Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8708/2021 09.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (arvadı) X1, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “məhkəmə qərarına əsasən pul tələbinin ödənilməsi vəzifəsinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin imtinasını əsassız hesab etməklə ona Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-(112)-251/2021 saylı qərarına əsasən ödənilməli olan 546,15 manat pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(112)-251/2021 saylı qərarına əsasən, cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının hərəkətlərinin qanunsuz hesab edilməklə onunla "xxxx" ASC-nin Sumqayıt filialı arasında bağlanmış 31 mart 2015-ci il tarixli 08-xx-xx-013161 saylı Kredit müqaviləsinə əsasən ödənilmiş 1400 ABŞ dolları məbləğində kreditə görə kompensasiya məbləğinin hesablanaraq onun hesabına köçürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilmiş və həmin qərara əsasən 546,15 manat pulun ödənilməsi qət edilmişdir. Məhkəmə qərarı qanun qüvvəsini almış və icraya yönəldilmişdir. Lakin artıq xeyli müddət keçməsinə baxmayaraq, qeyd edilən pul vəsaiti ona ödənilməmişdir. Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyində olmuş və orada ona bildirilmişdir ki, həmin kompensasiyaların ödənilməsi 2019-cu ilin dekabrında başa çatmışdır, ödəmələr barədə qərar yoxdur, bu səbəbdən də vəsaitin ödənilməsi mümkünsüzdür. Halbuki artıq məhkəmə qərarı qəbul edilmiş və hər bir dövlət orqanının borcu həmin məhkəmə qərarlarını icra etməkdir. Bildirmək istəyir ki, onunla "xxxx" ASC-nin Sumqaıt filialı arasında bağlanmış 31 mart 2015-ci il tarixli 08-xx-xx-013161 saylı Kredit müqaviləsinə əsasən filliala 26 faiz olmaqla 24 ay müddətinə 1400 (bir min dörd yüz) ABŞ dolları məbləğində kredit götürmüş və həmin kredit üzrə ödənişləri tam olaraq həyata keçirmiş və onun banka kredit borcu qalmamışdır. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə devolvasiyalardan qabaq götürülmüş kreditlərə görə fiziki şəxslərə kompensasiyaların ödənilməsi qaydası müəyyən olunmuşdur. Həmin Fərmana əsasən fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi nəzərdə tutulmuşdur. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; Halbuki mənim bu vəsaiti almaq hüququm vardır.Mən yalnız bu bankdan kredit götürmüş və başqa heç bir bankdan kredit almamış və borcum da yoxdur. Bu halları nəzərə alan məhkəmə mənim iddia tələbimi təmin etsə də həmin vəsait mənə ödənilmir,məhkəmə qətnaməsinə hörmətsizlik olunur. Mən cavabdeh təşkilata ərizə ilə müraciət edərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-251/2021 saylı qərarının icrasına və 546,15 manat pulun mənə ödənilməsinini xahiş etmiş, lakin cavabdeh təşkilat xx.xx.2021-ci il tarixli məktubla konpensasiya ödənişindən imtina etmiş və bildirmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlerinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya ödənişlərinin həyata keçirilməsi üçün maliyyələşmə 2019-cu il ərzində həmin ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təqdim edilən müvafiq sifarişlər esasında təmin edilmişdir. Cari ilin dövlət büdcəsində problemli kreditlər üzrə kompensasiyaların ödənilməsi üçün müvafiq vəsait nəzərdə tutulmamışdır.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2515/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərarına əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “kompensasiya məbləğinin hesablanması” tələbinə dair iddia tələbi təmin edilmiş, İddiaçı adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və "xxxx" ASC-nin Sumqayıt filialı ilə İddiaçı arasında bağlanmış 31 mart 2015-ci il tarixli 08-xx-xx-013161 saylı kredit müqaviləsi üzrə 546,15 manat məbləğində kompensasiya məbləğinin hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulmuşdur. Qərar qanuni qüvvəyə minmiş və xx.xx.2021-ci il tarixdə icraya yönəldilmişdir.
4. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək qüvvədə olan məhkəmə aktının icra olunmalı olduğunu bildirdi.
5. Məhkəmənin hazırlıq icraatı üzrə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etmir.
II. İddianın növü və mümkünlüyü
6. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
7. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən (bundan sonra - Fərman):
1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.
3. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (hazırda Mərkəzi Bank): 3.2. bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin.
9. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi: 9.2. bu Fərmandan irəli gələn digər tədbirlər görsün.
8. İcra sənədinin icrası həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır.
9. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
10. X3 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X3 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40).
11. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).
12. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).
13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
14. Beləliklə, məhkəmə müəyyən edir ki, qüvvədə olan məhkəmə aktına əsasən, iddiaçının kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və 546,15 manat məbləğində kompensasiya məbləğinin hesablanması öhdəliyinin qoyulmasına dair iddia tələbi təmin edilmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin iş üzrə proses iştirakçısı olmasa da, Fərmanın mənasına görə qərarın icrasını təmin etməlidir. Həmin iddianın qaldırılmasının (məhkəməyə müraciətin) məqsədi kompensasiyanın hesablanması və ödənilməsidir. Məhkəməyə müraciət Azərbaycan Respublikasının Konstitusiyasının 60cı maddəsinin İ hissəsi və X3 Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) məqsədlərinə əsasən hüquqların nəzəri və xəyali deyil, praktik və səmərəli müdafiəsini təmin edir. Odur ki, məhkəmə qərarının tam icra edilməməsi məhkəməyə çatım hüququnun pozulması ilə nəticələ bilər.
15. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
16. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva