Məhkəmə qərarları › İş №2-1(112)-870/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-870/2021

29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-870/2021 29.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçıya məxsus yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın və texniki pasportun verilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçıya məxsus yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın və texniki pasportun verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindıə həyata keçirilir. İPM-in 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İnzibati mübahisəyə mahiyyəti üzrə 25 sentyabr 2020-ci il tarixdə baxılmış və məhkəmənin həmin tarixli 2-1(112)-4251/2020 saylı qərarı ilə iddia təmin edilərək, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 48 saylı evin 5 saylı mənzili qeyri-yaşayış sahəsinə keçirilməklə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Ərizəçi R.F.Rüstəmzadə Bakı İnzibati Məhkəməsinə 1 dekabr 2020-ci il tarixdə ərizə ilə müraciət edərək, məhkəmənin 2-1(112)-4251/2020 saylı 25 sentyabr 202-ci il tarixli qərarının ləğv edilməsi, onun inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi və inzibati məhkəmə icraatının təzələnməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizədə İPM-in 28.1-ci maddəsinə istinad olunur və bildirilir ki, Bakı İnzibati Məhkəməsinin sözügedən qərarı onun maraqlarına toxunur. Belə ki, o (ərizəçi), həmin ərazidə yaşayır, mübahisənin obyekti olan mənzilin qeyri-yaşayış sahəsi kimi istifadə olunması onun hüquqlarını pozacaqdır. Məhkəmənin 4 dekabr 2020-ci il tarixli qərardadı ilə üçüncü şəxs məhkəmə icraatına cəlb edilmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4251/2020 saylı 25 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilərək işə mahiyyəti üzrə baxılması təzələnmişdir. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə proses iştirakçılarına bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, prosesin digər iştirakçıları gəlməmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaçının müvafiq daşınmaz əmlakın növü qeyri-yaşayış sahəsi olmaqla ona hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını bildirdi və bu barədə reyestrdən çıxarışın surətini təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsaəsn daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. İPM-in 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. İPM-in 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmənin qənaətinə görə, iddiaçının arzuladığı hərəkət, yəni müvafiq daşınmaz əmlaka dair onun növü “qeyri-yaşayış sahəsi” olmaqla reyestrdə qeydiyyat aparılması və bu barədə reyestrdən çıxarışın verilməsi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təmin edildiyindən (icra olunduğundan), mübahisə mövcud olmur və bu səbəbdən də iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 2.2, 67, 83-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçıya məxsus yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın və texniki pasportun verilməsi» barədə iddia tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar