Məhkəmə qərarları › İş №2-1(112)-8695/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8695/2022

29.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8695/2022 29.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – hüquqşünas, Bakı şəhəri 20 saylı vəkil Bürosunda vəkil işləyir), cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – hüquqşünas, hüquq məsləhətçisi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı əsasında ayrılmış 600 kv.m torpaq sahəsi barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan ölçünün iddiaçının adına hazırlanmasının vəzifə olaraq cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı əsasında ayrılmış 600 kv.m torpaq sahəsi barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan ölçünün iddiaçının adına hazırlanmasının vəzifə olaraq cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qəran ilə şəxsi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması məqsədilə 600 kv.m torpaq sahəsi iddiaçıya satılmışdır. Torpağın alqı-satqı ilə bağlı 2007-ci il aprel tarixli AİT №677504 saylı qəbz və xx.xx.2007-ci il tarixli “Torpaq alqısatqı aktı” verilmiş, o cümlədən alqı-satqı predmeti olan torpaq sahəsinin eskiz planı da çəkilmişdir. İddiaçı sözügedən torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı DƏDRX-ya müraciət etsə də, Xidmətin xx.xx.2022-ci il tarixli **********50 nömrəli məktubu ilə alqı-satqı aktının DTXK tərəfindən təsdiq olunmaması səbəbilə imtina edilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən təqdim edilmiş cavabdehin iddiaya dair etirazında göstərilmişdir ki, Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında bələdiyyə qərarı təqdim edilməmiş, təqdim olunmuş alqı-satqı müqaviləsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Bundan başqa, baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətindədir. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş torpaq sahəsinin yerləşmə cizgisi qeyri-dəqiq olmaqla istinad məsafələri və ölçüləri faktiki göstərilən torpaq sahəsinə uyğun gəlmir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya dair etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahat və çıxışını dinləyərək, iş üzrə toplanılmış sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhəri Binəqədi rayonu X2 480 nömrəli, 27 aprel 2007-ci il tarixli sərəncamına əsasən Bakı şəhər sakini vətəndaş İddiaçı ərizə ilə X3 müraciət edərək istifadəsində olan torpaq sahəsini alqı-satqı yolu ilə mülkiyyətinə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsini, “Bələdiyyənin Statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinin 3-cü və 4-cü bəndini, 19-cu maddəsinin 4cü bəndini, 33-cü maddəsinin 3-cü bəndini, “Bələdiyyələrin torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələblərini əsas tutaraq, Binəqədi rayon İcra Hakimiyyətinin razılığına əsasən, X2 Nizamnaməsinə uyğun olaraq, vətəndaşın ehtiyacı olduğu nəzərə alınmış, onun rəsmi müraciətinin qanunla müəyyən olunmuş qaydada təmin edilməsi mümkün sayılmışdır. Yuxarıda qeyd edilənləri və X2 16 aprel 2007-ci il tarixli 07 saylı ümumi iclasın qərarını əsas tutaraq, 1. Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən istifadəsində olan 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılması; 2. Ayrılmış ərazidə kommunikasiya xətlərini gözləmək şərti ilə fərdi yaşayış evinin tikintisinin eskizi rayon (şəhər) memarlıq xidməti ilə razılaşdırdıqdan sonra başlanması vətəndaşın nəzərinə çatdırılması; 3. Vətəndaşa qanunvericilikdə müəyyən olunmuş qaydada aldığı torpaq sahəsini rayon X4 Xidmətinə, fərdi yaşayış evinin tikintisinin isə qeydiyyatı üçün Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət etmək tapşırılması; 4. Bu qərarın icrasına nəzarət Bələdiyyənin icra aparatına tapşırılması, qərarın təsdiq edilmiş nüsxələri vətəndaşa, məlumat üçün ərazi polis bölməsinə təqdim edilməsi barədə sərəncam verilmişdir. Torpaqların alqı-satqısına dair akta görə Binəqədi qəsəbə ərazisində yaşayan İddiaçı Binəqədi rayon, bələdiyyə orqanına 16 aprel 2007-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət etmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Binəqədi qəsəbə bələdiyyə ərazisində 600 kv.m torpaq sahəsinin satılması barədə xx.xx.2007-ci il tarixli 480 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən Binəqədi rayon Kapital Bankının 1 saylı hesabına əvvəlcədən 1056.00 manat haqq ödənilmişdir. Bakı şəhəri Binəqədi rayonu X2 kassa mədaxil orderinin 677504 nömrəli qəbzinə əsasən İddiaçı 1056.00 manat məbləğində torpaq dəyəri kassaya mədaxil edilmişdir. Binəqədi rayonu X2 01/Əİ-512 nömrəli, 28 noyabr 2022-ci il tarixli məktubuna əsasən 27 aprel 2007-ci il tarixli 480 saylı qərarda göstərilən Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən qəbul olunmuş 16 aprel 2007-ci il tarixli 07 saylı ümumi iclas qərarı hazırda bələdiyyədə saxlanılan arxiv materialları arasında aşkar olunmadığı üçün, X2 25 yanvar 2010-cu il tarixli Aktına əsasən, sorğu edilən həmin ümumi iclas qərarının – Bələdiyyənin 2007-2008-ci illərə aid sənədləri sırasında kanalizasiya xəttindən axan çirkab suların tökülməsi, habelə nəmişilik nəticəsində islaholunmaz dərəcədə korlanması ehtimal olunur. Binəqədi rayonu X2 02/M-1122 nömrəli arayışa əsasən 480 saylı, xx.xx.2007-ci il tarixli İddiaçı istifadəsinə ayrılmış 600 kv.m torpaq sahəsinin sərəncamı X2 arxivində qorunub saxlanılır. İddiaçı həmçinin iddianı təsdiq edən sübut qismində məhkəməyə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 09/C-2089 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunun, X2 2010-cu ilin İşlərin (sənədlərin) islaholunmaz dərəcədə korlanması haqqında aktın, Binəqədi rayonu X2 01/M-435 nömrəli, 10 oktyabr 2022-ci il tarixli məktubunun, torpaq sahəsinin eskizinin və cavabdehin xx.xx.2022-ci il tarixli, **********50 nömrəli məktubunun surətləri təqdim edilmişdir. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən verilən xx.xx.2022-ci il tarixli məktubla iddia olunan sahəyə dair icraat materialları (iddiaçının ərizəsi və cavabdehin imtina məktubunun surətləri) məhkəməyə təqdim edilmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ dedikdə, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. (152.3.) İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.(152.4.) Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrinin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollar fiziki və hüquqi şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranmasının əsaslarından hesab olunur. Həmin Məcəllənin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; İşin faktiki hallarına əsasən iddiaçıya Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən iddiaçıya Binəqədi Qəsəbə ərazisində fərdi ev tikmək üçün 600 kv.m torpaq sahəsinin ayrılması barədə 07 nömrəli, 16 aprel 2007-ci il tarixli qərar verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. Halbuku iddiaçının adına torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;...” Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı əsasında ayrılmış 600 kv.m torpaq sahəsi barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan ölçünün İddiaçı adına hazırlanması vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı əsasında ayrılmış 600 kv.m torpaq sahəsi barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan ölçünün İddiaçı adına hazırlanması vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar