Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8701/2024 03.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X3) “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə X1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi zəruri cəlbetmə qərara alınmışdır. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşin faktiki hallarından göründüyü kimi ünvan 1 ünvanında yerləşən 0,0189 ha torpaq sahəsi X1 xüsusi mülkiyyətindədir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı hazırki iddia ilə X2 daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın və onun əsasında verilmiş çıxarışın ləğv edilməsini xahiş edir. Göründüyü kimi hazırkı iddia növ etibarı ilə AR İPM-nin 2.2.3-cü maddəsində göstərilən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia (öhdəliyin icrası haqqında iddia) tələbinə dair hesab edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan növ iddialar üzrə mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi tələb olunur. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 9-cu hissəsinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, öhdəliyin icrası haqqında iddialarda tələb olunan mümkünlük şərti kimi inzibati orqana əvvəlcədən müraciət edilməsi zəruridir. Lakin iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər toplusundan aydın olur ki, qeyd olunan tələblə bağlı cavabdehə müraciət edilməmiş, iddiaçının cavabdehə müraciəti yalnız qeydiyyatın aparılmasına əsas olmuş sənədlərin təqdim olunması ilə bağlı olmuşdur. Göründüyü kimi öhdəliyin icrası ilə əlaqədar iddia ilə bağlı tələb olunan mümkünlük şərtinin mövcudluğu müəyyən edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1739/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarından da göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə çıxarışın ləğv edilməsi ilə bağlı olmuşdur ki, kassasiya instansiya məhkəməsi bu mübahisənin İPM-nin 2.2.3-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia olmasını nəzərə almış və mübahisə ilə məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana ilkin müraciətinin (məhkəmədən əvvəl) olmasını zəruri saymışdır. Beləliklə, məhkəmənin qənaətinə görə “çıxarışın ləğv edilməsi” və ya “çıxarışın etibarsız hesab edilməsi” barədə iddia tələbləri İPM-nin 2.2.3-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia növlərinə aid olduğundan, bu tələblər ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl mütləq qaydada inzibati orqana ilkin müraciət olunmalıdır. Ümumiyyətlə, məhkəmə onun da qeyd edilməsini zəruri hesab edir ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı çıxarışın verilməsinə əsas olmuş sənəd ləğv olunmadan qeydin və çıxarışın verilməsi ilə bağlı iddia mümkünlük şərtlərinə cavab verməyən iddia hesab edilir. Ali Məhkəmənin 2-1(102)-1254/2022 saylı 14 iyul 2022-ci il tarixli qərarından da görünür ki, məhkəmə ilkin hüquqmüəyyənedici sənəd ləğv edilmədən çıxarışın ləğv edilməsi ilə bağlı iddianın mümkünsüz iddia olması qənaətinə gəlmişdir. Həmin qərarda qeyd edilmişdir ki, mübahisəli zirzəmi sahəsinin üçüncü şəxslərin adına dövlət qeydiyyatına alınmasının əsasında duran ilkin sənəd Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 373 nömrəli, 19 aprel 1999-cu il tarixli sərəncamı olmuşdur. Belə olan halda, qeydiyyatın aparılmasına və texniki pasportların verilməsinə əsas təşkil etmiş Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 373 nömrəli 19 aprel 1999- cu il tarixli sərəncamı mübahisələndirilmədən birbaşa qeydiyyatın və texniki pasportların ləğvinə dair qaldırılmış iddiaya iddiaçının hüquqi marağı mövcud deyildir. Çünki həmin hüquqmüəyyənedici sənəd qüvvədə olduğu halda qeydiyyatın və texniki pasportların ləğvini tələb etmək əhəmiyyətsiz olmaqla yanaşı, buna dair ayrıca məhkəmə prosesinin aparılmasını da lüzumsuz edir. Həmçinin, Ali Məhkəmənin 2-1(102)-758/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından da görünür ki, məhkəmə ilkin hüquqmüəyyənedici sənəd ləğv edilmədən çıxarışın ləğv edilməsi ilə bağlı iddianın mümkünsüz iddia olması qənaətinə gəlmişdir. Məhkəmə həmin qərarda da qeyd etmişdir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün ilkin olaraq mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş sənədləri mübahisələndirməlidir. Hazırkı iş üzrə isə iddiaçı mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədi də məhkəmə qaydasında mübahisələndirmiş ki, bu da iddianın mümkünlük şərtinin ödənilmədiyini göstərir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə xüsusi ilə onu da qeyd etməyi zəruri hesab edir ki, çıxarışın verilməsinə əsas olan sənəd müəyyən edildikdən sonra iddiaçı həmin sənədin inzibati akt və ya mülkiəqd olmasından asılı olaraq inzibati və ya mülki məhkəməyə müraciət etməlidir. “ İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarının tələbi konkret hazırkı məsələni tənzimləyir. Həmin Qərarın: 17.“Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Göründüyü kimi Plenum Qərarı müəyyən etmişdir ki, əgər qeydin əsasında duran hüquqmüəyyənedici sənəd mülki-hüquqi əqdlərin əsasında verilmişdirsə çıxarışın ləğvi və etibarsızlığı mülki qaydada həyata keçirməlidir. Məhkəmə izah edir ki, iddiaçı hazırki iddia tələbində nəzərdə tutulmuş öhdəliyin həvalə edilməsi (çıxarışın ləğv edilməsi) ilə bağlı cavabdeh inzibati orqana müraciət etdiyi təqdirdə, onun eyni tələblə (çıxarışın verilməsinə əsas olan sənəd inzibati akt olduğu halda) inzibati məhkəməyə müraciət etmək hüququ istisna edilmir. Qeydiyyatın aparılmasına və çıxarışın verilməsi mülki-əqd əsasında aparıldığı halda iddiaçı hazırki tələblə mülki məhkəməyə müraciət etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim:Həsənov Orxan
Məhkəmə qərarları › İş №2-1(112)-8701/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8701/2024
03.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver