Məhkəmə qərarları › İş №2-1(112)-8704/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8704/2021

28.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8704/2021 28.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X16 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Ağa qızının, 3-cü şəxs X4 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı X11 və X8 işə 3-cü şəxs qismində cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Yasamal Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1-də qeydiyyatda olub, lakin heç vaxt yaşamayan X6, X4, X5 və X1 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8704/2021 saylı, 23 iyul 2021-ci il tarixli qərardadı ilə X11 və X8 iş üzrə 3-cü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və cavabdehə və 3-cü şəxslərə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, onun qardaşı X8 və onun arvadı X11 və onların birgə nikahından olan iki övladları 06.12.2011-ci il təvəllüdlü oğlu X7 və 15.08.2005-ci il təvəllüdlü X2 onun mülkiyyətində olan Yasamal rayonu, Şahbazi küçəsi, məhəllə 605, mənzil 32-də qeydiyyatda olsalar da, faktiki olaraq bir gün belə həmin evdə yaşamamışlar. Onlar arasında olan nikah illər əvvəl ləğv edilmiş, harada yaşamaları barədə məlumat yoxdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilərək 3-cü şəxslərin qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh tərəfindən məhkəməyə məktub ünvanlanaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmiş, lakin üçüncü şəxs X11 məhkəmə iclasına gəlməmiş və məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X8 izahat verərək ünvan 1-də yaşamadıqlarını, hazırda işi ilə əlaqədar Xaçmaz rayonunda yaşadığını, X11 ilə nikahına xitam verildiyini və sözügedən ünvandan qeydiyyatdan çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və 3-cü şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, ünvan 1 ünvanında iddiaçıdan başqa üçüncü şəxslər X11, X8 və onların övladları X7 və X2 da qeydiyyatdadır. İddiaçı hazırda 3cü şəxslərin mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bunu da həmin şəxslərin qeydiyyatlarının formal olması ilə əsaslandırır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal RPİ tərəfindən verilmiş 19.06.2021-ci il tarixli, 091-307827-3221 nömrəli müraciətə cavab məktubun surətindən görünür ki, 3-cü şəxslər X11, X8, X7 və X1 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları ilə bağlı İddiaçı müraciətindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə sorğu göndərilmiş, 16.08.2021-ci il tarixli, **********46 nömrəli sorğuya cavab məktubunda X6, X4, X3 və X1 Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi, məhəllə 605, 32 saylı mənzilə dair istifadə hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Eyni zamanda həmin sorğuya cavab məktubuna əlavə edilmiş 17 iyun 2011-ci il tarixli Mənzil Bağışlanma Müqaviləsindən görünür ki, X9 Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi, məhəllə 605 nömrəli binada yerləşən 32 nömrəli mənzili oğlu İddiaçı bağışlamışdır. Sorğuya qoşma kimi əlavə edilmiş digər bir sənəd olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli, **********27- 05301-093026 reyestr nömrəli, 23.08.2011-ci il tarixli qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi, məhəllə 605, 32 nömrəli mənzildə yerləşən daşınmaz əmlak xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Məhkəmə qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına diqqət yetirir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İşin hallarından məlum olur ki, hazırki işin mübahisə predmetini təşkil edən Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi, məhəllə 605, 32 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. Həmin mənzilə dair üçüncü şəxslərin istifadə hüququ, həmçinin onun qeydiyyata düşməsi barədə hüquqmüəyyənedici sənədlər mövcud deyildir. Hazırkı mübahisədə həqiqətən də şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Belə olan təqdirdə Məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin üçüncü şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmalarından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, X11, X8, X7 və X2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılma vəzifəsi cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində ondayaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 69-cu, 85-ci,10-cu mаddələrini rəhbər tutаrаq, Məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi, məhəllə 605, mənzil 32 ünvanında qeydiyyatda olan X6, X4, X3 və X1 qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilovküçəsi 540-cıməhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar