Məhkəmə qərarları › İş №2-1(112)-8698/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8698/2022

16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8698/2022 16.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı prosessual hüquqi varis X1 cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi və s” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət qulluqçusu kimi ona təyin olunmuş pensiyanın qanunsuz dayandırılmasının ləğv edilməsi və pensiya təminatının dayandırıldığı vaxtdan bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona xx.xx.2005-ci ildən dövlət qulluqçusu kimi pensiya təyin edilmiş, həmin pensiyanı dekabr ayı da daxil olmaqla 2020-ci ilə qədər almışdır. Lakin ondan sonra pensiyanın ödənilməsi dayandırılmış və o da bununla bağlı cavabdehə müraciət etmişdir. Həmin müraciətlərinə verilən xx.xx.2021-ci il tarixli cavabdan məlum olmuşdur ki, ona dövlət qulluğu pensiyasının verilməsi dayandırılmışdır. O, hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur. Belə ki, o, 1962-ci ildən xx.xx.2009-cu ilə qədər yaşa görə pensiya təminatını öz əməyi ilə əldə etmişdir. Ona təyin edilmiş pensiyanın dayandırılması haqqında səlahiyyətli orqanın hər hansı bir qərarı mövcud deyildir. Belə bir qərar olmadığı halda ona verilən pensiyanın ödənişi dayandırıla bilməzdi. Odur ki, cavabdehin şəxsi mülahizəsi əsasında pensiyanı dayandırması qanunsuz hesab edilməlidir. Cavabdehin məktubunda ona əlilliyə görə əmək pensiyasının 259.78 manat məbləğində təyin edilməsi göstərilsə də, onun pensiya kartına heç bir məbləğ mədaxil edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7530/2021 saylı 02 dekabr 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı xx.xx.2005-ci ildə təyin olunmuş pensiyanın dayandırılmasının qanunsuz hesab edilməsi və pensiya təminatının dayandırıldığı vaxtdan bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 30 mart 2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7530/2021 saylı 02 dekabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. İş üzrə məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, İddiaçı vəfat etmiş, onun adına vərəsəlik işi açılmış, X4 iddiaçının vərəsəsi olmuşdur. Məhkəmənin qərardadları ilə X4 prosessual hüquqi varis qismində tanınmış, eyni zamanda, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin 31 oktyabr 2022-ci il tarixli qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iş üzrə cavabdeh qismində məhkəmə icraatının iştirakçısı kimi tanınmış, iddia tələbi “xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialın xx.xx.2021-ci il tarixli əmək pensiyasının dayandırılması haqqında qərarın və digər cavabdeh sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialın İİ-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi haqqında 18 fevral 2021-ci il tarixli **********9 nömrəli qərarının ləğv edilməsi, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçının atasına ödənilməmiş məbləğin ödənilməsinin cavabdeh xüsusi şərtlərlə mərkəzi filialına həvalə edilməsi” kimi icraata qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, N.Şıxovanın prosessual hüquqi varis qismində tanındığından işə mahiyyəti üzrə baxılmasına mane olan hal da mövcud olmamışdır. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, işdə iştirak edən şəxs(lər)in prosessual hüquq varisliyi qaydasında əvəz edilməsi qaydası İPM-də nəzərdə tutulmadığından, məhkəmə İPM-in 1.2-ci maddəsinin hazırkı işdə tətbiqini mümkün və zəruri hesab edir. MPM-in 58.1-ci maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilən “mülkiyyət” və “əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar, məsələn səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icraə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır. «Andreyeva Latviyaya qarşı» məhkəmə işinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2009-cu il tarixli Qərarı bunun bariz nümunəsidir. Sözügedən işdə Məhkəmə vurğulamışdır ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödnişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Göründüyü kimi iddiaçının tələbi onun gözlənilən əmlak hüququnun reallaşmasına (bu hüququn maddiləşməsinə) yönəldiyindən və yuxarıda istinad edilən maddi hüquq normaları hüquq varisliyinə yol verdiyindən, hazırkı işdə vəfat etmiş iddiaçı hüquq varis(lər)i ilə əvəz oluna bilər. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Ali Məhkəmənin 2-1(102)-904/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında, 2-1(102)-775/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarında, həmçinin 2-1(102)-350/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarında da analoji mövqedən çıxış edilmişdir. Adıçəkilən sonuncu məhkəmə qərarında da qeyd edildiyi kimi pensiya hüququ bilavasitə həmin hüququn sahibi olan şəxsin özünə məxsusdur. Bununla yanaşı, məhkəmə kollegiyası Mülki Məcəllənin yuxarıda istinad edilən normaların əlaqəli təhlilinin nəticəsi olaraq hesab edir ki, iddiaçının tələbi onun gözlənilən pensiya hüququnun reallaşmasına (bu hüququn maddiləşməsinə) yönəldiyindən və maddi hüquq normaları hüquq varisliyinə yol verdiyindən, hazırkı işdə sıradan çıxmış iddiaçı hüquq varisi ilə əvəz oluna bilər. İddiaçının tələbi təsdiq olunduğu (iddianın əsaslı olduğu) halda, “Əmək pensiyaları haqqında” Qanunun müddəalarından irəli gələn tələb hüququ yaranmış olur. Buradan, iddiaçının “gözləntisi” hüquqi akta əsaslandığından “qanunidir”. Digər tərəfdən, işin hazırkı vəziyyətində, artıq söhbət sıradan çıxmış iddiaçıya pensiya təyin edilməsindən deyil (pensiya hüququnun bilavasitə həmin hüququn sahibinə məxsus olması və həmin şəxsin ölməsi səbəbi ilə), “gözlənilən”, lakin cavabdeh inzibati orqanın təqsirindən (zəruri məlumatların məlumat vərəqində göstərilməsindən əsassız imtina etməsi səbəbindən) təyin edilməyən və alınmayan pensiyanın hesablanması və hüquq varisinə ödənilməsindən gedə bilər. Lakin hər bir halda, “gözlənilən” nəticənin baş verməsi üçün sıradan çıxmış iddiaçının əsaslandığı halların mövcudluğu sübut edilməlidir. Eyni zamanda, qeyd olunmalıdır ki, pensiyanın təyin edilməsi məsələsi mərhuma aid məsələ olduğundan, iddia pensiyanın təyin edilməsi yox, müvafiq ödənişlərin hüquqi varisə ödənilməsi ilə bağlı ola bilər. Həmin məbləğin ödənilməsi isə cavabdehlər tərəfindən qəbul edilmiş qərarların ləğvi nəticəsində mümkün ola bilər ki, bu səbəbdən də iddiaçının hüquqi varisi mərhum barəsində qəbul edilmiş hər iki qərarı mübahisələndirmək hüququna malikdir. Həmçinin, məhkəmə hazırkı iş üzrə hər iki cavabdehin prosessual həmiştirakçı qismində tanınması məsələsinə münasibətdə də mümkünlük şərtinin ödənilməsi qənaətindədir. Bununla bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, prosessual həmiştirakçılığın (hazırkı işdə birgə iddiaçı qismində iştirak) yolverilənliyi iddianın mümkünlüyü komponentlərindən biridir. Prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü ilə bağlı isə qeyd edilməlidir ki, AR İPM-nin 30-cu maddəsinə əsasən bir iş üzrə bir neçə birgə iddiaçının və ya cavabdehin iştirakının mümkünlüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Göründüyü kimi inzibati prosessual qanunvericiliklə hansı hallarda birgə iddiaçıların və ya cavabdehlərin bir iddia tələbində qeyd edilməsinin, bundan əlavə bir-neçə iddia tələbinin iddiaçı tərəfindən bir iddiada birləşdirilməsinin mümkünlüyünə qiymət verilmişdir ki, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən, həmçinin mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da birgə cavabdeh qismində prosessual həmiştirakçılığı, mümkün hesab edilir. Hazırkı iş üzrə də ən azından uyğun faktiki və hüquqi əsaslara söykənən iki tələbin mövcudluğu və həmin tələblərin cavabdehlərin qəbul etdiyi qərarların hüquqi nəticəsindən əmələ gəlməsi aşkardır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qərardadda da qeyd etdiyi kimi İddiaçı xx.xx.2005-ci il tarixdə dövlət qulluqçusu kimi pensiya təyin edilmişdir. Cavabdehlərdən biri olan Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” **********9 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən iddiaçıya xx.xx.2006-cı il tarixdə təyin edilmiş yaşa görə pensiya dayandırılmışdır. Sonradan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2005-ci il tarixdən İİ qrup əlilliyə görə müddətsiz pensiya təyin edilmiş və həmin tarixdən xx.xx.2020-ci il tarixədək şəxsə artıq ödənilmə edildiyi aşkarlanmışdır. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçıya xx.xx.2005-ci il tarixdən dövlət qulluqçusu kimi təyin edilmiş pensiyanın xx.xx.2021-ci il tarixdən müvafiq qərar əsasında dayandırılması qanunsuz sayılıb, onun həmin növdə pensiyasının bərpa olunması ilə bağlı məhkəmə qərarı qəbul olunsa belə, həmin məhkəmə qərarının icrası şəxs barəsində bu iş üzrə inzibati orqan kimi çıxış etməyən başqa inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərara əsasən mümkün olmayacaqdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, adı çəkilən və hazırda DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı adlandırılan orqan tərəfindən iddiaçıya İİ qrup əlilliyə görə pensiyanın təyin olunması barədə xx.xx.2021-ci il tarixli qərar qəbul olunmuşdur. Hazırda həmin qərar ləğv edilməyib, etibarsız sayılmayıb və qüvvədə olduğu üçün bu hal iddiaçının ona dövlət qulluqçusu kimi təyin edilmiş pensiyasının bərpa olunması barədə qəbul ediləcək məhkəmə qərarının icrasını mümkünsüz edir. Göründüyü kimi mərhum İddiaçı ödənilməli olan pensiya ödənişləri miras aktivinə daxil edilərək prosessual hüquqi varisə o zaman ödənilə bilər ki, təkcə dövlət qulluqçusu kimi əmək pensiyasının dayandırılması barədə qərar yox, həm də iddiaçıya əlilliyə görə əmək pensiyasının təyini barədə qərar da ləğv edilmiş olsun. Ən azından uyğun faktiki və hüquqi əsaslara söykənən həmin tələblərin bir yerdə baxılması, həmçinin prosessual qənaət prinsipləri baxımından da əhəmiyyətlidir. Əks halda isə, iddiaçı ilk növbədə əlilliyə görə əmək pensiyasının ləğvinə nail olmalı, həmin icraat bitdikdən sonra isə dövlət qulluğuna görə təyin edilmiş əmək pensiyasının ləğvinə dair iddia qaldırmalıdır ki, ikinci tələbin birinci tələbə baxılmadan baxıla bilməməsi, yəni qərarın icrasız qalması Bakı Apellyasiya Məhkəmənin qərarında kifayət qədər əsaslandırılmışdır. Məhkəmə hesab edir ki, əksi qaydası olduqda da iddiaçı hüquqi marağına uyğun nəticə əldə edə bilməz. Belə ki, hazırkı tələblərə bir yerdə baxılmadığı halda ilkin iddia tələbi əliliyə görə əmək pensiyasının ləğvi barədə olmalıdır ki, digər qərar qüvvədə olduğu müddətdə, yəni dayandırılma barədə qərar mübahisələndirilmədiyi müddətdə həmin qərarın qanunsuzluğu əsasları da müəyyən edilməyə bilər. Halbuki, dayandırma barədə qərarın ləğvi, əlilliyə görə qərarın da ləğvi deməkdir. Bu səbəbdən də, hazırkı iddialara bir icraatda bir-neçə cavabdehə baxılması məqsədəuyğundur. Bundan əlavə, o da qeyd edilməlidir ki, hazırkı halda cavabdehlər hər ikisi Dövlət Sosial Müdafiə Fondunun tərkibinə daxil olan Filiallardır və hüquqi şəxsin müxtəlif məsələlər üzrə qərarları qəbul etmək səlahiyyətinin müxtəlif Filiallarına verməsi iddiaçının məhkəməyə hər iki qərarın bir icraatda ləğv edilməsi barədə müraciət hüququna müdaxilə ilə nəticələnə bilməz. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialın xx.xx.2021-ci il tarixli əmək pensiyalarının dayandırılması haqqında qərarın ləğvi ilə bağlı tələbə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə icraatı zamanı təqdim olunmuş pensiya işindən görünür ki, iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş və müvafiq ödənişlər edilmişdir. Sonradan isə, müvafiq audit yoxlaması nəticəsində əmək pensiyası dayandırılmışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təyin edilmiş pensiyanın dayandırılması cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə pensiyanın dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçıya təyin edilmiş pensiya bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, bu barədə pensiyanın dayandırılması barədə qərar qəbul etməklə kifayətlənmiş, bununla da pensiya təyinatı üzrə ödənişin dayandırılması barədə hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin pensiyanın dayandırılması barədə qərarın ləğv edilməlidir. Bu zaman X3 Filiala ünvanlanmış iddiaçının işləmiş olduğu “Ayaqqabı” İstehsalat Birliyində müdir vəzifəsinin dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmaması barədə məktubu da məhkəmə hesab edir ki, vəziyyəti cavabdehin xeyrinə dəyişmir. Belə ki, həmin məktub iddiaçı barəsində düzgün aparılmamış inzibati icraat materiallarında olmamış, sonradan 2022-ci il tarixdə görünür sorğuya cavab olaraq əldə edilmiş, həmin məktubun tarixi ilə dayandırma barədə qərarın tarixi arasında azı 1 il fərq olmuşdur. Halbuki, inzibati orqan həmin araşdırmanı iddiaçının iştirakı ilə, X3 də rəyi alınmaqla, eləcə də işin digər halları da nəzərə alınmaqla aparmalı, bunun nəticəsində əmək pensiyasının dayandırılmalı olub-olmaması barədə nəticəyə gəlməli idi. Ümumiyyətlə inzibati icraatla bağlı qanunvericiliyin aydın tələbidir ki məlumatlandırma aparılmaqla, yəni, şəxs barəsində açılmış inzibati işlə bağlı şəxsə xəbər verilməklə inzibati icraat aparılmalı, indiki halda 1944-cü il təvəllüdlü şəxs pensiyasının dayandırılması pensiya kartından pul götürərkən məlumatı ilk dəfə almasın deyə, pensiyanın ödənilməmə və ya az ödənilmə səbəbləri barədə qeyri-müəyyən hallar yaranmasın deyə, şəxs pensiya təyin etmiş orqana çağrılmalı, ya da iştirakı digər vasitələrlə təmin edilməli, maraqlı şəxsin izahatı dinlənilməli, ehtimal olunan azaldılmanı və ya dayandırmanı istisna edə biləcək halların mövcudluğu həmin şəxsin iştirakı ilə araşdırılmalı, daha sonra bu barədə qərar qəbul edilməlidir. Hazırki halda inzibati prosessual qanunvericiliklə tərəfin iştirakı olmadan, məlumatlandırma aparmadan qəbul ediləcək qərar prosessual hüququ baxımından mahiyyəti üzrə düz olsa da inzibati orqanın qərarının inzibati icraat baxımından qanuniliyindən söhbət gedə bilməz. Necə ki məhkəmə inzibati məhkəmə icraatı gedişində iddiaçıya yardım edirsə, onu dinləyirsə, ərizə və izahatlarına qiymət verirsə, məhkəmə hesab edir ki, həmin tələblər inzibati orqan üçün də keçərlidir. Bu zaman heç bir izahat alınmadan şəxs dəvət edilmədən məhkəmə qərarı mahiyyəti baxımından düz olsa da, necə ki prosessual baxımından qanunilik meyarından uzaqdırsa, məlumatlandırma aparmadan inzibati orqanın maraqlı şəxs barəsində çıxardığı qərarın da qanuniliyindən, mahiyyəti baxımından düz olsa da söhbət gedə bilməz. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, dövlət qulluqçusu kimi əmək pensiyasının dayandırılması barədə qərarın ləğv edilməsi barədə iddianın təmini, iddianın digər cavabdehə münasibətdə qəbul edilmiş əlilliyə görə əmək pensiyasının təyini barədə qərarının da ləğv edilməsinə əsas yaradır. Bununla əlaqədar ilkin olaraq qeyd edilməlidir ki, şəxsin marağı ona əlilliyə görə pensiya təyin edilməsi ilə bağlı yox, məhz dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının bərpası ilə bağlı olmuşdur ki, həmin maraq ən azından adıçəkilən pensiyalarla bağlı məbləğ arasında fərqin olmasından başa düşüləndir. Lakin cavabdehlərdən biri əmək pensiyasını dayandırmış, digəri isə şəxsə əlilliyə görə pensiya təyin etmişdir ki, hər iki halda pensiya alan şəxsin hər hansı müracətinin olmadığı, onun iştirakının təmin edilmədiyi, hər iki qərarın cavabdehlərin öz təşəbbüsü ilə həyata keçirildiyi müəyyən edilir. Halbuki, şəxsə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilərkən də inzibati icraatın düzgün aparılması və onun məlumatlandırılmalı olması, onun icraata cəlb edilməsinin təmin edilməsi yuxarıda adıçəkilən qanunvericilik müddəalarının tələbidir. Nəzərə alınmalıdır ki, hər nə qədər əmək pensiyasının təyin edilməsi barədə qərar özlüyündə əlverişli inzibati akt təəssüratı yaratsa da hazırkı iş üzrə qəbul edilmiş inzibati aktın əlverişli inzibati akt olma xüsusiyyətindən söhbət gedə bilməz. Bu səbəbdən də həmin inzibati akt qəbul edilərkən də yuxarıda qeyd olunan qanunvericilik müddəalarının tələbləri təmin edilməli, şəxsin iştirakına imkan verilməli idi ki, işin mahiyyəti də onu göstərir ki, şəxs əvvəlki pensiya təyinatının bərpasında maraqlı olmuş, sonrakı təyinatla razılaşmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlərin hər iki qərarı, yəni həm dövlət qulluqçusu kimi əmək pensiyasının dayandırılması barədə qərarı, həm də əlilliyə görə əmək pensiyasının təyin edilməsi barədə qərarı ləğv edilməlidir. İddia tələbləri adıçəkilən hissələrdə təmin edilməsi isə, mərhum İddiaçı almalı olduğu ödənişlərin onun prosessual hüquqi varisinə ödənilməsi üçün əsas yaratmışdır. Yuxarıda prosessual hüquqi varisliklə, o cümlədən hazırkı tələbin varisliyə yol verməsi ilə bağlı müddəaların tələbindən də göründüyü kimi mərhumun almadığı pensiya ödənişi miras aktivinə daxildir və prosessual varisə ödənilməlidir. İddianın xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçının atasına ödənilməmiş məbləğin ödənilməsinin cavabdeh xüsusi şərtlərlə mərkəzi filialına həvalə edilməsi formasında olması ilə bağlı isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər nə qədər məktublarda fərqli tarixlər göstərilsə də, əmək pensiyasının dayandırılması barədə qərarda ödənişin 30 noyabr 2020-ci il tarixdən dayandırıldığı konkret olaraq göstərilmişdir. Daha doğrusu mərhumun pensiya kartına son ödənişin hansı tarixdə, indiki halda 15 dekabr 2020-ci il tarixdə ödənilməsi yox, hazırkı halda həmin pensiya kartına daxil olan ödənişin hansı tarixlərlə bağlı olması araşdırılır ki, məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş qərardan da görünür ki, pensiya məbləğinin ödənildiyi dövrlə bağlı son dövr 30 noyabr 2020-ci il kimi göstərilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, ödəniş həmin tarixdən mərhumun vəfat etdiyi 18 iyun 2022-ci il tarixi əsas götürülməklə hesablanmalıdır. Eyni zamanda, nəzərə alınmalıdır ki, mərhuma əlilliyə görə əmək pensiyası da təyin edilmişdir ki, həmin təyinatla bağlı hər hansı ödəniş edildiyi təqdirdə adıçəkilən ödənişlərin yenidən hazırkı qərarla ödənilməsindən söhbət gedə bilməz. İddia tələbindən də göründüyü kimi, iddia ödənilməmiş məbləğin ödənilməsindən gedir. Cavabdeh də varisə məhz ödənilməmiş məbləğin ödənilməsini təmin etməlidir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialın əmək pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixli **********9 nömrəli qərarı ləğv edilsin. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın İİ-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi haqqında 18 fevral 2021-ci il tarixli **********9 nömrəli qərarı ləğv edilsin. xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək mərhum İddiaçı ödənilməmiş məbləğin onun prosessual hüquqi varisi X2 ödənilməsi öhdəliyi cavabdeh xüsusi şərtlərlə mərkəzi filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar