Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8698/2025 20.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı) qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək 65 yaşı tamam olduğuna görə xx.xx.2024-cü il tarixindən yaşa görə əmək pensiyasını təyin edilməsi və yığılan pensiya ödənişinin xx.xx.2024-cu il tarixindən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyuylmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tebeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Müraciətinə cavab olaraq, cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixli imtina məktubu vermişdir. İmtina məktubunda qeyd edilmişdir ki, xx.xx.1979-xx.xx.1981-ci il tarixli hərbi xidmət müddəti nəzərə almaqla cəmi 16 il 9 ay 9 gün sığorta stajı vardır. Cavabdeh orqan xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixədək və 01. 08.1997-cu il tarixindən xx.xx.2004-cü il tarixinədək olan dövrü nəzərə almamışdır və bunu onunla əsaslandırmışdır ki, həmin dövr üzrə əmək kitabçanın doldurma qaydaları pozulmuşdur. Hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuz və əsasızdır. ilkin olaraq, iddiaçının sosial sığorta üzrə ödənişlərini nəzərə alaraq 25 ildən çox ümumi stajı vardır. Əmək kitabçası doldurma qaydalarına uyğun olaraq işə götürən tərəfindən doldurulmuşdur və buna görə də cavabdeh orqan tərəfindən xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixi və xx.xx.1997-cu il tarixindən xx.xx.2004-cü il tarixinədək olan dövrü nəzərə almaması qanunusuz və əsasızdır. Bundan əlavə olaraq, 2006-cı ildən 2023-cü ilədək taksi fəaliyyəti ilə məşğul olmuş və hər ay fəaliyyətilə bağlı işəgötürən tərəfindən vergilər ödənişi həyata keçirilirdi. Bu faktı təsdiq edən AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli müraciətinə baxılması barədə sənədi iddia ərizəsinə əlavə edir. 2006-cı ildən 2023cü ilədək taksi fəaliyyəti ilə işləməyinə baxmayaraq, işəgötürən tərəfindən yalnız 2023-cü il tarixi üzrə bir necə ayın sosial sığorta ödənişlərin həyata keçirmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən təqdim etdiyi xx.xx.2023-cü il tarixli sənədinə əsasən onun xx.xx.2020-ci il tarixində 30 manat məbləği sosial sğorta ödənişi olaraq qeydiyyata alınmışdır, lakin həmin ödəniş aylara bölüşdürülməmişdir. Qeyd olunanı nəzərə alaraq məlum olur ki, sosial ödənişləri və taksidə fəaliyyətini nəzərə almaqla 25 ildən artıq ümümi stajı vardır. Görünür ki, cavabdeh orqan təqdim edilən sənədlər üzrə tam araşdırma aparmamışdır və onun sosial sığorta üzrə ödənişləri nəzərə almamışdır, eyni zamanda qanunsuz olaraq xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək və 01. 08.1997-cu il tarixindən xx.xx.2004-cü il tarixinədək olan dövr də əsasız olaraq nəzərə alınmamışdır.
4. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçıya pensiyanın təyin edilməsindən imtina məktubunda qeyd edilmişdir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Həmin Qanunun 22-1.1ci maddəsinə uyğun olaraq, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyiniz sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla cəmi sığorta stajınız 16 il 9 ay 9 gün təşkil edir. Eyni zamanda, fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 16 il 4 ay 9 gün sığorta stajınıza uyğun olaraq 16483,43 manat, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 202,70 manat olmaqla, ümumilikdə 16686,13 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ pensiya yaşınız tamam olan tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək və xx.xx.1997-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (müvafiq olaraq xx.xx.1996-cı il tarixli işdən çıxma qeydində səlahiyyətli şəxsin adı qeyd olunmadığından, xx.xx.2004-cü il tarixli işdən çıxma tarixində və əmrin tarixində qaralama olduğundan, həmçinin həftə sonuna təsadüf etdiyindən) həmin dövrlərin sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası / hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən sizə xx.xx.2024-cü il tarixindən proaktiv qaydada 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, hazırda ödənilməkdədir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır.”
5. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşma çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmununa uyğun olaraq, xx.xx.1959-cü il təvəllüdlü Ə.Ağayev yaşa görə əmək pensiyası hüququnun yaranması üçün qanunla nəzərdə tutulan yaş həddinə 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdə çatmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq: 2) azı 25 il sığorta stajı olduqda. Lakın iddiaçının sosial sığorta stajı "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtlərdən heç birini ödəmir. Belə ki, A Əyyubovun ümumilikdə sığorta stajı 16 il 09 ay 09 gün təşkil edir. Həmçinin fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 16 il 04 ay 09 gün sığorta stajına uyğun olaraq 16483,43 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 202,70 manat olmaqla, ümumilikdə 16686,13 manat (2024-cü il tarixə indeksləşdirilmiş) təşkil edir ki bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarının 3.11-ci bəndinə əsasən, əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. İddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrlərin doldurulması qaydası pozulmuşdur. Belə ki, xx.xx.1996-cı il tarixli işdən çıxma qeydində səlahiyyətli şəxsin adı qeyd olunmadığı və xx.xx.2004-cü il tarixli işdən çıxma tarixində və əmrin tarixində qaralama olduğu, həmçinin həftəsonuna təsadüf etdiyi üçün həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Həmçinin iddiaçı 2006-2023-cü illər arasında taksi fəaliyyəti ilə məşğul olduğunu qeyd etmişdir. İddiaçı tərəfindən təqdim olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövıət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********631500 nömrəli məktubuna əsasən, 2006- 2023-cü illər üzrə sadəcə vergi ödənişləri həyata keçirilmiş, məcburi dövlət sosial sığorta haqqı üzrə ödənişlər sadəcə 2023-cü ilin iyun-oktyabr ayları üzrə həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixdən etibarən "Sabit qəbz" və “Fərqlənmə nişanı" əlavə etməklə fəaliyyət göstərən sığortaedənlərin ödədikləri məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar X1 Sistemi (bundan sonra EHİS) vasitəsilə real vaxt rejimində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (bundan sonra - Xidmət) Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (bundan sonra - MEİS) ötürüldükdən sonra sığortaolunanların fərdi şəxsi hesablarında əks olunur. İddiaçı 2023-cü il iyunnoyabr ayları üzrə minimum aylıq əməkhaqqına nisbətdə müəyyən edilmiş faizlə ödədiyi məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında əks olunması təmin edilmiş, lakin xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək minimum aylıq əməkhaqqına nisbətdə müəyyən edilmiş faizlə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar cədvəl formasında təqdim edilmədiyindən həmin dövrlərin fərdi şəxsi hesabında əks etdirilməsi mümkün olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən, məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur.
6. Məhkəmənin sorğusuna əsasən Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 30 aprel 2025-ci il tarixli 3-17-1/2-99512/2025 saylı məktubu ilə bildirilmişdir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili xx.xx.2006-cı il tarixdən başlamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının (bundan sonra – Qayda) 4.1.1-ci bəndinə əsasən xx.xx.2006-cı il tarixinədək olan dövr üzrə sığorta stajının hesablanası məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qayda ilə təsdiq edilmiş 8 nömrəli Əlavəyə əsasən aparılır. İddiaçı (FİN:xxxxxxx; SSN:**********838) ilə bağlı xx.xx.2025-ci il tarixində 3-17-1/1-94952/2025 nömrə ilə qeydiyyata alınmış xx.xx.2025-ci il tarixli 4-6-0/2-2638/2025 nömrəli sorğunuza baxılmışdır. Sorğu ilə əlaqədar Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydə alınmış İddiaçı fərdi şəxsi hesabı ilə bağlı məlumatları (məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, onlara nisbətdə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları) təqdim edilmişdir.
7. Məhkəmənin sorğusuna əsasən Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 20 oktyabr 2025-ci il tarixli 3-17-1/2-253726/2025 saylı məktubu ilə bildirilmişdir ki, İddiaçı “Fərqlənmə nişanı” əldə etməklə fəaliyyət göstərdiyi 2023-cü ilin iyun-noyabr ayları üzrə ödədiyi məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesabında öz əksini tapmışdır. Əlavə olaraq, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən Filiala daxil olmuş 1 avqust 2025-ci il tarixli 3-21-2-3/2- P-7xx-xx/2025 nömrəli məktubda İddiaçı vergi orqanında olan uçot-baza məlumatlarına əsasən xx.xx.2020-ci il tarixli ********* nömrəli qəbz üzrə “Fərqlənmə nişanı” əldə etmədiyi bildirilmişdir.
8. Məhkəmənin soröusuna əsasən Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçının şəxsi hesab vərəqəsindən çıxarış təqdim edilmişdir.
9. Məhkəmənin iclasında iştirak edən iddiaçı iddia ərizəsini məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi.
10. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
11. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.
12. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
13. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
14. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
16. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
17. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.
III. Məhkəmənin mövqeyi
18. İddiaçının həqiqi hərbi xidmət dövrü nəzərə alınmaqla ümumi sığorta stajının xx.xx.2006-cı il tarixədək 16 il 09 ay 09 gün təşkil etdiyi bildirilmişdir. Cavabdehin bununla bağlı etirazının dəlilləri ondan ibarətdir ki, əmək kitabçasında müvafiq dövlər üzrə doldurulma qaydası pozulmuşdur, belə ki, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək olan dövr üzrə xx.xx.1996-cı il tarixli işdən çıxma qeydində səlahiyyətli şəxsin adı qeyd olunmadığı və xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövr üzrə xx.xx.2004-cü il tarixli işdən çıxma tarixində və əmrin tarixində qaralama olduğundan, həmçinin həftəsonuna təsadüf etdiyi üçün həmin dövlərin sığorta stajına aid edilməsi mümkün olmamışdır. Həmçinin iddiaçı 2006-2023-cü illər arasında taksi fəaliyyəti ilə məşğul olduğunu qeyd etsə də, tərəfindən təqdim olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********631500 nömrəli məktubuna əsasən, 2006-2023-cü illər üzrə sadəcə vergi ödənişləri həyata keçirilmiş, məcburi dövlət sosial sığorta haqqı üzrə ödənişlər sadəcə 2023-cü ilin iyun-oktyabr ayları üzrə həyata keçirilmişdir. xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək minimum aylıq əməkhaqqına nisbətdə müəyyən edilmiş faizlə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar cədvəl formasında təqdim edilmədiyindən həmin dövrlərin fərdi şəxsi hesabında əks etdirilməsi mümkün olmamışdır. Bundan əlavə fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 16 il 04 ay 09 gün sığorta stajına uyğun olaraq 16483,43 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü ii tarixədək 202,70 manat olmaqla, ümumilikdə 16686,13 manat (2024-cü il tarixə indeksləşdirilmiş), yəni qanunvericiliklə tələb olunan pensiya kapitalından az təşkil edir. Məhkəmə cavabdehin həmin dəlillərini əsassız hesab edir.
19. Belə ki, iddiaçının əmək fəaliyyəti olan dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
20. Göründüyü kimi, qanunvericiliyə əsasən əmək pensiyasının təyin edilməsi üçün 2006-cı il yanvarın 1-dək olan dövr üzrə şəxsin iş müddəti əmək fəaliyyəti barədə sənəd - əmək kitabçası əsasında müəyyən olunur.
21. İddiaçının mübahisələdirilən stajına münqasibətdə məhkəmə qeyd edir ki: İT-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən, o, xx.xx.1994-cü il tarixdə (122 saylı, xx.xx.1994-cü il tarixli əmr) işə daxil olmuş, xx.xx.1996-cı il tarixdə işdən azad olunmuş (180 saylı, xx.xx.1996-cı il tarixli əmr), xx.xx.1997-ci il tarixdə 75 saylı Təmir Tikinti İdarəsində briqadir işinə qəbul edilmiş (46a saylı, xx.xx.1997-ci il tarixl əmr), xx.xx.2004-cü il tarixdə öz xahişinə əsasən işdən azad edilmişdir (123 saylı, xx.xx.2004-cü il tarixli əmr).
22. Cavabdehin imtinasından göründüyü kimi cavabdeh iddiaçıya məxsus əmək kitabçasının 1) xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək olan işdən azadolma qeydində səlahiyyətli şəxsin adı qeyd olunmadığından, 2) xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan qeydində işdən azadolma tarixində və əmrin tarixində qaralama olduğundan, həmçinin həftəsonuna təsadüf etdiyindən əmək kitabçasının düzgün doldurulmadığını bildirir, məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır.
23. Belə ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın: 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 3.11-ci bəndinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. 4.1-ci bəndinə əsasən əmək işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir.
25. Məhkəmə əmək kitabçasının düzgün doldurulmadığı - xx.xx.1996-cı il tarixli işdən azadolma qeydində səlahiyyətli şəxsin adı qeyd olunmaması, xx.xx.2004-cü il tarixli işdən azadolma tarixində və əmrin tarixində qaralama olması qeyd edildiyi iddia edilən dövrlərinə (01.xx.xx.1994-xx.xx.1996 və xx.xx.1997-xx.xx.2004-cü il) nəzərən qeyd edir ki, əmək kitabçası qüvvədə olan qanunvericiliyə uyğun olaraq işəgötürənin imzası və həmin müəssisənin möhürü ilə təsdiq edilmişdir və qeydlərin aparılmasına əsas olan əmrlərin nömrəsi, tarixi göstərilmişdir. Odur ki, iddiaçının qeyd edilən dövrlərdə işləməsinə dair əsaslı şübhələr aşkar olunmadı.
26. Məhkəmə şəxsin (iddiaçının) işlədiyi dövrlə bağlı əmək kitabçasında xx.xx.2004-cü il tarixli işdən azadolma qeydinin həftəsonuna təsadüf etməsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, əmək kitabçasının doldurulması zamanı yanlışlığa yol verilməsi şəxsi pensiya hüququndan məhrum edə bilməz. Qeyd edilən hal həmin dövr üzrə əmək fəaliyyətinin həyata keçirilməsini araşdırmaq üçün (inzibati icraat zamanı lazımi həcmdə sübutetmə vasitələrindən istifadə etməklə) əsas ola bilər.
27. Lakin cavabdeh tərəfindən inzibati icraatın aparılmaması və qeyd edilən zəruri sübutetmə vasitələrindən istifadə edilməməsi nəticəsində formal yanaşma iddiaçının pensiya hüququndan məhrum edilməsi ilə nəticələnmişdir.
28. Məhkəmə, həmçinin mübahisələndirilən (2006-2023) dövrlərə dair iddiaçının taksi fəaliyyəti ilə məşğul olduğu üzrə sadəcə vergi ödənişlərinin həyata keçirilməsi, məcburi dövlət sosial sığorta haqqı üzrə ödənişlərin sadəcə 2023-cü ilin iyun-oktyabr ayları üzrə ödənilməsi, xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək minimum aylıq əməkhaqqına nisbətdə müəyyən edilən faizlə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların cədvəl formasında təqdim edilməməsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırılması nəticəsində əldə edilən məlumata - Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının məktubuna əsasən iddiaçının “Fərqlənmə nişanı” əldə etməklə fəaliyyət göstərdiyi 2023-cü ilin iyun-noyabr ayları üzrə ödədiyi məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında öz əksini tapdığı müəyyən olunur. Həmin hal Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təqdim edilən iddiaçıya dair şəxsi hesab vərəqəsindən çıxarışdakı qeydlər ilə də təsdiq olunur.
29. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının işlədiyi 1994-2004-cü illərdə qüvvədə olan qanunvericilik normaları əmək kitabçası əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Ona görə də, həmin dövrə aid iş stajı əmək kitabçası ilə təsdiqlənə bilər və müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir.
30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
31. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: i) tələb olunan yaş; ii) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj.
32. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya pensiya yaşına çatmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər.
33. İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür, pensiya təyin edilməsi ilə müraciət etdiyi vaxta yaşı 65-dir. Əmək kitabçasına əsasən inzibati orqan tərəfindən nəzərə alınmış sığorta stajı (hərbi xidmət etdiyi illər daxil edilməklə) 16 il 09 ay 09 gündür.
34. Beləliklə, məhkəmə müəyyən edir ki, xx.xx.1994-xx.xx.1996 və xx.xx.1997-xx.xx.2004-cü illərə dair əmək kitabçasındakı qeydlərin mötəbərsizliyi cavabdeh tərəfindən sübut olunmadı, iddiaçı “Fərqlənmə nişanı” əldə etməklə fəaliyyət göstərmiş və onun həmin fəaliyyətlə 2023-cü ilin iyun-noyabr aylarında məşğul olması ödənilmiş məcburi dövlət sosial sığorta haqqları ilə təsdiq olunmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixdə isə “Fərqlənmə nişanı” əldə etməməklə fəaliyyət göstərmiş və onun həmin dövrdə fəaliyyətlə məşğul olması ödənilmiş məcburi dövlət sosial sığorta haqqları ilə təsdiq olunmuşdur. Belə ki, iddiaçının şəxsi hesab vərəqəsinin Daşımalar üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə qrafasından bəlli olur ki, xx.xx.2020-ci il tarixdə göstərmiş fəaliyyət üzrə məcburi dövlət sosial sığorta haqqları ödənilmişdir.
35. Qeyd edilənlərə əsasən cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmaqla cavabdeh tərəfindən sübutetmə vəzifəsi icra edilməmişdir. Belə ki, məhkəmə araşdırması nəticəsində iddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün faktiki şərtlərin mövcudluğu sübut edilmiş, cavabdeh isə konkret halda pensiya təyin edilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etməsinə baxmayaraq, belə şərtlərin mövcudluğunu sübut etməmişdir.
36. Hazırda işin faktiki hallarına əsasən iddiaçının pensiya yaşına qədər cəmi 25 ildən çox sığorta stajı iş materiallarında öz təsdiqini tapmışdır. Belə ki, 2006-cı ilədək xx.xx.1994xx.xx.1996 və xx.xx.1997-xx.xx.2004-cü illər, həmçinin 2006-2023-cü illər üzrə fərdi şəxsi hesabında öz əksini tapan məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi xx.xx.2020-ci il və 2023-cü ilin iyun-noyabr ayları ilə əhatə olunan dövrlərdə işlədiyi müddətlər (cəmi 25 ildən çox) iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası almaq hüququ verir.
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tərixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.-ci bəndinə əsasən, Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən;
38. “Əmək pensiyaları haqqında” Qanunun: 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti; 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
39. Beləliklə, iddiaçının xx.xx.1994-xx.xx.1996 və xx.xx.1997-xx.xx.2004-cü il tarixlərdə, həmçinin xx.xx.2020-ci il və 2023-cü ilin iyun-noyabr ayları üzrə işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək İddiaçı 65 yaşdan - xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır
40. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
41. Göstərilənlərə əsasən və İPM-in 2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı 65 yaşdan, xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva