Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8703/2021 01.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı oğlunun Bakı şəhəri Sabunçu rayon Cavabdehnə qarşı “qərarın etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X1 Bakı şəhəri Sabunçu rayon Cavabdehnə qarşı “qərarın etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdehnə müraciət edərək torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi ilə əlaqədar olaraq ayrılmasını xahiş etmiş, müraciət nəzərə alınaraq Bələdiyyə tərəfindən 01 aprel 2005-ci il tarixli 033 saylı qərara əsasən 1250 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair cavabdehlə alqısatqı haqqında akt tərtib edilmiş, torpaq sahəsinin dəyəri ödənilmiş, qeyd olunan torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir. Daha sonradan isə Kəlpəli Əliyev adlı şəxs həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirmiş, bununla bağlı 21 noyabr 2007-ci il tarixli 030 nömrəli qərarın olduğunu qeyd etmişdir. Mübahisənin daha da uzanmaması üçün onunla razılıq əldə edilmiş, 15 saylı Notariat Kontorunda torpaq sahəsinin dəyəri həmin şəxsə ödənilərək torpaq sahəsi ilə bağlı bütün səlahiyyətlər iddiaçıya keçirilmiş, bununla bağlı etibarnamə verilmişdir. Lakin bu günə qədər istifadəsində olan torpaq sahəsinə dair belə bir qərarın hansı əsaslarla qəbul edilməsi səbəbləri ona aydın deyişdir. Bu barədə müraciətləri nəticə verməmişdir. Qeyd olunan səbəbdən də daha sonra mübahisələrin qarşısının alınması üçün həmin inzibati aktın etibarsız hesab edilməsi barədə iddia irəli sürülməsi zərurəti yaranmışdır. İddiaçı hesab edir ki, həmin qərar onun mülkiyyət hüququnun pozuntusuna səbəb olduğundan etibarsız hesab edilməlidir. Sonradan iddia tələbinə dəqiqləşmə verilərək iddiaçı X2 əsl İddiaçı ilə əvəz edilməsini xahiş etmiş, məhkəmə qərardadı iddiaçı X2 əsl İddiaçı ilə əvəz edilmişdir. Barəsində torpaq sahəsinin ayrılmasına dair bələdiyyə qərarının etibarsız hesab edilməsinə dair iddia irəli sürülmüş X5 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, müvafiq sorğular əsasında həmin şəxsin vəfat etməsi, vəfat etməsi ilə əlaqədar vərəsəlik işinin açılmaması nəzərə alınaraq üçüncü şəxs qismində prosessual iştirakına məhkəmə qərardadı ilə xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eləcə də məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh tərəfindən 21.11.2007-ci il tarixli qərarın iddiaçıya həmin vaxt rəsmi qaydada təqdim edilməsi, onun həmin qərardan həmin vaxt məlumatlı olması ilə bağlı məlumat olmadığından iddia müddəti ilə bağlı iddianın mümkünlük şərtinə riayət edilmişdir. Məhkəmə iddia tələbindəki məlumatlara uyğun olaraq qərardan ümumi qaydada iddiaçıya X5 tərəfindən etibarnamə verildiyi 23 iyun 2011-ci il tarixlərdə iddiaçının həmin qərardan məlumatlı olduğunu müəyyən edir ki, həmin vaxt qüvvədə olmuş AR İPM-nin 2.2.ci və 2.2.5-ci maddələri ilə nəzərdə tutulmuş inzibati aktın etibarsız hesab edilməsinə dair iddialara münasibətdə iddia müddətinin şamil edilməsi qaydası nəzərdə tutulmamışdır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Qanunvericiliyin tələbindən də göründüyü kimi publik hüquq sahəsinə aid olan müəyyən məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Adıçəkilən maddələrin təhlilindən müəyyən edilir ki, inzibati akt qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində geri çağrılana, ləğv edilənə, dəyişdirilənədək bütün şəxslər, o cümlədən inzibati aktın yönəldiyi fiziki və hüquqi şəxslər üçün hüquqi qüvvəyə malikdir ki, onun hüquqi qüvvəsi və hüquqi cəhətdən etibarlılığı həmin qərarı qəbul etmiş inzibati orqan və digər inzibati orqanlar üçün də istisna təşkil etmir. Hazırkı iş üzrə də İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədi ilə 1250 kv.m torpaq sahəsinin ayrılmasına dair 01 aprel 2005-ci il tarixli 033 nömrəli Qərar inzibati akt kimi həm iddiaçı, həm digər şəxslər, o cümlədən həmin qərarı qəbul etmiş Bələdiyyə üçün hüquqi qüvvəsi itirilməmiş, hüquqi cəhətdən etibarlılıq xarakteri daşıyır. Belə ki, həmin qərarın Bələdiyyə və ya məhkəmə tərəfindən ləğv və ya etibarsız hesab edilməsi ilə bağlı inzibati və ya məhkəmə qərarı qəbul edilməmiş, məhkəməyə bununla bağlı hər hansı sənəd verilməmiş, qeyd olunan qərarın mübahisələndirilməsi ilə bağlı inzibati və ya inzibati məhkəmə icraatının aparılması ilə bağlı məlumat mövcud olmamışdır. Göründüyü kimi qərar hüquqi qüvvədədir. Həmin qərar əsasında iddiaçı ilə Bələdiyyə arasında torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, torpaq sahəsinin yerləşmə yeri əks olunan eskiz sxem tərtib edilmişdir. Lakin, iddiaçı tərəfindən mübahisələndirilən fərdi yaşayış evinin tikintisi ilə əlaqədar 1250 kv.m torpaq sahəsinə dair Cavabdeh tərəfindən qəbul edilmiş 21 noyabr 2007-ci il tarixli 030 nömrəli Qərar isə yuxarıda adıçəkilən Qərardan fərqli olaraq inzibati aktın etibarlılığı xüsusiyyətinə malik hesab edilmir. Bununla əlaqədar olaraq aşağıdakıların qeyd edilməsi zəruridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Göründüyü kimi müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş, eləcə də faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, o cümlədən qərar etibarsız hesab edilir. Cavabdeh tərəfindən qəbul edilmiş 21 noyabr 2007-ci il tarixli 030 nömrəli Qərar üçün qeyd olunan əlamətlər xas olduğundan qərar formasında qəbul edilmiş həmin inzibati aktın etibarlılığından söhbət gedə bilməz. Belə ki, Cavabdehnə torpaq sahələrinin ayrılmasına dair təqdim edilmiş sorğuya cavab məktubu ilə müəyyən edilmişdir ki, 2005-ci il və 2007-ci il tarixlərdə iddiaçıya və K.Əliyevə ayrılmış torpaq sahələri eynilik təşkil edir. Başqa sözlə həmin torpaq sahələri üst-üstə düşür. Digər bir ifadə ilə eyni torpaq sahəsi 2005-ci il tarixdə iddiaçıya ayrıldıqdan 2 il sonra yenidən başqa şəxsə ayrılmışdır. Göründüyü kimi torpaq ayırma səlahiyyətinə malik olan inzibati orqan kimi Bələdiyyə 01 aprel 2005-ci il tarixdə torpaq sahəsinin ayrılması barədə məcburi qüvvəyə malik olan qərar qəbul etmiş, alqı-satqı aktına əsasən torpağın ayrılmasına dair iradə ifadəsini nümayiş etdirmiş, mülkiyyətində olduğu torpaq sahəsinin başqa şəxsin mülkiyyətinə verilməsinə dair inzibati icraat aparmışdır. Daha sonra isə, Bələdiyyə eyni inzibati icraatın aparılmasında, eyni torpaq sahəsinin başqasına ayrılmasına baxmayaraq digər şəxsə verilməsində özünü səlahiyyətli saymış həmin torpaq sahəsinin yenidən ayrılması ilə bağlı qərar qəbul etmişdir. Lakin, nəticə etibarı ilə faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt qəbul etmişdir. Belə ki, eyni torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi üçün bir-neçə şəxsə verilməsi zamanı həmin qərarın icrası prosedurundan söhbət gedə bilməz. Eyni zamanda həmin aktın qəbulunda inzibati orqanın səlahiyyətli olub-olmaması ilə bağlı da məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, Bələdiyyənin eyni torpaq sahəsi ilə bağlı eyni növ ikinci qərarın qəbul edilməsində səlahiyyətli hesab edilməsindən də söhbət gedə bilməz. Belə ki, başqasına verilmiş torpaq sahəsinə dair fiziki və ya hüquqi şəxslərin müraciəti, eləcə də inzibati orqanların öz təşəbbüsü əsasında olmasından asılı olmayaraq yenidən torpaq sahəsinin ayrılması barədə inzibati aktın qəbul edilməsinə dair inzibati prosessual fəaliyyətin, yəni inzibati araşdırmanın aparılması səlahiyyəti həmin inzibati orqanda mövcud olmamış, onun səlahiyyət çərçivəsindən kənar olmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:
8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; 56.1 Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi müvafiq prosedur daxilində bələdiyyələrə mülkiyyətində olan torpaq sahələrinin başqa şəxslərin mülkiyyətinə verilməsi ilə əlaqədar səlahiyyətləri müəyyən edilmişdir ki, onun mülkiyyətində olmamış torpaq sahəsinə hər hansı formada sərəncamın verilməsi Bələdiyyə səlahiyyətlərindən kənar hərəkət kimi qiymətləndirilməlidir. Göründüyü kimi Cavabdeh 21 noyabr 2007-ci il tarixli 030 nömrəli Qərarı müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, eləcə də faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati aktla bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65.1-ci, 65.1.2-ci və 65.1.3-cü maddələrində nəzərdə tutulmuş xüsusiyyətlərə malik inzibati aktdır və bu səbəbdən də etibarsız hesab edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə izah edir ki, torpaq sahəsi ilə bağlı müqavilə münasibətlərindən yaranan mübahisələr ilə bağlı aidiyyəti üzrə ümumi məhkəməyə müraciət edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. Bakı şəhəri Sabunçu rayonu Cavabdeh tərəfindən X3 verilmiş Bilgəh qəsəbəsi ərazisində yerləşən 1250 kv.m torpaq sahəsinə dair 21 noyabr 2007-ci il tarixli 030 nömrəli Qərarı etibarsız hesab edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov