Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8711/2022 24.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı (3-cü şəxslər: X2, X3, X5 və X6) “mənzildən qeydiyyatdan çıxarılma” iddia tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı (3-cü şəxslər: X2, X3, X5 və X6) “mənzildən qeydiyyatdan çıxarılma” iddia tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubunun əsassız hesab edilməsi, ona məxsus mənzildə, yəni Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 30, ünvanda yerləşən 70 saylı mənzildə qeydiyyatda olan şəxslərin X2, X3, onun uşaqları X5 və X1 həmin mənzilə qeydiyyatdan çıxarılması vəzifəsinin Xətai rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Xətai Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, 04 dekabr 2018-ci il tarixli, 100***-******* saylı “Alqı-satqı və ipoteka Müqaviləsi”nə əsasən aldığı Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 30, ünvanda yerləşən 70 saylı mənzilə qeydiyyatda olan üçüncü şəxslər X2, X3 və onun övladları X5 və X6 iddiaçıya məxsus mənzildən əşyaları ilə birlikdə çıxaraq ona məlum olmayan ünvana köçmüşlər. Satıcı, üçüncü şəxs Ceyhun Səfərov müqaviləyə əsasən (maddə 2.2.2) digər şəxslərin hüquqularından azad edib mənzili iddiaçıya təhvil verməyə söz versə də nə özü nə də ki, digər üç nəfər ailə üzvləri qeydiyyatdan çıxmamışlar. Onların iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatı formal xarakter daşıyır. Xətai Rayon polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla müraciətinin təmin edilməsindən imtina olunmuşdur. İmtina məktubunu poçt vasitəsilə xx.xx.2022-ci ildə almışdır. İmtina onunla əsaslandırılmışdır ki, vətəndaşların qeydiyyatdan çıxarılması DİOnun səlahiyyətinə aid olmadığından və Azərbaycan Respublikası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında’' Qanunun 9-cu bəndində göstərilən əsaslar olduqda yol verilir. İddiaçı qeyd etdiklərinə və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin üzərinə ona məxsus, ünvan 2 ünvanında qeydiyyatda olan şəxsləri həmin ünvana qeydiyyatdan çıxarmaq vəzifəsi qoyulmalıdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8711/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən X2, X3 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8711/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən X5 və X1, üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilməmiş və xx.xx.2022-ci il tarixli məktub ilə nümayəndələrinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul ediməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar olunmuş 3cü şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
- İddiaçı tərəfindən cavabdeh inzibati orqana hazırkı tələblə müraciət edilmiş, müraciətə cavab olaraq xx.xx.2022-ci il tarixli 8712Ə saylı məktuba əsasən məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. - RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 4 yeni qaydalarla; ünvan 3 ünvanda yerləşən mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli xx.xx.2021-ci il tarixli Arayışından görünür ki, X2, X3, X5, X6 ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. -xx.xx.2018-ci il tarixli, İ100825-615795/1 nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı və İpoteka Müqaviləsinə əsasən müqavilənin tərəfləri: satıcı X4, ipoteka saxlayan "xxxx" ASC, alıcı (ipoteka qoyan) İddiaçı oğu tərəfindən ipoteka predmeti olan ünvan 4 yeni qaydalarla; ünvan 5 ünvanında yerləşən daşınmaz əmlak alıcı- ipoteka qoyanın mülkiyyətinə verilmişdir. - Məhkəmənin müvafiq sorğusuna cavab olaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubu ilə ünvan 4 yeni qaydalarla; ünvan 5 ünvana dair arxiv qovluğunda saxlanılan sənədlərinin təsdiq edilmiş surəti məhkəməyə təqdim olunmuşdur.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmişdir və iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı iddiadır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin İ hissəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 29-cı maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. - 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. - 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Məhkəmə hesab edir ki, işdə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 yeni qaydalarla; ünvan 5 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Üçüncü şəxslər iddiaçının ailə üzvləri deyil, qeyd olunan mənzilin keçmiş sakinləridir. Formal olaraq pasport qeydiyyatındadırlar faktiki olaraq mübahisəli yaşayış sahəsinə qeydiyyatda olmalarına baxmayaraq həmin ünvana dair hər hansı hüquqları müəyyən edilməsini sübut edən sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə üçüncü şəxslər qismində qeyd olunmuş X5 (xx.xx.2014), X6 (xx.xx.2015) azyaşlı olduqları üçün inzibati məhkəmə icraatının subyekti qismində müstəqil olaraq iştirak etmədiklərindən qanunuvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılaraq, qanuni nümayəndələrinin yaşayış yeri üzrə qeydiyyata alınmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, üçüncü şəxslər sözügedən mənzildə qeydiyyatda olsa da, qeyd edilən mənzilə dair əmlak hüquqlarının olması barədə hər hansı bir sübut təqdim etməməsi, qeydiyyatın formal xarakter daşıması və həmin ünvanda qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi ona məxsus olan əmlaka mülkiyyət hüququnu məhdudlaşdırır Məhkəmə hesab edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın vətəndaşlar üçün yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında yaşayış sahəsinə münasibətdə hər hansı əmlak hüquqlarının sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Həmçinin qeyd olunmalıdır ki, həmin şəxslərin qeydiyyatdan çıxarılması onlar üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onların yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 aprel 2003-cü il tarixli 55s saylı sərəncamına uyğun olaraq Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 68.3-cü maddəsinin tələblərinə görə məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, qeydiyyatda olan şəxslərin X2, X3, X5 və X1 ünvan 4 yeni qaydalarla; ünvan 5 ünvanında yerləşən mənzildən qeydiyyatından çıxarılması vəzifəsi cavabdehə həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X2, X3, X5 və X1 ünvan 4 yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən mənzildən qeydiyyatından çıxarılması vəzifəsi Bakı şəhəri Xətai rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev