saxlandığı həbs yerinin eyni təşkilata (bu halda DTX-ya) tabeçiliyi təqsirləndirilən şəxsə münasibətdə sui-istifadə hallarına şərait yaradır və istintaqın obyektivliyini öncədən ciddi şübhə altına alır. DTX-nın Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının hüquqi statusunun hansı sənədlə tənzimlənməsi və həmin sənədin surətinin istənilməsi barədə sorğu da bu müzakirələrin nəticəsi kimi ortaya çıxıb və ictimai müzakirələrə töhfə vermək niyyətinə xidmət edib. Cavabdeh qurumun 29 aprel 2022-ci il tarixli cavabı qeyri-müəyyən olmaqla yayğın şəkildə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu və “Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli Qərarına istinad edir. Sözügedən qərar ayrı-ayrılıqda İstintaq təcridxanalarının və Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydalarını təsbit edir. Sorğuda cavab verilməsi tələb edilən informasiya isə konkret olaraq cavabdeh qurumun nəzdində olan Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının hüquqi statusu ilə bağlıdır. Bu isə onu deməyə əsas verir ki, cavabdeh orqan sorğuda istənilən konkret məlumatı verməyib, ümumi sözlərlə və normativ aktlara göndərmələrlə kifayətlənib. Cavabdeh qurumun informasiya sorğusuna cavab verməməsi iddiaçının müvəqqəti saxlama yeri və istintaq təcridxanaları haqqında məlumat ala bilməməsinə və bununla da iddiaçının informasiya əldə etmək hüququnun pozulmasına səbəb olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin yazılı etirazı məhkəməyə təqdim olunmuş və etirazda bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) qarşı “informasiya sorğusuna cavab verilməsi” tələbi barədə iddia ərizəsi vermişdir. Daxil olmuş iddia ərizəsinin mahiyyəti ilə bağlı xx.xx.2022-ci il tarixdə DTX tərəfindən müvafiq cavab məktubu göndərilmişdir. Cavab məktubunda sorğu edilən məsələ ilə bağlı müvafiq məlumatlar qeyd olunduğundan verilmiş iddia əsassız hesab olunmuşdur. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 27.1.2-ci maddəsinə əsasən informasiya sorğuçuya bu Qanunla nəzərdə tutulmuş formada və üsulla təqdim edildikdə informasiya sorğusu icra olunmuş sayılır. Belə ki, İddiaçı Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının hüquqi statusunu tənzimləyən sənədə dair informasiya sorğusu vermişdir. İddiaçı göndərilən cavab məktubunda müvəqqəti saxlama yerlərinin və istintaq təcridxanalarının hüquqi statusunun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu və “Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli Qərarı ilə tənzimləndiyi və həmin sənədlərin hüquqi aktların vahid elektron bazasından əldə olunmasının mümkün olduğu bildirilmişdir. Eyni zamanda, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 dekabr tarixli 45 nömrəli Fərmanının 2-ci və 4cü hissələrinə əsasən Dövlət Təhlükəsizliyi Xidmətinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvəqqəti saxlama yerləri və istintaq təcridxanalarının yaradılması, yenidən təşkil edilməsi və ya ləğv edilməsi səlahiyyətləri verilmişdir. Beləliklə, İddiaçı informasiya əldə etmək hüququ və öz fikrini ifadə etmək azadlığı təmin edilməklə yanaşı, qanunvericiliyə uyğun qaydada cavab məktubu tərtib edilərək göndərilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddia ərizəsinin əsassız hesab edilərək təmin olunmaması barədə müvafiq qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə məhkəmə bildirişi göndərilmiş, cavabdeh tərəf məhkəmə iclasında təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan iddianın mümkünlülük məsələsinin həllini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1981-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli informasiya sorğusunda Dövlət Təhlükəsizlik Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının hüquqi statusunun hansı sənədlə tənzimləndiyi, təsdiq halında həmin sənədin surətinin cavaba əlavə etməklə ətraflı məlumat verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş cavabdeh orqanın iddiaçıya ünvanladığı cavab məktubunda bidirilmişdir ki, müvəqqəti saxlama yerlərinin və istintaq təcridxanalarının hüquqi statusu Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azerbaycan Respublikasının Qanunu və “Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə” Azerbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli Qərarı ilə tənzimlənir. Qeyd olunan sənədlər hüquqi aktların vahid elektron bazasından (www.e-qanun.az) əldə oluna bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. -4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Plenum Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarının 12ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Məhkəmə sadalanan normaların tələblərindən çıxış edərək hazırkı iddianın predmet baxımından mümkünlüyünə hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən bu Qanunun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir. -2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. -2.2-ci maddəsinə görə hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. -2.3-cü maddəsinə görə informasiya sahibinə müraciət edən hər kəs: 2.3.1. sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; 2.3.2. informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüquqlarına malikdir. -3.0.3-cü maddəsinə əsasən ictimai informasiya - qanunlarla və ya digər normativ hüquqi aktlarla müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən faktlar, rəylər, bilgilərdir. -3.0.5-ci maddəsinə əsasən informasiya sahibi - informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslərdir. -3.0.6-cı maddəsinə əsasən informasiya sorğusu - informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciətdir. -3.0.7-ci maddəsinə görə informasiya sorğusu verən (bundan sonra - sorğucu) informasiya əldə etmək üçün yazılı və ya şifahi şəkildə müraciət edən hüquqi və ya fiziki şəxsdir. -3.0.8-ci maddəsinə görə informasiyanın açıqlanması - informasiyanın sorğu verilmədən kütləvi informasiya vasitələrində, rəsmi nəşrlərdə, sorğu və ya məlumat kitabçalarında yayılması, İnternet informasiya ehtiyatlarında yerləşdirilməsi, brifinqlərdə, mətbuat relizlərində və ya konfranslarında elan edilməsi, rəsmi və ya kütləvi tədbirlərdə bildirilməsidir. -15.3-cü maddəsinə əsasən fərdi məlumat tələb olunduqda, yaxud dövlət və ya bələdiyyə qulluqçusu qulluq vəzifəsini yerinə yetirmək üçün sorğu verdikdə, informasiya əldə etməyin zərurəti əsaslandırılmalıdır. Fərdi məlumatların verilməsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq həyata keçirilir. -15.5-ci maddəsinə əsasən sorğuçu bu Qanunun 15.3-cü, 21.2.1-ci, 22.4-cü və 24.3-cü maddələrində göstərilən hallardan başqa, informasiya əldə olunmasının zəruriliyini əsaslandırmağa borclu deyildir. -21.2-ci maddəsinə əsasən informasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edə bilər: 21.2.1. sorğuçuya artıq belə bir informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa. -22.4-cü maddəsinə görə informasiyanın rəsmi təsdiq edilərək verilməsi sorğuçunun hüquq və azadlıqlarının həyata keçirilməsi və ya vəzifəsinin icrası üçün tələb olunursa, informasiya sahibi həmin informasiyanı, o cümlədən açıqlanmış informasiyanı rəsmi təsdiqlə birlikdə verməlidir. -24.3-cü maddəsinə görə insan həyatı, sağlamlığı, yaxud şəxsin azadlığı üçün real təhlükə yarandığı hallarda axtarılması və hazırlanması müəyyən vaxt tələb edən informasiya 48 saat ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) təqdim edilir. -29.1-ci maddəsinə görə informasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş aşağıdakı informasiyaları açıqlamalıdır: 29.1.11. normativ hüquqi aktlar qüvvəyə mindiyi gündən. -29.2-ci maddəsinə əsasən bu Qanunun 29.1-ci maddəsində göstərilən ictimai informasiyalar bu Qanunun 22.4-cü maddəsində nəzərdə tutulan hallardan başqa, informasiya sorğusunun predmeti ola bilməz. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun: -78.1-ci maddəsinə əsasən hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının X2 Reyestrinə (bundan sonra – X2 Reyestri) daxil edilməlidir. -79.3-cü maddəsinə görə X2 Reyestrinə daxil edilmiş hüquqi aktların mətnləri rəsmi dərc edilmiş hüquqi aktların mətnləri ilə birgə istinad üçün rəsmi mənbə hesab olunur. -82.2-ci maddəsinə əsasən normativ hüquqi aktların rəsmi dərc edilməsi dedikdə, onların mətninin rəsmi dövri mətbu nəşrdə dərc edilməsi, rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsi yolu ilə, ictimai radio və televiziya kanallarında səsləndirilməsi yolu ilə ümumi diqqətə çatdırılması nəzərdə tutulur. Normativ hüquqi aktların ictimai radio və televiziya kanallarında səsləndirilməsi onların rəsmi dövri mətbu nəşrdə dərc edilməsini və rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsini əvəz etmir. -84.1-ci maddəsinə əsasən normativ hüquqi aktlar qeyri-rəsmi nəşrlərdə dərc edilə, habelə televiziya və radio ilə ümumi diqqətə çatdırıla, məlumat yayılmasının digər üsulları ilə ötürülə bilər. Qanunun sadalanan normalarından müəyyən olunur ki, informasiya sorğusunun predmetini informasiya təşkil edir. İnformasiya isə faktlar, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlardır ki, bu cür məlumatlar hər hansı fəaliyyət nəticəsində yaradılır və ya hər hansı fəaliyyət nəticəsində əldə edilir. Hazırkı halda tələb edilən məlumat “İnformasiya əldə etmək haqqında” Qanunla nəzərdə tutulan informasiya sorğusunun predmeti qismində çıxış etmir. Belə ki, cavabdehin də qeyd etdiyi kimi müvəqqəti saxlama yerlərinin və istintaq təcridxanalarının hüquqi statusu Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azerbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 fevral 2014-cü il tarixli 63 nömrəli Qərarı ilə təsdiq edilmiş “Həbs yerlərinin daxili intizam Qaydaları” ilə tənzimlənir ki, həmin normativ hüquqi sənədlər X2 Reyestrinə daxil edilmiş, hüquqi aktların vahid elektron bazasında yerləşdirilmişdir. Bununla əlaqədar məhkəmə “İnformasiya əldə etmək haqqında” Qanunun 29.1.11 və 29.2-ci maddələrinin tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, normativ hüquqi aktlarda açıqlanmış informasiya normativ hüquqi aktlar qüvvəyə mindiyi gündən açıq informasiya hesab olunur və bu baxımdan həmin məlumat, bilgilər informasiya sorğusunun predmeti kimi çıxış edə bilməz. Bundan əlavə qeyd edilməlidir ki, informasiya əldə etmək hüququ geniş mənada və ya hər hansı şərtlərlə məhdudlaşmayan hüquq kimi də qiymətləndirilə bilməz. Təsadüfi deyildir ki, “İnformasiya əldə etmək haqqında” Qanunun yuxarıda qeyd edilən 15.3-cü, 21.2.1-ci, 22.4-cü və 24.3-cü maddələrində nəzərdə tutulan hallarda qanun informasiya sorğusu ilə müraciət edən şəxsdən tələb etdiyi informasiya ilə yanaşı, həm də həmin informasiyanı əldə etməyin nə üçün zəruri olduğunu əsaslandırmasını da tələb edir. Hazırkı iş üzrə iddiaçıdan Qanunun 22.4-cü maddəsinə əsasən əldə etmək istədiyi məlumatın ona hansı məqsədlə, hansı hüquq və ya azadlıqlarının həyata keçirilməsi və ya vəzifəsinin icrası ilə bağlı lazım olduğunun əsaslandırması tələb olunur ki, iddiaçı bu zərurəti nə cavabdehə ünvanlanmış informasiya sorğusunda, nə də iddia tələbində əsaslandırmamışdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Beləliklə, hazırkı iddia inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan mümkünlük şərtinə cavab vermir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “informasiya sorğusuna cavab verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-8693/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8693/2022
01.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver