Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8699/2025 30.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı X3 iştirakı ilə, İddiaçılar X7, X6, X4 cavabdeh Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək oğlu- xx.xx.1988-ci il təvəllüdlü X3 və onun ailə üzvləri olan gəlini-xx.xx.1998-ci il təvəllüdlü X2, eləcə də nəvəsi- xx.xx.2020-ci il təvəllüdlü X4 N.Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 188a, mənzil 79 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdeh qurumun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1-ci qrup gözdən əlildir. Hal-hazırda Nəriman ünvan 2 ünvanında yaşayır. Bu mənzil ona məxsusdur. 1-ci dərəcəli gözdən əlil olduğu üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 09 fevral 2016-cı il tarixli 11/7-34 nömrəli əmri ilə Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətində mənzil növbəsində dayanmış gözdən əlil şəxslər sırasında olduğum üçün verilmişdir. Ev talonla təmin edilib. Talonda evin ona məxsusluğu göstərilib. Lakin hazırda qeyd olunan mənzilin kupçası - Daşınmaz əmlakın dövlət reyestirindən çıxarışı yoxdur. Dəfələrlə müraciət etməyinə baxmayaraq cavab olaraq bildirilib ki, gözdən əlil şəxslər üçün verilmiş mənzillər hissə-hissə çıxarışla təmin edilir. Məlumat üçün bildirmək istəyirəm ki, bu mənzildə ailəmlə birgə yaşayıram. Birgə yaşayış halı və həyat zərurətləri ilə əlaqədər ailə üzvlərinin də bu ünvanda qeydiyyata alınması zərurəti yaranıb. Belə ki, oğlu - X3 və onun ailə üzvləri olan gəlini - X2, eləcə də nəvəsi - X4 Nəriman ünvan 2 ünvanında qeydiyyata alınması məqsədi ilə ilk növbədə “ASAN xidmət mərkəzinə” müraciət etmişdir. Ona bildirildi ki, qeyd olunan mənzilin Daşınmaz əmlakın dövlət reyestirindən çıxarışı olmadığı üçün qeydiyyat ünvanını dəyişdirə bilmirlər. Daha sonra isə ərizə ilə Nərimanov Rayon Polis İdarəsinə məktub ünvanladı. Ərizəsinə cavab olaraq xx.xx.2025-ci il tarixli, 50/2-C-4799/11 nömrəli məktubda bildirilər ki, “Qeyd olunan mənzilin Daşınmaz əmlakın dövlət reyestirindən çıxarışı olmalıdır. Sizin bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməyiniz məqsədə müvafiqdir”. Əlavə olaraq qeyd edilir ki, yuxarıda adlarını sadaladığı şəxslər Beyləqan rayon 1-ci Aşıqlı kəndində qeydiyyatdadırlar. Nərimanov Rayon Polis İdarəsi bildirib ki, oğlu - X3 və onun ailə üzvləri olan gəlini - X2, eləcə də nəvəsi - X4 Nəriman ünvan 2 ünvanında qeydiyyata alınması üçün həmin mənzilin Daşınmaz əmlakın dövlət reyestirindən çıxarışı olmalıdır. O, isə Daşınmaz əmlakın dövlət reyestirindən çıxarışın alınması məqsədi ilə müraciət etsə də hələ gözləməli olduğunu bildiriblər. Bir dövlət orqanı bu məsələni digər dövlət orqanın üzərinə atır. Digəri isə məhkəmənin. Bu vəziyyətdə isə süründürməçilik yaranır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin qərardadı ilə əsl olmayan iddiaçı əsl iddiaçılar X7, X6, X8 ilə əvəz edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 116 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli 107 nömrəli Arayışda göstərilmişdir ki, İddiaçı F.Yusifov küçəsi, 188a saylı evin 79 saylı mənzilində yaşayır, pasport qeydiyyatındadır. Aşağıda göstərilən 3(üç) nəfər ailə üzvləri göstərilən ünvanda qeydiyyatsız yaşayır: oğlu-X7, gəlini-X6, nəvəsi-X8. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 3-13-50/2-C-4801/25 nömrəli məktubda göstərilmişdir ki, Nərimanov rayonunda yerləşən mənzilə pasport qeydiyyatına alınması üçün "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə yaşadığınız evin müvafiq sənədini (dövlət reyestrindən çıxarış,icarə-kirayə müqaviləsi, yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi və s.) təqdim etməlisiniz. Əks təqdirdə qeydiyyata alınma tərəfimizdən mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməyiniz məqsədəmüvafiqdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 18/2-15042 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, ünvan 2 ünvanında xx.xx.1968-ci il təvəllüdlü X9 xx.xx.2017-ci il tarixdən hazıradək, xx.xx.1992-ci il təvəllüdlü X5 xx.xx.2017-ci il tarixdən hazıradək və xx.xx.1966-cı il təvəllüdlü İddiaçı xx.xx.2017-ci il tarixdən hazıradək yaşayış yeri üzrə qeydiyyatdadırlar. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-23756/2025 nömrəli məktubunda göstərilmişdir ki, sözügedən mənzilin qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 18/2-16653 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 4 ünvanında xx.xx.1966-cı il təvəllüdlü İddiaçı, xx.xx.1992-ci il təvəllüdlü X5, xx.xx.1968-ci il təvəllüdlü X9 yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-30/2-26449/2025 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 5 ünvanının qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli, 50/2-C-4799/11 nömrəli məktubunda bildirilmişdir ki, Nərimanov rayonunda yerləşən mənzilə X3 və X2 pasport qeydiyyatına alınması üçün "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşadığınız evin müvafiq sənədini (dövlət reyestrindən çıxarış, icarə-kirayə müqaviləsi, yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi və s.) təqdim etməlisiniz. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən fərdi yaşayış evinə qeydiyyata alınma ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız ““Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır. Yuxarıda sadalanan sübutlarla müəyyən olunur ki, iddiaçılar faktiki olaraq N.ünvan 7 ünvanda qeydiyyatda deyillər. İddiaçıların faktiki yaşadığı sözügedən mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də həmin mənzilin fərdiləşdirilməsini təmin edən rəqəm və hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi var. Eyni zamanda, N.Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 188a, mənzil 79 ünvanı üzrə hər hansı əmlak xüsusi mülkiyyət hüququ ilə hər hansı şəxsin adına qeydiyyatdan keçməmişdir. Məhkəmə cavabdehin imtinasının əsasında duran iddiaçının həmin ünvana qeydiyyata alınması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində sadalanan hüquqmüəyyənedici sənədlərin təqdim edə bilməməsi dəlilini hazırkı işin hallarına mübnasibətdə əsassız hesab edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir”. Göründüyü kimi yaşayış yeri üzrə qeydiyyat şəxsin daşınmaz əmlaka hər hansı əşya hüququnu ehtiva etmir və qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır. Belə olan halda hesab edilir ki, iddiaçıların ailə üzvlərinin həmin ünvanda qeydiyyatda olduqları halda iddiaçının da onlarla birgə faktiki yaşadığı ünvan üzrə qeydiyyata alınmanı tələb etməkdə haqlıdır. Nəzərə almaq lazımdır ki, hazırkı halda həmin ünvanda İddiaçı, X5, X5, X1 ünvana qeydiyyata alınmışlar. Bundan əlavə nəzərə alınsa ki, cavabdeh orqan sözügedən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata keçmədiyi halda həmin ünvana iddiaçının ailə üzvlərini qeydiyyata almış, iddiaçının müraciətinə cavab olaraq isə mənzilin qeydiyyatdan keçməsi ilə bağlı sənədi tələb etməsi ən azı onlara münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə zidd hesab olunmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.1988-ci il təvəllüdlü X7, xx.xx.1998-ci il təvəllüdlü X2, xx.xx.2020-ci il təvəllüdlü X4 ünvan 8 ünvanına qeydiyyata alınması vəzifəsi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. xx.xx.1988-ci il təvəllüdlü X7, xx.xx.1998-ci il təvəllüdlü X2, xx.xx.2020-ci il təvəllüdlü X4 ünvan 8 ünvanına qeydiyyata alınması vəzifəsi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-8699/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8699/2025
30.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver