Məhkəmə qərarları › İş №2-1(112)-8708/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8708/2024

03.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8708/2024 03.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə inzibati işə 03 dekabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı ünvan 1 ünvanında, blok A, 19-cu mərtəbədə yerləşən 80, 81 və 83 saylı mənzillər üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh müraciəti təmin etməmişdir. İddiaçı cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə, ev 998 ünvanında, blok A, 19-cu mərtəbədə yerləşən 80, 81 və 83 saylı mənzillərə dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması bə çıxaırşın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" MTK-dan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə, ev 998 ünvanında, blok A, 19-cu mərtəbədə yerləşən ümumi sahəsi 160 kv.m olan 80 saylı mənzili, ümumi sahəsi 213 kv.m olan 81 saylı mənzili və ümumi sahəsi 110 kv.m olan 83 saylı mənzili əldə etmişdir. Beləliklə "xxxx" MTK üzlərinin ümumi iclasının 128 saylı 19 sentyabr 2023-cü il tarixli protokoluna əsasən, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə, ev 998 ünvanında, blok A, 19-cu mərtəbədə ümumi sahəsi 213 kv.m olan 81 saylı mənzilin payçısı olması təsdiq edilmişdir, eləcə də iddiaçıya mənzilə dair borcu olmaması barədə maliyyə arayışı təqdim edilmişdir. Həmçinin "xxxx" MTK üzvlərinin 129 saylı və 130 saylı 05 fevral 2024-cü il tarixli protokollarına əsasən, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə, ev 998 ünvanında, blok A, 19-cu mərtəbədə ümumi sahəsi 160 kv.m olan 80 saylı və ümumi sahəsi 110 kv.m olan 83 saylı mənzillərin payçısı olması təsdiq edilmiş, eləcə də mənzillərə dair hər hansı borcu olmaması barədə maliyyə arayışları təqdim edilmişdir. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, sözügedən mənzillər üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və bununla bağlı çıxarışın verilməsini xahiş etmişdir. Lakin, cavabdeh iddiaçının mülkiyyət hüqüqlarının dövlət reyestrində qeydiyyata alınmasında imtina etmişdir. Bildirilir ki, İddiaçı cavabdehə müraciət edərək, ünvan 3 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması üçün müraciət etmiş və cavabdeh iddiaçının həmin mənzilə dair mülkiyyət hüququnun qeydiyyata alaraq **********33-05301-093001 reyestr nömrəli çıxarış təqdim etmişdir. Həmin mənzil dupleks mənzildir və hazırda olan mübahisəli mənzillər ilə eyni binada yerləşir. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman müvafiq mənzilin 19 mərtəbəli binanın 19-cu və onun üst mərtəbəsində yerləşdiyi və dupleks mənzil olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasına dair İdarəyə elektron qaydada göndərilmiş 143 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində və binanın layihəsində dupleks mənzil və 19-cu mərtəbənin üst mərtəbəsi barədə hərhansı məlumat öz əksini tapmamışdır. Bundan əlavə, xx.xx.2024-cü il tarixində keçirilən texniki müayinə zamanı layihədən kənarlaşma olduğu müəyyən edilmişdir. Belə ki, həmin mərtəbədə lahiyəyə əsasən 3 qapı göstərilsə də, faktiki olaraq 5 qapı mövcuddur. Eyni zamanda, faktiki vəziyyət ilə lahiyə arasında perimetrik ölçü fərqləri var: 80 saylı mənzil sənəd üzrə 160 kv.m, faktiki 155,4 kv.m, 81 saylı mənzil sənəd üzrə 213 kv.m, faktiki 214,3 kv.m, 83 saylı mənzil sənəd üzrə 110 kv.m, faktiki olaraq isə 86,1 kv.m təşkil edir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2023-cü il tarixli, 128 nömrəli protokolundan çıxarışa əsasən "xxxx" MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə, ev 998 ünvanında, blok A, 19-cu mərtəbədə yerləşən ümumi sahəsi 213 kv.m olan, 3 otaqlı, 81 nömrəli mənzil, MTK üzvlüyünə qəbul edilmiş İddiaçı verilmişdir; xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə, ev 998 ünvanında, blok A, 19-cu mərtəbədə yerləşən ümumi sahəsi 213 kv.m olan, 5 otaqlı, 81 nömrəli mənzilə görə MTK-ya heç bir borcu yoxdur. "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2024-cü il tarixli, 129 nömrəli protokolundan çıxarışa əsasən "xxxx" MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə, ev 998 ünvanında, blok A, 19-cu mərtəbədə yerləşən ümumi sahəsi 160 kv.m olan, 80 nömrəli mənzil, MTK üzvlüyünə qəbul edilmiş İddiaçı verilmişdir; xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə, ev 998 ünvanında, blok A, 19-cu mərtəbədə yerləşən ümumi sahəsi 160 kv.m olan, 4 otaqlı, 80 nömrəli mənzilə görə MTK-ya heç bir borcu yoxdur. "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2024-cü il tarixli, 130 nömrəli protokolundan çıxarışa əsasən "xxxx" MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə, ev 998 ünvanında, blok A, 19-cu mərtəbədə yerləşən ümumi sahəsi 110 kv.m olan, 3 otaqlı, 83 nömrəli mənzil, MTK üzvlüyünə qəbul edilmiş İddiaçı verilmişdir; xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə, ev 998 ünvanında, blok A, 19-cu mərtəbədə yerləşən ümumi sahəsi 110 kv.m olan, 3 otaqlı, 83 nömrəli mənzilə görə MTK-ya heç bir borcu yoxdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); … 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: 3.0. Bu Məcəllədə aşağıdakı əsas anlayışlardan istifadə olunur: … 3.0.42. sifarişçi – tikinti obyektlərinin tikintisini (inşasını, cari və əsaslı təmirini, yenidən qurulmasını, bərpasını) və ya sökülməsini, mühəndis-axtarış işlərinin yerinə yetirilməsini və tikinti obyektlərinin layihələndirilməsini sifariş edən dövlət orqanları, bələdiyyələr, eləcə də hüquqi və ya fiziki şəxslər; … 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir; 102.1. Tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: 102.1.1. tikinti sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri; 102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. 102.2. Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənziltikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır.. 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İş materiallarından görünür ki, "xxxx" MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə, ev 998 ünvanında, blok A, 19-cu mərtəbədə yerləşən 80, 81 və 83 nömrəli mənzillərin dəyəri iddiaçı tərəfindən tam ödənərək onun istifadəsindədir. İddiaçı həmin mənzillərə dair mülkiyyət hüququun qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etmişdir. Cavabdehin imtinasının (etirazının) əsasını istismara icazə sənədində və binanın layihəsində dupleks mənzil və 19-cu mərtəbənin üst mərtəbəsi barədə hər hansı məlumatın olmaması, layihədən kənarlaşma olması, lahiyəyə əsasən 3 qapı göstərilsə də, faktiki olaraq 5 qapı olması, faktiki vəziyyət ilə lahiyə arasında perimetrik ölçü fərqləri olması təşkil edir. Məhkəmə qeyd edir ki, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. Cavabdeh iddiaçının həmin mənzilə dair mülkiyyət hüququnun qeydiyyata alaraq **********33-05301-093001 reyestr nömrəli çıxarış təqdim etmişdir. Həmin mənzil dupleks mənzildir və hazırda olan mübahisəli mənzillərlə eyni mərtəbədə yerləşir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır; 12.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır; 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.2-ci maddəsinə əsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 18.1-ci maddəsinə əsasən, inzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. Məhkəmə qeyd edir ki, hazırkı halda cavabdeh inzibati orqanın iddiaçının müarciətindən imtinası Qanunun yuxarıda sadalanan inzibati icraatın prinsiplərinə zidd hesab edilməlidir. Əvvəla ona görə ki, işin sadalanan hallarından da müəyyən olunur ki, iddiaçının iddia etdiyi mənzillər 19-cu mərtəbədə yerləşən dupleks mənzildir və həmin mərtəbədə digər dupleks mənzil artıq iddiaçının adına məhkəmə qərarı ilə qeydiyyata alınmışdır. Məhkəmə aktı ilə əmlaka olan hüquqlar qeydiyyata alındıqdan sonra cavabdeh inzibati orqan məhkəmənin gəldiyi nəticəni əsas götürməmiş, inzibati praktikasını dəyişməyərək iddiaçıya münasibətdə eyni imtina əsası ilə çıxış etmişdir ki, bununla da iddiaçıya münasibətdə Qanunun etimad və ya bərabər yanaşılma prinsipini tətbiq etməmişdir. Cavabdehin iddiaçının hazırkı müraciətini təmin etməməsi əsassız, qanunsuz və “bərabərlik” prinsipinə zidd olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, iddiaçının çoxmənzilli yaşayış binasında olan qarajlara mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə, ev 998 ünvanında, blok A, 19-cu mərtəbədə yerləşən 80, 81 və 83 nömrəli mənzillərə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə, ev 998 ünvanında, blok A, 19-cu mərtəbədə yerləşən 80, 81 və 83 nömrəli mənzillərə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar