Məhkəmə qərarları › İş №2-1(112)-8712/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8712/2021

12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8712/2021 12.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi Bəşirli Leyla Elşad qızının katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Cavabdeh3ə qarşı qanun pozuntularının qeyd alınması tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Cavabdeh3ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən "xxxx" MMC-nə qarşı vəzifə borclarının ləyaqətlə icra edilməsinin tələb edilməsi, MMC-yə verilmiş icazənin ləğv edilməsi, cavabdehlərin hərəkətsizlikləri nəticəsində dəymiş ziyanın məbləğinin müəyyən edilərək ödənilməsinin tələb edilməsini, cavabdehlərdən MMC-nin törətdiyi qanun pozuntularının qeydə alınması və qanuni tədbir görülməsinin tələb edilməsini xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Nərimanov RİH-nin 161 №-li, 21.06.19-cu il tarixli sərəncamı əsasında İddiaçı1 yaşadığı ünvan 1 ünvanlı fərdi yaşayış evinin də daxil olduğu “Təbriz-Əlizadə-Vahid” küçələrinin kəsişmələrində yerləşən 0,884 ha torpaq sahəsində söküntü-tikinti aparan "xxxx" MMC Şəhərsalma və Tikinti Məcəlləsinin (ŞTM), Tikintidə təhlükəsizlik qaydalarını dəfələrlə pozaraq İddiaçı1 Təbriz 34 ünvanlı "xxxx" (118,4 kvm.) tikilisinə mülkiyyət hüquqlarını da pozmuş və pozmaqda davam etməkdədir. Belə ki, ŞTM-nin 69-cu maddəsinin “ara məsafəsi” tələbi pozularaq Təbriz 34 ünvanında inşa edilən bina (13 mərtəbəli) onun yaşadığı "xxxx" tikilisindən cəmi (yerin üstündə olmaqla) 1 metr aralı inşa edilmişdir. Yerin sıfır səviyyəsindəki olan 2 mərtəbəli yeraltı dayanacağın 2 metrədək hissəsi isə "xxxx" tikilisinin giriş dəhlizinin tam altında, 10 metr dərinlikdə inşa edilmişdir. Bu da azmış kimi MMC inşa etdiyi binanın İİİ mərtəbəsindən başlayaraq "xxxx" tikilisinin üzərinə (aynabənd və dəhlizin üzərinə) eni 2-3 metr, uzunluğu 8-10 metr olan “çıxıntılı bina”dan qanunsuz “üst tikili” çıxarmış və bu qanunsuz çıxıntılı üst tikilini üst-üstə olmaqla 11 mərtəbə qaldırmışdır. "xxxx" tikilisinin üzərini havadan da işğal etmişdir. İddiaçı1 giriş dəhlizinin altında 2 mərtəbəli yeraltı dayanacaq olan "xxxx" tikilisindən çölə (həyətə) çıxarkən məcburən ayağını MMC-nin həyətdə tikdiyi 13 mərtəbəli binasının yeraltı 2 mərtəbəli damının üzərinə qoymalı və həmin damın üzəri ilə addımlamalı olur ki, bu da onun daşınmaz əmlakından maneəsiz istifadə etmək hüququnun məhdudlaşdırılmasıdır. 13 mərtəbəli binanın ona məxsus "xxxx" tikilisinin konkret dəhlizinin altında inşa edilən (2m) hissəsinin bünövrəsinə isə bərkidici svaylar yerə 90 dərəcə bucaq altında deyil, 30-40 dərəcə bucaq altında sancılmışdır. Svaylar yerə qanuna uyğun olaraq 90 dərəcə bucaq altında sancmağa "xxxx" tikilisinin döşəməsi mane olmuşdur. Bu da binanın möhkəmliyini sual altına alır. 13 mərtəbəli binanın arxasında "xxxx" tikilisi yerləşdiyindən MMC özbaşına tikinti layihəsinə dəyişiklik etmiş, binanın arxa hissəsinin "xxxx" tikilisinə münasibətdə binanın içərisinə doğru "xxxx" tikilisindən 1 metr aralı məsafədə sındırmış, yerin sıfır səviyyəsindən hesabladıqda İ və İİ mərtəbəlləri beləcə inşa etmiş (1 m aralı), sonradan İİİ mərtəbədən başlayaraq harada "xxxx" tikilisinin aynabəndinin və dəhlizinin üzərində qeyd etdiyi “çıxıntılı üst tikilini” çıxarmaqla İİİ mərtəbədən başlayaraq binanın layihəyə uyğun inşa etməyə başlamışdır. Bütün bu qanun pozuntuları barədə Azərbaycan Respublikası DSAK-nə etdikləri yazılı şikayətlər Nərimanov RİH-nə göndərilmiş, TTNPA-ya etdikləri çoxsaylı şikayətlərə isə ya baxılmamış, ya da MMC-yə irad tutulmaqla münasibət bildirilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində həmçinin məhkəmə iclaslarında mümkün iştiraklarının üzürlü bilinməsini qeyd etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada iddiaçılar və cavabdehlər məlumatlandırılmışdır, lakin iddiaçılar və cavabdehlərin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və cavabdehlərin səlahiyyətli nümayəndələri gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. - 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 37-ci maddəsinin tələblərinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. - 46.1-cı maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. Ərizə məhkəmənin icraatına daxil olduğu zaman ərizənin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 37-ci və 46-cı maddəsinin tələblərinə uyğun tərtib olunmadığı müəyyən edilmiş və ona görə də Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən məhkəmə tərəfindən iddiaçılara ərizəsinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması təklif edilmişdir. Lakin iddiaçılar tərəfindən qanunauyğun tərtib edilmiş iddia ərizəsi məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə iddiaçıların hazırki tələblə məhkəməyə müraciət etməzdən əvvəl cavabdehlərə müracət etmələri və bununla bağlı cavabdehlər tərəfindən onlara imtina verilməsi müəyyən edilməmiş, bu barədə sübutlar iddiaçılar tərəfindən məhkəməyə təqdim edilməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 5 nömrəli qərarının qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 37-ci və 46-cı maddələrinin tələblərinə uyğun tərtib olunmadığından, bununla da iddianın növünü, həmçinin mübahisənin inzibati məhkəmə icraatına aidiyyatını müəyyən etmək mümkün olmadığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar