Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-87/2023 25.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsə qarşı “bakalavr diplomunun ölkə ərazisində tanınması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “Ukrayna Respublikası Xarkov Milli İqtisadiyyat Universiteti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, B18 № 211882 saylı diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinın müəyyən edillməsi haqqında şəhadətnamənin verilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2013-2018-ci illərdə Ukrayna Respublikasında “Xarkov Milli İqtisadiyyat Universitetinin”nin maliyyə və kredit ixtisası üzrə qiyabi təhsil almışdır. Ukrayna Respublikası “Xarkov Milli iqtisadiyyat Universiteti” tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, B18 №211882 nömrəli diplomun Azərbaycan Respublikasında tanınması haqqında ərizə ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir. Həmin müraciəti ilə bağlı cavabdeh tərəfindən Nazirliyə çağırılmış və ixtisası ilə bağlı təhsil aldığı dildə imtahan edilmişdir. Ona verilmiş 4 sualın ikisinə tam, ikisinə isə orta səviyyədə cavab vermişdir. 18 iyun 2019-cu il tarixdə ona elektron cavab verilmişdir ki, dili bilmək səviyyəsi qənaətbəxş deyil. Göstəriləndən başqa imtinada cavabdeh tərəfindən diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınmasını qeyri-mümkün edən başqa bir səbəb göstərilməmişdir. Cavabdehin onun müraciətinə imtinası qanunsuz və əsassızdır və bununla da onun hüquqları və qanunla qorunan maraqları pozulmuşdur. “Xarkov Milli İqtisadiyyat Universiteti” dövlət təhsil müəssisəsidir, həmin təhsil müəssisəsini bitirən şəxslərin Ukrayna Respublikası ərazisində ixtisasları üzrə fəaliyyət göstərmələrində və təhsilin daha yuxarı pillələrində təhsillərini davam etmələrində heç bir problem mövcud deyil. Diplomun tanınması Azərbaycan Respublikasının Təhsil Qanununu və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 №-li qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” ilə tənzimlənir. Mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikasının Təhsil Qanununun 1-ci maddəsinin (1-ci abzas) tələbindən də görünür ki, təhsil sahəsində xarici əlaqələr və beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 №-li qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarının İİ hissəsinin 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil 4 sahəsində ixtisaslarının tanınması mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Həmin Qaydaların 2-3-cü bəndinə əsasən ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir: ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması. Həmin Qaydaların İİİ hissəsinin 3.3-3.4 və 3.6-3.7-ci bəndlərinə əsasən təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. Ekspertiza zamanı aşağıdakılar nəzərə alınır: tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin həcmi; fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyanın nəticəsi. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər; xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə Qaydalardan göründüyü kimi Ekspert qrupunun mənfi rəy verməsi üçün konkret əsaslarla hüdud göstərilmişdir ki, həmin əsasların da heç biri ona şamil oluna bilməz. Eyni zamanda, cavabdehin imtinasında mənfi rəy verilməsi üçün qeyd olunan əsasların heç biri göstərilməmişdir. Bu da cavabdehin imtinasının qanunsuz olduğunu təsdiq edir. Eyni zamanda, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında” Əsasnamənin İİİ hissəsinin 8.27-ci bəndinə əsasən Təhsil Nazirliyi xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirir; həmin hissənin 8.28-ci bəndinə əsasən xarici dövlətlərdə alınmış təhsil sənədlərinin nostrifikasiyası qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ll ekvivalentliyi haqqında şəhadətnamələr verir. “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş Azərbaycan Respublikası 18 iyul 2000-ci il tarixli Qanunu ilə təsdiq edilmişdir. Həmin Sazişin 5-ci maddəsinə əsasən Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Göründüyü kimi, göstərilən “Sazişlə” Ukrayna Nazirlər Kabineti ilə Azərbaycan Respublikası arasında bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom qarşılıqlı qaydada tanındığına görə cavabdeh tərəfindən ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilməlidir. Cavabdehin imtinasında qeyd etdiyi əsasın göstərilən qanunvercik aktlarına zidd olmasına baxmayaraq, həmin arqumentin tamamilə əsassız olduğunu məhkəmənin nəzərinə çatdırmağı zəruri hesab edir. Ali təhsil aldığı dili kifayət qədər bilir və həmin dildə imtahanlarını vermişdir. Ali təhsilini qiyabi formada almış, yalnız imtahanlardan əvvəl təhsil aldığı universitetə getmişdir. 2018-ci ildə təhsilini başa vurduqdan sonra Azərbaycan Respublikasında yaşamışdır. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən müəyyən olunur ki, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentiyinin müəyyən edilməsi cavabdehin səlahiyyətlərinə aiddir və cavabdeh heç bir əsas olmadan onun müraciətini təmin etməkdən imtina etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-103/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 2-1(112)-4406/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxs ilə əvəz edilmişdir. Məhkəmənin 2-1(112)-914/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3404/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-914/2021 saylı 20 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilmiş və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Dövlət Universitetinin Filologiya fakültəsindən İddiaçı tədris (rus) dilini bilmə səviyyəsinin Ukrayna Respublikası “Simon Kuznets adına Xarkov Milli İqtisadiyyat Universiteti”nin “maliyyə və kredit” ixtisasını mənimsəməsi üçün yetərli olub-olmaması barədə mütəxəssis rəyi alınmışdır. “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxs tərəfindən məhkəməyə ünvanlanmış 3-29-61/2-602/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, İddiaçı Ukrayna S.Kuznets adına Xarkov Milli İqtisad Universiteti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, B18 № 211882 nömrəli diplom üzrə əldə etdiyi kvalifikasiyanın tanınması barədə qərar qəbul edilmiş, tanınma haqqında elektron şəhadətnamə ərizəçinin şəxsi kabineti vasitəsi ilə ona təqdim olunmuşdur. İddiaçı təqdim edilmiş şəhadətnamənin elektron sistemdən çıxarışından görünür ki, B18 seriyalı 211882 qeydiyyat nömrəli bakalavr diplomu tanınmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iş üzrə iddiadan imtina edir və müvafiq ərizənin nəzərə alınaraq icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, iddiaçı iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsindən: 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.2. Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Odur ki, məhkəmə hesab edir ki, işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.1, 67.3, 83.1 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-87/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-87/2023
25.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver