Məhkəmə qərarları › İş №2-1(112)-8711/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8711/2021

23.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8711/2021 23.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qarşı “qərarın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı Beynəlxalq Avtovağzalın fəaliyyətinin dayandırılması barədə qərarının ləğv edilməsini tələb etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının insan və vətəndaş hüquq və azadlıqlarının təminatı haqqında 71-ci maddəsinin İİİ hissəsinə əsasən, müharibə, hərbi və fövqəladə vəziyyət, səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Konstitusiyanın 71-ci maddəsinə, 112-ci maddəsinin tələblərindən göründüyü kimo vətəndaşların konstitusion normativ hüquqi aktlarla qorunan əsas hüquq və azadlıqları ölkədə tələb edilən qaydada fövqəladə vəziyyət elan ediləndən sonra qismən məhdudlaşdırıla bilər. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabineti operativ qərargah yaradaraq vətəndaşların Əsas Qanunla qorunan əsas hüquqlarını və azadlıqlarını məhdudlaşdırıması, bəzən pozması yolverilməzdir. Faktiki olaraq İsmayıllı şəhəri, R.Bədəlov küçəsi 39 ünvanında yaşayır və müəqqəti qeydiyyatdadır. Bakı şəhərində yerləşən məhkəmələrdə (Nərimanov rayon məhkəməsi, Bakı İnzibati Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi) müxtəlif (onlarla) mülki və inzibati proseslər üzrə iddiaçı, iddiaçının nümayəndəsi olaraq iştirak edir. Qeyd edilən məhkəmələr Bakı şəhərində yerləşdiyindən məhkəmə iclaslarında iştirak etmək üçün bölgədən şəhərə gəlmək məcburiyyətində qalır. Lakin 2020-ci ildən başlayaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ qərargahın qanunsuz qərarları ilə bölgədən paytaxta gediş-gəlişi asan və ucuz edən Bakı Beynəlxalq avtovağzalın fəaliyyəti dayandırılmışdır. Məcburən ya təyin edilən məhkəmə iclaslarında iştirak edə bilmir, ya da iki-üç dəfə artıq gediş-gəliş haqqı ödəmək məcburiyyətində qalır. Odur ki, həmin qərarın ləğv edilməsini və pozuntuya yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsini tələb edir. Eyni zamanda məhkəmə iclasların onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

II. İddianın mümkünlüyü

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 23.03.2020-ci il tarixdə məlumat dərc edilmişdir (https://nk.gov.az/az/article/761/). Həmin məlumatda qeyd edilir: Martın 23-də Nazirlər Kabinetində Baş X1 sədrliyi ilə iclas keçirilib. İclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bununla bağlı məlumatında deyilir: Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariyaepidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir. Bu müddət ərzində:

1. 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilsin. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilsin.

2. Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılsın.

3. Mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılsın.

4. Azyaşlı uşaqları olan ailələr, yaşlılar, tibbi yardıma ehtiyacı olan şəxslər və qadınlara üstünlük verməklə, müəyyən olunmuş qrafik çərçivəsində xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının 14-21 gün ərzində məcburi karantin rejimində yerləşdirməklə xüsusi çarter reysləri ilə Azərbaycana gətirilməsi təmin edilsin.

5. Bakı Nəqliyyat Agentliyi metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında saat 06:00-22:00 arası xüsusi ekspress avtobus xətlərini tətbiq etsin. Sərnişinlərə tövsiyə edilsin ki, metrodan istifadə minimuma endirilsin, yerüstü nəqliyyatdan istifadəyə üstünlük versinlər.

6. İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilsin.

7. İnsanlararası təmaslarda vətəndaşlar tərəfindən 2 metrlik məsafənin saxlanılması tövsiyə edilsin.

8. İctimai iaşə müəssisələrinə yeni iş rejimi tətbiq olunsun: müştərilərə yerində xidmət vaxtı saat 12.00-15.00 arası müəyyən edilsin, evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin;

9. Nəzdindəki supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti dayandırılsın;

10. Ərzaq mağazalarının, apteklərin və digər həyat əhəmiyyətli obyektlərin fəaliyyəti təmin edilsin.

11. Xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinə həvalə edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah bütün əhalidən evdə qalmağı, özünütəcrid şəraitinə riayət etməyi, koronavirus xəstəliyi üçün xarakterik simptomları hiss edən şəxslərə 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etməyi ciddi tövsiyə edir.

4. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında aşağıdakı məsələləri həll edir: 1) Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Milli Məclisinin qərarlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu;

5. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə əsasən, hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu maddənin İİİ hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə bilər.

6. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

7. İPM-in 13-cü maddəsinə (məhkəmənin yardın etmək vəzifəsi) əsasən, məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək mümkün hüquqi müdafiə vasitələri izah edilmişdir.

8. Beləliklə, məhkəmə qeyd edir ki, iddia tələbində qaldırılan məsələ Bakı İnzibati Məhkəməsinin səlahiyyətində deyil, bu səbəbdən iddia mümkün sayılmamalıdır. İddiaçıya izah olunmalıdır ki, pozulmuş hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayət verə bilər.

9. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

10. İddia tələbində göstərilən digər tələb (pozuntuya yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi) vəsatət xarakterlidir, əsas tələb mümkün sayılmadığından vəsatət də mümkün sayılmamalıdır.

11. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar